"Azərbaycan həqiqətlərinin
dünyaya
çatdırılmasında
əlimdən gələni edirəm"
İtaliyanın "La Sapienza" Universitetinin tələbəsi Leyla Abışova ilə söhbət
Leyla Həsənağa
qızı Abışova
1993-cü ildə hazırda erməni işğalı
altında olan
Qubadlı rayonunda anadan
olub. İlk təhsil
illəri Sumqayıt şəhərində keçib. O,
18 nömrəli tam orta məktəbdə,
daha sonra isə Təbiət
elmləri təmayüllü gimnaziyada təhsil
alıb. Orta məktəbi bitirdikdən sonra Azərbaycan Dillər Universitetinin tərcümə (italyan
dili üzrə) fakültəsinə daxil olub ADU-da təhsil
aldığı dövrdə - 2010 - 2012-ci illərdə
İtaliyanın Xarici İşlər Nazirliyinin təqaüdünü qazanaraq 9 ay ərzində bu ölkənin
Siena və Peruca
şəhərlərində təhsil alıb. İtaliya ilə tanışlıq nəticəsində
Leyla magistratura təhsilini
də bu ölkədə almağa
qərar verib.
Hazırda "2007-2015-ci illərdə
Azərbaycan gənclərinin xarici ölkələrdə
təhsili üzrə Dövlət Proqramı" çərçivəsində
Roma "La Sapienza" Universitetində beynəlxalq inkişaf və əməkdaşlıq elmləri
üzrə magistr təhsili alır. ASAİF-in
(Xaricdə Təhsil Alan və Məzun Olmuş Azərbaycanlı Gənclərin Beynəlxalq
Forumu) fəal üzvlərindən olan Leyla "La Sapienza" Universitetində
fəaliyyət göstərən Sapienza
Hərəkatı Gənclər Təşkilatının üzvü və gənc səfiridir. Ötən il ASAİF-in
Roma forumunda
"İlin ən
yaxşı
koordinatoru" adına
layiq görülüb. Leyla ilə söhbətimizə
onun ilk təhsil illərindən başladıq.
- Orta
məktəbdə oxuyarkən
əlaçı şagirdlərdən
biri idim. Səmimi desəm, çox
vaxt yalnız əlaçı olmaq, "beş"
almaq üçün
oxumuşam. Amma sonralar başa
düşdüm ki, əsas şərt qazanılan biliklərin tətbiq edilməsi ilə bağlıdır.
Təbiət elmləri
təmayüllü gimnaziyada
oxumağıma baxmayaraq,
humanitar elmlərə hər
zaman çox böyük həvəsim
olub. Orta məktəbdə oxuyarkən ümummilli
liderimiz Heydər Əliyevin anadan olmasının 80 illiyinə həsr edilmiş elmi konfransda respublika birincisi oldum.
-
2013-2014-cü tədris ili üzrə Dövlət Proqramı çərçivəsində xaricdə təhsil almaq istəyən tələbələrin seçim
prosesini necə qiymətləndirirsiniz?
- Seçim prosesi
olduqca yüksək səviyyədə təşkil
olunmuşdu.
Tələbələrin bilikləri hərtərəfli
qiymətləndirilirdi. Məncə,
bu çox müsbət haldır.
Bu proses ən layiqli tələbələrin
dünyanın nüfuzlu
ali təhsil
ocaqlarında təhsil
almasına xidmət edir. Bizim tələbələrin əsas
məqsədi ölkəmizi,
təhsil sistemimizi xaricdə layiqincə təmsil etmək, yüksək təhsil alaraq vətənə dönmək,
ölkəmiz üçün
çalışmaqdır. Tələbələrimiz üçün
yaradılan bu imkana, diqqət və qayğıya görə biz, ilk növbədə,
ölkə Prezidentinə
minnətdarıq.
- Xarici ölkədən Azərbaycan təhsilini, Təhsil Nazirliyinin apardığı işi necə görürsünüz?
- Mən əslində
bizim təhsil sistemimizi çox bəyənirəm, çünki
hərtərəfli təhsil
verir. Biz öz ölkəmizin
tarixi, coğrafiyası
ilə yanaşı, eyni zamanda dünyanın
digər ölkələrinin
coğrafiyasını, tarixini
də öyrənirik. Həm texniki, həm
də humanitar fənlər üzrə biliklərimiz hərtərəflidir.
Ölkəmizdə uğurlu təhsil
islahatları aparılır.
Biz, xaricdə
təhsil alan
tələbələr ölkəmizin
təhsil sistemində
baş verən keyfiyyət dəyişikliklərini
diqqətlə izləyirik. "Azərbaycan
Respublikasında təhsilin
inkişafı üzrə
Dövlət Strategiyası"
qlobal dünyanın çağırışlarına cavab verən mühüm fəaliyyət
proqramıdır. Bütün
bu işlərdə
biz Təhsil Nazirliyinin
apardığı çox
düzgün, ciddi düşünülmüş, şəffaf strateji xəttini aydın görürük.
- Xaricdə təhsilin hansı üstünlüklərini
qeyd edə bilərsiniz?
- Məncə, üstünlüklər
çoxdur, amma bu, o demək deyil ki, xaricdə
təhsil almaq şərtdir. İnsanın
dünyagörüşü, həyata baxışı dəyişir. Fərqli mədəniyyətlərə məxsus insanlarla ünsiyyətdə
olmaq insana tamam başqa cür təsir göstərir. Xaricdə təhsil və dünyagörüşümüzdə
baş verən dəyişikliklər bizə çətinliklərin
öhdəsindən təkbaşına
gəlməyi, özünə
güvənci öyrədir.
- Oxuduğunuz ali məktəb,
seçdiyiniz ixtisas barədə...
- Əsası 1303-cü ildə qoyulmuş "La Sapienza" Universiteti təkcə İtaliyanın
deyil, bütün Avropanın ən qədim ali
məktəblərindən biridir. "La Sapienza" latıncadan tərcümədə müdriklik,
bilik, elm deməkdir. Universitet ilk vaxtlarda tədqiqatçılar,
alimlərin birliyi kimi yaranıb. Tələbə sayına görə
isə Avropanın ən böyük universitetidir. Hazırda bu ali məktəbdə 180
min tələbə təhsil
alır. Ali məktəbin
11 fakültəsində 10 mindən
artıq professor-müəllim
heyəti çalışır. Mənim təhsil aldığım
beynəlxalq inkişaf
və əməkdaşlıq
elmləri ixtisası isə universitetin ən qədim fakültələrindən biridir.
Bu fakültənin bir çox məzunları İtaliyanın
siyasi həyatında vacib rola malikdirlər.
Məsələn, İtaliyanın
hazırkı xarici işlər naziri xanım Federik Mogerini bu fakültənin məzunudur. Universitetin tanınmış məzunlarından eləcə
də məşhur pedaqoq Mariya Montessori, yazıçı Qabriel Annunsio, kinorejissor Bernardo Bertoluççininin adlarını
çəkmək olar. 2013-cü ilin
nəticələrinə görə
"La Sapienza" dünyanın
150 ən yaxşı universiteti
sırasındadır və
İtaliyanın milli universitetləri
arasında ilk yeri tutur.
- Sizə dərs deyən hansı məşhur alimlərin adlarını çəkərdiniz?
- Mənə daha
çox alimlər deyil, siyasətçilər
dərs keçirlər.
Məsələn, Riccardo
Migliori, İtaliyanın
Deputatlar Palatasının
üzvü, eyni zamanda da İtaliyanın
ATƏT-dəki nümayəndəliyinin
prezidenti olub. Daha sonra Massimo Mamberti, uzun illər İtaliya Xarici Ticarət İnstitutunun prezidenti kimi çalışıb və
s.
- Oxuduğunuz ali məktəbdə
müəllim-tələbə münasibəti necədir?
- Məncə, müəllim-tələbə
münasibətləri İtaliyada fərqlidir.
Burada müəllim tələbəyə özünü
analiz etmək imkanı
verir. Sən oxudun, dərsə
gəldin, ya gəlmədin, onun üçün maraqlı
deyil. Bu zaman tələbədə özünü
tənqid etmə
xüsusiyyəti inkişaf
edir. Bir dəfə dərsə
gecikəndə bunun səbəbini izah edərək üzr istədim. Müəllimim bizə dərs
keçdikdən sonra
öz doktorantura dərsinə gedəcəyini
və bu halda da onun
tələbə kimi dərsə gecikəcəyini
bildirdi.
- Universitetdə əcnəbi
tələbələrə münasibət necədir?
- Mənim təhsilim
italyan dilində olduğu üçün təhsil
aldığım qrupda
yeganə tələbəyəm.
Düzünü desəm, ilk iki
həftə ərzində
mən qrupumu dəyişməyi düşünürdüm.
Çünki məni qəbul
etməyəcəkləri qərarına
gəlmişdim. Onlar heç
Azərbaycanın harada
yerləşdiyini bilmirdilər.
Amma yavaş-yavaş özüm,
ölkəm haqqında
məlumat verdim, onlarda ölkəmizə, mədəniyyətimizə böyük
maraq yarandı. Ümumilikdə isə "La Sapienza"da
əcnəbi tələbələrin
sayı çoxdur.
- Gənclərimizin xaricdə
təhsil almaq səylərinə necə
baxırsınız?
- Xaricdə təhsil almaq böyük bir fürsətdir. Çox məmnunam ki, bizim dövlətimiz bizə bu şəraiti
yaradıbdır. Əsas məsələ
isə aldığımız
bilikləri xaricdə
təhsil almayan soydaşlarımızla bölüşməkdir.
Bu başqa bir
təcrübədir. İnsanın bir fərd kimi
formalaşmasında, sərbəst
həyata başlamasında
böyük əhəmiyyətə
malikdir.
- Tələbə həyatınız
necə keçir?
- Tələbə həyatım olduqca intensiv keçir. Mən tələbə olmaqla yanaşı, eyni zamanda Azərbaycan
Respublikasının İtaliyadakı
səfirliyində də çalışıram.
Buna görə də sevimli hobbilərimə vaxt ayırmağa o qədər
də vaxtım qalmır. Kitabları çox sevirəm, məsələn, ötən
ilin avqustundan bu günə kimi çox sayda kitab almışam.
Bir neçə gün onları saydım, hazırda 32-sini hələ
də oxumamışam.
- Asudə vaxtınız olurmu?
- Asudə vaxtım yalnız həftə sonları olur və o zaman bacardığım
qədər səyahət
etməyə çalışıram.
Əslində, dünyanın
ən məşhur böyük şəhərlərindən
o qədər də tanınmayan kiçik şəhərlərə,
qəsəbələrə səyahəti, həmin yerləri kəşf etməyi çox xoşlayıram. İtaliya isə
bu cür kiçik, lakin tarixi yaşadan
məkanlarla zəngindir.
- Azərbaycan diasporası ilə
əlaqələriniz...
- Səfirliyimizin dəstəyi
ilə İtaliyada, eləcə də Romada təhsil alan tələbələrimizin
iştirakı ilə
bir sıra tədbirlər keçiririk. Həm Azərbaycanın tarixinin, zəngin mədəniyyətinin təşviq
edilməsi, həm də Dağlıq Qarabağ münaqişəsi,
Xocalı soyqırımı
zamanı soydaşlarımızın
başına gətirilən
müsibətlərin dünya
ictimaiyyətinə çatdırılması
sahəsində təqdirəlayiq
tədbirlər həyata
keçirilir. Təbii ki, mən də bu tədbirlərdə
fəal iştirak edirəm. Hər bir azərbaycanlı
tələbə kimi Azərbaycan həqiqətlərinin
dünyaya çatdırılmasında
əlimdən gələni
edirəm. Biz Romada İtaliya-Azərbaycan mədəniyyət
gecələri, italyan
və azərbaycanlı
gənclər arasında
şəbəkələşməyə
xidmət edən tədbirlər həyata keçirir, həmçinin Azərbaycan
və eyni zamanda İtaliya bədii ədəbiyyat nümunələrinin tərcümə
edilməsi sahəsində
fəaliyyət göstəririk.
- Çətinlikləriniz nə
ilə bağlıdır?
-Həyat çətinliklərlə
doludur. Məncə, həyatı daha
da maraqlı, rəngarəng edən də elə bu çətinliklərdir.
Mən çətinliklərin öhdəsindən
gəlməyi çox
sevirəm. Təbiətcə çox pozitiv insanam, dostlarım da bunu təsdiq
edə bilərlər.
Çətinlikləri gülümsəyərək qəbul edirəm. Təbii ki, onların öhdəsindən gəlməyə
ailəm və dostlarım dəstək olurlar.
- Gələcək planlarınız?
- Azərbaycan daim
inkişaf edən güclü
bir ölkədir. Ölkə rəhbərliyinin
apardığı məqsədyönlü, ardıcıl
siyasət nəticəsində Azərbaycanın davamlı
inkişafı təmin olunub. Buna görə də gənclərimiz
qarşısında geniş imkanlar açılıb. Hər bir addımda qarşımıza bir-birindən dəyərli imkanlar, perspektivlər açılır. Ona görə də hələlik hansı strukturda, hansı sahədə
çalışacağıma dair qərar
verməmişəm. Amma Azərbaycana layiq bir vətəndaş
olmağıma, harada olmağımdan
asılı olmayaraq daim Vətənimə layiqincə xidmət edəcəyimə əminəm.
- Biz də sizə təhsil yollarında və gələcək karyeranızda uğurlar arzulayırıq.
Oruc
MUSTAFAYEV
Azərbaycan müəllimi.- 2014.- 14 mart.- S.5.