Təhsil sahəsində
dövlət-biznes
partnyorluğu sisteminin yaradılması
Məlumdur ki, qloballaşan dünyada daim
güclənən rəqabət şəraitində ölkələrin
davamlı inkişafının əsas mənbələrindən
biri kimi insan kapitalı çıxış edir. Kadr potensialından effektiv
istifadə dövlət və sahibkarlar tərəfindən əmək
resurslarının inkişaf etdirilməsi
üzrə əlavə tədbirlərin həyata
keçirilməsini tələb edir. Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin 29 dekabr
2012-ci il tarixli sərəncamı
ilə təsdiq olunmuş
"Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasına müvafiq
olaraq ölkəmizdə ənənəvi iqtisadiyyatdan
bilik iqtisadiyyatına keçidin
əsasının qoyulması, bunun üçün həlledici amil
olan insan
kapitalının adekvat inkişafının ön
plana çəkilməsi nəzərdə
tutulub. Dövlət
başçısının 24 oktyabr
2013-cü il tarixdə
imzaladığı "Azərbaycan
Respublikasında təhsilin inkişafı üzrə Dövlət
Strategiyası" ölkəmizin modernləşdirilməsi üçün zəruri olan
insan kapitalını inkişaf
etdirmək və bununla ölkəmizin
beynəlxalq rəqabət qabiliyyətini yüksəltməyə
xidmət edir. Strategiya təhsil sahəsində
aparılacaq islahatların başlıca istiqamətlərini
müəyyənləşdirir, Azərbaycan təhsilinin XXI əsrin
çağırışlarına uyğun
inkişaf trendlərini özündə ehtiva
edir və təhsilin bütün
pillələrində keyfiyyətcə yeni
mərhələyə başlamağı - "qara qızılı insan
qızılına çevirək" fəlsəfəsini
qarşımıza əsas vəzifə kimi
qoyur. Azərbaycan Respublikasının təhsil
naziri Mikayıl Cabbarovun
Azərbaycan müəllimlərinin XIV qurultayında qeyd etdiyi kimi,
"Bu bir
reallıqdır ki, müasir
dövrdə ölkələrin inkişafı yalnız təhsil
vasitəsilə əldə edilə bilər. Dünya
təcrübəsi göstərir ki, istənilən
dövlətin inkişaf səviyyəsini
ölkənin təbii sərvətlərinin bolluğu
deyil, bu sərvətlərin
yüksək potensiala malik
insan kapitalına
çevrilməsi təmin edir".
Məhz bu reallığı nəzərə alan Birləşmiş Millətlər Təşkilatı XXI əsri
"Təhsil əsri"
elan edib. Buna görə də bütün
ölkələr qarşısında duran
başlıca hədəf rəqabətqabiliyyətli təhsil
sisteminin yaradılmasıdır. Fikrimizcə, "Azərbaycan Respublikasında təhsilin
inkişafı üzrə Dövlət Strategiyası"nda bəhs
olunan mühüm
istiqamətlərdən olan təhsildə
nəticələrə görə cavabdeh,
şəffaf və səmərəli tənzimləmə
mexanizmlərinə malik, dövlət-ictimai
xarakterli və dövlət-biznes partnyorluğuna əsaslanan yeni idarəetmə
sisteminin formalaşdırılması bu ideyanın ölkəmizdə həyata
keçirilməsi üçün münbit şərait yaradır. Məhz
belə bir sistemin
yaradılması qlobal dünyanın təhsil
sahəsində çağırışlarına cavab verir. Məlumdur ki, təhsil ümumcəmiyyət işidir. Həm dövlət, həm
də biznes qurumları, işəgötürənlər
bu sahədə iştirak
etməlidirlər. Əslində təhsil prosesinin
nəticələrində maraqlı olan tərəf
kimi onlar bu prosesdə daha
yaxından təmsil olunmalıdırlar. Çünki
məzunların bilik, bacarıq və vərdişləri
əmək bazarının tələblərinə müvafiq olmalıdır. Bu
da işəgötürənin təhsil
prosesində birbaşa iştirakı ilə
əlaqəlidir. Rəqabətqabiliyyətli kadr
hazırlığı və bu sahədə
qlobal hədəflərə çatmaq üçün
isə dövlət-biznes tərəfdaşlığına əsaslanan
idarəetmə sisteminin yaradılması
və bu prosesin qabaqcıl beynəlxalq təcrübə
əsasında yenidən qurulması vacibdir.
Qeyd edək ki, müasir dünyamızda bir
sıra ölkələrdə dövlət-biznes tərəfdaşlığı
milli təhsil sistemlərinin innovativ inkişafının vacib istiqaməti kimi
çıxış edir. Təhsil
sahəsində bu cür
tərəfdaşlıq hər iki tərəfin
səylərini gücləndirməyə
və əldə olan resurslardan
daha rasional istifadə
etməklə təhsilin keyfiyyətini
yüksəltməyə imkan verir, kadr
hazırlığını ən yüksək səviyyədə
təmin etməyə şərait yaradır. Digər mühüm məqam bu cür tərəfdaşlığın təhsili idarəetmənin effektivliyinin yaxşılaşması ilə bağlıdır.
İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına (OECD) üzv olan bəzi ölkələrdə dövlət-biznes
tərəfdaşlığı dövlət və biznes arasında daha geniş, konstruktiv
qarşılıqlı səyləri nəzərdə tutur. Tərəfdaşlar konkret
sahəyə dair
bir sıra normativ-hüquqi
aktların hazırlanmasında birlikdə iştirak
edirlər. Fikrimizcə, tərəfdaşlığın bu istiqaməti təhsil
sahəsində gələcəkdə
birgə layihələrin hazırlanması və həyata
keçirilməsinə imkan yarada bilər.
Tərəfdaşlıq sisteminin
yaradılmasını şərtləndirən faktorlar kimi aşağıdakıları göstərmək olar:
- ümumtəhsil xidmətləri
bazarında rəqabətin güclənməsi,
- yüksəkixtisaslı
müəllimlərin çatışmaması,
- təhsili idarəetmə
orqanları əməkdaşlarının yenidən
hazırlanması üzrə yüksək keyfiyyətli proqramlara tələbat.
Təhsil
sahəsində dövlət-biznes tərəfdaşlığı
birbaşa cəmiyyətin hər bir təbəqəsinin mənafeyinə və
son nəticədə əmək
bazarının peşəkar kadrlarla təmin
olunmasına xidmət etdiyindən, fikrimizcə, bu sistemin təkmilləşdirilməsi
də zəruri əhəmiyyət daşıyır. Hesab edirik
ki, təhsil
sisteminin bütün
sahələrini əhatə edə biləcək dövlət-biznes
tərəfdaşlığının inkişaf konsepsiyası hazırlanmalı və
bu zaman dünyanın
qabaqcıl təhsil sistemlərinin təcrübəsi nəzərə
alınmalıdır. Bu
konsepsiyanın əsas müddəaları
aşağıdakılar ola bilər:
1. Dövlət-biznes
tərəfdaşlığı sistemində iştirak
edən tərəflərin qarşılıqlı münasibətləri
rəsmi sənədlərdə təsbit
olunmalıdır.
2. Dövlət-biznes
tərəfdaşlığı resursların
qarşılıqlı mübadiləsi və məsuliyyətin
bölüşdürülməsini nəzərdə tutur. Resurslar dedikdə isə
təkcə maddi və ya
pul vəsaitləri başa
düşülmür, buraya
həm də biliklər, vərdişlər, etimad
və s. daxildir. Təhsil
sahəsində əməkdaşlıq edən tərəflər öz
aralarında bütün riskləri və
xərcləri bölüşməli, eləcə də əldə
olunmuş nəticələrin tətbiqində
iştirak etməlidirlər.
3. Tərəflər
arasında onların birlikdə çalışmaları, eləcə
də ümumi məqsədləri həyata
keçirmələri üçün
kifayət dərəcədə
qarşılıqlı etimad və
hörmət olmalıdır. Tərəflər
arasında qarşılıqlı münasibət tərəfdaşlıq,
lakin bərabərhüquqlu xarakter daşımalıdır.
Qloballaşan dünyada iri şirkətlər, biznes
dairələri təhsil müəssisələri, xüsusən
də universitetlərə ciddi maraq göstərirlər. Ölkə
iqtisadiyyatının davamlı inkişafının təmin
olunması üçün daha səriştəli, innovativ
təfəkkürlü işçilərə tələbatın artması nəticəsində biznes dairələri təhsil müəssisələri
ilə əməkdaşlıq münasibətlərinin
qurulmasında maraqlıdır. Bu faktora çox ciddi əhəmiyyətin
verildiyi ölkələrdə (ABŞ, Böyük Britaniya, Almaniya, Çin, Yaponiya, Cənubi Koreya) biznes qurumları universitetlərdə tədris
prosesinə fəal müdaxilə edirlər. Onlar tələbələr
qarşısında konkret layihələrlə
çıxış edir, hər bir tələbənin
imkan və bacarıqlarını üz çıxara biləcək tədqiqat
layihələrinin hazırlanmasını onların öz ixtiyarına buraxırlar. Çox zaman tədqiqatlarda
uğurlu nəticə əldə etmiş tələbə şirkət tərəfindən
işlə təmin olunur. Dünya
təcrübəsi sübut edir ki, son vaxtlar təhsil sahəsində dövlət-biznes
tərəfdaşlığı aktiv surətdə
genişlənməkdədir. Bu onun göstəricisidir ki,
dövlət və biznes bu
gün təhsil sistemi
qarşısında duran irimiqyaslı hədəflərə
çatmaq üçün
qarşılıqlı surətdə fəal əməkdaşlıqda
maraqlıdır. Dövlət və
biznes arasında tərəfdaşlıq
münasibətlərinin səmərəli inkişafı hər
iki tərəfin maraqlarının
razılaşdırılması prinsipinə əsaslanır. Lakin hər iki tərəfi
birləşdirən ümumi vəzifə rəqabətqabiliyyətli, yüksək
peşəkarlığa malik mütəxəssislərin yetişdirilməsi
və təhsili idarəetmə kadrlarının effektiv hazırlığını təmin
etməkdir. Dövlət-biznes tərəfdaşlığına
əsaslanan layihələr bu gün təhsil,
tədqiqat institutları, digər müəssisə və təşkilatları
özündə birləşdirən universitet
komplekslərinin yaradılmasında və inkişaf
etdirilməsində mühüm rol oynaya bilər. Bu cür innovativ
struktur ali məktəbə
təhsil prosesinin keyfiyyətini və səmərəliliyini
artırmağa, onun tətbiqi yönümünü inkişaf
etdirməyə, mütəxəssis hazırlığında
intellektual, maddi, informasiya və insan
resurslarından maksimum dərəcədə
yararlanmağa, tədqiqatlar aparmağa, innovativ layihələr
hazırlamağa imkan verə bilər. Təhsil
sahəsində dövlət-biznes tərəfdaşlığının
mühüm fəaliyyət istiqamətlərindən
təhsil proqramları, standartlarının məzmununun təkmilləşdirilməsi,
ali məktəbin professor-müəllim heyəti və
şirkət nümayəndələri üçün
ixtisasartırma proqramlarının reallaşdırılmasını
göstərmək olar. Dövlət-biznes
tərəfdaşlığının mühüm
mexanizmlərindən biri kimi
bir sıra ölkələrdə geniş tətbiq olunan Məzunlar
Assosiasiyasının yaradılmasını qeyd
etmək olar.
Könüllü ictimai
təşkilat kimi çıxış
edən bu assosiasiya
dövlət, təhsil müəssisəsi,
ictimai və özəl sektorun
birgə səylərinin perspektiv istiqamətlərindən
biridir. Assosiasiya
üzvləri təhsil prosesinin məzmununun
təkmilləşdirilməsində iştirak
edirlər. Bu
quruma son vaxtlar tələbat daha çox artmaqdadır.
Amerika və bir sıra Qərb
ölkələrində dövlət-biznes tərəfdaşlığının
mühüm mexanizmlərindən biri kimi endaument
(endowment - ianə, pay)
institutunun fəaliyyəti mühüm əhəmiyyət
daşıyır. Söhbət ali məktəblərin
nəzdində məqsədli kapital
fondlarının yaradılmasından gedir. Bu cür fondlar universitetlərin
həyata keçirdiyi müxtəlif layihələrin
maliyyələşdirilməsində çox
vacib rol oynaya bilər.
Dünyanın ən nüfuzlu təhsil
ocaqlarndan Harvard, Stenford, Oksford, Kembric, Münhen universitetləri
bu sahədə böyük
təcrübə qazanıblar.
Məqsədli kapital
fondlarının vəsaitlərindən səmərəli
istifadə olunması ali təhsil sistemimizin modernləşməsinə,
mütəxəssis hazırlığının keyfiyyətini
artırmağa, elmi
tədqiqatların genişləndirilməsinə, təqaüdlər
və qrantlar hesabına istedadlı tələbələr
üçün stimul yaradılması və
onların gələcəkdə uğurlu karyera
qurmalarına töhfə verə
bilər. Çox maraqlı fakt odur ki,
bir sıra hallarda universitet nəzdində
yaradılan endaument fondlarının əməkdaşları
əvvəllər bu təhsil
ocağını bitirmiş məzunlardır.
Məsələn, Yel Universitetinin
endaument fondunun əməkdaşlarının
50 faizi bu ali məktəbin məzunlarıdır. Milli universitetlərimiz
nəzdində endaument fondlarının
yaradılması və bu qurumlarda artıq xarici
ölkələrin universitetlərində təhsil
almış gənclərimizin təmsil olunması çox sevindirici hal olardı.
Ümid edirik ki,
ölkəmizdə dövlət-biznes partnyorluğu sisteminin yaradılması gələcək
inkişafın davamlı xarakter alması
üçün peşəkar bilik və bacarıqlara, səriştəyə,
innovativ ideyalara sahib olan rəqabətqabiliyyətli insan
resurslarının yetişdirilməsinə imkan
verəcəkdir.
Oruc MUSTAFAYEV
Qeyd: "Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi ilə birgə keçirilən müsabiqəyə təqdim etmək üçün"
Azərbaycan müəllimi.- 2014.- 7 mart.- S.9.