Azərbaycanda psixologiya elminin
inkişafında professor Bəxtiyar
Əliyevin rolu
Ötən
əsrin 70-ci illərində Amerika futuroloqları dünyada gedən prosesləri, elm və
texnikanın sürətli
inkişafını və sair faktları təhlil edərək
belə qənaətə gəlirdilər ki, XXI əsr
psixologiya əsri olacaqdır. Həyat sübut etdi ki, həmin
futuroloqlar öz
dediklərində yanılmayıblar. Dünyada baş verən
hadisələri, qloballaşma, millətlərarası
münasibətlərin dərinləşməsi, eləcə
də konfliktlərin artması, informasiya-kommunikasiya texnologiyalarının
geniş
yayılması və s. insan amilinə marağı daha
da artırır. İnsan amilinin
yaratdıqları, istər pozitiv olsun, istərsə də
neqativ, insanın özünü heyrətləndirir və onu
özünə, öz daxili aləminə nəzər
salmağa təhrik edir. Psixologiya əsri peşəkar psixoloqlara olan
ehtiyacı da artırır. Bununla belə hələ
ötən əsrin əvvəllərindən başlayaraq,
xüsusilə ABŞ-da
psixologiya nəzəri elm sahəsi
olmaq funksiyasını yerinə yetirməklə yanaşı
praktik sahələri də əhatə etməyə
başladı və demək olar ki, bu gün psixologiyanın
nüfuz etmədiyi həyat və fəaliyyət sahəsi tapmaq mümkün deyildir. Ona görə də inkişaf
etmiş dünya dövlətlərində peşəkar psixoloqların
hazırlanmasına xüsusi diqqət
yetirirlər. Azərbaycan Respublikası da həm
dünyada gedən prosesləri,
həm Azərbaycan xalqının düşüncə və
təfəkkür tərzini, sosiomədəni
inkişaflarını nəzərə alaraq milli mənliyimizi, milli mədəniyyət
və mənəviyyatımızı qorumaq şərtilə
Qərbə inteqrasiya kursunu həyata
keçirir. Bu isə yeni keyfiyyətin,
düşüncə tərzinin
formalaşdırılmasını tələb edir. Bu asanlıqla baş
vermir, insanlarda yeni məzmunlu motivasiya-tələbat
sferasının yaranmasını
şərtləndirir.
İnteqrasiya, qloballaşma yalnız
müsbət dəyişikliklərə deyil, həm də mənfi
tendensiyaların yaranmasına səbəb olur. Hər kəsə
məlumdur ki, indi dünyada narkotika istifadəçilərinin
sayı günbəgün artır. Aqressiya, suisid
halları, sosial normaların pozulması, deviant davranış
və s. bu kimi neqativ halların artması
Azərbaycanda da müşahidə olunur. Psixi sağlamlığın qorunması,
qarşılıqlı münasibət və ünsiyyətin
qurulması, maddi kapitalın
insan kapitalına çevrilməsi, rəqabətəqabil
şəxsiyyətlərin formalaşdırılması həm
də psixoloji problemdir. Göründüyü
kimi, psixologiya elminə, onu reallaşdıran psixoloq
kadrlarına olan ehtiyac günbəgün artır. Elmin
inkişafı isə başlıca olaraq iki amillə: sosial
mühit, onun tələbləri və ondan az əhəmiyyət
kəsb etməyən tələblərə uyğun nəzəriyyə
və ideyaları irəli sürən alimin səriştəliliyi,
peşəkarlılığı, şəxsi keyfiyyətləri
ilə bağlıdır. Bu keyfiyyətlər
isə hər kəsə deyil, yaradıcı idraka, təxəyyülə,
güclü iradəyə, yorulmadan, bezmədən məqsədyönlü
fəaliyyət göstərə bilənlərə nəsib
olur.
İnkişaf etmiş Qərb dövlətləri,
eləcə də Rusiya ilə müqayisədə Azərbaycanda
elmi psixologiya çox-çox sonralar XX əsrin 20-ci illərindən
yaranmışdır. Məlumdur ki, istənilən elm sahəsinin
yaranması və inkişafı, böyük uğurlar qazanılması qısa bir
müddət ərzində mümkün deyildir. Bu mənada Azərbaycan
psixologiya elminin inkişafını, nailiyyətlərini inkişaf
etmiş ölkələrin nailiyyətləri ilə
müqayisə etmək mümkün deyildir. Bununla
belə, öz yaradıcılıqları ilə Azərbaycan
psixologiya elmini inkişaf etdirən, ən azı
keçmiş SSRİ məkanında tanıtdıran görkəmli
psixoloqlarımız olmuşdur. Onların sırasında ötən əsrin 20-ci illərinin
sonlarında Azərbaycanda ilk psixologiya
laboratoriyalarının
yaradıcısı
F.Ə.İbrahimbəyovun, Ə.K.Zəkizadənin,
A.O.Makovelskinin, M.C.Məhərrəmovun, 70-ci illərdə,
professorlar Ə.S.Bayramovun,
Ə.Ə.Əlizadənin, M.Ə.Həmzəyevin
adlarını iftixarla çəkmək olar. Eyni zamanda 70-ci
illərdə, professor
Ə.Ə.Əlizadənin sözləri ilə desək, "Azərbaycanın psixoloji
elitası çox solğun
görünürdü".
Həmin
dövrdə
psixologiya elminin ağırlığını yalnız
3 nəfər-professorlar
Ə.S.Bayramov, Ə.Ə.Əlizadə M.Ə.Həmzəyev
daşıyırdı.
90-cı illərdə Azərbaycan psixologiya elmində
bir canlanma baş
verdi. Bu canlanmanın səbəblərindən
biri respublikamızın müstəqillik əldə etməsi
ilə yaranan münbit şərait, digəri psixologiya elminə
olan tələbatın artması idisə,
üçüncüsü də yeni nəsil psixoloqların
fəaliyyətə başlaması ilə əlaqədar idi.
Professor Ə.Ə.Əlizadə yazır ki,
"onlar birdən-birə Azərbaycan psixologiyasına yeni və
işıqlı nəfəs gətirdilər". Onların sırasından Moskva Dövlət
Universitetinin psixologiya fakültəsinin
sayılıb-seçilən məzunlarından olan Bəxtiyar
Əliyev xüsusilə fərqlənir, seçilirdi. XX əsrin görkəmli psixoloqlarının rəhbərliyi
ilə böyük psixoloji məktəb keçmiş Bəxtiyar
Əliyev tezliklə öz əsərləri ilə diqqəti
cəlb etməyə başladı.
Professor Ə.Ə.Əlizadə daha sonra yazır:
"Professor B.H.Əliyevin AMEA-nın müxbir üzvü
seçilməsi ilə, mənim fikrimcə, XXI əsr Azərbaycan
psixologiyası tarixində yeni mərhələ, necə deyərlər,
akademiya mərhələsi başlayır".
Ötən əsrin 80-ci illərində
Azərbaycanda, eləcə də SSRİ-də psixologiya elmi o
qədər də nüfuzlu elm sahəsi hesab olunmurdu. Elə cəmiyyətdə də psixologiya elmi haqqında
o qədər geniş məlumat yox idi. Məlumatı olanlarda da səhv
təsəvvür vardı. Halbuki həmin
dövrdə xarici ölkələrdə, xüsusilə
ABŞ-da və Qərbi Avropada psixologiya elmi sürətlə
inkişaf edir, yeni istiqamət və nəzəriyyələr
yaranır, praktikada geniş tətbiq olunurdu. Məhz belə
bir vaxtda - 1978-ci
ildə Bəxtiyar Əliyev Moskva Dövlət Universitetinin
psixologiya fakültəsini seçir və qəbul olunur.
Ötən əsrin 30-cu illərinin ortalarınadək Rusiyada
psixologiya elmi böyük nailiyyətlər qazanmış
nüfuzlu psixologiya məktəblərindən
sayılırdı. Hələ XIX əsrin sonlarından
başlayaraq Moskva və Sankt-Peterburq
məktəbləri əsasən fərqli istiqamətlərdə
tədqiqatlar aparırdılar. Moskva psixologiya məktəbi
daha çox fəlsəfi, Sankt-Peterburq məktəbi fizioloji,
psixofizioloji istiqamətə üstünlük verirdi. Fəlsəfi
istiqamət Bəxtiyar
Əliyevə də
öz təsirini göstərməyə bilməzdi. Tələbəlik illərində
çalışqanlığı, psixologiyaya olan hədsiz
sevgisi müəllimlərinin də diqqətini cəlb edir.
Universiteti qurtardıqdan sonra Moskvada ona bir neçə iş
təklif olunsa da Bakıya qayıdır və 1983-cü ildə
Bakı Dövlət Universitetində baş laborant kimi fəaliyyətə
başlayır.
Moskva
psixologiya məktəbinin təsiri, özünün
maraq dairəsi, eləcə də hələ 80-ci illərin
ortalarından başlayan yenidənqurmanın
təsirilə baş verən milli oyanış bu istiqamətdə
tədqiqatları aktuallaşdırmışdı. Təbii ki, Bəxtiyar Əliyev də
respublikamızda bu sahədə elmi araşdırmalar aparan ilk
tədqiqatçılardan olmuşdur. 1989-cu
ildə "Millətlərarası ünsiyyət
sosial-psixolji təhlil obyekti kimi" mövzusunda
dissertasıya müdafiə edərək fəlsəfə
elmləri namizədi alimlik dərəcəsi alır. Həmin
dissertasiyasında, Qarabağ hadisələrinin ilkin
başlanğınc mərhələsində olmasına
baxmayaraq, ilk dəfə olaraq, Dağlıq Qarabağ Muxtar
Vilayətində baş verən hadisələrə, ermənilərin
davranışına və onları səciyyələndirən
mənfi keyfiyyətlərə diqqəti çəkmiş,
münaqişənin sosial-psixoloji köklərini
araşdırmış, respublikada milli dilə burada
yaşayan hər bir vətəndaşın hörmətlə
yanaşmasının və Azərbaycan dilini bilməsinin
vacibliyi kimi məsələləri
araşdırmışdır. 1988-ci ildə belə
fikirləri elmi surətdə əsaslandırmaq və Moskvaya
göndərmək, xüsusən də orada ermənilərin
yüksək vəzifələri tutmasını nəzərə
alsaq, əlbəttə, böyük cəsarət tələb
edirdi.
Respublikamız müstəqillik əldə etdikdən sonra bütün
digər sahələrdə olduğu kimi, elm və təhsil
sahəsində də, o cümlədən psixologiya elmi sahəsində
də islahatların keçirilməsi zərurəti
yarandı. Uzun illərdən bəri
yığılıb qalmış çoxsaylı problemlər
vardı. Müxtəlif universitet və institutlarda
psixologiya kafedraları fəaliyyət göstərsə də
yüksək ixtisaslı psixoloq kadrları
hazırlanmırdı. 20 il idi ki, respublikada psixologiya üzrə dissertasiya
şurası yox idi. Bu dövrdə çox məhdud
sayda respublikadan kənarda yalnız namizədlik dissertasiyaları
müdafiə olunmuşdu. Praktik
psixoloqların hazırlanmasından söhbət belə gedə
bilməzdi. Dərslik, dərs vəsaitləri, monoqrafiyalar isə
həddən ziyadə az idi. İlk fundamental
"Psixologiya" dərsliyi 1964-cü ildə nəşr
olunmuşdu. 1982-ci ildə rus dilindən
"Ümumi psixologiya" dərsliyi tərcümə
olunaraq nəşr edilir. 1989-cu ildə isə
professor Ə.S.Bayramov və professor Ə.Ə.Əlizadənin
"Psixologiya" dərsliyi nəşr olunur. Halbuki həmin
dövrdə psixologiya
elminin özündə nə qədər yeniliklər,
yeni nəzəriyyələr meydana gəlmişdi. Bundan başqa, hər kəsə məlumdur ki,
bütün ictimai elmlərdə olduğu kimi, psixologiyada da
sovet ideologiyasında irəli gələn bəzi yanaşmalar
mövcud idi.
Respublikada psixologiya elmləri üzrə
cəmi dörd nəfər elmlər doktoru, professor fəaliyyət
göstərirdi.
İqtisadi, siyasi, ideoloji sistem dəyişmişdi
və bu da öz növbəsində psixoloji problem kimi təzahür
edirdi. İnsanlar sanki birdən-birə
gözləmədikləri mühitə
düşmüşdülər. Demokratikləşmə,
humanistləşmə, azad bazar iqtisadiyyatı kursu
götürülmüşdü. Bu isə
yeni keyfiyyətli şəxsiyyətlərin, təfəkkür
və davranış tərzinin daşıyıcıları
olan insanların formalaşdırılması zərurəti
yaratmışdı. Cəmiyyətin psixoloq kadrlarına
kəskin ehtiyacı hiss olunurdu. Təbii ki,
sadalanan və sadalanmayan problemlərin həlli istiqamətində
işlər görülməli idi və ilk addım da
gözlənildiyi kimi BDU-da atıldı. 1993-cü
ildə psixologiya elmləri üzrə ilk dəfə olaraq
daimi fəaliyyət göstərən Dissertasiya Şurası
yaradıldı. Dissertasiya şurasına tanınmış psixoloqlar
professor Ə.S.Bayramov - sədr, professor Ə.Əlizadə - sədr
müavini, dosent Bəxtiyar Əliyev - elmi katib seçilirlər.
2000-ci ildən indiyədək isə AMEA-nın müxbir
üzvü, professor Bəxtiyar Əliyev psixologiya üzrə
Dissertasiya Şurasının sədridir. Yarandığı
vaxtdan bu günədək həmin Dissertasiya Şurasında
11 nəfər doktorluq dissertasiyası müdafiə
etmişdir. Onlardan 9 nəfəri onun sədrliyi
dövründə müdafiə etmiş, o cümlədən
beş nəfərinin
elmi məsləhətçisi professor Bəxtiyar
Əliyev olmuşdur.
Yarandığı vaxtdan - 1919-cu ildən
90-cı illərin ortalarınadək Azərbaycanda yalnız
ümumi və pedoqoji psixologiya üzrə kadrlar
hazırlanmış, monoqrafiya və məqalələr bu
istiqamətdə yazılmışdır. Yalnız
80-ci illərdən başlayaraq professor Ə.S.Bayramov və
professor Ə.Ə.Əlizadənin yazdıqları bir neçə
məqalə və monoqrafiya sosial psixologiya sahəsinə aid
idi. 90-cı illərdə isə məlum oldu ki, hüquq
psixologiyası, klinik psixologiya, korreksion psixologiya, hərbi
psixologiya, iqtisadiyyatın psixologiyası, idarəetmə
psixologiyası və s. sahələrdə tədqiqatların
aparılmasına, ixtisaslı kadrların hazırlanmasına
ciddi ehtiyac var. Bu sahədə olan boşluqların
doldurulması, tələbatın ödənilməsi
üçün ilk addım yenə də professor Bəxtiyar
Əliyev tərəfindən atıldı. 1998-ci
ildə "Cinayət və mülki prosesdə məhkəmə-psixoloji
ekspertizası problemləri" mövzusunda müdafiə
etdiyi doktorluq dissertasiyası respublikamızda bu sahədə
aparılan ilk fundamental tədqiqat kimi qiymətləndirilə
bilər.
Professor Bəxtiyar Əliyevin
yaradıcılığı çoxşaxəlidir. Onun tədqiqatlarında
ekologiyanın və sosial psixologiyanın fəlsəfi-psixoloji
məsələləri, təhsil və tərbiyənin
psixoloji əsasları, şəxsiyyətə yeni yanaşma
və yeni müəllim modeli, insanın ekstremal şəraitdə
davranışının tənzimlənməsi, suisidal
davranışın psixoloji məsələləri, cinayət
və mülki hüququn, həmçinin kriminologiyanın əsas
məsələlərinin, xüsusi psixoloji biliklərin
hüquq praktikasında tətbiqinin metodoloji əsasları,
siyasətin, milli dövlətçilik və demokratik
inkişafın sosial, fəlsəfi və psixoloji aspektləri,
zabit hazırlığının psixologiyası və s. problemlər
araşdırılır.
Əlbəttə, bir alimin müxtəlif
sahələr üzrə bu qədər tədqiqatlar
aparması olduqca çətin və məsuliyyətli bir
işdir. Nəzərə almaq lazımdır ki, bu sahələr
üzrə respublikamızda yetərincə peşəkar
tədqiqatçılar yox idi. Yuxarıda
deyildiyi kimi, psixologiyanın müxtəlif sahələri
üzrə tədqiqatlara isə çox böyük ehtiyac
var idi. Bəs, bu tədqiqatçılar
necə yetişməlidirlər? Kimsə və
ya kimlərsə bu sahələrdə ən azı istiqamətverici
tədqiqatlar aparmalıdır. Hesab edirik
ki, professor Bəxtiyar Əliyevin psixologiya elmi sahəsində ən
böyük xidmətlərindən biri də budur. İndi yuxarıda sadaladığımız sahələrin
hər biri üzrə psixoloq kadrları formalaşır. Gözləmək
olar ki, yaxın bir neçə ildə bu kadrların sayı
artacaq. Yeni elmi istiqamətlərin, elmi-tədqiqat
laboratoriyalarının, respublikanın tarixində ilk dəfə
olaraq elmi
"Psixologiya" jurnalının yaradılması - elə təkcə
bu fakta görə 2007-ci ildə professor Bəxtiyar Əliyevin
AMEA-nın müxbir üzvü seçilməsi tamamilə
qanunauyğun bir haldır. Bu hadisə psixologiya
elm ictimaiyyəti, o cümlədən psixoloqlar tərəfindən
xüsusi rəğbətlə qarşılandı. Professor Ə.Əlizadənin təbirincə desək,
bu, psixologiya elminin inkişafında yeni mərhələ idi.
Hesab edirik ki, bu, yalnız professor Bəxtiyar Əliyevin deyil, bütövlükdə
psixologiya elminin nailiyyəti kimi qəbul oluna bilər.
Hər bir elmin inkişafı, nailiyyətləri
onun təbliği, aparılan tədqiqatların nəşr
imkanları ilə bağlıdır. Bu mənada
respublikamızda 1999-cu ildən nəşrə başlayan ilk
və hələlik yeganə olan "Psixologiya" jurnalı
bütövlükdə psixologiya elminin uğurlarından biri
kimi dəyərləndirilir. Ötən
müddət ərzində yaşlı və gənc tədqiqatçıların
yüzlərlə məqaləsi, tədqiqatlarının nəticəsi
məhz bu jurnalda işıq üzü
görmüşdür.
Müasir dövrdə psixologiya elmi həm
də praktik elmlər sisteminə daxil edilir. Təbii ki, respublikamızda da bu sahədə müəyyən
işlər görülmüş və görülməkdədir.
Artıq 20 ilə yaxındır ki, təhsil
sistemində psixoloji xidmət fəaliyyət göstərir.
Bu sahədə 1500-dən artıq praktik
psixoloq çalışır. 4552 məktəbin
hamısı psixoloq kadrları ilə təmin olunmayıb.
Eləcə də digər sahələr üzrə
psixoloqlara çox böyük ehtiyac vardır. Onlara istiqamət verilməsi, təcrübələrinin
ümumiləşdirilib yayılmasında da professor Bəxtiyar
Əliyevin baş redaktor olduğu "Psixologiya"
jurnalı əvəzsiz xidmətlər göstərir. Əlbəttə, jurnalın yerinə yetirdiyi
böyük işlərlə yanaşı görməli
olduğu işlər də çoxdur. İndi
qloballaşma, inteqrasiya dövrüdür. Müxtəlif
xalqların psixoloji xüsusiyyətlərinə dair
materialların verilməsi, dünya şöhrətli
psixoloqların əsərlərinin, nəzəriyyə və
ideyalarının tərcümə edilərək jurnalda daha geniş şəkildə
əks olunması, fikrimizcə, faydalı olardı.
Həmçinin qeyd etməliyik ki,
professor Bəxtiyar Əliyev 1984-1987-ci illərdə Azərbaycan
televiziyasının birinci proqramında aylıq
"İdrak" elmi-kütləvi verilişin müəllif-aparıcısı
olmuşdur. Bu veriliş vasitəsilə
elmin təbliği, gənclərin idrak maraqlarının
inkişafı, onların elmi
dünyagörüşünün
formalaşdırılmasında əhəmiyyətli rol
oynamış və rəğbətlə izlənilmişdir.
1879-cu ildə Almaniyanın Leypsiq şəhərində
Vilhelm Vundtun yaratdığı ilk "Psixologiya
laboratoriyası"nın fəaliyyəti
sayəsində psixologiya müstəqil elm sahəsinə
çevrildi. 1885-ci ildə V.M.Bexterevin Rusiyanın Kazan şəhərində
yaratdığı
"Psixologiya laboratoriyası" Rusiyada psixologiya
elminin inkişafında müstəsna rol oynadı. Azərbaycanda isə ilk psixologiya laboratoriyası
1926-cı ildə F.Ə.İbrahimbəyov tərəfindən
yaradıldı. Qısa müddət ərzində
fəaliyyət göstərməsinə baxmayaraq, bu
laboratoriyada nəinki respublikamızda, bütövlükdə,
SSRİ miqyasında qəbul edilən, bəyənilən
işlər görüldü. Yalnız F.Ə.İbrahimbəyovun
hazırladığı "İntellekt testləri"nin
adını çəkmək fikrimizin təsdiqi kimi qəbul
edilər. Ötən əsrin 60-cı illərində
professor M.Ə.Həmzəyevin rəhbərliyi ilə Azərbaycan
ETPEİ-də "Psixologiya laboratoriyası" fəaliyyət
göstərmişdir. Bu laboratoriyada da
xeyli dəyərli işlər görülmüşdür.
Təəssüf ki,
bu laboratoriya da qısa müddət fəaliyyət göstərmişdir.
Müstəqillik illərində də "Psixologiya
laboratoriyası"nın yaranmasına ehtiyac vardı. Yenə də professor Bəxtiyar Əliyev təşəbbüs
göstərdi. 1999-cu ildə Bakı
Dövlət Universitetində "Eksperimental psixologiya"
elmi-tədqiqat laboratoriyası yaradıldı. Laboratoriyada psixologiyanın müxtəlif sahələri
üzrə eksperimental tədqiqatlar aparılır.
Bu saydıqlarımız AMEA-nın
müxbir üzvü, professor Bəxtiyar Əliyevin elmi-pedaqoji
fəaliyyətinin müəyyən bir hissəsidir. Təbii ki, görüləcək işlər də
çoxdur.
İnanırıq ki, Moskva Dövlət Universitetinin məzunu,
BDU-nun psixologiya kafedrasının
müdiri, AMEA-nın müxbir üzvü, professor Bəxtiyar
Əliyev Azərbaycan psixologiya elminin xarici ölkələrdə
daha da tanınması, Azərbaycan Psixoloqlar Cəmiyyətinin
yaranması və s. həllini gözləyən məsələlərin
həyata keçirilməsi istiqamətində də liderlik rolunu öz üzərinə götürəcəkdir.
Nə vaxtsa azərbaycanlı oğlan və
qızlar dünyanın ən məşhur universitetlərində
psixologiya üzrə təhsil alacaq, məşhur psixoloqlar
kimi ölkəmizi, millətimizi layiqincə təmsil edəcəklər. Hələliksə bu istiqamətdə
ilk addımlar atılır, müəyyən nəticələr
əldə edilir və bu işdə professor Bəxtiyar
Əliyevin rolu və xidmətləri danılmazdır.
Məşhur psixoloq
Karl Yunqun maraqlı bir fikri var:
"Mənə müraciət edən xəstələrin
üçdə biri kliniki nevrozdan yox, həyatlarının
boş və mənasız olduğundan əziyyət çəkirlər.
Onlar istəyirlər ki, kimsə onların qolundan tutub yüksəltsin.
Həyatın tələbi isə başqadır. Həyatın
axarından kənarda qaldıqlarına görə onlar daim
özlərindən başqa hamını günahkar hesab edirlər
ki, hər kəs onların istədiyi kimi
olmalıdır".
AMEA-nın
müxbir üzvü, professor Bəxtiyar Əliyev mənalı
və dolğun həyat yaşayır, daim gələcəyə
baxır və hamını gələcəyə yönəlikli
uğurlu həyata ruhlandırır. Öz aramızda dediyimiz
kimi, bizim Bəxtiyar müəllim gözəl bir gündə
- 20 martda, doğma
Qarabağda anadan olub. Hər
zaman (yerdə də, göydə də) sözünə sadiq
bu nəcib insanı doğum günü münasibətilə
təbrik edir, ona yaradıcılıq uğurları
arzulayırıq.
Ramiz ƏLİYEV,
ADPU-nun ümumi psixologiya kafedrasının müdiri,
psixologiya
elmləri doktoru, professor
Azərbaycan
müəllimi.- 2014.- 28 mart.- S.5.