Bir qrup müəllim Böyük
Britaniyada təlim səfərində olub
Azərbaycandan bir qrup müəllim 15-23 mart 2014-cü il tarixlərində
Böyük Britaniyanın Saint
Mary’s Universitetində təlim səfərində
olmuşdur.
Nümayəndə
heyətinin tərkibinə Təhsil Nazirliyinin
İnsan resursları şöbəsinin müdiri Fərzəli Qədirov, Britaniya Şurasının təhsil
proqramlarının rəhbəri Gülşən Hüseynova, Salyan şəhər
7 nömrəli məktəbin ingilis dili müəllimi Səidə Mirzəyeva,
Bakı şəhəri 18
nömrəli məktəbin ingilis
dili müəllimi Fatimə Məmmədova,
Zaqatala şəhər Zərifə
Əliyeva adına liseyin ingilis
dili müəllimi Xuraman
Muradova, Lənkəran şəhər 4
nömrəli Humanitar təmayüllü
məktəb-liseyin ingilis dili
müəllimi Aynur Axundova,
Bakı şəhəri 304 nömrəli məktəb-liseyin ingilis dili
müəllimi Ülkər
Əliyeva, Şəki şəhər 8 nömrəli tam orta məktəbin ingilis dili müəllimi
Ülkər Əliyeva, Bakı şəhəri 132-134 nömrəli
təhsil kompleksinin ingilis
dili müəllimi Mədinə Əhmədova,
S.C.Pişəvəri adına Humanitar fənlər
gimnaziyasının ingilis dili müəllimi,
təlim-tərbiyə işləri üzrə direktor müavini Səbinə
Turabova,
Bakı şəhəri "Ankara məktəbi"
məktəb-liseyinin ingilis dili müəllimi Çinarə Babayeva, Bakı şəhəri 23 nömrəli
məktəbin ingilis dili
müəllimi Lalə Ləbibova, Xaçmaz
şəhər 8 nömrəli məktəbin ingilis dili müəllimi Tamilla Əliyeva daxil olmuşdur.
Təlim səfəri
"XXI əsrin müəllimi" proqramı çərçivəsində
İngilis dilinin intensiv tədrisi layihəsinin icra
planına əsasən həyata keçirilmişdir.
Layihə çərçivəsində 50 pilot
məktəbindən seçilmiş 11 nəfər
müəllim Böyük Britaniyanın London şəhərində Saint
Mary’s Universitetində keçirilən təlimlərə
cəlb olunmuşdur.
Qeyd etmək lazımdır ki,
İngilis dilinin intensiv tədrisi layihəsi 2008-ci ildən
Bakı şəhərinin 7 pilot məktəbində
başlanmış, yeni proqram
və dərsliklər, tədris metodikası tətbiq edilmişdir. Hazırda pilot
məktəblərin sayı, regionlar da əhatə olunmaqla 50-yə
çatmışdır. Ötən müddət ərzində
pilot məktəblərin 800-dək ingilis dili müəllimi üçün təlimlər təşkil edilmişdir. Böyük Britaniyadan dəvət olunmuş
müstəqil ekspertlər tərəfindən layihənin monitorinqi aparılmış və nəticələr
yüksək qiymətləndirilmişdir. Eyni
zamanda bu layihə cəmiyyət
tərəfindən, o cümlədən
valideynlər, müəllimlər, şagirdlər tərəfindən
böyük razılıqla
qarşılanmışdır.
Təlim səfərinin
ilk günü
nümayəndə heyəti universitet kampusu ilə tanış olmuşdur.
Saint Mary’s Universiteti 1850-ci ildən fəaliyyət
göstərir. Universitetin qədim və müasir korpusları, teatrı, idman kompleksləri, olimpiya
hazırlıq mərkəzləri tələbələrin
keyfiyyətli təhsil almasına zəmin yaradır. Universitetin özəl xüsusiyyətlərindən
biri odur ki, burada müxtəlif fənlər
üzrə müəllim hazırlığı və müəllimlərin
peşəkar inkişafı həyata keçirilir.
Bu təhsil ocağı məzunlarının
işlə təmin olunma faizinə
görə Böyük Britaniyada
yüksək reytinqə malikdir. Belə ki, məzunların 96 faizi
bitirdiyi ildə işlə təmin olunur ki, bu
da yüksək keyfiyyət göstəricisidir.
Müəllimlər üçün təlimlər universitetin əməkdaşı, təcrübəli
təlimçi Kler Brennok
tərəfindən aparılmışdır. Təlim
prosesində 4 sahə üzrə (oxu,
yazı, dinləmə, danışıq) müəllimlərə
müvafiq kompetensiyalar
aşılanmışdır:
* ingilis
dilində düzgün və sürətli
danışıq bacarıqlarının inkisafı üçün praktik
tapşırıqlar;
* oxu
və dinləmə öyrənmə məqsədləri kimi;
* şagirdlərin
motivasiyasının inkişaf etdirilməsi;
* birgə əməkdaşlığın
inkişafı;
* tələffüzün
inkişafı;
* peşəkar inkişaf üçün
tapşırıqlar;
* sərbəst
öyrənmə;
* tapşırıq əsaslı
öyrənmədə yeni yanaşmalar;
* akademik
təqdimat bacarıqlarının inkişaf
etdirilməsi;
* akademik
yazı bacarıqlarının inkişaf
etdirilməsi;
* ingilis
dilinin tədrisində planlaşdırma;
* müəllimlərin
şagirdlər tərəfindən qiymətləndirilməsi
təcrübəsi;
* şagirdlərin oxu bacarıqlarının inkişaf
etdirilməsi;
* dilin
tədrisində qiymətləndirmənin rolu;
* yeni
sözlərin öyrənilməsində yazının rolu;
* ingilis
dili dərslərində tənqidi təfəkkürün
inkişafı;
* dilin tədrisində İKT-dən
istifadə;
* ingilis dili dərslərində idarəetmə və qiymətləndirmə;
* kreativ pedaqogika və dil təlimi;
* vizual nitq texnologiyalarından istifadə etməklə təqdimat qabiliyyətinin
inkişafı;
* sinfin idarə edilməsi;
* dərsin planlaşdırılması;
* səhvlər üzərində iş;
* xarici dilin təhlili yeni sözlərin tədrisi;
* fonologiya üzrə iş;
* çoxsəviyyəli
təlim üsulları;
* dərsin qiymətləndirilməsi;
* əyləncəli
tapşırıqlarla iş;
* qrup işinin təşkili;
* qrammatikanın
tədrisində uğurlu
strategiyalar;
* peşəkarlığın
davamlı inkişafı;
* elektron lüğətlərdən tədrisdə
istifadə.
Təlimin
sonunda qiymətləndirmə
aparılmış və
bütün iştirakçılar
yüksək nəticələr
nümayiş etdirmişlər. Müəllimlərə beynəlxalq səviyyəli
sertifikatlar təqdim edilmişdir. Hər bir
müəllim təlim
səfəri ilə bağlı hesabat hazırlamış, təlimlərin
son dərəcə əhəmiyyətli
olduğunu bildirmişdir.
Tamilla Əliyeva: "Təlim çox maraqlı idi. Müxtəlif üsullar, iş formalarını
öyrənmək məqsədilə
keçirilən müzakirələr
bizim təcrübəmizin
zənginləşməsində böyük rol oynadı. Təlim bir-birindən maraqlı
oyun və tapşırıqlardan istifadə
etməklə müxtəlif
formalarda aparılırdı.
İndi mən öyrəndiklərimi
bölüşməyə və tətbiq etməyə hazıram".
Çinarə Babayeva:
"Düşünürəm ki, belə təlimlərin
təşkili müəllimlərin
inkişafı üçün
çox vacibdir. Yeni metodlarla tanışlıq
dərslərin daha da keyfiyyətli olmasına çox kömək edir. Hər bir müəllim əldə etdiyi yeni bilikləri digər müəllimlərlə
bölüşməklə Azərbaycan təhsilinin inkişafı üçün
böyük addım atmış olar. Bunu nəzərə alaraq mən məktəbimizdə
keçiriləcək növbəti
pedaqoji şurada keçdiyim təlimlə
baglı məlumat verəcəyəm".
Səbinə Turabova: "Biz
təlim zamanı müxtəlif texnologiyalar
və metodları öyrəndik. Təlim çərçivəsində
London məktəblərindən birində yerli müəllimlərin dərslərini
izlədik. Müxtəlif dildə danışan tələbələrin ingilis
dilini necə öyrəndiklərinin şahidi
olduq. Hər birimiz ayrı-ayrı
dərsləri müşahidə
etdik və sonra birlikdə müşahidələrimizi bölüşdük.
Təlim
prosesi çox maraqlı keçdi".
Səidə Mirzəyeva: "Biz təlim zamanı
çox aktiv işləyir, verilən tapşırıqları qruplar,
cütlər və ya fərdi şəkildə
yerinə yetirirdik. Təlimçi ilə birlikdə
Londonun bir məktəbində dərsləri
müşahidə etdik.
Müşahidə etdiyimiz dərsdə
tətbiq edilən təlim texnologiyaları mənim üçün çox maraqlı oldu. Təlimdə əldə etdiyim
bilik və bacarıqları, innovasiyaları
öz fəaliyyətimdə
tətbiq etmək və həmkarlarım üçün nümunəvi
dərs təşkil etməyə hazırlaşıram".
Fatimə
Məmmədova: "Biz dərslərin səmərəli təşkili
və planlaşdırılması,
oxu bacarıqlarının
inkişafı, oxu zamanı yeni strategiya və texnikalardan istifadə, debatların, dialoqların
təşkili, sərbəst
mövzularda ünsiyyətin
qurulması, inkişaf
səviyyələrinə uyğun
tədris materiallarının
seçilməsi üzrə
bacarıqlar əldə
etdik. Mən bu təlimdən
əldə etdiyim bilik və materiallardan
istifadə edərək
dərslərimin daha maraqlı və yaddaqalan olması üçün çalışacağam.
Eyni zamanda "açıq dərs"lər təşkil
edərək müəllim
həmkarlarıma yeni
dərs üsullarını
nümayiş etdirəcəyəm".
Xuraman Muradova: "Təlim səfəri çox faydalı idi. Birincisi, kitablardan haqqında oxuduğumuz və gördüyümüz, dilini
şagirdlərimizə öyrətdiyimiz
ölkə indi gözümüzün önündə
idi. İkincisi, öyrəndiyimiz bilikləri dərslərimizdə
tətbiq edə bilərik. Digər tərəfdən isə tipik ingilis ailəsində
qaldığımız müddətdə
onların adət- ənənələri, mədəniyyətləri
ilə yaxından tanış olduq. Öyrəndiyim bilikləri digər
ingilis dili müəllimləri ilə
paylaşmaq üçün
öz məktəbimdə
kiçik bir kurs təşkil etməyi planlaşdırıram.
İstərdim ki, belə kurslar ölkəmizdə də tez- tez
təşkil olunsun və müəllimlər
bu imkandan faydalana bilsinlər".
Aynur Axundova: "Belə bir təlimdə iştirak etmək mənə təcrübəmi
müəllimlərlə bölüşmək
imkanı verdi.
Həm öz məktəbimin, həm də AzETA üzvü olan müəllimlərlə
təcrübə mübadiləsi
edəcəyəm. Yaşadığım rayon
paytaxtdan uzaqda yerləşsə də ən böyük məqsədim keyfiyyətli
tədris sahəsində
paytaxt məktəblərindən
geri qalmamaqdır.
Yaxın
gələcəkdə təlimçi
kimi fəaliyyət göstərməyi də
planlaşdırıram".
Ülkər Əliyeva (Bakı şəhəri
304 nömrəli məktəb):
"Təlim mənim
üçün həddən
artıq faydalı oldu. Dilin tədrisində müasir
texnologiyalardan istifadə,
kommunikativ yanaşmaya
əsaslanan təlim sahəsində kompetensiyalara
yiyələndim. Eyni zamanda
Londonun tarixi yerləri və Saint Mary’s
Universiteti ilə tanışlıq məndə
böyük təəssürat
yaratdı.Təlim zamanı
öyrəndiklərimi dərslərimdə
tətbiq etməyə
və tədrisin keyfiyyətini yüksəltməyə
çalışacağam".
Ülkər Əliyeva (Şəki şəhər 8 nömrəli
məktəb): "Təlim
iştirakçısı olaraq
bilik və bacarıqlarımı xeyli
zənginləşdirdim. Qazandığım kompetensiyaları məktəbimizin
müəllimlərinə aşılamaq
üçün seminar təşkil
etməyi, AzETA Şəki filialında digər məktəblərin
müəllimləri üçün
təlimlər keçirməyi,
AzETA-nın beynəlxalq
konfransında təqdimat
keçirməyi, təlimçi
kimi regionlarda müəllimlərlə öz
bilik və bacarıqlarımı bölüşməyi
planlaşdırıram".
Lalə
Ləbibova: "Təlim zamanı müxtəlif səviyyəli
şagirdlərlə iş,
sinfin idarə olunması, yazı, oxu, dinləmə və danışıq vərdişlərinin inkişafı
sahəsində zəruri
bacarıqlara yiyələndim.
Ən əhəmiyyətli cəhətlərdən
biri o oldu ki, biz xarici dilin tədrisi ilə bağlı suallarımıza ətraflı
cavablar aldıq, təlimçi ilə geniş müzakirələr
apardıq, qruplarda işləməklə praktik
kompetensiyalar əldə
etdik".
Mədinə Əhmədova: "5 günlük təlimi özüm üçün çox uğurlu sayıram. Belə ki, əvvəlki biliklərimi təkrarlamaqla
yanaşı, yeniliklərə
də yiyələnmişəm.
Əsasən aşağı siniflərdə
dərs dediyimi nəzərə alsaq, mənim üçün yeni üsul və texnologiyalardan geniş istifadə xüsusilə əhəmiyyətli
oldu. Əldə etdiyim bilik və təcrübəni yaxın vaxtlarda Bakı şəhəri
132-134 nömrəli təhsil
kompleksindən olan həmkarlarım, daha sonra isə digər məktəblərdəki
ingilis dili müəllimləri ilə
bölüşməyi düşünürəm".
Təlim
səfərinin özəl
cəhətlərindən biri
də hər bir müəllimin ingilis ailələrində
qalması, həmin ailələrdə onlar üçün otaqların
ayrılması və
şəraitin təmin
edilməsi, ingilis dili daşıyıcıları
ilə birbaşa ünsiyyət imkanlarının
yaradılması olmuşdur. Müəllimlər bir həftə müddətində
ailələrdə yaşamaqla
həmin xalqın adət-ənənəsi, mədəniyyəti
ilə tanış
olmuş, eyni zamanda qaldıqları ailələrə Azərbaycan
mədəniyyəti və
milli dəyərləri
barədə geniş
məlumatlar vermişlər.
Müəllimlər
təlimdən əhəmiyyətli
dərəcədə faydalandıqlarını
bildirmiş, belə bir imkanın yaradılmasına görə
Azərbaycan Respublikasının
Təhsil Nazirliyinə
və Britaniya Şurasının Azərbaycan
nümayəndəliyinə minnətdarlıqlarını bildirmişlər.
Səfər çərçivəsində
nümayəndə heyəti
Saint Mary’s Universitetində müəllim
hazırlığı və
müəllimlərin peşəkar
inkişafı üzrə
departamentlərdə görüşlər
keçirmiş, bu sahədə universitetin təcrübəsi ilə
tanış olmuşdur.
Azərbaycan müəllimi.-
2014.- 28 mart.- S.6.