Uca zirvələrə gedən ömür yolunda...
Nizami Mirzəyev - 65
Deyirlər ki, bəşər övladı dünyaya gəldiyi, özünü tanıdığı gündən öz xoşbəxtliyinin, səadətinin ünvanını axtarır. Özü də əli çıraqlı. Bu sirli, sehrli mənzilin ünvanını vaxtında tapanlar öz məqsədinə, niyyətinə, arzusuna, istəyinə çataraq əbədi səadətinə qovuşur... Amma hər bir insanı öz səadətinə, istəyinə qovuşdurmaq üçün onu uca zirvələrə aparan yollar var. Bu yollar bizim taleyimizin, ömrümüzün bələdçisinə çevrilib. Bu yollarda kimisə tanımışıq, kimsə bizi tanıyıb. Beləcə günləri aylara, ayları illərə calayıb ömür tariximizi bu yollarda yazmışıq. İtirə-itirə tapmışıq, tapa-tapa itirmişik. Həmin yollarda irəliləyə-irəliləyə dünənimizdən bu günümüzə, bu günümüzdən sabahımıza boylanmışıq. Xoş xəyallarla, şirin arzularla, ümidlərlə yaşaya-yaşaya xoşbəxtliyimizi axtarmışıq. Onu tapmaq üçün min bir əzablara qatlaşmışıq... Uca zirvələrə gedən bu ömür yolunun yolçularından biri də mənim yaxşı tanıdığım yazıçı-publisist Nizami Əlipaşa oğlu Mirzəyevdir (Nizami Mirzə).
Onun həyatının bünövrəsi düzlük, doğruluq,
halallıq, mərdliklə qurulub. Mənim
aləmimdə Nizami xeyirxahlıq mücəssəməsi,
yaxşılıq rəmzi və haqqın-ədalətin
simasıdır.
Bir dəfə Şərqin böyük
filosofu Sokratdan soruşurlar ki, insanda ən çox nəyi
qiymətləndirirsən, filosof dərhal
cavab verir:
- "İnsaniyyəti".
"Bəs insaniyyət dedikdə nəyi başa
düşürsən" - sualına isə müdrik
filosof "insana layiq keyfiyyətləri" - deyə cavab verir.
Gəlin bu gözəl kəlama uyğun
köklənmiş, bütün insani keyfiyyətləri özündə birləşdirən
Nizami müəllimin keçdiyi
ömür yoluna illərin,
ayların yaddaş işığında
nəzər salaq.
Nizami Mirzə 1949-cu il martın 1-də
Azərbaycanın dilbər guşələrindən biri olan
İsmayıllı rayonunun Xanagah kəndində ziyalı ailəsində
- elin-obanın sayılıb-seçilən ağsaqqalı olmuş Əlipaşa kişinin
ailəsində dünyaya göz
açmışdır. İbtidai təhsilini
də elə doğma kəndlərində almışdır. Səkkizinci sinfi qonşu
Qurbanəfəndi kəndində başa
çatdırmışdır. 1966-cı ildə
İsmayıllı şəhər 1 nömrəli orta məktəbi bitirən Nizami
1968-ci ildə Azərbaycan Dövlət Pedaqoji
İnstitutunun tarix
fakültəsinin əyani şöbəsinə qəbul olunur. O, burada təhsil
aldığı illəri ömür
salnaməsinin ən ağır illəri kimi
xatırlayır. Deyir ki,
özümü dolandırmaq, ailəmizə
yük olmamaq üçün gecələr gözətçi
işləyir, çox vaxt
çörək belə yeməyə macal
tapmırdım. Səhər tezdən ac-susuz,
özümü güclə dərs keçdiyimiz auditoriyaya
çatdırırdım. Bir dəfə
necə oldusa, dərsin şirin
yerində məni ani yuxu
tutdu. Müəllimin yüksək tonla dediyi sözə
ayıldım:
- Mirzəyev, dur
sinfi tərk elə... Buna bax, gözləri də
qıp-qırmızıdır, Allah bilir hansı...
Bu sözləri eşidəndə elə bildim dünya
başıma fırlandı... Bir neçə
gün özümə gəlmədim. Sonra uşaqlar müəllimə
hər şeyi izah
etdilər. O, məni yanına çağırıb
üzrxahlıq etdi. Bir
az kövrələrək mənə gecələr
işlədiyimə görə əhsən dedi.
Həmin müəllimlə dost olduq...
1972-ci ildə institutu yüksək qiymətlərlə bitirən
Nizami təyinatla Saatlı rayonuna
göndərilir. Buradakı 9 nömrəli peşə məktəbində
ixtisası üzrə müəllim işləyir. Həmin ilin payızında ordu
sıralarına çağırılır. Hərbi xidməti
başa çatdırdıqdan sonra yenidən doğma kəndlərinə
qayıdaraq buradakı səkkizillik məktəbdə bir müddət müəllim işləyir. Sonralar Sumqayıtın Kimya
Sənayesi İstehsalat Birliyinin
Mənzil-Kommunal Xidməti İdarəsində tərbiyəçi müəllim kimi çalışan Nizami
Mirzəyev "Kimyaçı" qəzeti redaksiyası ilə
müntəzəm olaraq əməkdaşlıq
edir. Daha çox bədii yaradıcılığa meyil göstərən Nizaminin
1974-cü ildə "Kimyaçı" qəzetində dərc
edilən "O qış gecəsi" hekayəsi
sumqayıtlı oxucular arasında böyük əks-səda doğurur.
Ona bir gənc
yazıçı kimi uğur
gətirir.
Nizami 1977-ci ildən Bakı şəhərində
məskunlaşıb. Harada işləməsindən asılı olmayaraq, bir sıra mətbu
orqanları ilə əməkdaşlıq edir,
müxtəlif səpgili publisistik
yazıları, zamanın problemlərinin həllini arayan məqalələri,
oxucular tərəfindən maraqla qarşılanan satirik
yazıları dərc edilir.
Mən isə "Nizami Mirzə" imzasını onun özündən çox-çox
əvvəl tanımışam. Yaxşı yadımdadır.
1983-cü ildə "Kommunist" qəzetində
dərc olunmuş "Evimizə gəlin
gəlir" adlı yumoristik hekayəsi öz həyatiliyi ilə bir
oxucu kimi məni valeh etmişdi. Elə o vaxtlar həmin hekayə
"İlin ən yaxşı
yazısı" kimi mükafata
da layiq görülmüşdü.
N.Mirzə 2000-ci illərin
əvvəllərində "Azərbaycan müəllimi"
qəzeti ilə də əməkdaşlıq etməyə
başladı. Onunla burada
tanış olduq. "Mavi
gözlər" adlı kitabını mənə hədiyyə
etdi. Kitabı oxuduqdan
sonra sanki onu yenidən kəşf etdim.
2003-cü ildə
"Azərbaycan müəllimi" qəzetində bölgə
müxbiri, 2007-ci ildən isə müxbir işləmişdir. Tale
elə gətirdi ki, biz onunla on ilə yaxın bir otaqda əyləşdik. Birlikdə ezamiyyətlərdə olduq,
müxtəlif səpgili
yazılarla qəzetdə
çıxış etdik.
2010-cu ildə Nizami müəllim "Təhsil" jurnalına baş redaktor müavini vəzifəsinə
irəli çəkildi. Buna baxmayaraq əlaqələrimiz
kəsilmir, dostluğumuz
davam edirdi. 2013-cü ildə isə o, "Təhsil"
jurnalının baş
redaktoru vəzifəsinə
təyin olundu. Elə ilk gündən məni özünə müavin təyin etdi. Hazırda da bu jurnalda
birlikdə çalışırıq.
Nizami müəllimin
"Mavi gözlər",
"Ömür yolu",
"Ayrılığın üzü dönsün",
"Qatil", "Ömürdən
ötən illər",
"Ömürdən zirvəyə"
və başqa kitabları da ona uğur gətirmiş,
saysız-hesabsız oxucu
auditoriyası qazandırmışdır.
Bu kitabların ilk oxucusu mən olsam da sözə
könül verdiyi gündən, onun nazını çəkən,
başına pərvanə
kimi dolanan, hər kəlməsinə
böyük məhəbbətlə
yanaşan Nizaminin uğurlarına ədəbiyyatımızın
tanınmış yazıçı
və şairləri də biganə qalmamışdır.
Mərhum
yazıçı Əlibala
Hacızadə:
- Mən Nizami Mirzəni hələ 80-ci
illərdə "Kommunist"
qəzetində dərc
olunmuş "Evimizə
gəlin gəlir"
və "Qurğu"
adlı yumoristik hekayələrini oxuyandan sonra qiyabi olaraq
bir istedadlı qələm sahibi kimi tanıyıram. Bizim bu qiyabi tanışlığımız
sonralar həqiqi dostluğa çevrildi.
Onu bir insan, şəxsiyyət
kimi də sevdim. Şəxsiyyətindəki və yaradıcılığındakı
sadəlik, təvazökarlıq
onu bir insan,
vətəndaş, yazıçı
kimi gözlərimdə
ucaltdı. Qələm dostuma
daha yeni nailiyyətlər və xoşbəxtlik arzu edirəm.
Xalq şairi Nəriman Həsənzadə:
- Nizami Mirzənin yaradıcılığı
da özü kimi səmimidir. O, bir yazıçı olaraq nəsrin əhatəli və genişliyindən qorxmur, əksinə, bu məziyyətdən ustalıqla
istifadə edir. Mətbu orqanında işləməsi
Nizamiyə çox şey verib. Lakin mətbuatda çox işləmək onun yaradıcılığına mənfi
təsir göstərə
bilər. Nizami Mirzəni
oxuculara sevdirən əsərlərini gözəl,
rəvan, axıcı
xalq dilində yazmaq bacarığıdır.
Yaratdığı bədii lövhələr
və obrazlar canlı və inandırıcıdır. Onun 2006-cı ildə çap olunmuş "Sarıca" povesti bu baxımdan layiqli bədii sənət əsəridir...
Şair
Musa Yaqub:
- Sevimli yazıçımız
Nizami Mirzəni lap çoxdan tanıyır, müxtəlif mətbu orqanlarında dərc edilən bədii əsərlərini maraqla
oxuyur, ildən-ilə,
əsərdən-əsərə mövzu dairəsinin genişləndiyinin şahidi
oluram. Nizami realist yazıçıdır.
Onun hər bir əsərində
yazıçı qəlbinin
qüdrəti, imkanları
aydın görünür.
Bir sözlə, Nizami Mirzə zamanımızın
gözəl yazıçısıdır.
Ona bu yolda
uğurlar diləyirəm...
Qələm dostumuz,
iş yoldaşımız
olan bu kövrək
qəlbli yazıçının
2005-ci ildə çapdan
çıxmış "Ayrılığın üzü
dönsün" kitabı
"Azərbaycan müəllimi"
qəzetinin şöbə
müdiri, gözəl
insan, istedadlı jurnalist dostumuz, hamımız üçün
əziz olan iş yoldaşımız
Əyyub Hüseynovun faciəli ölümünə,
keçdiyi həyat yoluna həsr edilib.
Müəllif bu
kitabına görə
Azərbaycan Kütləvi
İnformasiya Vasitələri
İşçilərinin Həmkarlar
İttifaqının "Araz"
ali ədəbi media mükafatına, 2006-cı ildə
isə çap edilmiş "Qatil" kitabı da Azərbaycan KİVİHİ-nin
"Məmməd Araz"
və "Qızıl
qələm" ali ədəbi media mükafatlarına
layiq görülmüşdür.
Nizami
Mirzə Azərbaycan Yazıçılar və
Jurnalistlər birliklərinin
üzvüdür. Ailəlidir, bir qızı var. Qayğısız böyüyən
üç nəvəsini
isə özünün
qol-qanadı, ömrünün
davamçıları adlandırır.
Kiçik nəvəsinə isə öz adını verib. Nizami müəllim həmçinin
"İlin ən yaxşı əsəri"
və "İlin ən yaxşı kitabı" nominasiyalarının
qalibidir.
Bəli, 65 yaş...
Ömrün 65-ci zirvəsi...
İndi bu zirvəyə Nizami Mirzə adlı bir kövrək qəlbli yazıçı
da gəlib çatdı... Biz də "Azərbaycan müəllimi" qəzetinin
və "Təhsil"
jurnalının kollektivləri
olaraq əziz dostumuz, qələm yoldaşımız Nizami Mirzəni ömrünün
65-ci baharının tamam
olması münasibətilə
səmimi-qəlbdən təbrik
edirik. Ona yeni-yeni yaradıcılıq
uğurları arzulayırıq.
Arzu edirik ki, onun
sonrakı zirvələrə
gedən ömür yolunda sözün işığı, sözün
nuru bələdçisi
olsun.
Ədalət DAŞDƏMİRLİ
Azərbaycan müəllimi.- 2014.- 14 mart.- S.10.