Tanınmış
imzalar
Görkəmli sənətkar
(Süleyman Rəhimovun anadan olmasının 60 illiyi münasibəti ilə)
Azərbaycan sovet ədəbiyyatının
ən görkəmli yazıçılarından və
istedadlı nasirlərindən olan Süleyman Rəhimov 60 illik
ömrünün yarısını mədəniyyətimizin
tərəqqisi və inkişafı yolunda mübarizəyə
həsr etmişdir.
Onun
çoxşaxəli, geniş miqyaslı, dərin məzmunlu,
uzun ömürlü əsərləri Azərbaycan
xalqını tanımaq, bu xalqın keçmişini öyrənmək,
Sovet hakimiyyəti illərində qazanılmış nailiyyətləri
ilə tanış olmaq üçün bütöv təsəvvür
verir. "Şamo"nun vərəqləri Sarı Baba dağlarından
söhbət salır, "Saçlı"nın səhifələri
dağ döşündəki qəsəbədən hekayət
danışır, "Ağbulaq dağları"nın səhifələri
Turşsuya gedən yolları xatırladır,
"Aynalı"nın səsi Arazın
şırıltısı ilə həmahəng
axır, "Mehman"ın cümlələri çox əsaslı
və möhkəm olan sovet qanunlarının əsasını
sarsıtmağa çalışan Kamilov və Murtuzov dəstəsinin
bəd əməllərini, xəbis niyyətlərini ifşa
etmək üçün sərrast güllə kimi hədəfə
dəyir, "Ata və oğul"un kəlmələri
Rüstəmlə Qəhrəmanın tərcümeyi-halını,
buradakı nisgil və fərəhi, intizar və
görüşü, məhəbbət və hörməti
ilıq yaz günəşinin hərarəti ilə isidir, məktəb
həyatından canlı lövhələr verir.
"Medalyon", "Qardaş qəbri",
"Torpağın səsi" Böyük Vətən
mübaribəsi illərində xalqımızın göstərdiyi
qəhrəmanlıq və fədakarlıqlardan, verdiyimiz
qurbanlardan söz açır...
Əli VƏLİYEV,
"Azərbaycan müəllimi", 31 mart
1960-cı il, ¹ 26
İyirmi gün İngiltərədə
Bu ilin fevral ayında
məşhur ingilis alimi Con Bernalın dəvəti ilə
İngiltərəyə getdim. Orada Con Bernalla
görüşdüm. 20 gün burada qalıb, professor Con
Bernalın elmi fəaliyyəti, laboratoriya sistemi və onun əldə
etdiyi elmi nəticələrlə yaxından tanış
oldum.
Professor Con Bernalın
ilk elmi əsəri dünyada məşhur olanda mən və
mənim kimi gənc sovet alimləri hələ anadan
olmamışdı...
Sement kimyası sahəsində
aparılan elmi və laboratoriya işi ilə çox maraqlanan
Con Bernalla bir neçə dəfə görüşdüm.
O, xidmət etdiyimiz elmi sahənin bir çox məsələlərinin
birlikdə həll olunmasını lazım bilirdi.
20 gün ərzində
İngiltərənin bir çox şəhərlərində,
o cümlədən Britaniya muzeyində və s. yerlərdə
oldum. SSRİ-yə və onun qabaqcıl elm xadimlərinə rəğbət
bəsləyən mütərəqqi fikirli adamlarla
görüşümüz səmimiyyət şəraitində
keçdi.
Professor Con Bernalın rəhbərlik
etdiyi kollektivlə də tanış oldum.
Buranın iş xüsusiyyəti təxminən bizdəki
aspiranturanı xatırladır. C.Bernalın zəngin
laboratoriyasına baxdım, burada aparılan elmi və təcrübi
işləri ilə tanış oldum.
SSRİ-dən
gəlmiş bir qonaq kimi məni hər yerdə səmimiyyətlə
qarşıladılar. Məşhur ingilis
alimi Fred Qlas və onun arvadı Lesli Qlasser məni mehmanxanadan
öz evlərinə aparıb bir həftə qonaq
saxladılar. Dostcasına təşkil
olunan bir nahar məclisində oldum. Burada iştirak edən
riyaziyyatçı professor keçən illərdə Moskvada
olduğu zaman Azərbaycanın görkəmli kompozitoru Qara
Qarayevin "Yeddi gözəl" baletinə tamaşa
etmişdi...
...Orada qaldığım müddətdə London şəhəri
ilə tanış oldum. Burada
küçələr darısqal olsa da səliqəli və
təmizdir, lakin çoxmərtəbəli binaların
sayı olduqca azdır. Şəhərdə
metroların vəziyyəti o qədər də xoşa gələn deyildir.
Bir neçə kəlmə də şəhərin
iqlimindən danışmaq istərdim. Burada qış mülayim keçir. Londonda fevral ayında əhalinin çoxu pencəklə
gəzir. Qış aylarında demək
olar ki, qar yağmır.
Havalar dumanlı və çiskinli olur...
Xudu
MƏMMƏDOV,
geologiya-mineralogiya elmləri namizədi,
"Azərbaycan
müəllimi", 26 may 1960-cı il, ¹ 42
Mirzə
İsmayıl Qasir
... Mən Mirzə İsmayıl Qasir
yaradıcılığı ilə XIX əsr Azərbaycan
poeziyasını tədqiq edən vaxtda Respublika Əlyazmalar
İnstitutunda araşdırmalar apararkən tanış
olmuşdum. Bu maraqlı şairin əsərlərinin
nəşr olunmamağına həmişə təəssüf
edirdim. Bir neçə il bundan əvvəl
"Hər budaqdan bir yarpaq" adlı kitabı tərtib edərkən
M.İ.Qasirin də beş şeirini həmin topluya daxil
etmişdim.
Mirzə İsmayıl Qasir maraqlı və
hadisələr dolu bir həyat yolu keçmişdir. 1805-ci ildə
Ağdaş rayonunun Ləki kəndində anadan olmuşsa da
ilk təhsilini Şamaxıda almış, sonra Əhərdə
yaşayan bacısıgilə gedib orada məktəbə davam
etmiş, daha sonra Təbrizdə oxumuş, doğma ana dili ilə
yanaşı fars, ərəb və hətta o zaman
üçün qəribə görünsə də rus
dilini belə öyrənməyə nail olmuşdur...
...1850-ci ildə Mirzə Sadıq bəy Mehmandarovun dəvətilə
Lənkərana gəlmişdir... M.İ.Qasir Lənkəranda
məktəbdarlıqla məşğul olmuş, məktəb
açmış, uzun illər dərs demiş, ictimai həyatda
yaxından iştirak etmiş, əsas
yaradıcılığı da burada inkişaf etmişdir...
Qasir zəmanəsinin mühüm şəxsiyyətləri,
görkəmli şairləri, o zaman "məliküş-şüəra"
adlandırılan Seyid Əzim Şirvani və başqaları
ilə əlaqə saxlamış, tanış
olmuş, yazışmışdır.
Maraqlıdır ki, Qasir öz dövründə məhz
ictimai satira ədəbi məktəbinə
mənsub olan şairlərlə daha çox
yaxınlaşmış, Seyid Əzimin, Navahılı Mirzə
Baxış Nadimin, Gəncədə Mirzə Mehdi
Nağı, Cənubi Azərbaycanda Mirzə Mehdi Şükuhi
kimi şairlərin satirik əsərləri
ruhunda yazıb-yaratmış, XIX əsrdə Azərbaycanda,
xüsusilə Lənkəran, Bakı və Şamaxı hadisələrini,
bütün mənfilikləri, qeyri-bərabəri - "allah
bölgüsünü", maarifə, mədəni
inkişafa, xalqın gözünün açılmasına
mane olan xanları, bəyləri, ruhaniləri amansızlıqla
ifşa etmişdir...
Əzizə
CƏFƏRZADƏ,
professor,
"Azərbaycan
müəllimi", 27 yanvar 1989-cu il, ¹ 8
Məktəb
yollarında
(poemadan parça)
Sentyabr... aram-aram açılar səhər,
Narıncı bir rəngə girir sonsuz
üfüqlər.
Dağ yerinin sübh ayazı buz kimi sınır,
Doğan günün nəfəsilə
hava isinir.
Sentyabr... dərs ilinin birinci günü,
İşıqlı kənd məktəbinə bir uşaq gedir.
Al şəfəqlər bürümüşdür
gülər üzünü,
O, zərif bir göyərçin tək uçaraq
gedir.
O öz təzə paltarına yetirir nəzər
Bir yerindən sökülməmiş,
cırılmamış ki,
Baxır görsün üstündəmi bütün
düymələr
Bircəciyi boşalmamış,
qırılmamış ki?
...Bir fərəhlə, iftixarla söyləyirəm mən,
Bu gün böyük vətənimin hər güşəsindən
Milyon-milyon belə azad, bəxtiyar uşaq,
Gedir məktəb yollarilə addımlayaraq...
Qabil
İMAMVERDİYEV,
"Azərbaycan
müəllimi", 2 avqust 1956-cı il, ¹
31
Kimyanı
sevək və sevdirək
Əsrimiz kimya əsridir. İndi kimya məişətimizə möhkəm
daxil olub. Kimya hər sahədə adamlara gərək
olur. Kimya "möcüzələr"
yaradır. Elə buna görədir ki,
kimya fənninin səmərəli tədrisi ümumtəhsil məktəbləri
qarşısında bir nömrəli problem kimi durur. Pedaqoji kollektivlərdə çalışan
qabaqcıl kimya müəllimləri dərsə verilən
müasir tələblərə ciddi əməl edir,
şagirdlərdə fəal həyat mövqeyi
formalaşdırır, onları müstəqil həyata
hazırlaşdırırlar.
30 ildən çoxdur ki, kimyadan dərs
deyirəm. Təsəvvür edirsinizmi, bu
illər ərzində dərs dediyim siniflərin
qapılarını öz mənzilimin qapısı kimi
neçə dəfə açıb-örtmüş,
neçə dəfə siniflərə daxil olmuş, nə qədər
şagirdə kimyadan yeni bilik və məlumat vermişəm.
30 ildən artıq bir müddətdə mənim dərs
dediyim şagirdlərdən nə qədər oğlan və
qız istehsalatda ad-san qazanmış, institutlarda ali təhsil almış, elm aləminə qədəm
qoymuş, elmi axtarışları ilə elimizi,
obamızı sevindirmişdir...
Məhər
QULİYEV,
Tovuz
rayonundakı Yusif Sadıqov adına Bozalqanlı
kənd orta məktəbinin kimya müəllimi,
Sosialist
Əməyi Qəhrəmanı,
"Azərbaycan
müəllimi", 18 sentyabr 1981-ci il, ¹ 75
Gündəlik
proqramımız
...Qeyd etməliyəm ki, 80-ci illərdə ali məktəblərimizin tələbələr
ordusu sabitləşmişdir. Ehtiyat mənbələri
hesabına ali təhsil sisteminin
iqtisadiyyatı və mədəniyyəti artacaq və
inkişaf edəcəkdir. Bu o deməkdir ki, göstərilən
dövrdə ali məktəbimiz təkmilləşəcək,
onun tədris prosesi optimal şəraitdə
aparılacaqdır.
İndi respublikamızda 17 ali təhsil
ocağı fəaliyyət göstərir.
Onlardan biri və ən gənci Azərbaycan
Texnoloji İnstitutudur ki, o da bu ildən sərbəst fəaliyyət
göstərir. Sov.İKP MK-nın və
SSRİ Nazirlər Sovetinin respublikamızda
üzümçülük təsərrüfatının
inkişaf etdirilməsi üçün olan qərarı əsasında
yaradılan bu institut yeyinti və yüngül sənaye
ixtisasları sahəsində mütəxəssislər
hazırlayacaqdır.
XI beşilliyin əzəmətli tikintilərini
yüksək ixtisaslı kadırlarla təchiz etmək problemi
əvvəlinci beşilliklərdə olduğu kimi yenə kəskin
formada qoyulmuşdur. Lakin vəzifə ali
məktəb işinin keyfiyyətinin
artırılmasıdır...
Q.H.ƏLİYEV,
Azərbaycan
SSR ali və orta ixtisas təhsili naziri,
"Azərbaycan
müəllimi", 18
mart 1981-ci il, ¹ 22
Məktəbə
ən yaxşı hədiyyə
Bir neçə ildir ki, bizim zavod Keşlədəki
157 nömrəli orta məktəbə hamilik edir. Bakı
elektromexanika zavodunun fəhlələri, mühəndis-texniki
işçiləri bu hamiliyi məktəbin təmirinə
kömək etmək, bəzən də mühəndis-texniki
işçilərin vasitəsilə fənn dərnəklərinə
kömək göstərmək və s. vasitələrlə
həyata keçirirdilər. Lakin çox
böyük sənaye müəssisəsi olan zavodumuzun məktəbə
bu köməyi kifayətləndirici deyildi.
Çünki bu cüzi kömək şagirdlərin
politexniki təlimini həyata keçirmək, onları əməli fəaliyyətə,
islehsalata yaxınlaşdırmaq üçün
qarşıda duran çox böyük vəzifələrə
cavab vermirdi.
Bu nəinki məktəb müəllimlərini,
həm də zavodumuzun kollektivini çox düşündürürdü. Bu məsələni
biz keçən il zavod fəhlələri,
mühəndis-texniki işçiləri ilə müzakirə
etdik.
...Bu böyük dövlət əhəmiyyəti olan məsələnin
bütün zavod kollektivi tərəfindən sevinclə
qarşılanması çox fərəhli idi. Hamı məktəbə
ən gözəl bir hədiyyə vermək, məktəbdə
zəngin tədris emalatxanası yaratmaq zəruriyyətindən
danışırdı...
...Biz məktəb üçün lazım olan
maşın, dəzgah və avadınlığı
tapdıq.
Həm də zavodun işinə zərər
vurmadan, öz daxili imkanımız hesabına tapdıq.
İndi üzərində "Tədris
emalatxanası" sözləri yazılmış geniş və
işıqlı bir sinifdə bu maşın və cihazlar
qoyulmuşdur. Adam qapıdan içəri girdikdə
özünü doğrudan da kiçik, təmiz və səliqəli
bir zavodda hiss edir...
N.NƏSRULLAYEV,
Bakı
elektromexanika zavodunun direktoru,
"Azərbaycan
müəllimi", 1 sentyabr 1955-ci il, ¹ 35
Şagirdlərin
həyata hazırlanmasında
məktəb və ailənin rolu
...Məktəblərdə politexniki təlimin həyata
keçirilməsi nəticəsində orta məktəb
şagirdləri texnika və kənd təsərrüfatı
sahəsində bir çox faydalı bilik, bacarıq və vərdişlər
alırlar. Bu da uşaqlara düzgün sənət
seçməkdə, öz həyat yolunu müəyyənləşdirməkdə
kömək edir.
Halbuki, məktəblərdə politexniki
təlimin tətbiqinə qədər olan dövrdə
uşaqlar orta məktəbi bitirirdilər, ancaq istehsalın
müəyyən sahələri üçün onlarda
lazımi bilik və bacarıq olmurdu. Bu ondan
irəli gəlirdi ki, şagirdlər ancaq dərsliklərdə
olan nəzəri bilikləri mənimsəyirdilər. Alınan biliklərin həyatda tətbiqi üçün
lazımi zəmin yox idi. Məsələn, 4-5 il fizika dərsi keçmiş olan 10-cu sinif
şagirdi evdə elektrik lampası söndükdə onu
düzəltməyi bacarmırdı. İşığın
olmamasının
səbəbini izah etməkdə aciz
qalırdı... Məktəblərimizdə politexniki təlimin
həyata keçirilməsi sayəsində uşaqların
inkişafındakı bu cür birtərəfliyə son
qoyulur...
Əkbər
BAYRAMOV,
V.İ.Lenin
adına APİ-nin müəllimi.
"Azərbaycan
müəllimi", 25 yanvar 1959-cu il, ¹ 8
Azərbaycan
müəllimi.- 2014.- 7 mart.- S.3.