Baharın müjdəçisi
Novruz
İnsan ömrü öz fizioloji inkişaf dinamikasına, məna və məzmununa görə dörd hissəyə bölünür; uşaqlıq, yeniyetməlik, gənclik və ahıllıq dövrünə. Döğulduğu gündən axirət dünyasına qovuşanadək ömrünün qaynar bahar, qızmar yay, solğun payız və müdrik qış mərhələsini yaşayan insan da təbiətin bir parçasıdır. O parçası ki, ulu Tanrı daha sonra nə yaradıbsa, hamısını bu ali varlığın müqəddəs ruhuna mənəvi qida, həyat stimulu yaratmaq üçün isə maddi nemətlər bolluğu kimi bəxş edib. Ümumiyyətlə, bu dünyada nə varsa-hava, su və torpaq və havadan qidalanan bütün canlılar məhz insan ömrünə yaraşıq, bir gözəllik bəxş edir.
Gözəllik isə
heç bir nemətlə
müqayisə oluna bilməyən ruhi qida mənbəyidir.
Boyuna-biçiminə, qəribə taleyinə görə insanlardan heç də
seçilməyən təbiət də ağlamağı,
gülməyi, kövrəlməyi bacarır. O, bəzən qəzəblənir də. Qara buludlara çevrilən
qubarını taleyin bir şimşək
dağı kimi dağlara,
düzlərə, yamaclara səpələyən
ana təbiət yaz gələndə
bam-başqa bir
görkəm alır. Payızda
qızılı yarpaqları özünə yorğan
edən, qışda isə duvağa
bürünən, uzun qış gecələri
mışıl-mışıl mürgüləyən təbiət
yazın gəlişi ilə oyanır, könülləri
sevindirməyə başlayır. Uca dağlardan
"uçan" yel
qanadlı şəlalələr, həzin nəğmələri
ilə könülləri oxşayan, dərə-təpələrə
düzənlərə xoş ovqat gətirən çaylar,
yenicə yaşıl örpəyə bürünən alça ağaclarının
budaqlarında laylaya
bənzəyən cəhcəhəsi ilə
ötüşən bülbüllər, baharın gəlişini
yaz buludlarının ətəyindən seyr
edən qartallar bu
gözəl təbiətə vurğun olan insanı ilhama gətirir. Şairlər yazın gəlişi
münasibətilə şeirlər yazırlar, bəstəkarlar
mahnılar bəstələyirlər, rəssamlar isə bu əsrarəngiz
gözəllikdən ilhama gələrək
özlərinin ən dəyərli, ən qiymətli
tablolarını və başqa sənət
əsərlərini yaradırlar. Və qəribə də olsa yaradıcı insanların ilk
ilham mənbəyi
də elə məhz baharın ilk müjdəçisi
sayılan səməni olur. Nur, bərəkət simvolu,
bolluq rəmzi olan səməni. Novruz
adlandırdığımız bahar
bayramının gözəllik ifadəçisi, süfrələrin
bəzəyi də elə belinə
qırmızı lent bağlanan,
öz füsunkar
görkəmi ilə gözəlləri
xatırladan bu səmənidir. Özü boyda bir gül çələnginə bənzəyən, təbiətin ali
varlığı olan insan
da bu fəsildə kini - küdurəti
atır, küsülülər barışır, oğlanlar qızlara elçi
düşür, bir
sözlə, hər evdə, hər küçədə, hər
kənddə, hər şəhərdə əsil bayram əhvali-ruhiyyəsi yaşanır.
Novruz bir də onunla müqəddəsdir və önəmlidir
ki, hicri tarixi ilə müsəlman
dünyasının Yeni il bayramı da məhz bu tarixdə qeyd olunur. Martın 22-də
gecəylə gündüz bərabərləşir,
necə deyərlər, təbiətdə fəlsəfi bir tarazlıq yaranır.
Ümumiyyətlə,
Novruz bayramını heç
bir bayramla müqayisə
etmək olmaz. Biz müsəlmanlar, biz azəri türkləri Qurban
bayramında nə qədər kövrəliriksə-müqəddəs
İbrahim Peyğəmbərin ulu Tanrıya olan eşqinə heyran
qalırıqsa, bu bayramda
bir o qədər sevinirik, şənlənirik, fərəhlənirik.
Gülün-çiçəyin insan ömrünü bəzədiyi
bu fəsildə
tək təbiət deyil, insan ömrü də ətir saçır, ürəklər
sevinir, arzular-diləklər pərvazlanır,
hər yan gözəlləşir: yer də, göy də, bağ da, bağat
da.
Bəli, belə bir deyim də var ki, Ulu
Tanrı sevgisi ilə Novruzda
sevənlər və sevilənlər hökmən xoşbəxt
olurlar. Çünki Novruz
xeyir-duası ilə sevənlərin və sevilənlərin
qəlbinə Tanrı eşqi özü hakim olur. Statistik rəqəmlərə
nəzər salsaq görərik ki, Novruzda nişanlananlar,
ailə quranlar doğrudan
da xoşbəxt olurlar.
Belə ailələrdə sevda eşqi daim sönməz olur.
Görünür, bu da bir Tanrı qisməti,
Tanrı hikmətidir.
Gənclik ruhlu, zəhmət ətirli Bakımıza bir füsunkar gözəllik gətirir Novruz. Elə bil
Günəş də öz qırmızı tacında daha gözəl görünür,
ulduzlar səmanın göy
saçında daha parlaq
sayrışırlar. İlin axır
çərşənbəsi sübhün
çırağı da gur yanır, göz qamaşdırır. Bir sözlə, təbiət özü
ilhama gəldiyi kimi
insanları da ilhama gətirir,
şairləri yazmağa-yaratmağa, bəstəkarları
Novruz notları ilə köklənmiş
mahnılar bəstələməyə səsləyir.
Novruz bayramı həm də təbiətin
bayramıdır. Təbiətin oyanışı, sellərin,
suların coşması, ağacların tumurcuqlanması,
köçəri quşların "yaylağa"
qayıtmaları, insanların torpağa
bağlanması məhz bu vaxtdan
başlanır. Təbiətin belə oyanışından sonra insanlar Novruzu qarşılamaq üçün 4 çərşənbə
hazırlıq işləri görürlər. Birincisi Su çərşənbəsi
(ab), ikinci Od çərşənbəsi (atəş), üçüncüsü Yel
çərşənbəsi (bad), dördüncüsü Torpaq çərşənbəsi
(xak).
Ab,
atəş, bad, xakdan
xəlq olundu ulu kainat. Bunlar olmasa, həyat da mövcud
ola bilməz.
Bəs, insanlar bu bayramı
necə qarşılayırlar?!
Hansı
milli adət-ənənələrə
Novruzda əməl edirlər?
Əvvəlcə onlar
dünyadan köçmüşlərin
ruhunu şad etmək üçün onları ehtiramla yad edir, qəbirüstünə
gedir, şam yandırır, ehsan verirlər .
Buna "Qara bayram"
deyirlər. Çərşənbələrdə isə, daha
dəqiq desək, çərşənbə axşamlarında
tonqal qalanması, göyə yanar fişənglər atılması,
bayram süfrələrinin
düzəldilməsi ululardan
qalma qədim el adətidir. Tonqal qalamaq,
od üstündən tullanmaq,
baş üzərində yanar
fişəng, lopa-üskü
fırladıb göyə atmaq əski mifik dünyagörüşü
ilə bağlı bir məsələdir.
İşığın, Günəşin gücünə inanan insan odun-alovun
köməyi ilə yabançı ruhları, xəstəlik gətirən,
yaşayışına sıxıntı verən şər qüvvələri qovub uzaqlaşdırırdı. Burada bütün məqamlarda
Od-Günəşin rəmzi kimi düşünülürdü.
Qışdan çıxmaq üçün
tonqal, od
yandırılması əslində dolayısı ilə həm
də Günəşin, yazın
çağırılması mərasimidir.
Bu aktın icrası zamanı tonqalın
üstündən atılarkən,-
Ağırlığım,
uğurluğum
Tökülsün, bu odda
yansın,-
söylənməsi
əski təsəvvürlə, qışın
ağrı-acısından qurtulmaq üçün Oda,
Günəşə bir xilaskar
kimi yanaşılması qənaətilə
bağlıdır. Çox təəssüflər
olsun ki, ötən əsrin 70 ili
dini, mənəvi-əxlaqi dəyərlərimiz,
oturuşmuş adət-ənənələrimiz total rejimin, bolşevik təbliğatının
qəzəbinə tuş gəldi. Bütöv bir millətə min ildən
artıq bir müddətdə
yaşatdığı dini , mənəvi dəyərlər birdən-
birə yasaq edildi.
Şərqlə bağlılığı qırmaq üçün əski əlifbanı dəyişdirməklə,
milləti yalnız öz dini-əxlaqi dəyərlərindən
deyil, həm də milli
adət-ənənələrindən
uzaqlaşdırmağa səy
göstərildi. Müqəddəs ulu bayramımız olan
"Novruz bayramı"na isti münasibət
xalqa yasaq olunurdu, ona, dini qiyafə geydirilirdi.
Əsrlərlə meydan və
küçələrdə nümayiş
etdirilən, insanların mənəvi-psixoloji təmizlənməsinə,
hətta tibbi nöqteyi
nəzərdən fiziki sağlamlıq üçün gərəkli olan belə bir bayram bolşevik təbliğatının
təqibindən yaxa
qurtara bilmədi. Lakin Novruz
bayramı yaddaşlardan silinmədi, sadəcə
olaraq bu bayramın
müvəqqəti olaraq məkanı dəyişdi; küçələrdən, meydanlardan ürəklərə, evlərə
köçdü, səmənilər
ürəklərdə cücərdi, bülbüllərin nəğmələri
deyil, ah-nalələri eşidildi.
Əlbəttə,
Novruzun üzərindəki
qadağaları götürmək
üçün
Azərbaycan ziyalıları
uzun müddət
çarpışdılar. Şıxəli Qurbanovdan
başlamış neçə-neçə işıqlı
şəxsiyyət Novruzun həyata qaytarılması yolunda fədakarcasına
mübarizə apardı və şəxsən Şıxəli Qurbanov
buna nail oldu. Xalqımızın bir
xoşbəxtliyi də onunla
bağlıdır ki, 1969-cu ildə ümummilli lider Heydər Əliyev Azərbaycana rəhbər
təyin olundu. Məhz ulu
öndərin diqqəti və qayğısı sayəsində
bayram günlərində Bakı küçələrində
insanlar
kütləvi şənliyə çıxmağa,
çalıb-oynamağa başladılar, Qar
qız Bahar qızla əvəz olundu.
Bəli, Baharın gəlişi
insanın qanını qaynadır, süfrəmizə bolluca nemət, xalqımıza
cansağlığı, xoşbəxtlik, firavanlıq gətirir.
Bahar bir də onunla önəmlidir
ki, müqəddəs
yaşantıları bizə bəxş edən Novruz da öz
ətrinə, məna və məzmununa görə məhz Bahara borcludur.
Bahar gələndə görkəmli şairlərimiz Səməd
Vurğunun, Süleyman
Rüstəmin, Nigar Rəfibəylinin, eləcə
də ulu
Şəhriyarın bu təravətli, xoş ovqatlı, xoş
müjdəli fəsil
haqqında yazdıqları şeirlər
yaddaşımızda yenidən çözələnir. Elə buna görə
də Baharla
və Novruzla bağlı
düşüncələrimi ustad Şəhriyarın "Heydərbabaya salam" mənzuməsinin və xalq şairi S.Vurğunun nəğməkar Bahar
haqqında şeirinin
aşağıdakı misraları ilə sona
yetirirəm:
Bayram idi, gecəquşu oxurdu,
Adaxlı qız bəy
corabı toxurdu,
Hər kəs
şalın bir bacadan soxurdu,
Ah, nə gözəl,
qaydadı şal sallamaq,
Bəy
şalına bayramlığın
bağlamaq.
(Şəhriyar)
Bahar, istəklimsən, başdan-binadan,
Ən gözəl
qızısan sən təbiətin,
Xoşbəxt yaranmısan,
xoşbəxt anadan,
Gözünün odusan
şeirin, sənətin,
Ən
gözəl qızısan
sən təbiətin.
(S.Vurğun)
Sifai
SƏFƏROVA
Qeyd: "Azərbaycan Respublikasının
Prezidenti yanında Kütləvi
İnformasiya Vasitələrinin
İnkişafına Dövlət
Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə
təqdim etmək üçün"
Azərbaycan müəllimi.-
2014.- 7 mart.- S.8.