Məktəb və İstedad
Müsahibimiz Azərbaycanın xalq artisti Rasim Balayevdir
Rasim Balayev
1948-ci ildə Ağsu
şəhərində anadan
olub. Azərbaycan Teatr
İnstitutunun (indiki Ə.Hüseynzadə adına Mədəniyyət
və İncəsənət
Universiteti) aktyorluq fakültəsini bitirib. Müxtəlif səpgidə çəkilmiş
filmlərdə bir sıra yaddaqalan obrazlar yaratmışdır.
Hal-hazırda Azərbaycan
Kinematoqrafçılar İttifaqının
I katibidir, respublikanın
xalq artistidir. Ailəlidir, iki
oğul atasıdır.
- Rasim müəllim, görkəmli
şəxsiyyətlər dəfələrlə
qeyd ediblər ki, istedadın bünövrəsi uşaqlıq
və yeniyetməlik illərindən qoyulur. Əlbəttə, bu bünövrənin
möhkəmliyi tərbiyəçilərdən
asılıdır. Bu fikrə sizin münasibətinizi bilmək
istərdik.
- Təbii ki, müəllimin
rolu şəxsiyyətin
formalaşmasında mühüm
əhəmiyyət kəsb
edir. Belə ki, uşaq ən
azı ömrünün 10 ilini məktəbə həsr edir. Bu müddət ərzində
o, valideynlərindən çox
müəllimlərlə təmasda
olur. Söhbət istedadlı uşaqdan
gedirsə, mən deyərdim ki, onun qabiliyyətinin, bacarığının inkişafı
daha çox şəraitdən asılıdır.
Münbit şərait
olmasa, ən nadir istedad talanıb məhv ola
bilər. Məhz belə şəraitin
yaradılmasında məktəb
mühüm rol oynayır. Hər bir gəncin
həyat yolunu müəyyənləşdirməkdə, gələcəyinin düzgün
istiqamətləndirilməsində müəllimin rolu əvəzsizdir.
- Siz dediklərinizin oxuduğunuz məktəbdə
tətbiqini necə qiymətləndirərdiniz?
- Mən təhsilimi Ağsu şəhərindəki
1 nömrəli məktəbdə
başa vurmuşam. Oxuduğum illər ərzində demək olar ki, savadlı müəllimlərin əhatəsində
olmuşam. Dərin elmi
biliyə, şəxsi
savada malik şəxslər mənə
dərs demişdir.
Bilirsiniz,
şagirdlər sevmədikləri
müəllimlərlə rəsmi
münasibətdə olur,
ürəklərini onlara
açmır, dərslərini
oxumurlar. Lakin bizim
müəllimlərimiz qəlblərimizə
nüfuz etməyi bacarır, hər birimizin sevincinə, kədərinə şərik
olurdular. Dərslərimizin maraqlı, canlı qurulmasına çalışırdılar.
- Müəllimləriniz hansı
xarakterləri və qabiliyyətləri ilə
yaddaşınızda qalıb?
- İlk dəfə əlimə qələm alıb mənə yazmağı öyrədən ibtidai sinif müəlliməm Tubu yaddaşımda həmişəlik iz buraxmışdır. Onda analıq
hissiyatı o qədər
güclü idi ki, bizi öz
övladları qədər
sevərdi. Başqa müəllimlərdən
Əlisimranın, Təhməzin
və Kamalın adını çəkmək
istəyirəm. Onlar dərsi
elə keçirdilər
ki, 45 dəqiqənin necə ötməsindən
xəbərimiz olmazdı.
Tənəffüs zamanı da
çox vaxt sinifdən çıxmırdıq.
Dediyim sözlər qəribə
səslənsə də,
bu həqiqətən
belə idi. Müəllimlər ayrı-ayrılıqda öz fənnini sevdirməyə çalışırdılar.
Bizimlə söhbət zamanı
heç bir artıq hərəkətə
yol vermirdilər.
Müəllim-şagird
münasibəti ən
incə, zərif, kövrək münasibətdir. Çalışmaq lazımdır ki,
bu münsibətlər
pozulmasın.
- Sizin istedadlı şəxs kimi formalaşmağınızda müəllimlərinizdən
kimlər xüsusi rol oynamışdır? Bunu necə izah edərdiniz?
- 6-7-ci sinifdə oxuyanda
bizə ədəbiyyat
fənnini Nabat müəllimə deyərdi.
Keçdiyimiz hər hansı yazıçının
həyatını öyrənər,
yaradıcılığına gəldikdə isə əsərləri
oxuyub, rolları öz
aramızda bölərdik. Hər bir şagirdə müxtəlif surətlər
tapşırılardı. Ədəbiyyata vurğunluğum,
səlis şeir deməyimlə mən o biri uşaqlardan
fərqlənməyə başlamışdım. Ədəbiyyat
müəlliməm daha sonralar
mənə "Almas", "Vaqif" dramlarından parçalar
əzbərləməyi məsləhət gördü. Getdikcə hiss
edirdim ki, məni qəribə,
sehirli bir aləm
özünə tərəf çəkir. Amma
bu aləmin nə olduğunu
hələ anlamırdım. Və ağlıma belə gətirməzdim
ki, nə vaxtsa aktyor ola bilərəm. İlk dəfə mənə bu
sehrli aləmin nə demək olduğunu anladan, yol göstərən məhz ədəbiyyat
müəlliməm oldu.
Arzum aktyor olmaq, özü də
sevib-seçilən aktyor olmaq
idi. Dərk edirdim ki, arzu, həvəs hələ
hər şey demək deyildir,
gərək insanın özündə bacarıq və
qabiliyyət olsun. Bu
xüsusiyyətlərə malik
olmağımı isə birinci dəfə
müəllimlərimdən eşitdim.
- Məktəbdə keçirilən hansı tədbirlər sizin taleyinizdə, əlbəttə ki, istedadınızın üzə çıxarılmasında və inkişafında mühüm əhəmiyyət kəsb etmişdir?
-Tez-tez
məktəbimizin radio
qovşağında səhnəciklərlə
çıxış edirdim. Bayram günlərinin birində müəllimlərimizin
köməyi ilə M.İbrahimovun "Kəndçi
qızı" əsərini tamaşaya
hazırlamışdıq. Alışanov surəti mənə
tapşırılmışdı. Komik bir obraz idi.
Yaxşı yadımdadır, evdən ata-anamın köhnə
pal-paltarından seçib səhnəyə
uyğununu tapıb geyinmişdim.
İlk dəfə səhnəyə
çıxırdım. Həyəcandan dizlərim əsirdi.
Tamaşa qurtaranda
alqış sədaları zalı bürüdü.
Hiss elədim ki, rolumun öhdəsindən gəlmişəm. Sonralar bir sıra tamaşalarda özümü
sınadım. Deyilənə görə, pis
oynamırdım. Artıq 8-ci sinifdə oxuyurdum.
Qərara aldım ki, gələcəkdə
aktyor olum. Evdəkilərə
arzumu bildirəndə onlar
bu hissin keçəri
olacağını zənn etdilər. Məktəbdə isə
əksinə idi, hamı mənim aktyor olacağıma inanırdı və arzumu çox ciddi qəbul edirdi.
- Məlumdur ki, hər bir istedadlı şəxsin özünəməxsus xarakteri olur. Sizcə, onlar bu xarakterləri ilə şagird yoldaşlarından nə ilə fərqlənirlər və bu fərq şagird kollektivində hansı ziddiyyətləri və ya keyfiyyət dəyişikliklərini yaradır?
- Bilirsiniz,
məktəbdə oxuyarkən özümün
nə dərəcədə istedadlı olmağım
haqqında siz deyən məlumatım yox idi. Xarakterimə
gəldikdə isə təvazökarlıqdan uzaq
da olsa, deməliyəm
ki, hələ uşaqlıqdan həmyaşıdlarımla
ünsiyyətdə olmağa, bütün ictimai işlərdə
iştirak etməyə
çalışırdım. Çoxlu
dostlarım var idi və
onlarla müxtəlif mövzularda
söhbət etməyi xoşlayırdım. Heç vaxt özümə
qapanan adam
olmamışam.
- Siz məktəbdə nələri qazanmısınız və nələri itirmisiniz, bunlarda müəllimlərinizin rolu?
- Mənə elə gəlir
ki, qazandığım itirdiyimdən çox olub. Bir vaxtlar
arzuladığım kimi taleyimin
bu cür uğurlu olmasında, xalqımız tərəfindən
az-çox tanınmağımda mənə
dayaq olmuş, düzgün istiqamətləndirmiş məktəb
müəllimlərimə minnətdaram.
- Təbiidir ki, uşaqlıq və yeniyetməlik illərində qazanılanlar ali məktəb illərində bir az da artırılır və yaxud əksinə olur. Bunu öz üzərinizdə hiss etmisinizmi? Ali məktəb müəllimləriniz sizə qəlbən nə dərəcədə yaxın olublar?
-Teatr İnstitutunda (indiki Ə.Hüseynzadə adına Mədəniyyət
və İncəsənət Universiteti) təhsil
aldığım zaman biz
tələbələri duyan, xeyirxah, sənətini sevən müəllimlərlə
təmasda olmuşam. Məktəbdən fərqli
olaraq, burada sırf aktyorluq sənətini öyrənirdim. Bir vaxtlar mənə əlçatmaz
görünən arzuma, istəyimə
çatmışdım. Artıq sinif
otaqlarını auditoriyalar əvəz edirdi. Həmişə tamaşalarına həvəslə
baxdığım teatr fədailəri,
görkəmli artistlər mənim müəllimlərim idi. Müəllimlərdən mərhum professor Mehdi Məmmədovun,
Müxlis Cənizadənin adlarını xüsusilə qeyd etmək istəyirəm. Onlar
tələbələrə qayğı ilə yanaşırdılar.
İnstitutun o
vaxtkı rektoru Rahib Hüseynovun da köməyi tələbələrdən əskik
olmamışdır. Yataqxanada
qalırdım. Təzə istifadəyə
verilməsinə baxmayaraq, yataqxananın heç bir kommunal şəraiti yox idi, otaqlarda adicə
işıq belə yanmırdı. Dərs kitablarını tapmaq müşkül
işə çevrilmişdi. Şam işığında oturub
dərsimizə hazırlaşırdıq. Çox
məhrumiyyətlər, əziyyətlər çəksək
də dözürdük, çünki
elmə, sənətə ürəkdən
bağlanmışdıq. Bilirdik ki, hansı yükün
altına girmişik, çiynimizi
hansı ağırlığın altına vermişik.
- Yenidən şagird və ya tələbə olsaydınız, nəyə nail olmaq istərdiniz və müəllimlərinizdən nələri tələb edərdiniz?
- Seçdiyim
sənəti lap uşaqlıqdan dəqiqləşdirərdim.
Müəllimlərimdən isə əvvəlki səmimiyyətlərini,
alicənablıqlarını qoruyub
saxlamağı tələb yox, xahiş edərdim. Çünki
həyatda elə müəllimlərim olub
ki, onlardan nəsə
tələb etməyə mənim mənəvi hüququm çatmır.
Müsahibəni apardı:
Samirə KƏRİMOVA,
"Azərbaycan müəllimi",
10 avqust 1993-cü il, ¹21
Azərbaycan müəllimi.- 2014.- 28 mart.- S.4.