Azərbaycan şagirdləri
İntel İSEF - Beynəlxalq
Elm və Mühəndislik Sərgisində iştirak
edəcəklər
Yeniyetmə və gənclərimizin son illər müxtəlif sahələrdə qazandığı uğurlar, xüsusilə şagirdlərimizin istər ölkə daxilində, istərsə də dünyanın bir sıra ölkələrində keçirilən beynəlxalq olimpiadalarda, müsabiqələrdə, bilik yarışlarında əldə etdikləri yüksək nəticələrin şahidi olmağa, sözün yaxşı mənasında, artıq adətkar olmuşuq. Bir pedaqoji mətbuat orqanı olaraq vaxtaşırı həmin yeniyetmə və gənclərlə görüşür, onların nailiyyətliəri, qazandıqları uğurlarla oxucularımızı tanış edirik. Bu dəfə isə istedadlı şagirdlərimizin üzə çıxarılmasında, onların müsabiqələrdə, olimpiadalarda yüksək yerlər tutmasında əməyi olanlardan biri- Bakı Avropa Liseyinin fizika müəllimi Səadət Veysova ilə görüşərək ondan qəzetimiz üçün müsahibə aldıq.
-Səadət müəllim,
ilk öncə keçdiyiniz
ömür yolu və
pedaqoji fəaliyyətinizə nəzər
salaq.
- Mənim atamın-
Əhməd Veysovun Azərbaycanda fizika elminin, eləcə də
maarifimizin inkişafında böyük xidmətləri olub.
Elə mərhum atam kimi
fizik olmaq istəyim,
elmə marağım məni də bu
ixtisası seçməyə yönəltdi. Azərbaycan
Dövlət Pedaqoji Universitetinin
fizika fakültəsini əla qiymətlərlə
başa vuraraq fəaliyyətimə
Bakı Dövlət Universitetinin astrofizika kafedrasında başladım. Sonradan taleyimi orta məktəblə bağladım. Fənnimi
şagirdlərə sevə-sevə öyrətmək,
onların məhəbbətini, etimadını qazanmaq bir müəllim kimi amalım olub. Əməyim
hər zaman dövlət tərəfindən
yüksək qiymətləndirilib. Ali
kateqoriyalı fizika müəllimiyəm,
2008-ci ildə "Ən yaxşı müəllim"
müsabiqəsinin qalibi olmuşam.
N.K.Krupskaya adına mükafatın laureatı, Respublika
Təhsil Şurasının üzvüyəm, 1988, 2003-cü
illərdə keçirilmiş Azərbaycan müəllimlərinin
qurultaylarının nümayəndəsi, 1988-ci ildə
Rusiyanın Tambov, Dubna,
Moskva şəhərlərində
keçirilən metodik festivalların
iştirakçısı, habelə "Fizika
dərsi-88", "Fizika dərsi-91"
festivallarının qalibi olmuşam.
Rusiyanın Müəllimlər
Assosiasiyasının üzvüyəm, "Azərbaycan
Respublikası qabaqcıl təhsil işçisi"
döş nişanı ilə təltif
edilmişəm. 2008-ci ildən Bakı Avropa
Liseyində fizika müəllimi kimi fəaliyyətimi davam
etdirirəm. 2013-cü ildə ölkə
başçısı cənab İlham
Əliyevin sərəncamına əsasən "Azərbaycan
Respublikasının əməkdar müəllimi" fəxri adına layiq
görülmüşəm.
- Bu
yaxınlarda Bakı şəhərində İntel
İSEF- Beynəlxalq Elm və Mühəndislik
Sərgisi çərçivəsində keçirilən
"Sabahın alimləri" III Respublika
müsabiqəsində şagirdləriniz yüksək yer tutublar. Müsabiqə haqqında bir qədər geniş məlumat
verməyinizi xahiş edirik.
- Təqdirəlayiq
haldır ki, bizim
ölkəmizdə müxtəlif mövzularda
olimpiadalar, bilik yarışları
keçirilir. Belə tədbirlərin həyata
keçirilməsinin neçə-neçə istedadlı
yeniyetmə və gənclərimizin üzə
çıxarılmasında müstəsna rolu
vardır. Artıq 3-cü ildir ki, ölkəmizdə İntel
İSEF- Beynəlxalq Elm və Mühəndislik
Sərgisi çərçivəsində təşkil olunan "Sabahın alimləri" də belə
müsabiqələrdən biridir. Mən özüm müsabiqədə 2-ci ildir ki, iştirak
edirəm. Bu
il həmin müsabiqəyə liseyimizin XI sinif şagirdləri
- Cəmil Muradov, Mədinə Mursaqulova və Lalə Cümşüdlü
ilə qatıldım. Onların təqdim etdikləri layihənin
rəhbəri idim. Layihəmiz
münsiflər heyəti tərəfindən müsbət qiymətləndirilərək
yüksək yerə layiq görüldü. Biz cari ilin
may ayında ABŞ-ın Kaliforniya
ştatının Los- Anceles
şəhərində keçiriləcək İntel
İSEF- Beynəlxalq Elm və Mühəndislik
Sərgisində iştirak etmək hüququ qazandıq. Düşünürəm
ki, bu bizim
Bakı Avropa Liseyinin,
bütövlükdə Azərbaycan təhsilinin uğurudur.
Yuxarıda
adlarını qeyd etdiyim şagirdlərimin hər biri istedadı, yüksək elmi
biliyi ilə xüsusi
fərqlənir. Cəmilin istedadını, bilikli
şagird olduğunu hələ
8-ci sinifdə oxuyanda özüm
üçün yəqinləşdirmişdim.
O, hər zaman düşünür,
maraqlandığı elmi məsələlərlə
bağlı müəyyən suallarla mənə
müraciət edir. Bu yeniyetmə elmi-tədqiqat işləri aparmağa, dünyada baş verən elmi- texniki yeniliklərə böyük
maraq və həvəs göstərir. Onu da qeyd
edim ki, Cəmil
artıq müsabiqədə ikinci dəfə
idi ki, iştirak
edirdi. Gördüyünüz
kimi, bir müəllim
olaraq mənim və Cəmilin bu müsabiqə ilə bağlı artıq
müəyyən təcrübəmiz vardır. Kollektiv şəkildə işlənilən
layihədə digər şagirdlərimizin - Mədinə Mursaqulova və Lalə Cümşüdlünün
də hazırlığı kifayət qədər yüksəkdir.
Elmi məsləhətçilərimiz
Bakı Dövlət Universitetinin
professorları Niftalı Qocayev, Aydın
Kazımzadə və Azərbaycan Dövlət Pedaqoji Universitetinin professoru Mirzəli Murquzovdur.
Onların bizim şagirdlərimizin üzərindəki
əməyini də xüsusi qeyd etmək istəyirəm.
Ümumiyyətlə,
artıq 3-cü ildir ki,
Bakıda keçirilən "Sabahın alimləri" özünün obyektivliyi,
şəffaflığı ilə seçilən, Azərbaycan
şagirdlərinə elmi layihələrini
beynəlxalq səviyyədə nümayiş
etdirməyə şərait yaradan ən nüfuzlu müsabiqədir. Builki
müsabiqənin açılış mərasimində Azərbaycan
Respublikasının təhsil naziri
Mikayıl Cabbarovun şəxsən
iştirakı, onun bizim
şagirdlərlə səmimi görüşü,
ünsiyyəti hər birimizdə xoş
təəssürat oyadıb.
Bizi qarşıda çox
çətin və məsuliyyətli bir
səfər gözləyir. Hazırda qeyd
etdiyim kimi bu ilin may ayında
ABŞ-ın Kaliforniya ştatının Los-Anceles şəhərində keçiriləcək
İntel İSEF- Beynəlxalq Elm və Mühəndislik Sərgisində
layihə ilə iştirak etməyə
hazırlaşırıq. Fürsətdən
istifadə edərək qəzetiniz vasitəsi ilə bizə elmi dəstək göstərən, öz elmi-tədqiqat işlərini aparmaq üçün ən
müasir avadanlıqlarla təchiz olunmuş laboratoriyalarını şagirdlərimizin
ixtiyarına verən Bakı Dövlət Universitetinin
və Qafqaz Universitetinin
professor-müəllim heyətlərinə minnətdarlığımızı
bildirirəm.
Bilirsiniz, İntel İSEF
müsabiqəsinin şagirdlərimiz üçün
yaratdığı imkanlardan biri də onları maraqlandıran sahələrdə
çalışan dünya şöhrətli
alim və
görkəmli mühəndislərlə ünsiyyətdə
olmasıdır. Burada şagirdlər dünyaca məşhur insanlara
suallar vermək və apardıqları tədqiqatların
perspektivləri barədə daha çox məlumat əldə etmək kimi gözəl bir
fürsət qazanırlar.
Bir haşiyə çıxmaq istərdim. Tale elə gətirdi ki, 1971-ci
ildə atamla M.V.Lomonosov
adına Moskva Dövlət Universitetində
elmlərin tarixi üzrə keçirilən
beynəlxalq elmi konqresdə iştirak etdim. Onda mənim 18 yaşım var
idi və Azərbaycan
Dövlət Pedaqoji Universitetinin
fizika fakültəsinin tələbəsi
idim. Mənə orada Nobel mükafatçısı Dmitriy İvanenko ilə
tanış olmaq müyəssər oldu. Beynəlxalq elmi konqresdə həmçinin
dünyanın bir sıra nüfuzlu
alimləri ilə də ünsiyyətim oldu.
İllər keçsə də həmin hadisə mənim
yaddaşımda xoş izlər
buraxıb. Elə mənim fizika
fakültəsini seçməyimdə də atamla
yanaşı, Azərbaycanın görkəmli alimlərindən
biri, vaxtilə Azərbaycan Elmlər
Akademiyasının (indiki Milli
Elmlər Akademiyası) prezidenti və Fizika İnstitutunun direktoru olmuş mərhum Həsən Abdullayev
xüsusi rol
oynayıb.
Artıq İntel İSEF-ə göndəriləcək şagirdlərimizin layihələri
ingilis dilində hazırlanıb.
Şagirdlərimizin hər üçü
də mükəmməl ingilis dilində
danışır. Ümid edirəm ki, komandamız Amerikada
ölkəmizi layiqincə təmsil edəcəkdir.
Söhbəti qələmə aldı: Samirə
KƏRİMOVA
Azərbaycan müəllimi.- 2014.- 28 mart.- S.6.