Bayramınız
mübarək, əziz qadınlar!
Elmə aparan uğurlu
yolun astanasında
Əgər əvvəllər mənə "Müasir tələbə necə olmalıdır" sualını versəydilər, yəqin ki, cavabında müasir tələbə üçün zəruri olan keyfiyyətləri sayardım. Amma indi o sualı versələr, deyərəm, "Müasir tələbə Ayşən Sadıqlı kimi olar".
Bakı Dövlət
Universiteti filologiya fakültəsinin II kurs magistrantı
Ayşən Sadıqlı haqqında uzun-uzadı
danışmıram. Sadəcə onun tərcümeyi-halından
son 3 ilə aid bəzi faktları diqqətə
çatdırıram. A.Sadıqlı indiyədək 15-dən
çox konfrans, seminar və müsabiqədə iştirak
edib və diplomlarla, sertifikatlarla
mükafatlandırılıb. Universitetdə keçirilən
müxtəlif tədbirlərdə və layihələrdə
fəal iştirak edir. O, filologiya fakültəsinin
bu günə qədərki tarixini əks etdirən slayd,
Hüseyn Cavidin 130, Firidun bəy Köçərlinin 150, Mir
Cəlalın 105 illik yubileyləri münasibətilə BDU-da
keçirilən tədbirlərdə videoçarx və slayd
hazırlayıb. Bakalavr pilləsini Nizami Gəncəvi adına təqaüdlə,
fərqlənmə diplomu ilə bitirib.
Ayşən
Sadıqlı fakültə Tələbə Elmi Cəmiyyətinin
sədri, fakültə Elmi Şurasının
üzvüdür. Bakalavr pilləsinin birinci kursundan universitet
xorunda iştirak edir. 2010-cu və 2011-ci illərdə Bakı
Dövlət Universiteti üzrə "İlin ən
yaxşı tələbəsi" adına layiq
görülüb.
Bir qrant, 2 kitab, 10 elmi
və 4 publisistik məqalənin müəllifi olan
A.Sadıqlı akademik Abel Məhərrəmovun
təşəbbüsü ilə Bakı Dövlət
Universitetində müəllim və tələbələrin
yaradıcılıq potensialının dəstəklənməsi
məqsədilə 2009-cu ildən elan olunmuş "50+50"
qrant proqramının qaliblərindəndir. 2010-cu ildə həmin
qrant proqramı çərçivəsində
A.Sadıqlının "Heydər Əliyev və Azərbaycan
dili" mövzusunda təqdim etdiyi layihə qalib olub. Bu layihə
çərçivəsində bir neçə elmi məqalə
çap edilib. 2011-ci ildə
"Heydər Əliyev və Azərbaycan dili"
adlı kitabı nəşr edilib. Kitab Azərbaycan
Respublikasının müstəqilliyinin bərpasının
20 illiyinə həsr olunub. Kitabda ulu öndər Heydər
Əliyevin həm keçmiş sovet dövründə, həm
də Azərbaycan müstəqilliyi illərində Azərbaycan
dilinə həsr olunmuş məqalə və
çıxışları, fərmanları verilib.
Bu günlərdə
Ayşən Sadıqlının ümummilli liderə həsr
olunmuş ikinci kitabı çap olunub. Kitab "Ümummilli
lider Heydər Əliyev və Azərbaycan ədəbiyyatı"
adlanır.
Kitabda
milli mənəvi sərvətimiz hesab edilən Azərbaycan ədəbiyyatının
inkişafında əvəzsiz xidmətləri olan Heydər Əliyevin
çıxışları, nitqləri və məruzələri
toplanılıb, ulu öndərin Azərbaycan ədəbiyyatı
ilə bağlı imzaladığı fərman və sərəncamlar
öz əksini tapıb.
Ayşən
Sadıqlı hazırda "M.S.Ordubadinin
yaradıcılığında Nizami mövzusu" adlı
magistr dissertasiyasının üzərində
çalışır.
Eyni zamanda BDU-da təşkil
edilən tyutor kursunda təhsil alır. Bu il
magistraturanı bitirib doktorantura pilləsinə daxil olmaq istəyir.
Gələcəkdə Bakı Dövlət
Universitetində çalışmaq arzusundadır. Biz də gənc alim olmaq yolunda addımlayan Ayşən
Sadıqlıya yeni-yeni elmi nailiyyətlər arzu edirik.
Azərbaycan
qadını cəmiyyətdə
öz
sözünü deməyi bacarır
Kəmalə
MƏMMƏDOVA,
Bakıdakı
250 nömrəli tam orta məktəbin
Azərbaycan
dili və ədəbiyyat müəllimi,
"Ən
yaxşı müəllim" müsabiqəsinin (2013-cü il) qalibi
Respublikamızın sosial, iqtisadi və mədəni həyatında
qadınların rolunun artdığı müasir dövrdə
Azərbaycan qadınının elmə, mədəniyyətə,
incəsənətə yeni töhfələr verməsi
prioritet hesab olunur. Təhsil sahəsində
çalışanların böyük əksəriyyəti
qadınlardır. Onlar analıq və qadınlıq
məsuliyyəti ilə bərabər, bu çətin və
şərəfli peşənin yükünü də
çiyinlərində layiqincə
daşıyırlar. İnkişaf edən
respublikamızda qadınların yeri və rolu
danılmazdır. Azərbaycan
qadını cəmiyyətdə öz sözünü deməyi
bacarır, dövlət idarəçiliyində, müxtəlif
sahələrdə kişilərlə bərabər fəaliyyət
göstərir. Gənc nəslin təlim-tərbiyəsində
əldə edilən
uğurlara görə cəmiyyətimiz
qadınlara minnətdardır. Ümid edirəm
ki, Azərbaycan qadını bundan sonra da ölkəmizin
ictimai, siyasi, elm, təhsil və mədəni həyatında
fəal rol oynayacaq, üzərinə düşən şərəfli
analıq və vətəndaşlıq vəzifələrini
uğurla yerinə yetirəcəkdir.
Dahilərdən biri demişdir: "Bəzi şeylər
sevilir, çünki onlar dəyərlidir, bəzi şeylər
dəyərlidir, çünki onlar sevilir. Qadınlar
isə hər ikisinə layiqdir". Qadınlıq,
analıq, fədakarlıq kimi mənəvi dəyərləri
özündə birləşdirməyi bacaran xanımlar, bu
bayram dünyanın qadınlar qarşısında baş əydiyi
gündür. Hamı varlığına görə
sizə borcludur.
Əziz qadınlar, hörmətli həmkarlarım,
sizi 8 mart Beynəlxalq Qadınlar Günü münasibətilə
səmimi-qəlbdən təbrik edirəm. Həyatınız hər zaman sevgi ilə dolu olsun.
Arzu edirəm ki, su qədər təmiz, həyat
qədər canlı, çiçək qədər təravətli
və gözəl qalasınız.
Qadın
həyatın bəzəyidir
Validə
AĞAMALIYEVA,
Bakıdakı
246 nömrəli məktəb-liseyin fizika müəllimi,
"Ən
yaxşı müəllim" müsabiqəsinin (2013) qalibi
8 Mart - qadın və gözəllik
bayramıdır. Bu gün əks cinsin
nümayəndələri ətrafdakı qadınlara diqqət,
qayğı və sevgilərini nümayiş etdirirlər.
Qadınlar gül-çiçək, müxtəlif
hədiyyələr, həmçinin gözəl sözlərlə
mükafatlanırlar.
Qadın həyatın bəzəyidir. Ölkəmizdə qadın hüquqları qorunur.
Ta qədimdən Azərbaycanda qadına - anaya daim
böyük ehtiram və hörmət bəslənilmiş,
ana həmişə müqəddəs olmuşdur.
Ulu öndər Heydər Əliyevin imzaladığı
"Azərbaycan Respublikasında dövlət qadın siyasətinin
həyata keçirilməsi haqqında" 2000-ci il 6 mart
tarixli fərmanın icrası ilə əlaqədar olaraq mühüm
işlər görüldü. Bu gün ulu
öndərimizin imzaladığı fərmandan irəli gələn
məsələlərin həlli Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev tərəfindən
uğurla davam etdirilir.
Qadınlar ölkənin bütün ali
orqanlarında əzmlə çalışırlar.
Azərbaycanın birinci xanımı YUNESKO-nun və
İSESKO- nun xoşməramlı səfiri, Milli Məclisin
deputatı Mehriban Əliyeva istər ölkəmizdə, istərsə
də vətəndən uzaqlarda öz işi,
bacarığı və əvəzsiz keyfiyyətləri ilə
Azərbaycan xanımlarını ən yüksək səviyyədə
təmsil edir və Azərbaycan qadınının nələrə
qadir ola biləcəyini gördüyü işlərlə
sübut edir.
Ulu öndərimiz Heydər Əliyev demişdir:
"Qadınlar bir belə əziyyət çəkərkən
nə istəyirlər? Sadəcə onlara diqqət,
qayğı və ehtiram! Bu anlayışlar
çox genişdir. Diqqət də, qayğı da
müxtəlif formalarda ola bilər. Ancaq kişilər gərək qadınları həmişə
yüksəkdə görsünlər, qadınlara gərək
xüsusi hörmət etsinlər, qadınlara diqqətlə
yanaşsınlar".
Qadınlar həmişə mənəvi
dayağa, ülvi məhəbbətə, ilıq nəfəsə
ehtiyac duyurlar.
Analar gözlərinin nurunu,
saçlarının rəngini, gecələr
yuxularını balalarından əsirgəmirlər.
Yaşımızdan asılı olmayaraq hər an
aradığımız, soraqladığımız analar! Nə yaxşı ki, sizlər varsınız.
Bu bayram bayramlar içərisində ən
gözəl bayramdır, çünki bu, biz qadınlara həsr
olunub.
Aydın
səma, bahar təravətli
çiçəklər nəsibiniz olsun
Mətanət
ƏHMƏDOVA,
Bakıdakı
264 nömrəli tam orta məktəbin
informatika
müəllimi, əməkdar müəllim,
"Ən
yaxşı müəllim" müsabiqəsinin (2013-cü il) qalibi
Baharın ilk
günlərində gözəl bir bayramı qeyd
edirik. Elə bahar çiçəkləri kimi
gözəl, təravətli xanımların bu bayramı həm
də ona görə əziz və müqəddəsdir ki,
bizi dünyaya gətirən, böyüdən, bizə həyat
verən analarımızı təbrik etməyə,
onların ünvanına ən hərarətli sözlərimizi
deməyə tələsirik.
Müəllim sözünün altında
çox böyük mənalar gizlənir.
Gələcək nəslin təlim-tərbiyəsi məhz
bizim - müəllimlərin üzərinə düşür.
Müəllimlik
etdiyim illər ərzində həmişə
işimə məsuliyyətlə yanaşıb öhdəmə
düşən vəzifəni vicdanla yerinə yetirməyə
çalışmışam.
Belə bir deyim var: "Həyat nə əzabdır, nə
də əyləncə. Həyat işdir.
Bu işi namusla, vicdanla başa
vurmalısan". Mən işimə həmişə
məhz bu prizmadan yanaşmışam və ona görə də
çəkdiyim zəhmət hədər getməyib.
Keçən tədris ilində "Ən yaxşı müəllim"
müsabiqəsinə təkrar qatılaraq ikinci dəfə qalib olmağım
buna gözəl bir
nümunədir.
Bu gün həyatımızı
İKT-siz təsəvvür etmək mümkün deyil. Təsadüfi deyil ki, cənab
İlham Əliyev ötən ili ölkəmizdə
"İKT ili" elan
etmişdi. İl başa çatsa da bünövrəsi
qoyulan işlər
davam edir. Mən
də bu sahədə bildiklərimi həmkarlarımla bölüşməyə
çalışıram. Ümidvaram ki, bu tədris ilini də uğurla
başa vuracağıq.
Sonda ən səmimi sözlərimi
xanımlarımıza ünvanlamaq istəyirəm. Bayramınız mübarək, əziz
xanımlar! Aydın səma, xoş günlər, bahar təravətli
çiçəklər nəsibiniz olsun!
Çöhrənizdən
təbəssüm,
qəlbinizdən sevinc əskik olmasın
Lalə
HƏSƏNOVA,
Bakı
şəhər R.Pirnəzərov adına
299 nömrəli
məktəb-liseyin ibtidai sinif müəllimi,
"Ən
yaxşı müəllim" müsabiqəsinin (2013) qalibi
Bu gün bütün dünyada olduğu kimi, Azərbaycanda da
qadınlar üçün əziz gündür. Yer
üzünün əşrəfi sayılan qadınların
bayramıdır! 8 Mart Beynəlxalq Qadınlar
Günü respublikamızda geniş miqyasda qeyd olunur.
8 Mart qadın hüquqlarının
genişləndirilməsinin və bügünkü
qadının azad olmasının tarixi səbəblərinin
xatırlanması baxımından da xüsusi bir
gündür.
Azərbaycan qadını ölkəmizin
ictimai-siyasi, elm, təhsil və mədəni həyatında
daim öz fəallığı ilə seçilir. Bu gün Azərbaycan qadını cəmiyyətdə
öz sözünü deməyi bacarır, müxtəlif sahələrdə
kişilərlə bərabər fəaliyyət göstərir.
Təhsil sahəsində fəaliyyət
göstərən kadrların böyük əksəriyyətinin
qadınlar olması bəşəriyyətin gələcək
inkişafının daha çox qadınlardan asılı
olmasının bariz nümunəsidir. Bu
gün həmin qadınlar təhsilimizin inkişafına
öz töhfələrini sevə-sevə verirlər.
Mənə verilən bu fürsətdən
istifadə edərək ömrünü
balalarımızın gələcəyi yolunda şam kimi əridən
qadın müəllimləri ürəkdən təbrik edirəm. Onlara möhkəm cansağlığı, xoşbəxtlik,
ailə səadəti arzulayıram. Qoy çöhrənizdən
təbəssüm, qəlbinizdən sevinc əskik olmasın!
Hər anınız bayram əhvali-ruhiyyəli olsun!
Bayramınız
mübarək, əziz qadınlar!
Mart
ayında böyük sevinclə gözlədiyimiz ilk bayram
Röya
YAQUBOVA,
Bakı
şəhərindəki 272 nömrəli tam orta məktəbin
tarix müəllimi,
"Ən
yaxsı müəllim" müsabiqəsinin (2013-cü il) qalibi
Bəşər
tarixinin ilk dövrlərindən başlayaraq qadınların ictimai həyatda
rolu əvəzolunmazdır. Qadın bəşər tarixinin
yaranmasında və təşəkkül tapmasında öz
nəcib əməyi, zövqü və səliqəsi ilə
misilsiz xidmətlər göstərmişdir. Qadına hələ
qədim zamanlardan böyük ehtiram və hörmət bəslənilib.
Əbəs yerə deyilməyib ki, cənnət
analarımızın ayaqları altındadır. Odur ki, cəmiyyətin zərif cinsinə daim diqqət və
qayğı qaçılmaz olmuşdur.
Qadınlar tarixi şəxsiyyətləri yetişdirmiş,
neçə-neçə nəsillər
böyütmüş, dünyaya dahilər bəxş
etmiş, xalqımızın çoxcəhətli mədəniyyətinin
tərəqqisində böyük rol oynamışlar. Azərbaycan
qadınları da tarix boyu bir çox önəmli hadisələrə
imzalarını qoymuşlar. Bu gün şagirdlərə
türk qadınlarından Tomris, Sara xatun, Zərifə
xanım Əliyeva, eləcə də Heydər Əliyev Fondunun prezidenti,
YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın
misilsiz xidmətlərindən ətraflı bəhs edirik. 8
Mart Beynəlxalq Qadınlar Günü dünyanın bir
çox ölkələri kimi Azərbaycan Respublikasında da
xüsusi diqqət və ehtiramla qeyd edilir. Mart ayı Azərbaycan
xalqı üçün ən gözəl aylardan biridir. Bu
ayda ana torpaq canlanır, qədim dövrlərdən
günümüzə qədər çərşənbələr
və Novruz bayramını qarşılayırıq. Mart
ayında böyük sevinclə gözlədiyimiz ilk bayram isə
8 Mart Beynəlxalq Qadınlar Günüdür. Mən də
baharın ilk günlərində qeyd olunan bu qadınlar
bayramı münasibətilə bütün
xanımlarımızı təbrik edirəm. Zərifliyi,
ağlı, səliqəsi ilə tanınan hər bir Azərbaycan
qadınına, milli mənəvi dəyərlərimizin
aşılanmasında böyük əməyi olan qadın həmkarlarıma
ailə səadəti, xoşbəxtlik,
cansağlığı, pedaqoji fəaliyyətlərində
böyük uğurlar arzulayıram.
Özümüzü
çox xoşbəxt hiss edirik
Alagöz QULİYEVA,
Ağcabədi rayonu, Pərioğullar kənd
tam orta
məktəbinin kimya müəllimi, əməkdar
müəllim
Bayramlar ayı olduğu üçün
hamı martı səbirsizliklə gözləyir. Bu ayın əlamətdar günlərindən
biri olan 8 Mart Beynəlxalq Qadınlar Günündə biz
qadınlar özümüzü çox xoşbəxt hiss
edirik.
Mən
hər il olduğu kimi, bu il də indiki şagirdlərimdən,
məktəbimizin yetirmələri olan və müxtəlif
ali məktəblərdə təhsil alan tələbələrdən
və əlbəttə ki, övladlarımdan təbrik
gözləyirəm.
Yeri gəlmişkən,
mən tələbə yoldaşlarımla sıx əlaqə
saxlayıram. İnanıram ki, qadınlar üçün
çox əziz olan bu bayram günündə məni təbrik
edənlər arasında onlar da olacaq. Fürsətdən
istifadə edib mən də bütün Azərbaycan
qadınlarını, həmkarlarımı bu bayram münasibətilə
səmimi-qəlbdən təbrik edir, onlara
cansağlığı, xoşbəxtlik, xalqımızın
övladlarının savadlanması yolunda böyük
uğurlar arzulayıram.
Ölkəmizdə təhsilə,
müəllimə verilən böyük qiymət, göstərilən
qayğı hər kəsə yaxşı məlumdur. Bu sahədə
ulu öndərimizin yeritdiyi siyasət uğurla davam etdirilir.
2013-cü
ildə möhtərəm Prezidentimiz İlham Əliyevin sərəncamı
ilə mənə "Əməkdar müəllim" fəxri
adı verilib. Əməyimə verilən bu yüksək qiymət
məndə qürur hissi oyatmaqla yanaşı, həm də
işimə böyük məsuliyyətlə
yanaşmağıma səbəb olub. Məhz buna görə tədris ilinin
sonunda əvvəlki illərlə müqayisədə təlimdə
daha yüksək nəticələr əldə edəcəyimə
inanıram.
Şagirdlərim, övladlarım
tərəfindən təbrik gözləyirəm
Sevda İSMAYILOVA,
Mingəçevir
şəhər texniki-humanitar liseyin riyaziyyat müəllimi,
"Ən
yaxşı müəllim" müsabiqəsinin (2010-cu il) qalibi, əməkdar
müəllim
8 Mart Beynəlxalq
Qadınlar Günü hər kəsin sevdiyi qadınların
bayramıdır. Ana, bacı, ömür-gün
yoldaşı kimi sevilən qadın sevginin ən ülvisinə
layiqdir. Bizim cəmiyyətdə
qadının rolu böyük olduğu kimi, ona verilən qiymət
və hörmət də yüksəkdir. Mən sadə bir
riyaziyyat müəllimiyəm.
20 ildən
artıqdır ki, bu işlə məşğulam və
öz işimlə fəxr edirəm.
Əlbəttə ki, cəmiyyət
qarşısındakı vəzifəmi yalnız müəllim
olmaqla məhdudlaşdırmıram. Bu gün Azərbaycanın
siyasi, ictimai həyatında, təhsil sahəsində baş
verən hər cür islahatların biz
müəllimlərin üzərinə düşən
vəzifələrini layiqincə həyata keçirməyə,
şagirdlərimi də bu yöndə istiqamətləndirməyə
çalışıram. Çalışıram
ki, gücüm çatan hər sahədə mənim də əməyim
olsun. Orta məktəblərdə tədris
olunan 6-cı sinif üçün riyaziyyat dərsliyinin həmmüəlliflərindən
biriyəm.
Hər bir layiqli vətəndaş kimi mənim
də əməyim Azərbaycan Prezidenti tərəfindən
yüksək qiymətləndirilib. 2013-cü ildə "Əməkdar müəllim"
fəxri adına layiq görülməyim mənim
üçün gözlənilməz oldu. Məni bu yüksək
ada layiq görənlərə dərin minnətdarlığımı
bildirirəm. Bu qiymət məni
bundan sonra da yüksək nailiyyətlər
əldə etməyə sövq edir.
Qadınlar bayramı mənim ən
çox sevdiyim bayramlardandır. Bu bayramda hər bir qadın kimi mən də
diqqət mərkəzində olmağı xoşlayıram.
Şagirdlərim, övladlarım tərəfindən təbrik
gözləyirəm bu gözəl gündə. Müəllim
üçün şagirdinin ona verdiyi qiymətdən,
göstərdiyi diqqətdən yüksək nə ola bilər ki? Əlbəttə ki,
özüm də anamı, yaxınlarımı, müəllimlərimi
təbrik etməyə tələsirəm. Sevinc
paylaşdıqca çoxalar. Mən də bu gözəl
gündə sevincimi ən yaxınlarımla paylaşmaq,
onları hər zaman şad-xürrəm görmək istəyirəm.
Əziz
qadınlar! 8 Mart Beynəlxalq
Qadınlar Günü münasibətilə sizləri ürəkdən
təbrik edir, sizə cansağlığı, ailə səadəti
və bütün işlərinizdə uğurlar arzulayıram. Qoy məhəbbət
qəlbinizdən, təbəssüm çöhrənizdən,
sevinc gözlərinizdən əskik olmasın!
Sevinc üstünə sevinc gəldi
Yeganə ƏFƏNDİYEVA,
Ağstafa şəhər 2 nömrəli tam orta məktəbin biologiya müəllimi
İnsanların
kamilliyi, həyatdakı izləri, insanlar arasında
qazandığı hörmət məhz bu həyat yolunda əldə
etdiyi biliklərdən asılıdır.
Ümummilli
liderimiz Heydər Əliyev
demişdir: "Müəllimlik çox şöhrətli
bir sənətdir. Həqiqi müəllim olmaq cəmiyyət
üçün doğrudan da çox qiymətlidir".
Bəli,
bu şərəfli peşəyə həvəslə, tam məsuliyyətlə
və iradəsi ilə yanaşan müəllimlər
şagird qəlbində əbədi məskən salır,
xalq arasında sevgi və hörmətlə
qarşılanır, rəhbərliyin diqqətindən kənarda
qalmırlar.
30 ilə
yaxındır ki, Ağstafa şəhər A.Abdullayev
adına 2 nömrəli tam orta məktəbdə biologiya
müəllimi işləyirəm. İqtisadiyyatda, mədəniyyətdə,
elmdə, həyatın bütün sahələrində əldə
olunmuş nailiyyətlərin əsasını təşkil
edən məktəbdir, təhsildir,
müəllimdir. Təhsil verdiyim məktəbdə şagirdlərimin
və yetirmələrimin əksəriyyəti bir çox ali
məktəblərə yüksək ballarla daxil olurlar. O zaman
sevincimin hədd-hüdudu olmur. Bu mənə şagirdlərimin
verdiyi ən böyük hədiyyə olur.
2013-cü ildə
sevinc üstünə sevinc gəldi. Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı
ilə "Tərəqqi" medalı ilə təltif
olundum. Bu mənə sözlə ifadə olunmayacaq gözəl
duyğular yaşatdı. Əməyinin belə yüksək
dəyərləndirilməsini Azərbaycan xalqının hər
bir şərəfli və ləyaqətli müəlliminə
arzulayıram.
Qarşıdan 8 Mart
Beynəlxalq Qadınlar Günü gəlir. Azərbaycanın
bütün qadın təhsil işçilərini bu
bayram münasibəti ilə təbrik
edərək deyirəm: "Elmin yollarında
atdığınız addımlarınız daim sayalı
olsun. Sizin yetirmələrinizin xoş sorağı
dünyanın ən mötəbər elm və təhsil ocaqlarından gəlsin".
Müəllimlik peşəsi ilə ülfət
bağlamış xanımlarımıza uzun ömür,
cansağlığı və ailə səadəti
arzulayıram.
Həyatımın ən uğurlu ili
Güləbənzər SƏRKƏROVA,
N.Allahverdiyev
adına Qax şəhər 2 nömrəli
məktəb-liseyin ibtidai sinif müəllimi
Ömrümün 45
ilini müəllimlik peşəsinə həsr etmişəm. Azərbaycan Dövlət Pedaqoji
İnstitutunun ibtidai təhsil
metodikası və pedaqogikası fakültəsini bitirərək ibtidai
sinif müəllimi ixtisasına yiyələnmişəm. Qax
rayonunun ümumtəhsil məktəblərində ibtidai
sinif müəllimi,
1975-1976-cı illər ərzində Qax
rayon Xalq Maarif Şöbəsində metodist
vəzifəsində
çalışmışam.
Hazırda Qax şəhər 2 nömrəli məktəb-liseydə ibtidai
sinif müəllimi işləyirəm. Yaxşı bilirəm
ki, müxtəlif xarakterli, hərəsi bir
evin, ailənin təcəssümü olan
azyaşlılara-ibtidai
sinif şagirdlərinə bilik
öyrətmək son dərəcə həssaslıq tələb edir.
Ona görə də
hər bir şagirdə fərdi
xüsusiyyətlərinə
görə yanaşır,
gələcək
addımlarını
uğurla atmaqda kömək edirəm.
Hərdən düşünürəm ki, nə qədər yetirmələrim ümidimi
doğruldub, peşə
sahibi olub. Onlarla
rastlaşanda, həyatda layiqli
mövqe
tutmalarını eşidəndə iftixar
hissi keçirirəm. Yetirmələrimin uğurları məni
həmişə öndə olmağa
sövq etmişdir. Zəhmətimə, qabiliyyətimə qiymət
veriblər. Azərbaycan Respublikasının "Qabaqcıl maarif xadimi"
(1975), "Metodist müəllim"
(1986), "Ali dərəcəli müəllim" (1998) adlarına
layiq
görülmüşəm.
"İlin ən yaxşı müəllimi" (1998), "Ən yaxşı fənn
kabineti", pedaqoji mühazirələrin respublika
turlarının qalibi olaraq
mükafatlandırılmışam. Dəfələrlə Təhsil Nazirliyinin fəxri fərmanları
ilə təltif
olunmuşam. 1998-ci ildə
Azərbaycan müəllimlərinin və
qadınlarının
qurultaylarının
nümayəndəsi
olmağım da həyatımda unudulmaz
hadisələrdir.
2013-cü ili həyatımın ən
uğurlu ili hesab
edirəm. Bu il
pedaqoji sahədə fəaliyyətim yüksək qiymətləndirilib. Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyevin 3 oktyabr
2013-cü il tarixli
sərəncamı ilə
Azərbaycan təhsilinin inkişafındakı xidmətlərimə görə "Tərəqqi" medalına
layiq
görülmüşəm.
Bu mükafatı əməyimə, eləcə də
Qax rayonunun təhsil
işçilərinə
verilən ən yüksək qiymət
hesab edirəm, ölkə rəhbərinə dərin
minnətdarlığımı
bildirirəm. Qarşıdan gələn 8 Mart
Beynəlxalq Qadınlar Günü münasibətilə gözünün nuru,
qəlbinin odu ilə
şagirdlərinin
yoluna işıq saçan
qadın müəllimlərimizi, eləcə də bütün Azərbaycan qadınlarını təbrik
edir, hər birinə şərəfli peşələrində uğurlar qazanmağı arzulayıram.
Səhifəni hazırladı:
Hicran
ƏKBƏROVA
Azərbaycan
müəllimi.- 2014.- 7 mart.- S.4.