Qismətini
küçələrdə tapan uşaqlar
Uşaqlar bizim gələcəyimizdir!
Uşaq hüquqlarının qorunması ulu öndərimiz
Heydər Əliyev tərəfindən əsası qoyulan və bu gün də uğurla davam etdirilən sosialyönümlü
siyasətin tərkib hissəsi kimi ölkə
Prezidentinin daim diqqət
mərkəzindədir. Respublikamızda uşaqlara dövlət
qayğısının gücləndirilməsi, uşaq problemlərinə vətəndaş cəmiyyəti
qurumlarının diqqətinin artırılması və
ölkənin uşaqlarla bağlı demoqrafik perspektivlərinin müəyyənləşdirilməsi
məqsədi ilə Prezident İlham Əliyev
22 dekabr 2008-ci ildə sərəncam
imzalayıb. Bu sərəncama görə,
dövlətin əsas öhdəliklərindən biri xalqın sağlam gələcəyini təmin etməkdən
ibarətdir. Sərəncamla bağlı respublikada
uşaq problemlərinin həlli istiqamətində
həm dövlət, həm də ictimai təşkilatlar
tərəfindən xeyli işlər görülüb, böyük
layihələr həyata keçirilib. Ailələrə
sonsuz sevinc bəxş
edən uşaqlar həqiqətən bizim
sabahımızdır.
İşğal altında əsir qalan torpaqlarımızdan nigarançılığım nə qədərdirsə, şəhərin müxtəlif küçələrində, işıqforlarda, böyük ticarət obyektlərinin qarşısında işləyən, pul qazanan, ya da dilənən məktəbyaşlı uşaqların dərsdən nə səbəbə yayınmalarından doğan nigarançılığım da elə o qədərdir. İşıqforlarda cəmi 30-40 saniyəliyə dayanan maşınların şüşəsini tələsə-tələsə silərək hər sürücüdən 20-30 qəpik qazanmağa çalışan uşaqlar doğrudanmı ehtiyacdan küçələrdədirlər? Bəs bu uşaqları dərsdən yayındıran səbəblər onların valideynlərini və ya oxuduqları məktəblərin pedaqoji kollektivlərini narahat etmirmi? Bu mövzuda müşahidələrimi oxucularımızla bölüşmək istərdim.
Birinci epizod
İki-üç
günün söhbətidir. İşdən
evə qayıdırdıq. 20 yanvar dairəsində
həmişəki kimi yenə də
tıxac vardı. Təbii ki, dayanmağa məcburduq. Bir də gördüm
ki, iki məktəbyaşlı
oğlan uşağı əllərində
şampun və əski
maşınımızın şüşələrini tələsə-tələsə
silməyə başladı. Uşaqlardan kiçiyinin 8-9,
o birinin də
10-11 yaşı olardı. Üzdən oxşamırdılar,
yəqin qardaş
deyildilər. Saçları pırtlaşıq,
pal-paltarları nimdaş və çirkli, əlləri güman
ki, suda çox qalmaqdan şişkin, cadar-cadar idi. Şüşələri aşağı
salıb onları söhbətə çəkmək istədim:
- Uşaqlar,
çərşənbə bayramınız mübarək olsun, bu soyuqda
nə əcəb çöldəsiniz?
Uşaqların kiçiyi dillənmədi, yaşca
bir az böyük
görünəni pəncərəyə
yaxınlaşdı:
- Ay bibi, nə bayram, nə soyuq? Bundan da soyuq havalarda biz işimizin başında dayanmışıq.
- Siz hələ
işləyən yaşda
deyilsiniz axı...
- Bəs neyləyək,
çarəmiz nədi?
- Çarəniz odur
ki, siz məktəbə
gedin, dərsinizi oxuyun, qoy qalan
problemlərinizi böyükləriniz
özləri
həll eləsin.
- Hansı böyüklərimiz?
- Necə yəni
hansı böyükləriniz?
Atanız-ananız... Onlar
sizə demirlər ki,
məktəbə getmək
lazımdır?
- Lap desinlər, xeyri
olmayacaq... Tutaq ki, biz getdik
məktəbə, bəs
evdəkilər nə
yeyib-içəcək? Anam xəstədir, işləyə
bilmir. Atam da yoxdur.
- Yoxdur deyəndə...
Vəfat
edib?
- Vəfat etməyib
də... amma yoxdu. Gecə-gündüz bizimlə
araq pulu, siqaret pulu davası
döyür, elə yoxa taydı da...
Bu yerdə gözləri
doldu, çirkli gödəkçəsinin biləyi
ilə gözlərini
ovxaladı.
- Uşaqlar, gəlin
belə danışaq.
Siz mənə deyin görüm eviniz hardadı, hansı məktəbin şagirdisiniz, bəlkə
bir köməyim dəydi... - sözüm ağzımda qaldı. Uşaqlar ikisi də sürətlə
maşınımızdan uzaqlaşdılar.
İkinci
epizod
Üzü şəhərə
doğru gedəndə
Babək prospektinin axırındakı körpünün
üstündə yayın
cırhacırında, qışın
şaxtasında
bir də görürsən əyni
nimdaş paltarlı, sağ qolu olmayan bir yeniyetmə oğlan maşınların
arasında qəfildən peyda olur. 16-17 yaşı ola, ya olmaya... Qolunun amputasiya olunmuş
hissəsi də yay-qış açıq
olur. Onu elə görəndə
özümü son dərəcə
pis hiss edirəm.
Bir-iki həftə əvvəl
gördüyüm mənzərə
məni hey düşündürür.
Bakımızı, hətta küləksiz
təsəvvür etmək
olar, -uzaqbaşı
"təbiətin işidir"-deyərik. Amma tıxacsız Bakını təsəvvür
etmək mənimçün
mümkünsüzdür. Sözügedən körpünün üstündə
adəti üzrə yenə də tıxac vardı. Bizdən qarşıda dayanan ağ rəngli, özü də, nömrəsi də çox bahalı olan bir maşından həmin oğlan düşdü və maşınların arasında
dilənməyə başladı...
O gündən hələ
də həmin görüntünün ürəyimdə
yaratdığı suallara
cavab tapa bilməmişəm. Əgər o maşının sahibi o əlil uşağın qohumudursa, niyə onun dilənməsinə gözünü yumur?
Bəlkə elə...
Bu iki epizodu deməkdə niyyətim kimlərisə
suçlamaq deyil. Sadəcə diqqəti ona yönəltmək istəyirəm ki, uşaqların bizim gələcəyimiz olduğunu
onların əməyini
istismar edənlərə
ən ciddi səviyyədə başa
salmağın vaxtı yetişib ...Bu istismarçı istər
valideyn olsun, istərsə də uşaq əməyindən
bəhrələnən dələduz -
fərqi yoxdur. Bütün hallarda cəmiyyət istismara məruz qalan uşaqları belələrinin
cəngindən qoparmalıdır.
Biz gələcəyimizi uşaqlara
bağlayırıqsa, onların
hər birinin öz uşaqlığını
normal yaşamasının, təhsildən geri qalmamasının, qara əllərdə pul qazanmaq vasitəsi, istismar obyekti olmamasının
qayğısını hamılıqla çəkməliyik.
Uşaqlar
cəmiyyətin güzgüsüdür. Uşaqlar bu günün
sabaha uzanan qollarıdır. Planetimizin gələcəyi
onların əlindədir.
Uşaqların müdafiəsi
birinci növbədə
doğma valideynləri
tərəfindən təmin olunursa, valideyn himayəsindən məhrum
olanlar bu baxımdan cəmiyyətin
diqqət və qayğısına möhtacdırlar.
Hər birimizin borcu uşaqları qoruyan, onların bir şəxsiyyət kimi yetişməsi naminə əlindən gələni
əsirgəməyən cəmiyyətə
yardımçı olmaqdır.
Uşaqlarının mənafeyini
düşünən, onların
müdafiəsinə qoşulan cəmiyyət
sabahına ümidlə
boylana bilər.
Ellada UMUDLU
Azərbaycan müəllimi.- 2014.- 14 mart.- S.7.