Narkomaniyanın cəmiyyətə
vurduğu ziyan
“Biz dünyada ümumbəşəri problemlərin tezliklə həll olunmasının tərəfdarıyıq və bundan sonra da bütün insanlar üçün böyük təhlükə olan narkomaniya və narkobizneslə mübarizənin ön sıralarında olacağıq”
Ümummilli Lider Heydər Əliyev
Azərbaycan
Respublikası ərazisində narkomaniya və
narkobizneslə bağlı mübarizə sahəsində hüquqi məsələləri tənzimləyən
qanunvericilik bazasının təkmilləşdirilməsi,
dəyişən şəraitə və tələblərə
uyğunlaşdırılması hökumətin və
dövlətin əsas fəaliyyət istiqamətlərindən biridir. Qəbul
olunan qanunun və normativ aktların məqsədi narkotiklərin
dövriyyəsi ilə bağlı sosial,
iqtisadi, hüquqi
münasibətlərdə baş verən
dəyişiklikləri özündə əks etdirməkdir. Bununla yanaşı, ölkədə
hüquq-mühafizə orqanları səviyyəsində də
narkotiklərin qeyri-qanuni dövriyyəsinə
qarşı lazımi mübarizə aparılır.
Bu gün bəşəriyyəti
düşündürən, rahatsız edən ən
ağrılı problemlərdən biri və
ən başlıcası, cəmiyyətin ciddi
bəlasına, xalqın, millətin təhlükə mənbəyinə
çevrilən narkomaniyadır. Ancaq yaddan çıxarmaq olmaz
ki, narkomanlıq yoluxucu
xəstəlikdir. HİV virusuna,
QİÇS-ə aparan bir
yol kimi, gizli şəkildə sürətlə
yayılmaq xüsusiyyətlərinə malikdir.
Yeniyetmə və gənclərin narkomaniyaya qurşanması onların təhsildən
yayınmasına, ictimai həyatdan
uzaqlaşmasına, şəxsiyyətin məhv olmasına və
sosial tarazlığının
pozulmasına, ətrafdakı insanlara daha çox cinayətkar
simasının aşılanmasına, ən əsası da sağlamlıqlarının zərbə
altında qalmasına səbəb olur.
Son zamanlar bütün ölkələri narahat
edən əsas məsələlərdən biri
narkomaniyanın yayılmasıdır. Azərbaycanı da məhz həmin ölkələrin
siyahısına əlavə etmək olar.
Narkomaniyanın getdikcə genişlənərək
cəmiyyətin və dövlətin qarşısında duran vacib problemlərdən
birinə çevrilməsi, gənclər arasında narkoman və toksikomanların sayının
sürətlə artması, narkotiklərə aludə
olanların orta yaş
həddinin aşağı düşməsi və narkomaniya ilə əlaqədar cinayətlərin
sayının artması əksər dövlətlərdə olduğu kimi ölkəmizdə
də narahatçılıq doğurur, mövcud problemin həlli üçün yollar
araşdırılır, müxtəlif təkliflər irəli
sürülür. Narkotiklərin qeyri-qanuni dövriyyəsi və istifadə
miqyasının genişlənməsi əhalinin
sağlamlığına, millətin genefonduna,
sosial-siyasi və iqtisadi
stabilliyinə, dövlətin təhlükəsizliyinə və
ictimai asayişə ciddi
təhlükə yaradan amilə çevrilir. Bir çox insanlar
narkomaniyanın əslində nə olduğunu
anlamırlar və ya anlamaq
istəmirlər.
Narkomaniya-fiziki sağlamlığın
ağırlaşması ilə təsadüf edən şəxsiyyətin
total pozulmasıdır. Narkotiklərlə
bağlı cinayətlərə görə məsuliyyətə
cəlb olunmuş şəxslər
arasında gənclərin sayının artması
narahatçılıq doğurmaya bilməz.
Narkomaniya ilə mübarizədə ən
effektiv vasitələrdən biri narkotik istifadəçilərinin
ilkin mərhələdə aşkar edilməsi, onlara
narkotiklərdən istifadədən imtina
etmələri üçün yardım
edilməsidir. Bu, narkotik
vasitələrdən qanunsuz istifadəyə
meyilli şəxslərin aşkar
olunması sistemi, qeyri-tibbi
narkotiklərin istifadəsinin genişlənməsinin
qarşısının alınması, qabaqlama
və müalicə-profilaktika tədbirlərinin ümumi kompleksinin vacib elementi kimi qiymətləndirilir.
Narkomaniya xəstəliyinə düçar
olmuş yeniyetmə və gənclərin
vaxtında müəyyən edilərək barələrində
tibbi-profilaktik və maarifləndirmə tədbirlərinin
həyata keçirilməsinin zəruriliyi baxımından, təhsilalanların
narkotik vasitələrdən və psixotrop maddələrdən istifadə etmələrinin
və asılılığının
aşkarlanması üçün Azərbaycan
Respublikası Səhiyyə Nazirliyi və
Təhsil Nazirliyinin birgə fəaliyyət
planına əsasən “Narkotiklərə YOX deyək!”
şüarı altında kampaniyaya start verilmişdir. Respublika Narkoloji Mərkəzinin
mütəxəssisləri adı çəkilən tədbirdə
yaxından iştirak etmişdirlər. Gənclərin sağlam həyat
tərzi ruhunda tərbiyə edilməsi ilə
bərabər, narkomanlığın cəmiyyətə vurduğu ziyana
qarşı aparılan mübarizə tədbirlərinə dair Bakı şəhərinin Sabunçu,
Nəsimi, Binəqədi, Qaradağ,
Suraxanı və Xətai rayonlarında Yeni
Azərbaycan Partiyasının təşkilatçılığı
ilə tədbirlər keçirilib və
bu problemlərə həsr olunmuş mühazirələr oxunub.
O cümlədən bu
günə qədər 48 Bakı şəhəri məktəblərində,
Qorki adına kitabxanada,
Xətai rayon Mədəniyyət
saraylarında, Sumqayıt şəhəri Corat,
Gəncə, Lənkəran, Mingəçevir şəhərlərində
tədbirlərdə iştirak etmişlər.
Məqsəd: yeniyetmələrə
narkotik maddələrin ziyanlı tərəfləri,
sonra baş verə
biləcək fəsadları barədə maarifləndirmə
tədbirlərinin aparılmasıdır. Bu
tədbirlərin keçirilməsi yeniyetmələr
arasında narkomaniya xəstəliyinə düçar olmanın
qarşısının alınmasına yönəlmişdir.
31.12.2013-cü il tarixinə olan məlumata
görə, ölkə üzrə qeydiyyatda
olan narkomanların ümumi
sayı 28376 nəfərdir. Onlardan 1509-u
2013-cü ildə qeydiyyata götürülüb.
Ötən il RNM-nin stasionarına qəbul
olunan 982 nəfər xəstədən
949 nəfər kişi, 33 nəfər
qadın narkomaniya diaqnozu
ilə daxil olub.
2013-cü ildə Respublika Narkoloji Mərkəzində
1988 nəfər Məcburi Narkoloji Tibbi Yoxlamadan keçirilib. Onlardan 1003 nəfəri
məcburi müalicəyə ehtiyacı olanlar,
404 nəfərini isə məcburi müalicəyə
ehtiyacı olmayanlar təşkil edib.
RNM-də müayinə
və müalicə olunan bütün
xəstələr İİV/QİÇS-ə və Hepatit B və C virus
infeksiyasına, sifilisə görə müayinə olunurlar. Xəstələrin
müalicə və müayinə prosedurlarının, onlara göstərilən tibbi
xidmətin yaxşılaşdırılması məqsədilə
xəstəxana Səhiyyə Nazirliyi tərəfindən
dərman vasitələri və tibbi avadanlıqlarla
tam təmin olunur.
İİV-infeksiyasının
inyeksion narkotik istifadəçiləri
arasında yayılmasının profilaktikası məqsədi
ilə respublika, şəhər və rayon narkoloji dispanserlərinin
qeydiyyatında olan xəstələrin qan nümunələri QİÇS-lə
Mübarizə xidməti müəssisələrinə
göndərilir və İİV-ə müayinə olunur.
QİÇS-lə
Mübarizə Mərkəzinin qeydiyyatında olan
İİV-müsbət insanlar mövcud qaydalara uyğun olaraq mütəmadi
olaraq Respublika Narkoloji Mərkəzinin və Bakı şəhər
Narkoloji Dispanserinin həkim-mütəxəssisləri
tərəfindən müayinə olunurlar.
Respublika Narkoloji Mərkəzində
həmçinin Metadonla əvəzedici
müalicə proqramı həyata keçirilir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin
26 yanvar 2006-cı il tarixli qərarı ilə ölkəmizdə
“Narkomanlıq xəstəliyinə düçar
olan şəxslərin müalicəsində
istifadə olunan əvəzedici müalicə
proqramlarının tətbiqinin Şərtləri və
Qaydaları” təsdiq edilib. Bu proqramlar inyeksion
yolla narkotik maddələr
istifadə edənlər arasında İİV/QİÇS-in
yayılmasının qarşısını almağa
yönəlib. Hazırda Metadonla əvəzedici
müalicə proqramı üzrə fəaliyyət göstərən
iki məntəqədə bu
proqram çərçivəsində 137
xəstə müalicə alır. O cümlədən, RNM-də
89 nəfər, QİÇS-lə Mübarizə Mərkəzində
isə 48 nəfər xəstə bu proqramda iştirak edir.
Səhiyyə
Nazirliyinin Respublika Narkoloji Mərkəzində insan
immunçatışmamazlığı virusunun
infeksiyası üzrə könüllü
məsləhət və müayinə məntəqəsinin
yaradılması barədə” 22/I-ŞH saylı 16.07.2011-ci il tarixli əmrinə əsasən
14.07.2011-ci il tarixdən Respublika
Narkoloji Mərkəzində insanın immunçatışmamazlığı
virusunun
infeksiyası üzrə könüllü
məsləhət və müayinə məntəqəsi
yaradılmışdır. 2013-cü il ərzində
müayinədən 2286 nəfər keçmişdir.
Onlardan 77 nəfərdə İİV
yoluxması aşkar olunmuşdur.
Respublika Narkoloji Mərkəzində
2013-cü il ərzində sərxoşluq
hallarının bütün növlərinin
təyini məqsədi ilə aparılan tibbi
müayinələrdən 24920 nəfər keçmişdir.
Onlardan 513 nəfər narkotik
vasitələrin istifadəsinə görə müayinə olunmuşdur və 170 nəfərdə
müsbət nəticə alınmışdır.
Bu günə kimi
narkomaniyanın təhlükəli fəsadlarını biz üçüncü
şəxslər valideynlər, tərbiyəçilər,
müəllimlər tərəfindən nəzərdən keçirirdik. Bu
yalnış fikirdir, ona
görə ki, narkotik
maddələrdən asılı olan hər
bir şəxsin həyatında bu asılılıqdan qurtarmaq
istəyi yaranan bir məqam
olur. Bəzən bu məqam
gec, insanın
sağlamlığının tam pozulduğu iradəsiz məxluqa çevrildiyi vaxt gəlib
çatır.
Özünün səmimi istəyinə baxmayaraq
köhnə narkomanlar təcrübəli
yardım olmadan bu vəziyyətdən
çıxa bilmirlər. Çox vaxt xəstə asılılıqdan qurtarmaq üçün bir sıra özbaşına təşəbbüslərə
əl atır, lakin bunlar
hamısı uğursuzluqla nəticələnir. Narkomanın müalicəsinin
ehtimalı, asılılığın inkişaf
etdiyi bütün mərhələlərdə
mövcuddur. Yeniyetmənin əvvəlcə
psixi, sonra isə fiziki asılılığa düçar
olması onun sağalmaq
ehtimalını azaltsa da,
ümiddən düşməyə dəyməz.
Xəstəliyin
müalicəsinin real ehtimallarının
səviyyəsi xəstənin valideynlərinin,
qohumlarının, yaxın dostlarının köməyindən
asılıdır. Hətta köhnə narkomanın
ölümdən xilas olunmaq
üçün şansı var. Əgər bu
yardım olmasa, o zaman narkomanı insan şəraitinə
bənzəməyən acınacaqlı bir
həyat gözləyir.
Narkomaniyaya ayrıca konkret bir xəstəlik kimi baxmaq lazımdır.
Bəşəriyyətin
ən böyük bəlalarından olan narkomaniya, cəmiyyətin
mənəvi və əxlaqi dəyərlərinə böyük zərbə vurmaqla
yanaşı, həm də sosial-iqtisadi inkişafa mənfi təsir göstərir.
İnsanların həyat və sağlamlıqlarına ciddi təhlükə yaradır, cinayətkarlığın artmasına təkan
verir. Təəssüflər olsun ki, ölkəmizdə
gənclər arasında psixoaktiv maddə
qəbul edənlərin sayı artmaqdadır. Belə hesab etmək düzgün
olmaz ki, psixoaktiv maddə qəbul edənlər
yalnız qeyri normal
ailədən olan uşaqlardır. Hətta,
normal təməli, tərbiyəsi olan ailələrin övladlarında da bu hallara
az təsadüf edilmir.
Valideynlər ilk növbədə öz övladının
davranışını müşahidə etməlidir. Narkomaniya bir neçə saat ərzində formalaşmır. Narkomaniya ay ərzində,
bəzən isə bir neçə ay ərzində formalaşır. Əsasən,
bu vaxtlar Siz övladınızın
davranışındakı dəyişikliyi müşahidə
edə bilərsiniz. İlk növbədə
Sizin diqqətinizi 3 vacib
əlamət cəlb etməlidir:
1. Əhval-ruhiyyənin
səbəbsiz kəskin qalxıb-enməsi. Bu
halda iki vəziyyəti
müşahidə etmək olar:
a) həddindən artıq şən, hərəkətli
ünsiyyətə həvəslə daxil
olma
b) süst, aqressiv və özünə bir
qədər qapalılıq
2. Yuxu
ritminin pozulması. Psixoaktiv
maddə qəbul edən şəxs gün
ərzində əzgin, yuxulu
olmağına baxmayaraq, axşam
və gecə çox enerjili,
nə isə etmək arzusunda olur. Yuxu ritminin
pozulması nəticəsində çox zaman səhərə yaxın yuxulayır. Səhərə
qədər kompüter
qarşısında əyləşə, hansısa musiqi alətində ifa edə
və ya musiqi dinləyə
bilər. Növbəti gün isə yenidən
yuxulu və süst olacaq.
3.
İştahanın və qida qəbulunun
pozulması. Aclıq hissi olmur
və gün ərzində heç bir qida qəbul etməyə bilər və ya əksinə, doyma hissi olmadan həddindən
çox qida qəbul
edə bilər. İlk vaxtlarda
psixoaktiv maddə qəbul edən, narkotik sərxoşluq vəziyyətini gizlətməyə
çalışır, bu halını evdən kənarda keçirir. Yeniyetmənin xarici
əlamətlərindəki dəyişikliklərə də fikir vermək lazımdır. Dərinin
avazıması, göz bəbəklərinin
daralması və ya genişlənməsi,
nitqin ləngiməsi, hərəkətlərinin
qeyri dəqiqliyi, iynə izlərinin
müşahidə olunması, artan laqeydlik, yaddaşın və diqqətin zəifləməsi,
gözlərin selikli qişasının
qızarması və ya avazıması,
yalan danışmağa meyllik,
valideynin övladından şübhələnməsinə
zəmin yarada bilər. Bu
əlamətləri müşahidə etmiş
valideynə övladının narkomaniyaya
düçar olub-olmamasını dəqiqləşdirmək
üçün həkim narkoloqa
müraciət etməsi məsləhətdir.
Bir sıra dövlətlərdə olduğu kimi, Azərbaycanda
da narkomaniya və
narkobiznesə qarşı mübarizə günü-gündən
gücləndirilir.
Telman Məmmədhəsənov
Azərbaycan Respublikası
Səhiyyə Nazirliyi Respublika
Narkoloji Mərkəzinin direktoru
İki
sahil.- 2014.- 8 mart.- S.22.