Məktəbəqədər
təhsilə diqqətin artırılması
ölkənin inkişafını şərtləndirən
amildir
Mikayıl
CABBAROV,
Azərbaycan
Respublikasının təhsil naziri
İnsanlar yazı və oxunun nə
olduğunu bilmədikləri bir zamanda belə uşaqların
tərbiyəsinə xüsusi diqqət yetirirdilər. Tarixən Azərbaycan ailəsində uşağa,
onun tərbiyəsinə münasibət milli-etnik və mədəni
dəyərlərimiz əsasında
formalaşmışdır. Uşağın
dünyaya gəlməsi hər bir evə sevinc, fərəh gətirən,
ailə bağlarını möhkəmləndirən
mühüm amil kimi dəyərləndirilib. Övladının ağıl, kamal sahibi olması,
bir sənətə yiyələnməsi, ləyaqətli insan
olaraq formalaşması hər bir valideynin həyat
amalını təşkil etmiş, uşağın tərbiyəsində
başlıca istiqamətə çevrilmişdir.
Əslən azərbaycanlı, Şərq aləmində
böyük filosof və alim kimi məşhurlaşan Nəsirəddin
Tusi "Əxlaqi-Nasiri" əsərində
"uşaq" anlayışı, onun təlim-tərbiyəsi,
şəxsiyyət kimi formalaşması üçün
aparılmalı işləri üç nisbi mərhələyə
ayırır: "Uşaq doğulanda ilk növbədə ona
yaxşı bir ad qoymaq lazımdır... Daha sonra onu tərbiyə
etməyə, nizam-intizama öyrətməyə başlamaq
lazımdır... Elm dalınca getsə, ...əvvəlcə
əxlaq dərsi vermək, sonra isə hikmət nəzəriyyəsinə
keçmək lazımdır".
Alim uşağı valideynin bağçasında
ağaca bənzədir və inanır ki, valideyn övladı necə
yetişdirərsə, o cür də bar verər. O,
uşaqların tərbiyəsi ilə yanaşı, həm də
onların elmə, yaxud peşəyə yiyələnməsini,
habelə ünsiyyət bacarıqlarının
inkişafını da təmin etməyi valideynin əsas vəzifəsi
hesab edir.
Elmi-pedaqoji araşdırmalar göstərir
ki, insan ömür boyu öyrəndiyinin böyük bir hissəsini
altı yaşına qədər mənimsəyir. Məhz bu dövrdə uşağın idraki və
fiziki inkişafının təməli qoyulur. Bu təməlin nə qədər möhkəm və
düşünülmüş olması şəxsiyyətin
gələcək inkişafını təmin edir və onun həyat
fəlsəfəsini, cəmiyyətə
baxışlarını müəyyənləşdirir.
Tərbiyə ümumbəşəri anlayış olsa
da, hər bir xalqı səciyyələndirən öz milli,
mənəvi xüsusiyyətləri: ana dili, dini, tarixi, ədəbiyyatı,
incəsənəti, mədəniyyəti, adət və ənənələri
vardır. Bütün bunlar həmin xalqın
milli mənəviyyatını təşkil edir, böyüməkdə
olan nəslin tərbiyəsində böyük rol oynayır.
Ümumiyyətlə, insan tərbiyəsi, onun getdikcə
kamilləşməsi, cəmiyyət üçün dəyərli
şəxsə çevrilməsi hər bir dövrdə
filosofların, pedaqoq-alimlərin tədqiqat obyekti olmuş, tərbiyəetmə
fəaliyyətinə insanın dünyaya gəldiyi ilk
günlərdən, hətta ana bətnində olarkən
başlanmasının vacibliyini tutarlı faktlarla sübuta
yetirmişlər. Uşaqların erkən
vaxtlarından tərbiyə olunmasını həyata
keçirən xüsusi müəssisələrin
olmadığı bir dövrdə bu vacib məsələ
bilavasitə ailələrdə yerinə yetirilmişdir.
Zaman ötdükcə insanların məşğulluğunun
getdikcə artması məktəbəqədər müəssisələrin
yaradılması zərurətini meydana
çıxarmışdır.
Məktəbəqədər təhsil müəssisələrinin
tarixi ondan başlamışdır ki, XIX əsrdə Almaniyada
Fridrix Frebel 3-7 yaşlarında uşaqların idraki, fiziki və
sosial baxımdan
inkişafını təmin edən oyunlardan ibarət
kurikulum tərtib etmişdir. Bu kurikulumun tətbiqində
əsas məqsəd uşaqları məktəbə
hazırlamaqdan ibarət idi. Təhsil
işçiləri belə təhsil proqramlarının
faydasını müşahidə etdikcə məktəbəqədər
tərbiyə işi tədricən İngiltərə, Kanada,
Birləşmiş Ştatlarda da tətbiq edilməyə
başlandı. Sonralar bu, təhsilin ayrılmaz hissəsi kimi
bütün dövlətlər və cəmiyyətlər tərəfindən
qəbul edildi.
Azərbaycanda məktəbəqədər
təhsilin tarixi 1907-ci ildən başlanmışdır. Məhz həmin ildə ilk dəfə olaraq
Bakının Bayıl qəsəbəsində Alisa
Radçenko tərəfindən uşaq tərbiyə müəssisəsi
təşkil edilmişdir. Burada
uşaqların fiziki, bədii, əxlaqi və əqli
inkişafı əsas hədəf kimi müəyyənləşdirilmişdi.
Sonrakı dövrlərdə məktəbəqədər
təhsil müəssisələrinin şəbəkəsi
genişləndirildi və Azərbaycanın müxtəlif
şəhər və rayonlarında yeni məktəbəqədər
təhsil müəssisələrinin təşkilinə
başlandı.
Bununla belə, etiraf etmək lazımdır ki,
keçmiş sovet dönəmində ümumtəhsil məktəbləri
ilə müqayisədə məktəbəqədər təhsilin
inkişafına, onun təkmil infrastrukturunun
yaradılmasına nisbətən az diqqət
yetirilmişdi. Bölgələrdə
müasir, birtipli layihə ilə tikilən müəssisələr
xeyli azlıq təşkil edirdi.
İnkarolunmaz faktdır ki, ölkəmizdə
məktəbəqədər müəssisələrin
inkişafı Azərbaycanın müstəqillik illərinə
təsadüf edir.
Hazırda Azərbaycan Respublikasında 111090
uşağı əhatə edən 1677 məktəbəqədər
təhsil müəssisəsi, o cümlədən 537 uşaq
bağçası, 1110 körpələr evi-uşaq
bağçası, 25 körpələr evi, 5 məktəb-bağça,
sağlamlıq imkanları məhdud uşaqlar
üçün 4 xüsusi uşaq bağçası, eyni
zamanda 12 müəssisədə 19 xüsusi təhsil
qrupları, 4 sanator tipli məktəbəqədər təhsil
müəssisəsi fəaliyyət göstərir.
Respublikamızda təhsilin bütün
sahələrinə, o cümlədən məktəbəqədər
təhsilə dövlətimiz tərəfindən xüsusi
diqqət və qayğı göstərilir, xüsusi dövlət
proqramları həyata keçirilir. Məktəbəqədər
təhsil sahəsində mövcud olan problemlərin aradan
qaldırılması, təhsilin müasir tələblər
səviyyəsində qurulmasının təmin olunması
istiqamətində kompleks tədbirlər yerinə yetirilir.
Azərbaycan Respublikası Prezidentinin sərəncamı
ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında məktəbəqədər
təhsilin yeniləşdirilməsi Proqramı (2007-2010-cu illər)"
çərçivəsində 37 yeni məktəbəqədər
təhsil müəssisəsi inşa edilərək istifadəyə
verilmiş, 52 məktəbəqədər təhsil müəssisəsində
əsaslı təmir işləri aparılmış,184
müəssisə müvafiq avadanlıqlarla, o cümlədən
oyuncaq və idman avadanlıqları, texniki vasitələrlə
təchiz olunmuşdur. Eyni zamanda bütün məktəbəqədər
təhsil müəssisələri müxtəlif təlim vəsaitləri
ilə təmin edilmişdir.
Azərbaycan Respublikası Prezidentinin təsdiq etdiyi
2011-2013-cü illərdə Bakı şəhərinin və
onun qəsəbələrinin, habelə regionların
sosial-iqtisadi inkişafına dair dövlət proqramlarına əsasən,
paytaxtda və onun qəsəbələrində 174 məktəbəqədər
müəssisə əsaslı təmir olunmuş, 34 müəssisədə
əsaslı təmir işləri gedir. Respublikanın
digər şəhər və rayonlarında 1 yeni məktəbəqədər
təhsil müəssisəsi inşa edilmiş, 41 müəssisədə
əsaslı təmir işləri aparılmışdır.
Dövlət məktəbəqədər
təhsil müəssisələri şəbəkəsinin
genişləndirilməsi ilə yanaşı, özəl
sektorun da inkişafı böyük əhəmiyyət kəsb
edir. Yeni qəbul olunmuş "Körpələr evlərinə,
körpələr evi-uşaq bağçalarına, uşaq
bağçalarına, xüsusi uşaq
bağçalarına və uşaq evlərinə müddətli
vergi güzəştlərinin verilməsi haqqında"
qanuna əsasən 2014-cü il yanvarın
1-dən başlayaraq 10 il müddətinə məktəbəqədər
təhsil müəssisələri Vergi Məcəlləsi ilə
müəyyən edilmiş hüquqi şəxslərin mənfəət
vergisini və sadələşdirilmiş vergini ödəməkdən
azad edilirlər. Bu isə uşaqların intellektual,
fiziki və psixoloji inkişafı üçün lazımi
şəraitin yaradılması ilə yanaşı, bu sahənin
inkişafının təkcə dövlət sərmayələri
ilə deyil, həmçinin özəl sektorun
iştirakının stimullaşdırılması yolu ilə
təmin etmək məqsədi daşıyır.
Məktəbəqədər təhsil Avropada
yüksək ictimai əhəmiyyət kəsb etməklə
sosial xidmətlər qrupuna məxsusdur və Avropa
İttifaqının siyasətinin prioritetlərindən
biridir. Avropa İttifaqının üzvləri olan
dövlətlər 3 yaşadək olan bütün Avropa
uşaqlarının üçdə birinin və
bütün 3-6 yaşlı uşaqların 90 faizinin keyfiyyətli
məktəbəqədər təhsillə əhatə
olunmasını hələ 2010-cu ilədək vəzifə
olaraq qarşıya qoymuş, 2020-ci ilədək isə
uşaqların məktəbəhazırlıq təhsilinə
cəlbolunma göstəricisinin yüksəldilməsini təklif
etmişlər.
ABŞ-da məktəbəqədər təhsil
icbari hesab edilmir. Lakin 2013-cü ilin fevral
ayında bəyan edilmiş bütün amerikalılar
üçün erkən yaşlı uşaqların təhsili
üzrə Obama Planında hər bir uşağın məktəbəqədər
təhsillə təmin olunması təklif edilir. Bu məqsədlə böyük miqdarda investisiya yatırımı
nəzərdə tutulur. Amerikada
uşaqların məktəbəqədər təhsillə əhatə
olunması həm dövlət, həm də özəl sektor
tərəfindən həyata keçirilir.
Çində məktəbəqədər
təhsil pilləsi bütün cəmiyyətin
resurslarının səfərbərliyi sayəsində
inkişaf etdirilir. Məktəbəqədər
təhsil müəssisələrində tətbiq olunan təhsil
proqramları sistemli, məqsədli və çoxtərəflidir.
Çində 3 yaşdan 6 yaşadək
uşaqlar məktəbəqədər təhsilə cəlb
olunur. Çin məktəbəqədər
təhsilə olduqca ciddi diqqət yetirən azsaylı ölkələrdən
biridir.
Yaponiyada məktəbəqədər təhsil
pilləsi məcburi deyil. Yalnız
valideynlərin arzusu ilə adətən uşaqlar dörd
yaşından uşaq bağçasına gedir. Bəzən valideynlər çox məşğul
olduqları halda onların uşaqları 3 yaşından
uşaq bağçasına götürülə bilər.
Yaponiyada 1 yaşlı uşaqlar
üçün körpələr evi vardır, lakin
uşaqları belə erkən ailədən vermək məsləhət
görülmür. Həmin müəssisələrə
uşaqların yerləşdirilməsi valideynin körpəsini
3 yaşadək tərbiyə etmək imkanı
olmamasını ciddi səbəblərlə əsaslandırılmış
xüsusi müraciəti olduğu halda mümkündür.
Rusiyanın 2013-cü ildə təsdiq edilmiş "Məktəbəqədər
təhsilin federal dövlət təhsil Standartı"na əsasən,
bu təhsilin başlıca məqsədi uşağın
şəxsiyyətinin, təşəbbüskarlıq və
yaradıcılıq qabiliyyətlərinin, sosial
bacarıqlarının inkişaf etdirilməsidir. Bütün
bunlara böyüklərlə və yaşıdları ilə
əməkdaşlıq şəraitində yaşa uyğun fəaliyyət
növləri vasitəsilə nail olmaq nəzərdə
tutulur. Uşaqların fərdi inkişafı və
sosiallaşması üçün inkişafetdirici təhsil
mühitinin yaradılması əsas istiqamət kimi qeyd edilir.
Məktəbəqədər təhsil dövlət,
özəl və bələdiyyə müəssisələrində
həyata keçirilir.
Beləliklə, dünyanın müxtəlif
qabaqcıl təhsil təcrübələrində müəyyən
məqamlarda fərqli baxışlar müşahidə edilsə
də, konseptual yanaşma çox bənzərdir. Fərqli mədəniyyət,
pedaqoji elm və təcrübənin inkişaf istiqamətlərinin
özünəməxsusluğuna baxmayaraq, müxtəlif
ölkələrdə pedaqoqlar oxşar problemləri həll
edirlər: məktəbəqədər təhsilin məzmununun,
metod və vasitələrinin müəyyənləşdirilməsi,
uşaqların harmonik, psixofiziki və sosial inkişafı;
müxtəlif yaş dövründə olan uşaqların
qarşılıqlı əlaqə təcrübəsinin zənginləşdirilməsi
üçün şəraitin yaradılması, onların mədəni-etnik
müxtəlifliyi barədə təsəvvürlərinin
genişləndirilməsi; sağlamlıq imkanları məhdud
uşaqlarla sağlam uşaqların birgə tərbiyəsi və
təlimi.
Göründüyü kimi, bütün
dünyada məktəbəqədər təhsil və onun
inkişaf etdirilməsi ilə bağlı məsələlər
öz aktuallığını saxlayır.
Nəyə görə məktəbəqədər
təhsil müəssisələrinə bütün
uşaqların cəlb edilməsi bu qədər zəruridir? Məktəbəqədər təhsil uşaqlara və
cəmiyyətə nə verir? Tədqiqatlar göstərir
ki, məktəbəqədər təhsil müəssisələrində
tərbiyə almış uşaqlar istər idraki, emosional, istərsə
də fiziki baxımdan ümumi təhsil müəssisələrində
təhsilə daha hazırlıqlı olurlar. Burada uşaqlara
kiçik problemlərin həllinə nail olmaq
üçün müstəqil şəkildə
çalışmaq, idraki və emosional, habelə fiziki fəaliyyətdə
olmaq öyrədilir. Məktəbəqədər
təhsil müəssisələrinə sosial bacarıqlar və
davranış problemləri ilə gələn uşaqlarda bir
müddət sonra bunların aradan
qaldırıldığı müşahidə edilir.
Sirr deyil ki, bütün cəmiyyətlərdə
insanlar müxtəlif səbəblərdən fərqli sosial
təbəqələrə mənsub olurlar. Bu da dünyaya gələn körpələrin
müxtəlif maddi, intellektual səviyyəli ailələrdə
formalaşmasına gətirib çıxarır. Bəzən ailənin müəyyən maddi çətinlikləri
olmasına baxmayaraq, valideynlər övladlarının fiziki,
psixi baxımdan sağlam inkişafı, tərbiyəsi və
təhsilinə xüsusi qayğı ilə yanaşırlar.
Bəzən də təəssüflə qeyd etmək
lazımdır ki, əksinə proses baş verir. Uşaqların qidalanmasına, gigiyenasına kifayət qədər diqqətin
ayrılmaması, onların təhsilinin lazımi səviyyədə
təşkil edilməməsi, həkim nəzarətindən kənarda
qalması uşağın inkişafında müxtəlif
ciddi problemlər yaradır. Belə sosial fərqliliyin
uşağın sağlamlığına və şəxsiyyət
olaraq tərbiyəsinə mənfi təsirlərini aradan
qaldırmaq üçün məktəbəqədər təhsil
müəssisələrinə uşaqların cəlbi faizini
yüksəltmək ciddi vəzifə kimi gündəmdə
dayanır.
Məktəbəqədər təhsil
dövlətə nə verir? Bu təhsil
dövründə uşaqların fiziki, sosial və idraki
inkişafının düşünülmüş şəkildə
təşkili onun bütün gələcək taleyinə
öz təsirini göstərir. Mütəxəssislər hesab edirlər ki,
mükəmməl məktəbəqədər təhsil
yalnız təhsilin növbəti mərhələsində
uşağın nailiyyət göstəricilərinin yüksəldilməsi
baxımından əhəmiyyətli olmayıb, həm də
öz sosial, iqtisadi ehtiyaclarını təmin edən vətəndaşın
formalaşdırılmasında böyük rol oynayır. Belə vətəndaşları olan dövlətdə
isə kasıblığın səviyyəsi
aşağı düşür, cinayətkarlıq azalır.
Bu da insanların maddi rifahını və təhlükəsizliyini
təmin edir. Bütün göstərilənlər
dövlətin və dövlətçiliyin qüvvətlənməsinə
xidmət edir.
"Təhsil haqqında" qanunda Azərbaycan dövləti
qarşısında öz məsuliyyətini dərk edən,
xalqının milli ənənələrinə və
demokratiya prinsiplərinə, insan hüquqları və
azadlıqlarına hörmət edən, vətənpərvərlik
və azərbaycançılıq ideyalarına sadiq olan,
müstəqil və yaradıcı düşünən vətəndaş və şəxsiyyət
yetişdirmək təhsilin əsas məqsədlərindən
biri kimi önə çəkilir. Qanunda məktəbəqədər
təhsilin ilk və vacib pillə olmaqla ailənin və cəmiyyətin
maraqlarına uyğun olaraq, uşaqların erkən yaş
dövründə intellektual, fiziki və psixi
inkişafını, sadə əmək vərdişlərinə
və həyati bacarıqlara yiyələnməsini, istedad və
qabiliyyətinin üzə çıxarılmasını,
sağlamlığının qorunmasını, estetik tərbiyəsini,
şəxsiyyət kimi formalaşmasını, məktəb təliminə
hazırlığını, təbiətə və insanlara
həssas münasibətinin formalaşmasını təmin
etməli olduğu göstərilir, məktəbəqədər
təhsilin inkişaf etdirilməsi əsasən 3 səbəbdən
vacib hesab edilir:
1. Aparılmış tədqiqatlara görə,
uşaqların erkən yaşdan təhsilinə qoyulan sərmayə
iqtisadi və sosial baxımdan daha yüksək
faydalılıq əmsalına malikdir. Başqa
sözlə, tədqiqatlar göstərir ki, bu yaş
dövründə uşağın inkişafına xərclənən
vəsait sonradan dəfələrlə artıq gəlir gətirir.
2. Məktəbəqədər təhsil valideynlərə
daha artıq dərəcədə dəstək olmaqla
qadınların məşğulluq göstəricilərinə
xüsusilə müsbət təsir edir.
3. Məktəbəqədər təhsil vasitəsilə
uşaqlar arasında bərabərlik imkanlarının
yaradılması sonradan cəmiyyətin müxtəlif sosial təbəqələri
arasında fərqlərin azalmasına gətirib
çıxarır.
"Təhsil haqqında" qanunda fasiləsizlik,
vəhdətlik, dinamiklik təhsil sahəsində dövlət
siyasətinin əsas prinsiplərindən biri kimi qeyd
edilmişdir. Qanuna görə, mövcud təhsil
standartları, tədris proqramları və planları əsasında
təhsilin bir neçə səviyyədə əldə
edilməsi imkanı, təhsilin ayrı-ayrı pillələri
arasında sıx dialektik qarşılıqlı əlaqənin
təmin olunması və onun insanın bütün həyatı
boyu ardıcıl davam etməsi vacib məsələ olaraq irəli
sürülmüşdür. Bununla belə, respublikada məktəbəqədər
yaşlı uşaqların təhsil müəssisələrinə
cəlbi 14,8 faiz təşkil etdiyindən
bu yaşda uşaqların 80 faizindən çoxu davamlı və
ardıcıl təhsil imkanından kənarda qalır. Halbuki
Təhsil Nazirliyi tərəfindən aparılmış milli
qiymətləndirmə tədqiqatları da sübut edir ki, bir
ildən artıq uşaq bağçasına getmiş
uşaqlar ibtidai təhsilin sonunda uşaq bağçasına
getməmiş uşaqlardan ana dili fənni üzrə 4%,
riyaziyyat fənni üzrə isə 5% daha yüksək nəticə
göstərmişlər. Ona görə məktəbəqədər
təhsil müəssisələrindəki təlim-tərbiyə
prosesi ailələrdəki eyni prosesin, ibtidai təhsil isə
məktəbəqədər təhsil və məktəbə
hazırlıq təliminin davamı kimi vahid sistemdə birləşməlidir.
Yalnız bu halda uşağın psixoloji və
mənəvi cəhətdən məktəb təliminə
hazır olmasından danışıla bilər. Belə bir sistemin qurulması, heç şübhəsiz,
ibtidai təhsilin keyfiyyətinə əhəmiyyətli dərəcədə
müsbət təsir göstərə bilər.
Məktəbəqədər təhsil sahəsində
mövcud problemlərin artıq yüksək səviyyədə
tanınmasının nəticəsidir ki, bu təhsil
növü Azərbaycan dövlətinin təhsil siyasətində
prioritet sahə hesab edilmişdir. "Azərbaycan
2020: gələcəyə baxış" İnkişaf
Konsepsiyasında ölkə üzrə azyaşlı
uşaqların məktəbəqədər təhsilə cəlbolunma
səviyyəsinin orta Avropa göstəricisi səviyyəsinə
çatdırılması əsas məqsəd kimi təqdim
edilir. Buna nail olmaq üçün
isə məktəbəqədər təhsil müəssisələri
şəbəkəsinin genişləndirilməsi, onların
şərait və təchizatının
yaxşılaşdırılması, habelə bu sahədə
müxtəlif tipli, məsələn, icma və ailə tipli
müəssisələrin yaradılmasına xüsusi önəm
verilir.
Konsepsiyada göstərilən bu məqsədlərdən
çıxış edərək Azərbaycan Respublikası
Prezidentinin 2013-cü il 24 oktyabr tarixli sərəncamı ilə
təsdiq edilmiş "Azərbaycan Respublikasında təhsilin
inkişafı üzrə Dövlət Strategiyası" sənədində
məktəbəqədər təhsilin inkişafına
yönəlmiş bir sıra hədəflər öz əksini
tapmışdır:
* qabaqcıl beynəlxalq təcrübə
əsasında məktəbəqədər təhsil üzrə
pedaqoji və idarəetmə heyətinin müstəqil
sertifikatlaşdırma (lisenziyalaşdırma) sisteminin
yaradılması;
* erkən yaşlı
uşaqların məktəbəqədər təhsillə əhatəsinin
90 faiz səviyyəsinə çatdırılması;
* məktəbəhazırlıq təhsilinin
(1 il) icbariliyinin təmin olunması.
Məktəbəqədər təhsil müəssisələrinin
Təhsil Nazirliyi ilə birbaşa tabeçilik münasibətlərinin
olmamasına baxmayaraq, son 10 ayda Təhsil
Nazirliyi tərəfindən ümumtəhsil məktəblərində
məktəbəhazırlıq qruplarının
yaranmasını dəstəkləyən addımlar
atılmış, bu qruplara cəlb edilən uşaqların vaxtından
əvvəl I sinfə müsahibəsiz qəbul olunması barədə
qərar qəbul olunmuşdur.
Strategiya sənədində eyni zamanda məktəbəqədər
təhsil üzrə kurikulumun tətbiqinin sürətləndirilməsi
zəruri hesab edilmişdir. Kurikuluma
əsasən, məktəbəqədər təhsil
uşağın ətraf aləmlə harmoniyasını təmin
etməyə, xeyirxah hisslər oyatmağa, əməkdaşlığa
və müsbət özünütəsdiqə nail olmaq
baxımından əhəmiyyətlidir. Məhz
bu dövrdə uşaqlarda ətraf aləm haqqında ilkin təsəvvürlər,
təfəkkür elementləri formalaşır, ətraf aləmin
hadisələri, sadə qanunauyğunluqları arasında
qarşılıqlı əlaqələri müəyyənləşdirmək
və əldə edilmiş bilikləri müstəqil tətbiq
etmək bacarıqları yaranır.
Məktəbəqədər təhsilin proqramı
(kurikulumu) müasir dünya təcrübəsinə uyğun
yeni baxış və yanaşmalar əsasında hazırlandığından
onun etibarlılığını, nəzərdə tutulan nəticələrin
reallaşmasına hansı səviyyədə təminat verəcəyini
sınaqdan keçirmək üçün həmin
proqramın (kurikulumun) pilot qaydasında tətbiqi məqsədilə
respublikanın 15 pilot şəhər və rayonunda məktəbəqədər
təhsil müəssisələrinin pedaqoji işçiləri
üçün təlimlər keçirilmişdir. Bu təlimlərdən 3093 tərbiyəçi
keçmişdir.
Bununla yanaşı, məktəbəqədər təhsil
müəssisələrində işin keyfiyyətinin yüksəldilməsi
məqsədilə bir sıra pilot layihələr həyata
keçirilmişdir.
Azərbaycan hökuməti ilə Beynəlxalq
İnkişaf Assosiasiyası (Dünya Bankı) arasında
bağlanmış maliyyələşdirmə sazişi
çərçivəsində təsdiq olunan Təhsil
Sektorunun İnkişafı üzrə İkinci Layihədə
nəzərdə tutulmuş "Məktəbəhazırlığın
inkişaf etdirilməsi" komponenti çərçivəsində
"Qısamüddətli təlim qruplarında məktəbəhazırlıq"
və "Valideynlərin maarifləndirilməsi"
proqramları altı pilot rayonda - Bakı şəhərinin Xətai,
eləcə də Lənkəran, Quba, Füzuli,
Şamaxı, Göygöl rayonlarının uşaq
bağçalarında tətbiq edilmişdir. Bu
layihələrə 626 uşaq və 950 valideyn cəlb
olunmuşdur.
2011-ci ildən 2014-cü ilin mart ayınadək davam edən
5 yaşlıların məktəbəhazırlığı
işinin tənzimlənməsi üzrə BP şirkətinin
maliyyə dəstəyi ilə Müasir Təhsil və Tədrisə
Yardım Mərkəzi tərəfindən Şəmkir rayonunun
beş kəndinin uşaq
bağçalarında "İcma nəzdində məktəbəhazırlıq
qruplarının təşkili" layihəsi həyata
keçirilmişdir.
Bununla yanaşı, Avropa Birliyinin maliyyə
dəstəyi ilə Müasir Təhsil və Tədrisə
Yardım Mərkəzi və Azərbaycana Birgə Yardım Təşkilatı
tərəfindən 2012-ci ilin yanvar ayından Sumqayıt şəhəri,
Siyəzən, Biləsuvar və Lənkəran rayonlarında
17 özünədəstək qrupunda "Sosial
Hüquqların İnkişafı - həssas təbəqədən
olan və məktəbəqədər təhsilə cəlb
olunmayan uşaqlar üçün icma əsaslı
strategiyalar" layihəsi həyata keçirilib. Bu layihə məktəbəqədər təhsilə
cəlb olunmayan 3-6 yaşlı uşaqların təhsil və
inkişaf istiqamətli xidmətlərdən istifadə etməsini,
eyni zamanda yerli məktəbəqədər təhsil müəssisələrində
innovativ pedaqoji texnologiyaların tətbiq olunmasına
yardım edilməsini və pedaqoji heyətin məktəbəqədər
təhsilin kurikulumu üzrə hazırlanmasını nəzərdə
tutur. Layihənin səmərəli həyata
keçirilməsi məqsədilə həmin qruplar Təhsil
Nazirliyi tərəfindən müxtəlif metodik və təlim
vəsaitləri ilə təmin olunmuşdur.
YUNİSEF-in dəstəyi ilə
2013-cü ilin yay aylarında Şabran, Gədəbəy və
Yardımlı rayonlarında məktəbəqədər
yaşlı uşaqlar üçün on həftəlik məktəbəhazırlıq
qrupları təşkil edilmişdir. Bu
qruplara 2163 uşaq cəlb olunmuşdur. Təhsil
Nazirliyi həmin qrupları zəruri təlim vəsaitləri
ilə təmin etmişdir.
Bu gün ölkəmizdə məktəbəqədər
təhsil sahəsində görülmüş müsbət
işlərlə yanaşı, bir sıra həllini gözləyən
problemlər də mövcuddur. Bu problemləri 3 əsas
hissəyə ayırmaq olar: məzmun, kadr və infrastruktur.
Məktəbəqədər təhsilin
kurikulumunun tətbiqi üzrə müəyyən işlər
görülsə də, obyektiv və subyektiv səbəblərdən
bir sıra çətinliklər mövcuddur.
Təbii ki, bu problem pedaqoji kadr
hazırlığı ilə bilavasitə əlaqədardır. Bu sahədə aparılan işlər zamanın tələbinə
cavab vermir. Məktəbəqədər təhsilin
kurikulumunun məqsəd və vəzifələrinin həyata
keçirilməsi peşəkarlıq baxımından ciddi
problemləri olan bu kadrların potensial imkanlarının
fövqündədir. Hazırda
respublikanın məktəbəqədər təhsil müəssisələrində
14614 pedaqoi kadr çalışır. Lakin
son illərdə onların ixtisasartırması, kurikulumun tətbiqi
və müasir təlim texnologiyaları baxımından təkmilləşməsi
müəyyən mənada unudulmuşdur. Respublikanın
kənd rayonlarında orta və qeyri-ixtisas təhsilli şəxslərin
məktəbəqədər təhsil müəssisələrində
pedaqoji kadr kimi işlə təmin olunması problemin daha da dərinləşməsinə
gətirib çıxarır. Bildiyimiz
kimi, peşəkar müəllim olmadan ən yüksək səviyyədə
hazırlanmış kurikulumun belə uğurlu tətbiqindən
söz gedə bilməz.
İnfrastruktura gəldikdə isə, respublika üzrə
yaşayış məntəqələrindən 75,5%-də məktəbəqədər
təhsil müəssisəsinin olmaması, mövcud müəssisələrin
əksəriyyətinin əsaslı təmirə
ehtiyacının olması, maddi-texniki bazanın zəifliyi,
354 məktəbəqədər təhsil müəssisəsində
məcburi köçkün ailələrinin məskunlaşması
ölkə üzrə məktəbəqədər təhsil
müəssisələrinə uşaqların cəlbolunma
göstəricisinin aşağı düşməsinə səbəb
olmuşdur.
Göründüyü kimi, bu problemlərin
aradan qaldırılması istiqamətində həlledici
addımlar atmağın vaxtı gəlib
çatmışdır. Cəmiyyətin
müxtəlif xarakterli problemlərinin həllində
aparıcı rol oynayan Heydər Əliyev Fondu bu gün də
dəyərli təklif və təşəbbüslə təhsil
sisteminə öz töhfələrini verir. Heydər Əliyev Fondu tərəfindən məcburi
köçkünlər üçün salınan 83 qəsəbədə
50 uşaq bağçası tikilib. Eyni
zamanda, Bakı şəhərində 11 məktəbəqədər
təhsil müəssisəsi əsaslı təmir olunmuş,
7 yeni uşaq bağçası inşa edilərək istifadəyə
verilmişdir.
Məlumat verildiyi kimi, 2014-cü il
fevralın 24-də Azərbaycanın birinci xanımı, Heydər
Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın rəhbərliyi
ilə Fondun yeni layihəsinin - məktəbəqədər təhsil
müəssisələrinin inkişafı proqramının təqdimatı
keçirilmişdir. Proqram ölkəmizin
bütün bölgələrində uşaq
bağçalarının genişmiqyaslı tikintisi, yenidənqurulması
və əsaslı təmirinin dəstəklənməsini nəzərdə
tutur. 2005-ci ildə Heydər Əliyev Fondunun təşəbbüsü
ilə "Yeniləşən Azərbaycana yeni məktəb"
layihəsinin qısa müddət ərzində uğurla icra
olunduğu kimi qeyd olunan layihənin köməyi ilə məktəbəqədər
təhsil infrastrukturunun müasirləşdirilməsinə, məktəbəqədər
təhsilin səviyyəsinin yüksəlməsinə,
mövcud problemlərin tam aradan qaldırılmasına nail
olunacağına əminliyi ifadə etmək istərdik.
Bu layihənin əhəmiyyəti ondan
ibarətdir ki, onun uğurla həyata keçirilməsi gələcək
nəsillərimizin təhsil nailiyyətlərinə müsbət
təsir göstərəcək, cəmiyyətin bütün
təbəqələrini əhatə edəcək və nəticə
etibarilə ölkəmizin sosial-iqtisadi inkişafı
üçün böyük töhfələr verəcəkdir.
Azərbaycan
müəllimi.- 2014.- 28 mart.- S.2.