"Heyvanları
insanlardan
daha yaxşı
tanıyıram"
Redaksiyamızın qonağı Bakı
Dövlət Universitetinin
kafedra
müdiri, professor, "Şöhrət" ordenli Qara
Mustafayevdir
Qara müəllim uzun illər Azərbaycan
Televiziyasından yayımlanmış "Təbiəti sevənlər"
verilişinin müəllifi olub. Teleməkanda hər hansı
bir verilişin 30 ildən artıq efir həyatı
yaşaması dünya telejurnalistikasında qibtə ediləcək
bir hadisədir. Qara müəllimin söhbətindən bizə
məlum oldu ki, 17 yaşında ilk dəfə
qapısından daxil olduğu universitetə bu gün 83 yaşında da eyni
şövqlə gəlir və bu universitetə "məbədim"
deyir. Hansı mövzudan danışırsa, elə ilk kəlmələrdən
müsahibinin diqqətini özünə cəlb edə bilir.
Təbiətdə maraq doğuran bir çox canlını
tamaşaçı Qara müəllimin efir təqdimatında
görüb, tanıyıb. Söhbətimizin sonunda Qara müəllimlə kollektiv
şəkil çəkdirdik. Vidalaşanda bu mülayim, mehriban insan
dünyanın ən dəyərli sözləri ilə bizimlə
sağollaşdı.
- Azərbaycanda
demək olar ki, sizi tanımayan yoxdur. Çünki 30 ildən
çox müəllifi olduğunuz "Təbiəti sevənlər"
geniş tamaşaçı auditoriyası tərəfindən bəyənilən bir
veriliş olub...
- Mənim tanınmağım
özümün xidmətim deyil, televiziyaya görədir.
- İlk vaxtlar siz verilişləri mərhum Mirəli
müəllimlə birlikdə aparırdınız.
- Mirəli Axundov mənim
müəllimim olub. Yeri
behişt olsun. Verilişdə biz hər
ikimiz tamaşaçıya obyektiv bilik verirdik. Kim nə
pay götürə bilirdi, götürürdü. Elementar bir
misal: Küçəyə çıxıb yarım saat gəzsəm,
neçə-neçə tanımadığım adam mənə yaxınlaşıb salam verir,
halımı soruşur, avtoqraf yazdırır. Bəzən
elə bilirlər mən aktyoram. Demək
istəyirəm ki, bu məşhurluğu zaman, bir də
televiziyada verilişimizin uzunmüddət efirdə
görünməsi yaradıb. Bir neçə Avropa
şəhərində - Berlin, London, Oslo və s. şəhərlərdə
olanda sual verib maraqlanmışam ki, burada elə bir veriliş
varmı ki, 30 il ekranda yayımlansın? "Olmayıb"- cavabını almışam.
Ən çox ömrü olan veriliş 10 il
və ya daha az çəkib.
- Televiziyadakı "Təbiəti sevənlər" verilişinə baxanda tamaşaçı düşünürdü ki, görən təbiəti sizin qədər sevən ikinci adam varmı? Maraqlıdır, təbiətə bu qədər sevginin kökü haradan gəlib?
- Əvvəla, onu
deyim ki, Kürdəmirdə bizim Dəyirmanlı (indi kəndimizin
adını dəyişib Yenikənd qoyublar) kəndindən
atla on-on beş dəqiqəyə gedib Kür
qırağındakı Tuqay meşəsinə çata
bilirdik. Uşaqlığımdan həyətə, ev-eşiyə
sığan uşaq olmamışam. Mən atlı məhəllədə
böyümüşəm. Atamın da həmişə
atı olub. "Jiquli"nin
meydana çıxması atı hamının
yadından çıxardı.
Doqquz yaşımdan
sonra atamın atını minib üz tutardım meşəyə.
Bir saat, iki saat o meşədə tək-tənha gəzərdim,
ağaclara tamaşa edərdim, quşların yuvasına
baxardım. Yenə də qayıdıb gələrdim evimizə. Atamın xəbəri olmazdı, xəlvət
gedərdim. Dörd yaşımda gedib çıxmışam 30 metr
hündürlüyü olan güləbrişimin
başına, orada qarğa yuvasından yumurta
götürüb düşmüşəm aşağı.
Hələ Allah üzümə baxıb, yaxşı ki,
yıxılmamışam. İndi o yerlərdə nə
qarğa qalıb, nə güləbrişim qalıb,
amma mənim beynimdə dörd yaşımda
çıxdığım o ağac hələ də durur.
Bir dəfə
Firidun bəy Köçərli rəhmətlik akademiyanın
qarşısında məni görüb ayaq saxladı. Dedi ki,
Qara müəllim, siz o verilişin adını uşaq
verilişi qoymusunuz, amma mən-yaşlı bir akademik - dünən
o verilişə baxıb bir yenilik
öyrənmişəm.
- Orta məktəb illərinizi xatırlayırsınız?
- Əlbəttə.
Orta məktəbi 1949-cu ildə kəndimizdə bitirmişəm.
Biz bugünkü təhsilimizə yaxşı deməliyik ki,
qarşımıza da yaxşı çıxsın. Orta məktəbdə
oxuyanda dəqiq fənləri həmişə əla öyrənmişəm.
Mən riyaziyyata gəlməli idim. Nədən
riyaziyyatçı yox, bioloq oldum? Akademik Abdulla Qarayevin səbəbinə.
O, mənə dedi ki, biologiya kimyadan geri qalan elm deyil. Gəl səni
keçirək biologiyaya. Mən də razılaşdım.
Abdulla müəllim nəhəng alim idi.
Ədəbiyyatda
poeziya yox, musiqi daha çox məni özünə çəkib
həmişə. Üç yaşım olanda taxtadan guya tar
düzəltmişəm, başlamışam döyəcləməyə.
- Sizi başqalarından daha çox fərqləndirən cəhət hansıdır?
- Bilmirəm bu mənim
xoşbəxtliyimdi, yoxsa... Amma mən heyvanlar aləmini
hamıdan yaxşı tanıyıram. Bu, məni hərdən
adamlardan küsdürür.
Şair Oqtay Rza "Həyat
və poeziya" kitabımın təqdimatında
küsdü ki, Qara müəllim sən əhalini
ayırırsan iki yerə: adam və insan. Dedim Oqtay müəllim,
bəli, ayırıram. Sən Nizami Gəncəvi ilə,
yaxud da Üzeyir bəy Hacıbəyovla əlində beşbarmaq gəzdirən
bir cani arasında fərq görmürsən? Səbəbini
bilmək istəyirsənsə, bu təkamüldü. Təkamül
Nizamini Nizami eləyib, Üzeyir bəyi Üzeyir bəy, qatili
də qatil.
Hamı adamdır, ancaq hər yaranan adam insan olmaq şərəfinə yüksələ bilmir axı?! Dünyada milyonlarla, milyardlarla adamlar var. Amma onların içərisində yüz ildən, iki yüz ildən bir meydana çıxan ulu öndərimiz kimi, Atatürk kimi şəxsiyyətlər dahi İNSANdır.
- Təbiət və insan. Hansı sizə daha əzizdir?
- İlk
baxışdan hamımız eyni adamlarıq. Sadəcə o
vurğunluq deyirik ey, elə yer
var ki, uğur gətirir. Məsələn, təbiətə
vurulmaq həmişə uğurludur. Mən nə gizlədim, təbiəti
hamıdan, hər şeydən çox istəyirəm.
- Özünüzü bəxti-taleyi uğurlu yazılanlardan hesab edirsiniz?
- Allah mənim bəxtimi
o yerdə gətirib ki, məni atam evləndirib,
özbaşıma evlənməmişəm. Özüm evlənsəm,
azardım. Mənim taleyimə elə bir insan
düşmüşdü ki, birgə
yaşadığımız bütün illər uzunu
özünü mənə, mənim elmi fəaliyyətimə
və balalarımıza qurban elədi. O, iki ildir ki,
dünyadan köçüb. Mən özümü hər
zaman onun ruhuna borclu hesab edirəm.
Ona görə ki, gecə saat ikiyəcən, üçəcən
işləyən vaxtlarımda haçan əlimi atsaydım,
isti çayım əlimin altında hazır olardı. O
bilirdi ki, mən isti çay içənəm. Uşaqlar
yatardı, mən stolüstü lampanı yandırıb
işləyərdim. Təbiətə bu qədər vurulmam məni
batıra bilərdi. Xanımım həyatda mənim ən
böyük köməkçim olub. Ailə
qayğılarını götürüb boynuna, mən də
elmlə, təbiətlə məşğul olmuşam.
- Ailəniz haqqında...
- Ailə sərbəst
bir dövlətdir. Ailənin hər bir üzvü ayrıca
bir şəxsdir. Valideyn öz övladını
özünün robotuna çevirməməlidir.
Övladlarımdan qızım mənim yolumun
davamçısıdır-bioloqdur.
- Universitetin həyatınızda yeri?
- On yeddi
yaşımda gəlmişəm universitetə, bir də
görmüşəm ki, artıq səksən iki
yaşım olub. Universitet mənim məbədimdir. Gör
neçə ildir ki, biz bu məbədlə birlikdə
addımlayırıq. Hərdən kimsə görməyəndə
mən onun müqəddəs divarlarını öpürəm.
Yeganə maaş aldığım bir yerdir universitet. İlk məbədim
atamın mülküdür- hər zaman gedib-gələndə
diz çöküb torpağını öpürəm. İkinci məbədim iş yerimdir.
Üçüncü məbədim isə Az.TV-dəki
verilişim olub.
- Necə bir ailədə böyümüsünüz?
- Atam kolxozçu
olub. Deyirlər mənim nəslimdə öz babamdan geriyə beşinci babam Saf
Qasım deyilən bir kişi olub. Qocalar atama deyərmiş
ki, Teyfur, sənin bu oğlun Qara elə bil ki, Saf
Qasımın xasiyyətlərini daşıyır. Atam
soyadında o kişinin adını
daşıyırdı-Qasımov idi. Mənsə öz
babamın adını soyad götürmüşəm.
Olmuşam Mustafayev.
Bir dəfə Saf
Qasım deyilən babamı yuxumda gördüm. Tezdən
durdum bir yazı yazdım. Sonralar
o yazını kitaba çevirdim. Adını da qoydum:
"Düzgünlük cihazı". O kitabımı
oxuyanlar mənə deyirlər ki, Qara müəllim, sən nə
deyirsən de, bu
kitabda yazdıqların elə kompüterin kəşfidir. Maraqlı burasıdır ki, kitabda babamla mənim
dialoqum var. Amma babamın yerinə də, özümün
yerimə də mən fikirləşib cavab verirəm. Bütün hallarda bu dialoqda babam məni üstələyir.
Babamın mənim dilimdən verdiyi cavablar dediklərimdən
güclü alınıb...
- İnsanın formalaşması barədə mülahizələriniz?
- Mən, ümumiyyətlə, bu fikirdəyəm
ki, hər bir kəsin, hər bir şəxsiyyətin
formalaşması üç əsas mənbə ilə
bağlıdır: Birinci mənbə, kimliyindən
asılı olmayaraq, genetik koddur.
Düz qırx nəsil o yandan bəri hansı minilliklərdəsə,
hansı nəsildəsə əgər
bir ağılsız olubsa, nə vaxtsa o nəsildə
özünü göstərəcək. Əgər
dahi olubsa, o da nə vaxtsa parlayacaq. Bax, bu
genetik koddur. Atomun bir molekuldan
çıxıb o biri molekula qaçmasını ilk dəfə
bir türk balası tapdı, elektron mikroskopun altında
görmüşdü. Onunla da Nobel
mükafatı aldı.
Bu gün bütün səkkiz milyardın arasında
gen mübadiləsi açıqdır. Ağılsızdan
dahi, dahidən də ağılsız əmələ gələ
bilər. Gen mübadiləsi imkan vermir ki, bəşəriyyətin
60-70 faizi Məhəmməd
peyğəmbər kimi, Heydər Əliyev kimi
ağıllı adamlar olsun. Genetik kod qoymayacaq.
Çünki genetik kod idarə olunmur.
İkinci mənbə
gör-götürdür, düşdüyümüz sosioloji
mühitdir. Aristotel deyib ki,
bütünlüklə qızıla bürünmüş
möhtəşəm bir şəhərdə bircə nəfər
ac varsa, deməli, o şəhər bir qəpiyə dəymir.
Yüz nəfər adamın yetmiş beş
nəfəri necədirsə, iyirmi beşi də elə o
cürdür. Əks halda onlar bir cəmiyyətdə
yaşaya bilməz. Niyə? Üstünlük çoxluqdadırsa, yerdə qalan
azlıq da onlara tabe olacaq. Ya da əksinə, çoxluq
normal deyilsə, yerdə qalan az hissə də
təsirə düşüb olacaq çoxluğun tayı.
Üçüncü mənbə idarəolunan
təhsil və təlimdir. Təhsil
və təlim sırf bizim özümüzdən
asılıdır. Bütövlükdə
hamımız birləşib yumruq kimi bir yerə
vurmağı bacarmalıyıq. Təhsildə
yenilənmə göz qabağındadır. Öyrədəndən də, öyrənəndən
də çox şey asılıdır.
- Uzun
yaşamağın bir sirri varmı?
- İki aydır ki, səksən üç
yaşıma keçmişəm. Bu yaşa gəlib
çatmağımın ən ilkin səbəbi orqanizmimin böyümə
dövründə qidalandığı elementlərlə
bağlıdır. Bir ideya var ki, yüksək
dağların zirvəsində formalaşan suyu içən,
o suyun dağlardan gətirdiyi mineralları, bitki və ya heyvan
vasitəsi ilə ərzaq kimi qəbul eləyən şəxslərin
əksəriyyəti uzunömürlü olur və
düşünməyi bacarır. Bu mənə
aid deyil. Mən özümü o qədər
böyük adam hesab eləmirəm.
Doğulandan dörd-beş ay sonra içməyə başladığım
Girdiman çayının suyu olub. O suyun tərkibində
dağlardan gələn minerallardan mənim də payıma düşüb
Dediyim odur ki, 70, 80 , 90, 100 il
yaşayanlar var ha, onlar vurulublar elmə-mənim kimi-cəmi bir dənə mənəvi
qidaları olub, o da elm. Nə bazarlıq etməyə
gediblər, nə ərzaq növbəsində durublar, nə də
yemək bişiriblər. Dərddən-qəmdən,
əlavə işlərin hamısından uzaqlaşıblar.
- Təhlükədən
uzaqlaşmaq instinkti barədə...
- Təhlükədən uzaqlaşmaq ən
böyük ağlın məhsuludur. Bu da heyvanların
hamısında var. Ona görə də mən deyirəm:
Tanıdıqca yaxından şüurlu insanları,
Sevdim əziz, qərəzsiz,
şüursuz heyvanları.
- Ev
heyvanları saxlayırsınızmı?
- Uşaqlarım saxlayır. Gözəl bir akvariumumuz var, oğlum baxır
balıqlara, mənim vaxtım yoxdur.
- Ova
getmisiniz?
- O qədər getmişəm ki, heç
sayını da bilmirəm. Amma bir dənə
cücəyə də bir güllə atmamışam.
Tüfəng çiynimdə gəzirəm,
zövq alıram, niyə vurum axı canlını?! Bir də ki, tutaq ki, bir dovşanı vurub onu yemək
üçün hazırlayası oldum. Onun məndən
həddən artıq çox enerji aparmağındansa, yol
çantamdan bir-iki loxma pendir-
çörək çıxarıb yesəm daha məsləhətdir.
- Vəhşi
heyvandan haçansa qorxmusunuz?
- Əlbəttə. Məsələn,
istəyərdim ki, meşədə pələngi
qucaqlayım, üzündən öpüm. Amma ağlım deyir ki, olmaz. Bu mümkün
olan iş deyil. Baxın, necə olur ki, körpəcə
bir balıq özünü böyük bir sürü şəklinə
bənzədib təhlükədən qurtula bilir, mən boyda
alim, gedim girim pələngin ağzına ki, səni öpmək
istəyirəm. Mən heyvanların
qayğısını uzaqdan-uzağa çəkirəm.
- Heyvanlar
o qayğını hiss edirlərmi?
- Əlbəttə. Mən
öz tədqiqatlarımda bunu müşahidə etmişəm
ki, heyvanlarda hissiyyat çox güclüdür. Niyə körpəlikdən insanlar tərəfindən
böyüdülən vəhşi heyvanlar sonunda mütləq
insanla "dostluğuna" xitam verir? Çünki,
o heyvandır. Əgər hər hansı
bir insan onu körpəlikdən götürüb saxlayıbsa
da, heyvan insanla yalnız özü həddi-buluğa, cinsi
yetkinliyə çatanacan yaxşı rəftar edəcək.
Sonra, "Şir evdən getdi" filmində
çəkilən süjetdə olduğu kimi heyvan sahibini ya
öldürəcək, ya da parçalayacaq.
- Qara
müəllim, insanın meymundan əmələ gəlməsi
fikrinə münasibətiniz?
- Mən heç vaxt və heç yerdə nə demirəm,
nə də yazmıram ki, insan meymundan əmələ gəlib.
Akademik-kristalloqraf Xudu Məmmədov bir dəfə mənə
dedi ki, sən cansız təbiətin təkamülünü
qəbul edirsən? Dedim, mən kiməm ki, beş
minillik bir prosesin üzərindən qələm çəkəm?
O görüşümüzdən az
keçməmiş Ağdam işğal olundu, Xudu müəllimin
də ürəyi o boyda zərbəyə dözmədi.
- Sizin
fikrinizcə, heyvanat daha maraqlıdır, yoxsa nəbatat?
- Nəbatatı dərk eləmək
çətindir, nəinki heyvanları...Çünki heyvanlar
içəridəki mexanizmləri hərəkətləri ilə
nümayiş etdirə bilir. Adam var ki, baxır akvariumdakı
balığa, fikirləşir ki, əcəb
tabakalıqdır, adam da var ki, saatlarla
baxır akvariuma, zövq alır, dincəlir. Heyvanatı
və ya nəbatatı sevmək insanın ətraf mühiti
sevmək dərəcəsindən asılıdır.
- Kollektivimizə
arzunuz?
- Sizi 80 illik yubileyiniz münasibəti ilə təbrik
edirəm. Qələminiz iti olsun.
Söhbəti
yazdı: Ellada UMUDLU,
"Azərbaycan müəllimi"
* On yeddi
yaşımda gəlmişəm universitetə, bir də
görmüşəm ki, səksən iki yaşım olub. Universitet mənim məbədimdir. Gör
neçə ildir ki, biz bu məbədlə birlikdə
addımlayırıq. Hərdən kimsə görməyəndə,
mən onun müqəddəs divarlarını öpürəm.
İlk məbədim atamın mülküdür- hər zaman
gedib-gələndə diz çöküb torpağını öpürəm. İkinci məbədim iş
yerimdir. Üçüncü məbədim isə
Az.TV-dəki verilişim olub.
* Bir
neçə Avropa şəhərində - Berlin, London, Oslo və
s. şəhərlərdə olanda sual verib
maraqlanmışam ki, burada elə bir veriliş varmı ki, 30 il ekranda yayımlansın? "Olmayıb"-
cavabını almışam. Ən çox ömrü
olan veriliş 10 il və ya daha az çəkib.
* Bir dəfə
Firidun bəy Köçərli rəhmətlik akademiyanın
qarşısında məni görüb ayaq saxladı. Dedi ki,
Qara müəllim, siz o verilişin adını uşaq
verilişi qoymusunuz, amma mən-yaşlı bir akademik - dünən
o verilişə baxıb bir yenilik öyrənmişəm.
* Mən
təbiəti hamıdan, hər şeydən çox istəyirəm.
* Ailənin
hər bir üzvü ayrıca bir şəxsdir. Valideyn öz övladını özünün
robotuna çevirməməlidir.
* Düz
qırx nəsil o yandan bəri hansı minilliklərdəsə,
hansı nəsildəsə əgər
bir ağılsız olubsa, nə vaxtsa o nəsildə
özünü göstərəcək.
* Bu
yaşa gəlib çatmağımın ən ilkin səbəbi
orqanizmimin
böyümə dövründə
qidalandığı elementlərlə bağlıdır.
* Təhlükədən
uzaqlaşmaq ən böyük ağlın məhsuludur.
* Şəxsiyyətin formalaşması üç əsas
mənbə ilə bağlıdır: birinci mənbə
genetik koddur. Genetik kod idarə olunmur.İkinci mənbə
gör-götür dünyasıdır. Düşdüyümüz
ictimai mühitdir. Üçüncü mənbə
idarəolunan təhsil və təlimdir.
* Təhsil
və təlim sırf bizim özümüzdən
asılıdır. Bütövlükdə hamımız birləşib yumruq
kimi bir yerə vurmağı bacarmalıyıq. Təhsildə
yenilənmə göz qabağındadır. Öyrədəndən
də, öyrənəndən də çox şey
asılıdır.
* Nəfs
insanın ən güclü düşmənidir. İnsan çox vaxt öz nəfsini idarə eləyə
bilmir. İnsanın ən böyük, ən əlçatmaz
xoşbəxtliyi onun öz nəfsinə hakim olmasıdır.
Nəfsini idarə eləyə bilməyənlərin
başına həmişə ən gözlənilməz bəlalar
gəlir.
Azərbaycan müəllimi.- 2014.- 7 mart.- S.5.