Övladlarımızı
döyərək deyil,
sevərək tərbiyə
edək!
Psixoloq məsləhəti
Aidə NƏBİYEVA,
Müasir Psixologiya Mərkəzinin baş psixoloqu
Qısa tanışlıq. Aidə Sübhan qızı Nəbiyeva 2007-ci ildə Bakı Dövlət Universitetinin sosial elmlər və psixologiya fakültəsinin bakalavriat pilləsini psixologiya ixtisası üzrə fərqlənmə diplomu ilə bitirib.
2009-cu ildə həmin fakültənin
magistratura pilləsini hüquq
psixologiyası ixtisası üzrə fərqlənmə diplomu ilə başa vurub. 2009-2013-cü illərdə Bakı
Dövlət Universitetində, Azərbaycan Dövlət Pedaqoji Universitetində, Bakı Qızlar
Universitetində müəllim kimi fəaliyyət
göstərib. Psixoloji yardım və autizmli
uşaqların reabilitasiyası mövzusunda
müxtəlif yerli və beynəlxalq
kursların iştirakçısıdır. İranda,
Türkiyədə staj, praktik
kurs keçib. İsrail Respublikasında distant
təhsil alıb. 2011-ci ildən Müasir
Psixologiya Mərkəzinin baş
psixoloqudur. Təhsil Problemləri İnstitutunun dissertantıdır.
Müasir dövrümüzdə bir çox
valideynləri uşaqlarının davranışlarında son
zamanlar baş verən dəyişikliklər narahat edir. "Övladıma qadağa
qoya bilmirəm!", "Qoyduğum qaydaları tez-tez
pozur", "İctimai
yerlərdə belə mənə cavab
qaytarır", "Bir əşya
alacağımız halda, mağazadan
böyük paketlə
çıxırıq..", "Ona etiraz etdiyimizi
gördükdə özünü yerə
çırpır və son nəticədə
istədiyinə nail olur",
"Bağçadan və məktəbdən
adətən müəllimlərindən və
ya dostlarından şikayət edərək
qayıdır", "Evə kənar şəxslər gəldikdə
səs-küy salır". Əgər siz
də gün ərzində bu tip ifadələrlə
gileylənirsinizsə, demək övladınızda
davranış problemləri başlayıb. Belə
uşaqların valideynləri deyinərək, şikayət edərək
günün yarıdan çoxunu
övladları ilə konflikt şəraitində
keçirirlər. Davranışda olan bu cür problemlərin
sürətlənməsinin səbəbkarı təkcə uşaqlar deyil, eyni zamanda valideynlər və
sosial mühitdir. Həmin
uşaqların mənfi meyillərini sürətləndirən
valideynlərin məhz aşağıda qeyd
olunan
davranışlarıdır:
* Valideynlərin günün böyük
hissəsini iş həyatına və s. həsr etməsi.
* Valideynlərin
uşağı daima tənqid etməsi.
* Valideynlərin
uşaqları mənfi mənalı adlandırmalarla (məsələn,
səfeh) çağırması.
* Atanın uşaqla ünsiyyətinin azlığı.
* Ananın günün böyük
hissəsini ev işlərinə həsr
etməsi.
* "Özündən
çıxar" deyib, tərifə yol verməmək.
* Az
tərifləmək, tərifi şişirtməmək.
* Qoyulan
qadağaların müxtəlif şəxslər tərəfindən
müxtəlif cür qoyulması (məsələn,
ata telefona qadağa qoyur, amma nənənin ürəyi dözməyərək
onu gizli yollarla uşağa verir).
* Qadağaların izah olunmaması, həddindən artıq yüksək
və ya aşağı tonda
deyilməsi.
* Uşağın əsas
tələbatı olan oyun
tələbatının ödənilməməsi.
* Dözümsüzlük
və səbirsizlik.
* Emosiyaların,
duyğuların, qayğının uşağa
kifayət qədər nümayiş
etdirilməməsi.
* Neqativ
davranışlı bacı və qardaş
faktorunun evdə olması.
Bəli, yuxarıda
sadaladığımız amillər davranış probleminin
artmasına gətirib çıxarır. Qeyd olunan amillərin şərhindən
belə aydın olur ki,
həmin uşaqlara
diqqətin, qayğının kifayət qədər göstərilməməsi
onlarda neqativ meyillərin
yaranması prosesini gücləndirir. Məsələn,
bu cür uşaqlarda özünəəminlik
aşağı səviyyədə olur. Səbəb
isə odur ki, uşaq hər dəfə mənfi
davranış nümayiş etdirdikcə,
valideyni insanlar
arasında, evdə, dostlarının yanında belə onu tənqid etməyə və hətta ona mənfi adlar qoymağa başlayırlar. Bu
uşaqlara sonradan
"Axı sən yaxşı oğlansan,
mən inanmıram ki, sən bunu eləmisən..." fikrinə cavab olaraq, "Yoxxx mən yaxşı oğlan
deyiləm, axı atam deyir
sən səfehsən..." kimi bir cavab verməsinə səbəb
olur. Elə sonuncu
cümlə məsələnin nə yerdə olduğundan
xəbər verir.
Uşaqlarda bu cür
davranışları aradan qaldırmaq istəyən
valideynlər səbrini toplayaraq,
aşağıdakı qaydalara əməl
etməlidirlər. Əgər övladınızın
davranışlarının
müsbətə doğru irəliləməsini
istəyirsinizsə, bunu hər gün davamlı
şəkildə addım -addım tətbiq eləmək lazımdır.
1.
Övladınızla danışıq tonunuzu
aşağı salın.
2. Dilinizdə olan neqativ kəlmələri
təmizləyin.
3. Onun
müsbət cəhətlərini qabardın.
4. Ən kiçik davranışlarını belə böyük bir hadisə kimi şişirdin.
5. Səhvlərini
üzünə vurmamağa
çalışın.
6. Pozitiv
örnək göstərməkdən çəkinin.
7. Dolayı yolla tənqid edin (məsələn,
özünün deyil,
digər uşağın mənfi davranışı olaraq tənqid edin).
8. Hədəflər
qoyun (məsələn, hansı hərəkətlərinin dəyişməsini istəyirsinizsə,
onları sıralayın. Hər dəyişiklik
üçün bir bal balansına əlavə edin).
9. Qadağalar
aydın yazılmış və şəkillərlə ifadə
olunmuş formada divardan asılmalı, tətbiqində güzəştlər
olmamalıdır (məsələn, əgər hər hansı bir
qadağa pozulursa, onu düzəltməkdə israr
etməlisiniz).
Uşaqların
davranışlarının korreksiyasında valideynlər bu məsləhətlərdən yararlanaraq, bəzi məqsədyönlü
tapşırıqlar və təmrinlərlə işi tamamlamış ola
bilərlər. Məsələn:
Təmrin 1.
-
Övladınızla xalça üzərində
uzanaraq, onun öz şəklini çəkin və ya çəkdirin, sonra xoş sözlər yazın. Bu
kağızı evdə divardan asın!
Təmrin 2.
- Ev
işlərində övladınızın sevdiyi
bir işi siz bacarmadığınıza görə ondan etməyini xahiş edirsiniz və sonra etdiyi işi tərifləməyi,
həmin uğurunun
sirlərini ondan öyrənməyi
unutmayın!
Təmrin 3.
- Hər kiçik müsbət hərəkətini belə
şişirdin. Hər kəsin yanında onun dəyişildiyini, son
zamanlar tamamilə başqa
cür davrandığını qeyd edərək
heyranlığınızı nümayiş
etdirin!
Əminəm ki, bu təmrinlərdən
istifadə etdikdən sonra
övladınızda baş verəcək
xırda dəyişiklikləri dəftərçənizə
qeyd edib, həftələr
arasında dəyişikliyin səviyyəsini müqayisə
etməyi unutmayacaqsınız!. Növbəti yazılarda
müsbət davranışlarını artırmaq üçün daha geniş məsləhətlərlə sizinlə
birlikdə addımlarımızı atacağıq... Səbr.
Qayğı. Sevgi ilə bu
yola "başladıq" deyin!...
Azərbaycan
müəllimi.- 2014.- 7 mart.- S.7.