"Sabahın alimləri"
III Respublika
müsabiqəsinin
yekunları haqqında
Azərbaycan
Respublikası təhsil nazirinin əmri
Azərbaycan Respublikası təhsil nazirinin 15
aprel 2013-cü il tarixli, 559 nömrəli əmrinə, habelə
Azərbaycan Respublikası Təhsil Nazirliyi, Gənclər və
İdman Nazirliyi, Azərbaycan Təhsil İşçiləri
Azad Həmkarlar İttifaqı Respublika Komitəsi və "Mədəd"
təşkilatının 29 dekabr 2013-cü il tarixli, 949
nömrəli birgə qərarına əsasən 2014-cü
il 13-15 fevral tarixlərində Bakı şəhərində
"Sabahın alimləri" III Respublika müsabiqəsi
keçirilmişdir. Müsabiqə İntel İSEF - Beynəlxalq
Elm və Mühəndislik Sərgisi çərçivəsində
təşkil olunmuşdur. Müsabiqənin həmtəşkilatçıları
və sponsorları Təhsil Nazirliyi, Gənclər və
İdman Nazirliyi, Azərbaycan Təhsil İşçiləri
Azad Həmkarlar İttifaqı Respublika Komitəsi, "Mədəd"
təşkilatı və İntel korporasiyası olmuş,
Bakı Dövlət Universiteti, Sumqayıt Dövlət
Universiteti, Qafqaz Universiteti və
Naxçıvan Dövlət Universiteti tərəfindən isə
müsabiqəyə elmi dəstək verilmişdir. Bu tədbirdə Bakı, Sumqayıt,
Naxçıvan və Mingəçevir şəhərlərində
yerləşən 30 ümumi təhsil müəssisəsi
iştirak etmişdir.
Müsabiqədə iştirak etmək istəyən
şagirdlərin qeydiyyatı on-line rejimində həyata
keçirilmişdir. Qeydiyyatdan keçmiş 149 şagirddən
108 nəfəri (65 layihə) müsabiqəyə
buraxılmışdır. Onlardan müsabiqədə 61 layihə
ilə 102 şagird iştirak etmişdir. Bu layihələrdən 26-sı
fərdi, 35-i isə kollektiv işlənilən layihələr
olmuşdur. Bakıda yerləşən məktəblərdən
35 layihə üzrə 60 şagird, Sumqayıt məktəblərindən
20 layihə üzrə 32 şagird, Naxcıvan məktəblərindən
4 layihə üzrə 7 şagird, Mingəçevir məktəblərindən
isə 2 layihə üzrə 3 şagird müsabiqəyə
buraxılmışdır.
Layihələrin qiymətləndirilməsini həyata
keçirmək məqsədi ilə alimlərdən ibarət
Münsiflər heyəti yaradılmışdır. Qiymətləndirmə
8 kateqoriya (riyaziyyat, fizika, astronomiya, kimya, biologiya, tibb və sağlamlıq, ekologiya, ətraf
mühitin idarə olunması, mühəndislik, kompüter
elmləri) üzrə həyata keçirilmişdir.
Münsiflər heyətinin qərarına görə müxtəlif
kateqoriyalar üzrə I, II və III yerlərə 42 layihə
üzrə 74 şagird, o cümlədən I yerə 7 layihə
üzrə 10 şagird, II yerə 14 layihə üzrə 23
şagird, III yerə 21 layihə üzrə 41 şagird layiq
görülmüşdür.
Qaliblərə müsabiqənin təşkilatçıları
adından diplom, medal, pul mükafatları və hədiyyələr
təqdim edilmiş, yer tutmayan finalçılara isə
müsabiqənin sertifikatları verilmişdir.
Qeyd olunanları nəzərə alaraq
ƏMR
EDİRƏM:
1. 13-15 fevral 2014-cü il tarixlərində
İntel İSEF - Beynəlxalq Elm və Mühəndislik Sərgisi çərçivəsində
keçirilmiş "Sabahın alimləri"
III Respublika müsabiqəsinin Münsiflər
heyəti tərəfindən seçilən qaliblərin
siyahısı elan edilsin
(əlavə olunur).
2. Nəzərə
alınsın ki, cari ilin may ayında
ABŞ-ın Kaliforniya ştatının Los-Anceles şəhərində keçiriləcək
İntel İSEF müsabiqəsində
layihə ilə iştirak etmək üçün Münsiflər heyəti tərəfindən
müsabiqənin qalibləri arasından aşağıda
adları göstərilən
şagirdlər seçilmişdir:
- Muradov
Cəmil Həbibulla oğlu, Mursaqulova Mədinə Rüfət
qızı, Cümşüdlü Lalə
Cabir qızı, Bakı Avropa
Liseyinin XI sinif
şagirdləri - bir layihə üzrə;
- Abuzərov Ayaz Azər oğlu,
Bakı Dövlət Universitetinin "Gənc
istedadlar" liseyinin
X sinif şagirdi - bir layihə üzrə;
- Allahverdiyeva
Nərgiz Vidadi qızı, İmranov Cəmil Şahmar
oğlu, Bakı ş.
16 nömrəli Texniki humanitar
liseyinin müvafiq olaraq, XI sinif və X sinif
şagirdləri - bir layihə üzrə;
- Məmmədov Çingiz Natiq oğlu, Sumqayıt ş.
23 nömrəli tam orta
məktəbin X sinif şagirdi
- müşahidəçi qismində.
3. Nəzərə alınsın ki, şagirdlərin yol xərcləri "İntel Fondation" Fondu tərəfindən "Mədəd" təşkilatına ayrılan qrant hesabına ödəniləcəkdir.
4. Elm və ali təhsil
şöbəsinin müdiri,
"Sabahın alimləri" III Respublika
müsabiqəsinin direktoru G.Hüseynovaya
tapşırılsın:
4.1. İntel
İSEF-ə göndərilən şagirdlərin layihələrinin
ingilis dilində hazırlanmasına nəzarət
etsin;
4.2. Şagirdləri ABŞ-da müşayiət edəcək
nümayəndə heyətinin tərkibi barədə təkliflərini
Nazirliyin rəhbərliyinə 15 gün ərzində təqdim etsin;
4.3. İntel
İSEF-in Təşkilat Komitəsinə müvafiq məlumatların göndərilməsini
təmin etsin.
5. İnformasiya şöbəsi (E.Əliyev) əmrin əlavəsi
ilə birlikdə "Azərbaycan müəllimi" qəzetində
dərc olunmasını və Nazirliyin internet saytında yerləşdirilməsini və
eləcə də çoxaldılıb aidiyyəti müəssisələrə
göndərilməsini təmin etsin.
6. Əmrin icrasına nəzarət nazir müavini C.Bayramova həvalə olunsun.
Mikayıl CABBAROV,
Azərbaycan Respublikasının təhsil
naziri
3 mart
2014-cü il
Azərbaycan müəllimi.- 2014.- 7 mart.- S.2.