Bağçadan və ailədən məktəbə gələn
şagirdlər arasında fərq nədən ibarətdir?
2009-cu ildə qəbul olunmuş "Təhsil haqqında" Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulduğu kimi, məktəbəqədər təhsil təhsilin ilk pilləsi olmaqla, ailənin və cəmiyyətin maraqlarına uyğun olaraq, uşaqların erkən yaş dövründən intellektual, fiziki və psixi inkişafını, sadə əmək vərdişlərinə yiyələnməsini, istedad və qabiliyyətinin üzə çıxarılmasını, sağlamlığının qorunmasını, estetik tərbiyəsini, təbiətə və insanlara həssas münasibətinin formalaşmasını təmin edir. Məktəbəqədər təhsil müvafiq təhsil proqramı əsasında həyata keçirilir. Azərbaycan Respublikasında məktəbəqədər təhsil üç yaşdan başlayır. Beş yaşlı uşaqlar üçün məktəbə hazırlıq zəruridir. Məktəbə hazırlığın təşkili qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Məktəbəqədər təhsil uşağın valideynlərinin və ya digər qanuni nümayəndələrinin arzusu ilə məktəbəqədər təhsil müəssisələrində, ümumtəhsil müəssisələrinin müvafiq strukturlarında və ya ailədə həyata keçirilə bilər.
Göründüyü kimi, qanunda uşaqların məktəbə xüsusi hazırlıqla getməsi zəruri hesab olunur. Hazırda qanunda nəzərdə tutulanlar tam tətbiq edilməsi mümkün olmasa da məktəblərə uşaqların müəyyən hissəsi bağcalarda müvafiq hazırlıq keçərək gəlir. Əksəriyyəti isə hazırlıq keçmədən evlərdən gəlir. Bəs, görəsən bağçadan məktəbə gələn şagirdlərlə, ailədən hazırlıq keçmədən gələn uşaqlar arasında təlim əməyinə münasibət, öyrənmə, qavrama və sair baxımından nə kimi fərqlər özünü göstərir. Suallarımıza cavab tapmaq məqsədilə paytaxtın bir sıra orta ümumtəhsil məktəblərində olduq, müəllim və şagirdlərlə söhbətləşdik.
Cəmşid HEYDƏROV,
211 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi:
- Məktəbəqədər
təhsil, vahid təhsil sisteminin
ilk pilləsi olmaqla
uşaqların intellektual, fiziki
və psixoloji inkişafında, onların
şəxsiyyətinin formalaşmasında və məktəbə
hazırlanmasında xüsusi əhəmiyyətə
malikdir. İbtidai sinif müəllimləri yaxşı bilir ki, bağçadan
gələn uşaqla, bağçaya
getməyən uşaq arasında məktəbə
psixoloji hazırlıq baxımından fərq
çox olur. İstərdik
ki, uşaqların hamısı eyni hazırlıq səviyyəsində məktəbə
cəlb olunsunlar ki,
müəllimlər eyni səviyyəli uşaqlarla məşğul ola
bilsinlər. Bundan başqa, bəzən bağçalardan
gələn şagirdlər öz yaş dövrlərindən artıq biliklərə
yiyələnirlər və biz həmin
mövzuları məktəbdə tədris edəndə
artıq bu həmin şagirdlər üçün maraqsız olur.
Düşünürəm ki, valideynlər
bu kimi məsələlərə
daha həssas yanaşmalıdırlar.
Aynurə KƏRİMOVA,
54 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi:
- Fikrimcə, bağçaların əsas məqsədi öyrətmək deyil, sevdirməkdir. Bağça dövründə sevgi ilə təməli qoyulan məşğələlər məktəbdə öz keyfiyyətini qabarıq şəkildə göstərir. Ola bilər ki, uşağın bağça müddətində aldığı hazırlıq aşağı olsun. Amma əsas odur ki, bu müddət ərzində təhsilə yaranan sevgi ilə məktəbə gəlsin. Belə olduqda onlar öyrənməyə daha çox meyilli olurlar. Təcrübəmiz bizə sübut edir ki, bağçadan gələn şagirdlərin məktəbə adaptasiya dövrü qısa olur. Onlar ilkin yazı vərdişlərini, rəsm çəkməyi bacarır, kollektivlə ünsiyyət qurmaqda çətinlik çəkmirlər. Lakin onu da qeyd edim ki, bəzən bağçaya getməyən elə uşaqlar da olur ki, onlar, demək olar ki, məktəbə tam hazır vəziyyətdə gəlirlər. Mən bunun şagirdlərin ailələri ilə bağlı olduğunu düşünürəm. Həmin ailələrdə olan valideynlərin intellektual səviyyəsinin yüksək olduğunu və bunun uşağa da müəyyən qədər təsir etdiyini düşünürəm.
Kəbutər SƏFƏROVA,
5 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi:
- Bağçalar uşaqların gələcək inkişafında müsbət rol oynayır. Belə ki, uşaqların bağça təlimindən məhrum olmaları onların cəmiyyətdə fəal iştirak etmələrinə, dostlar arasında aktiv olmalarına problem yaradır. Buna görə də hesab edirəm ki, bağça təlimi uşaqların bu yaş dövrü üçün çox vacibdir. Hazırda dərs keçdiyim sinifdə uşaqların demək olar ki, 50%-i bağçadan gəlib. Bağçaya getməyən qız uşaqları məktəbə ilk dəfə gələndə valideynlərinin arxasınca daha çox ağlayır və dərsin tez bitməsini gözləyirlər ki, bu da tədrisin keyfiyyətinə mənfi təsir göstərir.
Fatimə Xəzri-MİRZƏYEVA,
5 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi:
- Məktəbəqədər
təhsil dövrü uşaqların ilkin sosiallaşması dövrüdür.
Onların mədəni dəyərlərinin, şəxsiyyətinin
formalaşmasında, rəqabət hissinin
yaranmasında bu dövr
əhəmiyyətli rola malikdir.
Ancaq bu yaş dövrünü
valideynlər dəyərləndirməli,
uşaqlarının müsbət vərdişlərə yiyələnmələrinə
nəzarət etməlidirlər. Düzdür,
biz ibtidai sinif müəllimləri hər 4 ildən bir yeni sinif
qəbul edərkən müxtəlif çətinliklərlə
qarşılaşırıq. Belə ki, məktəbə ilk dəfə
qədəm qoyan şagirdlər istər-istəməz
müəyyən keçid dövrü keçirlər.
Çalışırıq ki, bu dövrdə şagirdlərlə daha həssas davranaq və
ilk günlərdən məktəbi onlara sevdirək. Bu
işdə valideynlərin də üzərinə böyük yük düşür. Elə ailələr var ki, uşağı bağçaya və yaxud
məktəbə aparıb-gətirir və bununla
da işinin bitdiyini zənn edir. Ancaq bu belə
olmamalıdır. Valideynlər uşaqla dialoqa girməli, onun fikirlərini
dəyərləndirməli, öyrəndiklərini paylaşma imkanı tanımalıdırlar.
Sevinc SƏFƏRLİ,
211 nömrəli tam orta məktəbin I sinif şagirdi:
- Mən lap balaca
vaxtlarımdan bağçaya
getmişəm. Bağçada mənim çoxlu dostlarım var idi. Biz orda
rəsm çəkirdik,
rəqs edirdik və oynayırdıq.
Bağçadakı tərbiyəçilərimi çox sevirəm. Onlar mənə yazmağı,
saymağı öyrədiblər.
İnci
MƏMMƏDZADƏ,
54 nömrəli tam orta məktəbin I sinif şagirdi:
- Bağçada çoxlu
şeirlər öyrənmişəm.
Mən hər gün bağçaya getmək üçün yuxudan tez dururdum. Məktəbə gələndə uşaqların çoxu ağlayırdı. Müəllimimiz
onları sakitləşdirir
və deyirdi: "Görün heç İnci ağlayır?". Mən həm də
uşaqlara hərfləri
yazmaqda kömək edirəm.
Niyazi
RƏHİMOV
Azərbaycan müəllimi.- 2014.- 7 mart.- S.7.