Təhsil naziri
Mikayıl CABBAROV:
"Hamı istəyir ki, dəyişiklik bir gündə,
qısa müddətdə baş versin"
- Mikayıl müəllim, aprel ayında sizin nazir kimi fəaliyyətinizin 1 ili tamam olacaq. Bu müddət ərzində qarşıya qoyduğunuz hansı məqsədlərə nail ola bilmisiniz? Qarşıdakı illərdə təhsilin inkişafı sahəsində daha hansı vacib tədbirlərin həyata keçirilməsi gözlənilir?
- Bu müddət ərzində ən
başlıca məqsədləri müəyyənləşdirmişik
və onlar "Azərbaycan Respublikasında təhsilin
inkişafı üzrə Dövlət Strategiyası"nda
öz əksini tapıb. İstənilən problemin həlli
üçün məsələnin düzgün qoyuluşu
lazımdır.
Sualları düzgün qoymaq, problemi düzgün müəyyənləşdirmək
üçün ilk 10 ayın əhəmiyyəti əvəzolunmazdır.
Çünki burada məsələlərə müəyyən
mənada kənar baxış fenomeni var. Təbii ki, insan
müəyyən müddətdən sonra işlədiyi yerdən
asılı olmayaraq, mövzuları və məsələləri
ilkin ayların, həftələrin, günlərin kəskinliyi
ilə görmür, nələrəsə öyrəşir.
Düşünürəm ki, bu istiqamətdə vəziyyəti
aydınlaşdırmaq, təhsilin bütün pillələrində
mövcud vəziyyətlə tanış olmaq çox
böyük işdir. Yalnız problemlərin
qoyuluşu deyil, mövcud vəziyyətin istədiyimiz səviyyəyə
çatdırılması, müəyyən istiqamətlər
üzrə prioritetlərin açıqlanması da eyni məqsədə
xidmət edir. Çünki yalnız təhsil sistemində,
nazirlikdə çalışan insanlar deyil, həmçinin cəmiyyət,
təhsil sisteminin iştirakçısı olan tələbələr,
şagirdlər, müəllimlər, valideynlər, bir sözlə,
bütün təbəqələr üçün bu
çox mühümdür.
Ötən 10 ay ərzində nazirliyin aparatında dəyişikliklər istiqamətində müəyyən işlər həyata keçirilib. Hazırda nazirliyin fəaliyyətimizin ilk həftələri və ayları ilə müqayisədə müxtəlif məsələləri həll etmə potensialı daha yüksəkdir. Təhsil sahəsində olan problemlər, onların həlli yolları dövlət başçısının, eyni zamanda cəmiyyətin diqqət mərkəzindədir. Bir çox hallarda təhsil sahəsi və burada olan problemlərin həlli barədə hər kəs öz rəyini bildirir. Bu təbiidir. Çünki hər kəsin bu sahəylə bağlı haqlı və legitim marağı var. Lakin təhsil həqiqətən elə bir sahədir ki, burada keyfiyyətli dəyişikliyin görünməsi üçün müəyyən vaxt tələb olunur. Bir məsələ də aydındır ki, istənilən keyfiyyətli dəyişikliyə nail olmaq üçün biz ilk növbədə münbit ab-havanı təmin etməli, təhsil atmosferinin şəffaflaşmasına, təhsilalanın maraqlarının əsas götürülməsinə nail olmalıyıq. Başqa sözlə, idarə edənlərin mövqelərindən, təcrübələrindən asılı olmayaraq, təhsilin bütün pillələrində təhsilalanın maraqlarının qorunması təmin edilməlidir. Təbii olaraq hesab etmirəm ki, hər hansı peşəkar özü öz işini dəyərləndirməlidir. Biz sadəcə, əlimizdən gələni etməliyik. Görüləsi çox işlərimiz var və hədəflərimizə çatmaq üçün gələcəyə nikbinliklə baxıram.
Bağçalara sərmayə yatıran özəl
investorlara
10
illik vergi güzəştləri tətbiq olunur
- Yeni təhsil strategiyasında məktəbə hazırlıq təhsilinin (1 il) icbariliyinin təmin edilməsi qeyd olunub. Erkən yaşlı uşaqların məktəbəqədər təhsillə əhatəsinin 90 faiz səviyyəsinə çatdırılması və bu sahədə icbariliyin təmin olunması üçün Təhsil Nazirliyi konkret hansı təkliflər irəli sürür?
- Bu suala cavab verərkən
ilk növbədə bunun səbəblərindən
başlamaq istərdim. Nəyə görə belə bir məqsəd
qoyulub, bunun qoyulması ilə biz hansı maraqları təmin
etmək istəyirik? Sirr deyil ki, cəmiyyətdə
uşaqların davranışı, sosiallaşması, şəxsiyyətin
inkişaf etdirilməsi üçün zəruri olan keyfiyyətlərin
və xüsusiyyətlərin formalaşması məhz məktəbəqədər
təhsil sistemində baş verir. Başqa sözlə, məktəbəqədər
müəssisəyə getmədən I sinfə gələn
şagirdlə məktəbəqədər müəssisədən
orta məktəbə gələn şagird arasında fərq
hiss olunur. Bunun istər təhsilin ilk illərinə, istərsə
də uşaqların uzunmüddətli təlim göstəricilərinə
çox aydın təsiri var. Qeyd etmək lazımdır ki,
bu mövzu digər problemlər kimi keçmiş Sovet
İttifaqından bizə miras qalan problemdir. Hətta Sovet
İttifaqı dövründə də Azərbaycanda
uşaqların məktəbəqədər təhsillə əhatə
olunma faizi 25 faizi keçməyib.
Azərbaycanın
müstəqilliyinin ilk illərində Ermənistanın təcavüzü
nəticəsində bir çox məktəbəqədər
müəssisələrdə yurd-yuvalarından didərgin
düşmüş qaçqın və məcburi
köçkünlər məskunlaşıb, bir sıra
obyektlər dağılıb və köhnəlib. Ona görə biz bu gün Azərbaycanda
mövcud göstəricinin əhatə dairəsinin 15 faizə
yaxın olduğunu müşahidə edirik. Nəticə
etibarilə bizim I sinfə gələn şagirdlər Avropa
İttifaqında I sinfə gələn şagirdlərlə
müqayisədə artıq bir neçə addım geriləyir.
Bu da təbii olaraq ilk illərdə və bütün təhsil
boyu müəyyən akademik göstəricilərdə
özünü büruzə verir. Bu baxımdan məzmunun, dərsliklərin,
müəllimlərin ümumi təhsil sistemində təkmilləşdirilməsi
zəruri və labüddür.
Bir məqamı qeyd
edim ki, bu günlərdə Heydər Əliyev Fondunun təşəbbüsü
ilə məktəbəqədər təhsil müəssisələrinin
inkişafı proqramının təqdimatı oldu. Mərasimdə
çıxış edən Heydər Əliyev Fondunun
prezidenti Mehriban xanım Əliyeva ölkəmizdə məktəbəqədər
təhsil ocaqlarının inkişafı ilə bağlı
yeni layihəyə start verildiyini bildirdi. Bildiyimiz kimi, ötən
illər ərzində Heydər Əliyev Fondunun bilavasitə təşəbbüsü
ilə uğurla həyata keçirilən "Yeniləşən
Azərbaycana yeni məktəb" layihəsi çərçivəsində
böyük işlər görülüb. Fondun həyata
keçirdiyi bu və ya digər layihələr kimi, qeyd
etdiyimiz layihənin də uğurlu olacağına əminəm.
Bu da ölkəmizin daha böyük coğrafiyasında
uşaqların ilk yaşlarından intellektual, fiziki və əqli
inkişafına zəmin yaradacaq.
Məktəbəqədər
sistemdə bütün işlər iki əsas istiqamətdə
aparılmalıdır. Birincisi, məktəbəqədər
təhsillə əhatə genişlənməli və
göstərici 90 faizə çatdırılmalı, digər
tərəfdən isə məktəbəqədər təhsilin
məzmunu dəyişdirilməli və müəllim
hazırlığı təkmilləşməlidir. Məktəbəqədər
təhsil şəbəkəsinin genişləndirilməsi
üçün müxtəlif vasitələrdən istifadə
edəcəyik. Bir tərəfdən əminəm ki, gələcək
illərdə dövlət tərəfindən bu sahədə
mühüm işlər görüləcək. Yeni uşaq
bağçalarının tikintisi, mövcud olanların
genişləndirilməsi işləri aparılacaq. Digər tərəfdən,
özəl sektor tərəfindən bu fəaliyyətin həyata
keçirilməsi üçün sərmayələrin cəlb
edilməsi məqsədilə münbit şərait
yaradılacaq. Artıq cari ildən başlayaraq
Azərbaycanda bu sahəyə sərmayə yatıran və fəaliyyət
göstərən bütün özəl investorlara 10 illik
çox əhəmiyyətli vergi güzəştləri tətbiq
olunur. Ölkənin məktəbəqədər təhsil
müəssisələrində tədris olunan məzmun,
metodikalar, onları tədris edən müəllimlərlə
də bağlı köklü dəyişikliklər edilməlidir.
Bu gün cəmiyyətdə
qəbul olunmuş üstün mövqe ondan ibarətdir ki,
uşaq bağçasının əsas rolu təhsil deyil,
baxımdır. Uşağın sağlam olması,
vaxtında keyfiyyətli qidalanması və s. Bunu da xüsusi
olaraq vurğulayıram ki, bütün təhsil infrastrukturunda
uşaqların sağlamlığı bizim üçün əsas
prioritet olmalıdır. Cəmiyyətin sağlam
olmasının vacibliyini izah etməyə ehtiyac yoxdur. Metodikaların,
məzmunun müasirləşməsinə, müəllimlərin
hazırlıq sisteminin təkmilləşməsinə
çox böyük ehtiyac var. Biz ardıcıl şəkildə
bu işi həyata keçirəcəyik. Düşünürəm
ki, bir tərəfdən məktəbəqədər şəbəkənin
genişlənməsi və buna paralel olaraq tələb olunacaq
müəllimlərin hazırlıq sisteminə yenidən
baxılması, təkmilləşmənin
aparılmasının paralel getməsi əslində bir
üstünlükdür. Bu, bizə müəyyən mənada
vaxt verir ki, həmin istədiyimiz təhsilin keyfiyyətini məktəbəqədər
təhsilə gətirə bilək.
- Məktəbəqədər təhsil müəssisələrinin yenidən Təhsil Nazirliyinin tabeçiliyinə qaytarılması mümkün ola bilərmi?
- Biz məktəbəqədər
təhsildə 1 illik icbariliyi təmin etmək
üçün hazırda mövcud ümumtəhsil
infrastrukturundan istifadə imkanlarını öyrənirik. Yəni
son illərdə yeni məktəblər tikilib və ya əsaslı
təmir olunub. Yeni uşaq bağçaları
üçün binalar tikilmədən imkan və şəraiti
olan məktəblərin özündə məktəbəqədər
hazırlığın təşkil olunması təmin ediləcək.
Biz bu imkanları da araşdırırıq. Tədris
metodikasına, müəllimlərin hazırlığına
gəldikdə, Təhsil Nazirliyinin üzərinə müəyyən
funksiyalar düşür. Lakin məktəbəqədər təhsil
müəssisələrinin hansı dövlət
orqanının tabeliyində olması məsələsi Təhsil
Nazirliyinin səlahiyyətinə aid olan mövzu deyil.
Qeyri-səmərəli müəllimlər
hazırlayan tədris
müəssisələrinin
ya gələcəyi barədə müvafiq
qərarlar
qəbul etməliyik, ya da...
- Bu ildən məktəb direktorları və gələcəkdə bu vəzifədə çalışmaq arzusunda olan pedaqoji kadrlar üçün təlimlərə başlanıb. Təlimlərdə məktəb direktorlarının iştirakı hansı səviyyədədir və bu proses onlar üçün hansı əlavə imkanlar yaradacaq? Gələcəkdə təhsili idarəedənlərin işə cəlb edilməsində konkret hansı yeniliklər tətbiq olunacaq?
- Bu təlimlərin
keçirilməsində məqsəd XXI əsr
üçün tələb olunan Azərbaycan Respublikası
vətəndaşının təfəkkürünə
sahib olan, müasir dünyanın istənilən nöqtəsində
çalışa biləcək peşəkar keyfiyyətlərə
malik insanın yetişdirilməsi üçün idarəedənləri
hazırlamaqdır. Təhsilin idarə olunmasında bir
çox yeniliklərin tətbiq edilməsi nəzərdə
tutulur. Birincisi, həmin idarəedənlərin
hazırlığına toxunmalıyam. İdarəedənlərin
hazırlıq prosesində dəyişikliklər həyata
keçiriləcək. Artıq bu işə
başlanılıb və xüsusi təlim proqramları
hazırlanıb. Bunun üçün ənənəvi
müəllimləri hazırlayan təhsil şəbəkəsində
islahatlar həyata keçirilir. Qeyri-səmərəli,
biz istədiyimiz nəticəni verməyən və yaxud verə
bilməyən müəllimləri hazırlayan tədris
müəssisələrinin ya gələcəyi barədə
müvafiq qərarlar qəbul ediləcək, ya da onlara qəbul
olan tələbələrin sayı o məqsədlə
azaldılacaq ki, mövcud olan resursları tam optimal şəkildə
istifadə edə bilsinlər, bununla da keyfiyyət yüksəlsin.
Bundan əlavə, bu yaxınlarda ölkə Prezidentinin sərəncamı
ilə "ADA" Universiteti yaradılıb. Həmin
universitetin yeni yaradılacaq fakültələrindən biri də
"Təhsilin idarəedilməsi" fakültəsi olacaq.
Bu da təhsilin müxtəlif pillələri
üçün idarəedənlərin hazırlanmasında
öz sözünü deyəcək.
Son illər müasir
informasiya texnologiyaları sahəsində biliklərini
artırmaq üçün müəllimlərə xüsusi
treninqlər keçirilir. Əslində isə bu, müəllimin
hazırlığı sistemində baş verməlidir. Bu
gün ali məktəblərdə fənlərin tədrisinin
metodikalarında dəyişikliklər, müasirlik
olmalıdır. Biz təhsil sahəsində
islahatlar barədə danışdıqda, heç zaman
unutmamalıyıq ki, istənilən islahatın uğuru və
yaxud uğursuzluğu onu həyata keçirən insanların
peşəkarlığından asılıdır. İstənilən
islahatı ən xoş niyyəti olan, amma peşəkar
hazırlığı və bacarığı olmayan
insanlara tapşırdığımız halda, həmin
islahatın istədiyimiz nəticəni verməməsi riski
çox yüksəkdir.
Başqa sözlə,
idarəedənlərə onların bacardığı,
peşəkar bilikləri çatdığı qədər
iş həvalə oluna, səlahiyyət verilə bilər. Bu da öz növbəsində tələb edir ki,
biz bu günün və yaxud gələcək islahatda nəzərdə
tutduğumuz funksiyaların yerinə yetirilməsi
üçün təhsili idarəedənləri müvafiq
şəkildə hazırlamalıyıq. Əgər biz biliyi
olmayan insanlara bu funksiyaları həvalə etmiş olsaq,
islahatların uğur gətirəcəyinə ümid
edə bilmərik. Hamı istəyir ki, dəyişiklik bir
gündə, qısa müddətdə baş versin. Amma bizim
marağımız odur ki, dəyişiklik müsbətə
doğru, davamlı və dayanıqlı olsun. Sadəcə,
bu gün "nazirliyin iradəsi və baxışı
budur" deyərək, sabah "alınmadı" kimi məsələlərlə
rastlaşmayaq.
- Ötən il müəllimlərin işə qəbulu üzrə müsabiqənin nəticələri Sizi qane etməyib. Ümumiyyətlə, bu gün ölkədə yeni kurikulum tətbiq edilir, amma gəlin etiraf edək ki, ən çoxu 1 aylıq təlim kursları ilə müəllimləri bu yeniliklərə uyğunlaşdırmaq mümkün deyil. Sizcə, ölkədə pedaqoji kadrların hazırlanması və onların müasir tələblərə cavab verməsi üçün hansı tədbirlər görülməlidir?
-
Ümumiyyətlə, möcüzələrə inanmaq olar,
amma onlara arxalanmaq mümkün deyil. İstər ölkədə
yeni kurikulumun tətbiqi, istər təhsil sahəsində
çox mühüm olan təhsil strategiyasının qəbulu,
istərsə də kadr dəyişikliyi uğuru təmin edən
yeganə amil ola bilməz.
İlk öncə hər bir uğurun arxasında çox
böyük əziyyət və zəhmət durur. Spesifik
misallardan biri odur ki, biz 2008-2009-cu tədris ilində təhsil
sistemimizdə yeni kurikulumun tətbiq olunmasına
başlamışıq. Amma müəllimlərə "yeni
kurikulumun tələbləri nədir, bu, onların işində,
peşəkar hazırlığında hansı yenilikləri
və hazırlıqları tələb edir" mövzusunda
təlim və tədris aparmağı unutmuşuq. Bunun
hansı nəticələrə gətirib çıxara biləcəyi
aydındır. Təbii olaraq yeni kurikulumun, məzmunun
tələbləri, yeni metodikaların daha fəal və
peşəkar şəkildə müəllimin hazırlıq
mərhələsində tədrisi və tətbiqi diqqət
mərkəzində olacaq. İkinci məsələ ondan ibarətdir
ki, biz hər zaman müəllimin hazırlığı və
məzmundan danışırıq. Bu, çox
mühüm bir mövzudur və həmişə diqqət mərkəzimizdə
olacaq. Nə qədər ki, cəmiyyət var, o qədər də
təhsilin məzmunu və müəllimin keyfiyyəti
mövzusu haqlı bir sual olaraq qalacaq.
- Təhsildə həyata keçirilən islahatlarda, ümumiyyətlə, şagirdlərin təlim-təhsil-tərbiyəsində valideynlərin rolunu necə qiymətləndirirsiniz?
- Cəmiyyətdə
valideynlər tərəfindən uşaqları I sinfə vermək
və XI sinifdə arzu edilən savadlı övladı almaq
istəyi kifayət qədər geniş yayılmış,
amma heç də güclü məntiqə əsaslanmayan
düşüncə tərzidir. Övladlarımızın
formalaşmasında bizim valideyn kimi rolumuz əvəzolunmazdır. Mən bunu xüsusi olaraq vurğulamaq
istəyirəm. Valideynlərin rolu yalnız
uşaqların asudə vaxtının düzgün təşkil
olunması ilə məhdudlaşmır, eyni zamanda onların
şəxsiyyət kimi formalaşmasına və təhsil
sistemi üçün hazırlıqlı, təhsilin
onların həyatlarında, gələcək uğurların
şərti kimi izah edilməsi olmalıdır.
Uşaqların akademik göstəricilərində onların
həyat bilgisi, ətraf aləmlə bağlı məlumatlanma
səviyyəsi mühüm bir amildir. Məktəb
yaşına çatmayan uşaqlarda xüsusi olaraq bu biliklərin
formalaşdırılmasında valideynlərin rolu müstəsnadır.
Buna nail olmaq üçün ən sadə
üsul uşaqlara kitabların oxunmasıdır. Çox sadə
səslənsə də, bu həqiqətdir. İnkişaf
etmiş təhsil sistemlərinə malik dövlətlərdə
valideynlər tərəfindən məktəb yaşına
çatmayan uşaqlara kitab oxunması barədə statistika
aparılır. Avropa İttifaqı, ABŞ-da ümumi
göstəricilər onu deyir ki, təxminən ailələrin
60 faizində həftədə 7 dəfə, yəni hər
gün məktəb yaşına çatmayan uşaqlar
üçün kitablar oxunur. Azərbaycan üçün
bizdə belə bir statistika yoxdur. Amma cəmiyyətin bir
üzvü kimi bu rəqəm bizim hər birimizi
düşündürməlidir. Hər birimiz
düşünməli və başa düşməliyik ki,
uşaqlarımızın gələcək təhsil
uğurları və həyatdakı rollarında bizim
üçün çox sadə, bəlkə də əhəmiyyətsiz
olan bir amil nədir, biz uşağı gələcəyə
hansı dərəcədə hazırlaya bilərik?
Mən deyə bilmərəm
ki, bu öhdəlik təhsil sisteminin üzərinə
düşmür. Müəllim və məzmun ikinci dərəcəlidir.
Mənim vurğuladığım odur ki,
yalnız buna arxalanmaq, bütün problemlərin həllini
dövlət tərəfindən müəllimlərin
hazırlığı sistemində, məktəbdə baş
verən təhsil prosesində görmək müasir biliyə
əsaslanan bugünkü dünyada reallığa uyğun
olmayan bir gözləntidir. Övladlarımızın
uğurları bir çox hallarda bizim özümüzdən
asılıdır.
Dərsliklərin hazırlanması
üçün elan
olunan tender
iştirakçıları arasında
universitetləri görmürük
- Dərsliklərin çapı və yenidən hazırlanması ilə bağlı gələcəkdə hansı işlər görüləcək? Bu məsələ dəfələrlə müzakirə olunsa da, məktəblərdə müəyyən fənləri tədris edən müəllimlər belə dərsliklərdəki səhvlərdən şikayətlənirlər. Dərslik probleminin qarşısını birdəfəlik almaq mümkündürmü və bunun üçün Təhsil Nazirliyinin təklifləri nədir?
- Biz hər zaman dərsliklərdə
olan problemlər barədə danışırıq. Amma o da
həqiqətdir ki, dərsliyin ilk dəfə yaradılması
çox ağrılı bir prosesdir. Dərsliklərimiz daha
keyfiyyətli olmalıdır. Amma biz dərslik
hazırlanması üçün müraciət edən
insanlar arasında fənn mütəxəssislərini görmək
istəyərdik. Onlar bu işlə əlaqədar müraciət
etmirlər. Bu problemdir və biz görürük ki, ali təhsil
müəssisələrinin müvafiq fənn kafedralarında
mütəxəssislər, peşəkarlar toplaşıb. Azərbaycan
Milli Elmlər Akademiyasının müvafiq institutlarında
mütəxəssislər fəaliyyət göstərir. Amma
biz universitetlərin adlarını dərsliklərin
hazırlanması üçün elan olunan tender
iştirakçıları arasında görmürük. Bu
ali təhsil müəssisələrinə yönəldilmiş
bir tənqiddir. Çünki iqtisadi nöqteyi-nəzərdən
də bu, həmin universitetlər üçün faydalı
işdir. Dövlət bu işə görə xeyli vəsait
ödəyir. Dərsliklərin məzmununun hazırlanması
üçün xərclənən vəsait universitetlərin
iqtisadi vəziyyətini də yaxşılaşdıra bilər.
Onlar bu vəsaiti həmin müəllimlərə əlavə
qonorar kimi ödəyə bilərlər.
Keyfiyyətli dərsliklərin hazırlanması hər bir təhsil sistemi üçün prioritet məsələdir. Xüsusilə də informasiya cəmiyyətində yaşadığımız indiki dövrdə biliklərin məzmunca köhnəlmə intensivliyi artdıqca, bütün keyfiyyət meyarlarına uyğun gələn dərslik nümunələrinin hazırlanması aktuallaşır. Artıq təhsilalan 20-30 il bundan əvvəlki kimi ancaq dərslik vasitəsilə bilik əldə etmir. Bu gün bilik qazanmağın məkan və zaman ölçüləri dəyişdiyindən dərsliklər də bu rəqabətə dözümlü ola bilməlidirlər.
Məktəblərdə müəllim
hazırlığı
ilə bağlı 2 əhəmiyyətli yenilik
- Azərbaycanda müəllim hazırlığı prosesində praktiki təcrübəyə kifayət qədər yer ayrılmır. Gələcəkdə müəllim ixtisası üzrə hazırlanan tələbələrin məcburi şəkildə orta məktəblərdə təcrübə keçməsinin tətbiqi hansı formada icra olunacaq? Bununla bağlı daha hansı tədbirlərin görülməsi nəzərdə tutulur?
- Bu ildən məktəblərdə
müəllim hazırlığı ilə bağlı 2 əhəmiyyətli
yenilik tətbiq ediləcək. Düşünürük ki,
müəyyən müddətdən sonra bu, öz müsbət
təsirini göstərəcək. Belə ki, ilk olaraq
növbəti tədris ilindən cəmiyyətdə
"qeyri-prestijli" kimi qəbul olunan peşələrə
tələbələrin cəlb edilməsi üçün
xüsusi stimullaşdırma proqramları həyata
keçiriləcək. Bu ixtisasları həqiqətən
seçən və yüksək balla ora qəbul olunan
istedadlı gənclərə xüsusi müavinətlar,
imtiyazlar, daha yüksək təqaüdlərin verilməsi
sistemi tətbiq ediləcək. Yeni akademik ildən
başlayaraq bunlar tətbiq olunacaq və bu yaxınlarda
müvafiq rəqəmlər açıqlanacaq.
İkinci vacib məsələ
isə müəllimlərin praktik təcrübəsi ilə
bağlıdır. Müəllim hazırlığı
prosesində praktiki təcrübə mövcuddur, amma istədiyimiz
qədər yer tutmur. Biz düşünürük ki,
yaxın müddətdə müəllim peşəsinə
sahib olan məzunlar üçün məktəblərdə
bunu genişləndirək. Belə bir təcrübə var və
bu, təkcə Azərbaycanda baş verən proses deyil. Müəllimin
formalaşması və yetişməsi üçün ən
yaxşı mühit məhz məktəbdir. Ali məktəbdə
aldığı nəzəri biliklərlə praktiki biliklərin
sintezi ən düzgün şəkildə məhz məktəbdə
həyata keçirilə bilər. Ona görə də bir
daha vurğulayıram ki, bir çox yeniliklər olacaq. Amma
orta müddətdə təhsilin keyfiyyətinə təsir edə
bilən amillərdən danışırıqsa, ikincini
xüsusilə vurğulamaq istərdim.
Müəllim diplomu əldə edən
insanların
sayı
vakansiyalardan bir neçə dəfə çoxdur
- Ölkədə müəllim çatışmazlığı ilə bağlı vəziyyət necədir? Ümumiyyətlə, müəllimlərin işə qəbulu ilə bağlı gələcəkdə hansı yeniliklər gözlənilir?
- Vəziyyətin qəribəliyi
ondan ibarətdir ki, müəllim diplomu əldə edən
insanların sayı ehtiyacdan bir neçə dəfə
çoxdur. Nəzəriyyədə bu o deməkdir ki, biz ən
yaxşı müəllim seçimi imkanına malikik. Amma
obyektiv imtahan keçirdiyimiz zaman görürük ki,
vakansiyaların yarısını doldura bilmirik. Əgər
yenilik barədə danışırıqsa, biz müəllimlər
üçün tələb olunan bilik səviyyəsini
aşağı salmayacağıq. Bu birmənalıdır.
Onun da səbəbi odur ki, biz ilk növbədə təhsilin
keyfiyyətini təmin etmək niyyətindəyik. Hətta universiteti bitirmiş məzunların
universitetdə təhsil aldığı dövrdə bilikləri
əldə etmək imkanı olmayıbsa, imtahandan sonra
keçən müddət ərzində ali təhsilli insan
hansısa fənn üzrə müəllim işləmək
istəyini qarşıya məqsəd qoyursa, hazırlaşa
bilər. Bu şanslar və imkanlar hər kəs
üçün açıqdır. Azərbaycanda da
urbanizasiya prosesləri geniş vüsət alıb. Bakı məktəblərində
müəllim vakansiyaları yoxdur, amma bir çox bölgələrdə
hələ də doldurulmamış yerlər var. Bunu nəzərə
alaraq dövlət tərəfindən
stimullaşdırıcı tədbirlər tətbiq olunur.
Rayonlarda, bölgələrdə fəaliyyət göstərəcək
müəllimlər üçün bu tədbirlər davam
etdiriləcək. Gələcəkdə nəzərdə
tuturuq ki, praktik təcrübə keçən müəllimlərə
işə qəbul zamanı daha çox üstünlük
verək. Bir sıra sistemli tədbirlər hazırlanır ki,
müəllimlərin sayının çoxluğu ilə məktəblərdə
doldurulmamış vakansiyalar arasında disproporsiya aradan
qaldırılsın.
- Bu gün Azərbaycanda müəllim hazırlığı ilə Azərbaycan Müəllimlər İnstitutu və Azərbaycan Dövlət Pedaqoji Universiteti məşğul olur. Ölkədə pedaqoji kadrların hazırlanması istiqamətində Azərbaycan Dövlət Pedaqoji Universiteti fəaliyyət göstərdiyi halda, Azərbaycan Müəllimlər İnstitutunun fəaliyyət göstərməsinə nə dərəcədə ehtiyac var?
- Ali təhsil sisteminin
optimallaşdırılması imkanlarını biz hər
zaman araşdırmalıyıq. Bu gün biz universitetlərin
birləşdirilməsi məsələsini gündəmdə
saxlamırıq. Lakin sizin sualınız çox məntiqlidir.
Onun məntiqi ondan ibarətdir ki, biz hər
zaman optimal balansı seçib tapmalıyıq. Bir tərəfdən
resurslarımızın vahid mərkəzə
yığılması və buradan idarə olunması, digər
tərəfdən ali təhsil sahəsində
həyatın digər sahələrində olduğu kimi, rəqabətin
təmin olunması lazımdır. Təcrübə
göstərir ki, rəqabət istər-istəməz məhsulun
keyfiyyətinə təsir göstərir. Müəyyən
mənada təhsilə bir xidmət, məhsul kimi baxıla bilər.
Bütün resurslarımızın bir yerə
yığılması, orada vahid şəkildən idarə
olunması və ya rəqabətin nəticəsində keyfiyyət
göstəricilərinin artırılması dərin təhlil,
araşdırmalar, müzakirələr tələb edir.
- Bu il Azərbaycan Müəllimlər
İnstitutunun 4 filialına qəbulun aparılması nəzərdə
tutulmayıb. Ümumiyyətlə, Azərbaycan
Müəllimlər İnstitutunun fəaliyyətinin tam
dayandırılması və ya formatının dəyişməsi
mümkündürmü?
- Çox qabağa getməyək. Düşünürük ki, bu mərhələdə
qəbul olunan qərarlar vaxtın tələblərinə
adekvatdır. Gələcəkdə bu məsələləri
dərindən müzakirə etməyə əlavə
imkanlarımız olacaq. Çünki bu, təhsil
sistemi üçün taleyüklü məsələdir.
İşlədiyim
10 ay ərzində nazirliyə yüzlərlə
adlı,
anonim olmayan müraciət olub
- Cənab
nazir, Təhsil Nazirliyində anonim zənglərin qəbul
edilməməsi vətəndaşların hər hansı bir
faktla qarşılaşdıqda, onu ünvanına
çatdırmamasına səbəb olur. Onlar gələcəkdə
hansısa faktı dedikləri üçün incidilməkdən,
təzyiqlərdən qorxurlar. Bu da son nəticədə
müvafiq faktların qapalı qalmasına səbəb olur.
Sizin bu məsələ ilə bağlı mövqeyiniz necədir?
- Bizim fəaliyyətimiz qanunvericilik
çərçivəsində həyata keçirilir. Anonim zənglərin, müraciətlərin
baxılıb-baxılmaması qanunvericiliyin tələbindən
irəli gəlir. Biz də bir dövlət
orqanı kimi qanunvericilik çərçivəsində
çalışırıq. Kiminsə anonim müraciət
etdikdən sonra incidilməkdən, onlara qarşı ola biləcək təzyiqlərdən
qorunması çox geniş yayılmış
düşüncə tərzidir. Amma mən təhsil
naziri kimi işlədiyim dövrdə faktlara cavab vermək istəyirəm.
10 ay ərzində bizə yüzlərlə
adlı, anonim olmayan müraciət olub. Düşünürəm,
nə qədər ki, bu düşüncə tərzi cəmiyyətdə
dominant mövqedə olacaq, o qədər də biz bir cəmiyyət
kimi korrupsiya və yaxud digər pozuntuların baş verməsi
üçün məsuliyyəti bölüşəcəyik.
Bu, hər bir kəsin işidir. Sadəcə, bizim imkan və səlahiyyətlərimiz
fərqli olduğuna görə məsuliyyətimiz də fərqlənir.
Amma bu o demək deyil ki, bunu bilən şəxs
bilərəkdən müraciət etmir və onun məsuliyyəti
yoxdur. Onun da vətəndaş məsuliyyəti
var.
Saxta sənəd
təhsilin dəyərinin süni
şəkildə aşağı düşməsinə, onun
əsaslarının aşınmasına gətirib
çıxarır
- Təhsil Nazirliyinin fəaliyyəti nəticəsində
mütəmadi olaraq saxta diplomlar aşkarlanır. Əsl sənədlərin
saxta yollarla vətəndaşlara verilməsi, həmçinin
saxta diplomların təqdim edilməsinin
qarşısını almaq üçün Təhsil
Nazirliyinin bundan sonrakı mövqeyi və görəcəyi
işlər nədən ibarət olacaq? Bu
günə kimi ölkədə neçə saxta diplom
faktı aşkarlanıb və onlardan neçəsi
hüquq-mühafizə orqanlarına göndərilib?
- Biz işə götürənik və
bizim sistemimizdə yüz minlərlə insan
çalışır. Onları işə götürərkən
tələb budur ki, ali təhsilli olsunlar. Ali təhsil barədə onların sənədlərini
yoxlayarkən biz qeyri-qanuni və yaxud saxta diplomun olduğunu
aşkarlayırıq. Çünki
müvafiq mərkəzi icra hakimiyyəti orqanı kimi
diplomların məlumat bazasına malikik. Üstəlik,
həmin diplomları vermiş təhsil müəssisələri
bizim tabeliyimizdə fəaliyyət göstərir. Ona görə də biz bu faktı görərək
buna biganə qala bilmərik.
Qanunu pozmaqla təhsil sisteminə gəlmək
istəyən şəxslər var. Əgər insan cinayətə
gedirsə və qanunu pozaraq təhsil sisteminə gəlmək
istəyirsə, işəgötürən olaraq belə
işçi bizə lazımdırmı? Saxtakarlığa yol verən insanları işə
götürməyəcəyik. Saxta sənəd
ümumilikdə təhsilin dəyərinin süni şəkildə
aşağı düşməsinə, onun əsaslarının
aşınmasına gətirib çıxarır. İşəgötürən kimi bu məsələdə
bizim mövqeyimiz qətidir. Bizim mövqeyimiz ondan ibarətdir
ki, bu, qanuni şəkildə əziyyət çəkib
oxuyan, imtahan verən, diplom alan insanın,
orada fəaliyyət göstərən müəllimlərin,
professorların və digərlərinin, sistemin əleyhinə
baş verən hüquq pozuntusudur. Biz buna
qarşı reaksiya göstəririk və bundan sonra da göstərəcəyik.
Digər işəgötürənlər də təbii
olaraq Təhsil Nazirliyinə sorğu göndərərək,
onlara iş üçün müraciət edən
insanların ali təhsili və digər
pillələrdə verilən sənədlərin qanuniliyi barədə
maraqlana bilərlər. Bütün müraciətlər
araşdırılıb onlara cavab veriləcək. Ona görə də burada hər kəs öz məsuliyyətini
dərk edib düzgün siyasət həyata keçirməlidir.
Tələbələr
öz akademik
imkanlarını yaxşı bilmirlər
- Azərbaycanın ali təhsil sahəsində həyata
keçiriləcək islahatların əsas prioritetləri
açıqlanıb. Bu gün Azərbaycanın ali təhsil sistemindəki vəziyyəti, ali məktəblərin
tələbə hazırlığı, təhsil alan tələbələrin
sonradan ölkənin əmək bazarında olan tələbatı
ödəməsi ilə bağlı vəziyyəti necə
qiymətləndirirsiniz? Mövcud vəziyyət
nazir kimi Sizi qane edirmi?
- Ali təhsil sistemində tələbələrin
müxtəlif qrupları mövcuddur. Təbii olaraq təhsil sistemində
yaşadığımız çətinlik və problemlər
tələbə kontingentinin ümumi keyfiyyətinə təsirsiz
ötüşmür. Digər tərəfdən, Azərbaycanda
həyata keçirilən siyasət dünyada olan siyasət və
trendlərdir. Hər il ali təhsillə əhatə olunan
insanların sayı artır. Əgər 10 il əvvəl 25
min tələbə qəbul olunurdusa, bu gün 40 min tələbə
qəbul olunur. Bunun da tələbənin orta keyfiyyət
göstəricisinə öz təsiri var. Burada seqmentləşmə
gedir. Artıq burada kimin hansı balla ali təhsil müəssisəsinə
qəbul olmaq istəməsi hər bir fərdin öz müstəqil
qərarıdır. Amma gənclərin təhsil almaq
hüququ, istəyi üçün dövlət olaraq şərait
yaratmalıyıq. İnsanlar öz növbəsində yeni
sosial-iqtisadi reallıqları qəbul etməlidir. Tələbələr
10 il əvvəllə müqayisədə daha şüurlu
şəkildə öz qərarlarını verərək, təhsillə
bağlı gələcəklərini daha çox fərdi məsuliyyət
əsasında müəyyənləşdirirlər. Fərdi
məsuliyyət fərdi azadlıqlardan irəli gələn məsələlərdir.
İndi Bolonya sisteminə keçid tələbələrə
hüquq verir ki, öz təhsil planını, müddətini
planlaşdırsın. Tələbələrə təsir
imkanları minimuma endirilib. Artıq tələbənin xaric
olunması kimi konsepsiya aradan qaldırılır. Akademik
müvəffəqiyyətsizlik halında tələbənin
bir daha həmin kursdan dərs keçməsi, hətta
başqa bir universitetdə keçməsi üçün
imkan yaradılır.
Bütün bunların hamısı təhsil
sistemində liberal islahatlardır. Bunlar
indiyə qədər təhsil sistemində yox idi. Lakin təəssüflər
olsun ki, bu yeniliklər ali təhsil müəssisələri
tərəfindən bir çox hallarda düzgün izah olunmur
və tam tətbiq edilmir. Bunun nəticəsində
də tələbələr öz imkanlarından
yaxşı yararlana bilmirlər.
Azərbaycan
müəllimi.- 2014.- 14 mart.- S.3.