Yurd yerlərimizə qələbə ilə
dönəcəyik
Kəlbəcərin işğalından 21 il keçir
Çoxdan tanıdığım Tahirə müəllimlə bü günlərdə görüşdük. Qısa hal-əhvaldan sonra həmişəki kimi söhbətimiz yenə də dolanıb yurd yerlərimizin üstünə yönəldi. Ürəyi Vətən həsrəti ilə çırpınan bu vətənpərvər qadında müəllim, vətəndaş missiyaları bir-birinə elə hopub ki, bir dəfə də olsun sözünü kəsməyə qıymadan onu dinlədim. Dəyərli oxucularımız üçün də maraqlı olar deyə, Tahirə Şükürovanın dediklərini qələmə aldım:
- Bu
günlərdə elimizin ən böyük bayramı olan
Novruzu yola saldıq.
Artıq iyirmi bir ildir ki, hər mart ayı sona çatanda, hər il ağaclar tumurcuq bağlayanda ürəyim Kəlbəcər üçün daha çox
sızıldayır. Bildiyiniz kimi, bizim əslimiz Kəlbəcərdəndir. Biz orada Zülfüqarlı kəndində
yaşayırdıq. 1984-cü
ildə Xarici Dillər İnstitutunu
bitirdikdən sonra 1993-cü ilə qədər rayonumuzun Zülfüqarlı kənd orta məktəbində ingilis
dili müəllimi işləyirdim. Kəlbəcərin
işğalından sonra elliklə
Bakıya gəldik. Xeyli müddət 247 nömrəli tam
orta məktəbdə işlədim. Üç ildir ki, 39 nömrəli tam orta məktəbə rəhbərlik edirəm.
Kəlbəcər sözünün mənası "yüksək
yer", "uca
aşırım" deməkdir. Tərtər
çayının sahillərində, dəniz səviyyəsindən
2000-2400 metr yüksəklikdə yerləşən 31 adda müalicəvi mineral
bulaqları ilə, İstisu kurortu ilə şöhrət tapan Kəlbəcərin adı hələ sovet
dövründən turistlərə yaxşı tanış idi.
Kəlbəcər
1993-cü il aprel
ayının 2-də erməni silahlı qüvvələri tərəfindən
işğal olunub. Bundan sonra rayonun
adını dəyişdirərək Karvaçar
qoyublar. Özünü də qondarma
"Dağlıq Qarabağ
Respublikası"nın Şaumyan rayonunun mərkəzi elan
ediblər. Bakıdan
458 km aralıda yerləşən Kəlbəcərin dinc sakinləri
yurd- yuvasından qovularaq məcburi köçkün
kimi Azərbaycan Respublikasının müxtəlif yaşayış məntəqələrində müvəqqəti
sığınacaq tapıblar. 1993-cü ildə soydaşlarımızın Kəlbəcərdə qalan on üç minə qədər mənzili
işğalçılar tərəfindən zəbt edilərək
yağmalanıb. 40 min hektara qədər meşə sahəsi isə ermənilər tərəfindən
indi də talan
olunmaqdadır. İşğaldan keçən
21 il ərzində Kəlbəcərin bütün maddi və mənəvi
sərvətləri ermənilər tərəfindən qarət edilərək Ermənistana daşınır.
Artıq 1999-cu ildən isə ermənilərin süni
şəkildə Kəlbəcərdə
məskunlaşdırılması prosesi gedir.
İşğal olunmuş
rayonlarımız
sırasında Kəlbəcər Azərbaycanın ən böyük yaşayış məntəqələrindən
biridir. Gamışdağ, Keytidağ, Dəlidağ,
Qızılboğaz, Böyük
İşıqlı adlanan hündür dağ zirvələri ilə məşhur
olan Kəlbəcər həm
təbii gözəlliyinə, həm də yeraltı sərvətlərinə-
əvəzolunmaz xammal ehtiyatlarına, 77 növ
mineral yatağına görə bəlkə də dünyada nadir bir məkandır.
Təkcə Tərtər
çayının hövzəsində 412-yə qədər mineral su yatağı mövcuddur. İstisu, Qotursu və Turşsudakı mineral
sular əvəzi olmayan təbii sərvətlərdəndir.
Yayı sərin,
qışı soyuq Kəlbəcər... Zod aşırımı, Söyüdlü
yaylağı, Murovun minbir
gül-çiçək bitirən sinəsi,
dağların quşqonmaz
zirvələri... hamısı bu gün də gözümün
qabağındadır.
Aprel, may aylarında
dağlardakı qarın əriməsi və yaz
yağışlarının tez-tez yağması nəticəsində çaylara sellər
gələrdi- daşlı, palçıqlı sellər... Dağlara qalxdıqca Qarağac,
Qaratikan kollarını enliyarpaqlı meşələr əvəzləyirdi. Meşələrdə palıd, fısdıq, vələs,
ağcaqayın, göyrüş, qozqara, söyüd, yemişan, daha hündür
yerlərdə isə tozağacı bitirdi.
1800-2000 metr yüksəklikdəki çəmənliklər ilahi tərəfindən sərilmiş
xalıya bənzəyirdi. Murovun, Dəlidağın zirvələrindəki el yaylaqları da bu xalıların naxışlarıydı sanki... Meşələrdə bitən cır meyvə
ağaclarının barı-alma, armud, əzgil,
yemişan,
giləmeyvələrdən qarağat,
zirinc, böyürtkən, moruq,
həmərsin minbir
dərdin dərmanı idi. Camaat bu nemətlərdən
həm mürəbbə bişirər, həm də meyvələrin
özündən və yarpaqlarından qurudub ilboyu çərəz,
çay, təbii dərman kimi istifadə edərdi.
Kəlbəcər
dağlarının bəzəyi canavar, tülkü, dovşan, dələ
kimi xəzdərili heyvanlar,
adı qırmızı kitaba düşmüş turac,
qırqovul, kəklik, dağkeçisi, əlik idi...
Kəlbəcər rayonu ərazisində 40 min
hektara qədər dövlət meşəsi
qalıb. Bu meşələrin bitki örtüyünün
dəyəri təkcə oduncaq, qiymətli inşaat
və məişət materialları
kimi istifadə edilməsində deyil. Bu meşələrin
faydası həm də atmosferə ildə milyon tonlarla oksigen buraxan həyat mənbəyi
olmasındadır.
İstisu və Şorbulaq
adlı iki
qəsəbədən, 129 kənddən və eyni adlı bir şəhərdən
ibarət olan Kəlbəcər rayonunda bilirsiniz nələr
qaldı yağıya?! Mən müəllim olduğum üçün
təkcə öz iş
sahəmizə aid
olanları xatırlatmaq istəyirəm: 90 məktəbəqədər uşaq müəssisəsi, 115 ümumtəhsil məktəbi, 1 texniki orta ixtisas və peşə
məktəbi, 214 mədəniyyət ocağı qalıb Kəlbəcərdə...
Bu gün hamımızın bir
dərdi var- Qarabağ
dərdi. Mən bütün
xalqımıza onu arzulayıram ki, Allah bizim hər
birimizə o
yurd yerlərinə
qələbə ilə dönməyi nəsib etsin.
Xocalı şəhidlərinin də, Qarabağ
şəhidlərinin də nigaran
ruhları yalnız o zaman şad olar. Onu da
deyim ki, Ali Baş Komandanımızın rəhbərliyi
altında o günün
yaxında olmağına ürəyimdə
çox böyük inam var. Azərbaycanın
hər sahədə gündən-günə inkişaf
etməsi göz qabağındadır. Bu gün biz
hörmətli Prezidentimiz cənab İlham Əliyevin
məhz vətənə, xalqa olan sevgisi sayəsində
dünyanın bir çox inkişaf etmiş ölkələrindən daha öndə olmağımızı uca səslə, qürur hissi ilə deyə bilirik.
Mən 34 ildir
ki, ingilis dili müəllimi
işləyirəm. Rəhbəri
olduğum təhsil ocağı- Bakının
Nərimanov rayonunda yerləşən 39 nömrəli
tam orta məktəb 2012-2013-cü tədris ilində keçirilmiş
"Ən yaxşı
ümumtəhsil məktəbi"
müsabiqəsinin qaliblərindən
biri olub.
Prezident İlham
Əliyevin müvafiq sərəncamı ilə
"Ən yaxşı
ümumtəhsil məktəbi"
adına layiq görülən və
mükafatlandırılan məktəblər sırasında olmağımız şagirdlərimizin
respublika və beynəlxalq olimpiadalarda əldə etdiyi uğurlarının nəticəsidir.
Müsabiqəyə qoşulan məktəblərin
sırasında yaxşı
təmirə, yüksək göstəricilərə
malik təhsil müəssisələrinin çox olmasına və onlardan ancaq 50 məktəbin
qalib seçiləcəyinə
baxmayaraq, biz
inam və cəsarətlə
bu müsabiqəyə
qoşulduq.
Çox sevinirəm
ki, düzgün seçimin nəticəsində
bizim məktəbimiz də müsabiqənin
qaliblərindən biri oldu.
Bizim başlıca vəzifəmiz şagirdlərimizin
inkişafına hərtərəfli
şərait yaratmaq, onların gələcək
həyatını düzgün
istiqamətləndirmək, dərin biliyə, yüksək mənəvi
keyfiyyətlərə malik,
səviyyəli, zəkalı,
vətənpərvər gənclər
yetişdirməkdən ibarətdir.
Sevinirəm ki,
Azərbaycan təhsilindəki
yüksəlişdə, nailiyyətdə
bir zərrə də olsa mənim
də əməyim
var. Müəllim
olmağım mənim ən böyük
mükafatım, titulumdur.
Müəllimin də birinci vəzifəsi
tərbiyə etdiyi uşaqlara
doğru yol göstərməkdir. Ümummilli liderimiz Heydər
Əliyev kimi
şəxsiyyətlər əsrlərdə bir
dəfə tarixə gəlir. Mən hər bir yetirməmizə müstəqil respublikamızın
həqiqi vətəndaşı olmağı və Vətəni
ümummilli liderimiz
Heydər Əliyev kimi, onun
layiqli davamçısı İlham
Əliyev kimi
sevməyi arzulayıram. Şagirdlərimə də,
övladlarıma da həmişə deyirəm
ki, siz ürəyinizdəki sevgini Azərbaycandan, Azərbaycan xalqından əsirgəməsəniz,
onda
respublikamız daha da inkişaf
edəcək. Qoy
Allah hamımıza Vətən sevgisi qismət eləsin, hər bir azərbaycanlı öz
vətəni - Azərbaycanla fəxr etməyi bacarsın.
Söhbəti qələmə aldı:
Ellada UMUDLU
Azərbaycan müəllimi.- 2014.- 28 mart.- S.8.