1918-ci ilin mart
qırğınları
şamaxılıların yaddaşında
31
mart Azərbaycanlıların Soyqırımı
günüdür
Ümummilli lider Heydər Əliyevin 26 mart 1998-ci il tarixli sərəncamı ilə hər il martın 31-i Azərbaycanlıların Soyqırımı günü kimi qeyd olunur. 1918-ci ilin 30 mart- 3 aprel tarixləri arasında azərbaycanlıların ermənilər tərəfindən kütləvi surətdə qırğını XX əsrin ən dəhşətli və ən ağlasığmaz faciələrindəndir. Şamaxıda və onun kəndlərində ötən əsrin əvvəllərində baş verən soyqırıma həsr olunmuş veriliş üçün 2001-ci ilin mart ayının 28-də Şamaxıya ezam olunmuşdum. Bu yazımda həmin süjetlərdə müsahiblərimin efirə getməyən maraqlı söhbətlərini qələmə almışam.
Həmin gecə ermənilər Şamaxı
əhalisini qırmağa başladılar
Hacı Abdullayev, Şamaxı sakini:
- 1910-cu ildənəm.
Keçən il 90 yaşım oldu. Yadıma gəlir ki, 7-8
yaşındaydım. Dedilər erməni qoşunu gəlir
üstümüzə. İki əmim vardı. Məni yaman
çox istəyirdilər... (kövrəlir-müəllif) Məni
aldılar qucaqlarına, çıxdılar Meysəri tərəfə.
Qoşun gəldi keçdi yolun Mədrəsə tayına.
Şamaxıya xəbər düşdü ki, erməni
qoşunu şəhəri haxlayıb. Mədrəsədən
Şamaxıya nə qədər yol qalır ki? Mədrəsəni
keçəndə komanda verdilər, bir dəfə top atəşi
açdılar. Bizim millətdən qırılan
qırıldı, qırılmayan da üz qoydu
Şamaxıya tərəf qaçmağa. Sübh tezdən
Meysəridən iki nəfər yaşlı erməni gəlib
bizim dəstəni yığışdırıb apardı
Meysəriyə. Özümüzə də dedi ki, biz istəmirik
erməni qoşunu gəlib sizi qırsın. Dəstəmiz
inanıb getdi. Oturmuşduq erməninin evinin eyvanında, mən
də əmimin qucağında. Birdən bir erməni
dığası əlindəki qəməltini
(bıçaq-müəllif) gətirib dirədi
boğazıma ki, sənin boğazını kəsəcəm.
Qoca nənəm də yanımızda idi. Aldı məni əmimin
qucağından özü götürdü. Babama dedi, a
kişi, biz bu erməninin evində ölümümüzü
gözləyirik. Bunlar bizi tələyə salıb
qıracaqlar. Bir yol tapıb burdan uzaqlaşmaq gərəkdir.
Nənəm qoçaq arvad idi. Ermənilərin başbilənini
çağırıb dedi ki, sağ olun ki, bizi neçə
gün burda saxladız, indi qoyun gedək, sonra bizə görə
erməni qoşunlarından sizə söz gəlməsin. Beləcə,
Meysəri kəndinin axırıncı evindən hələ
aralanmamışdıq ki, arxadan bizi beşatılanla iki
istiqamətdən atəşə tutdular. Dədəmin
başında şişpapaq vardı. Güllə
papağa dəydi, dədəmi
Allah bizə təzədən verdi. Gecə yetişdik
Şamaxıya. Elə həmin gecə ermənilər
başladılar Şamaxı əhalisini qırmağa. Şamaxıda qırğın səngimədi.
Biz birtəhər canımızı götürüb şəhərdən
çıxa bildik. Kəsə yolnan gedib Ağsuyun Ağalarbəyli
kəndinə yetişdik. Orda Hacı Soltan bəy vardı,
onun qapısına pənah gətirmişdik. Bir həftə
olardı ki, orada idik, bir axşam qoca nənəm çölə
çıxan kimi başılovlu içəri qayıdıb
dedi ki, ay kişilər, nə
yatmısız, kəndi ermənilərnən
malağanlar (malakanlar - müəllif) mühasirəyə
alıblar. O hadisələrdə Çuxuryurd malakanları da
ermənilərə qahmar çıxırdılar. Hacı Soltan bəyin arvadı
alaçığın içərisindən ermənilərə bir-iki güllə atdı. O
qadın axıra kimi ermənilərlə atışdı,
camaatımızı salamat
saxladı. Ermənilər Ağsuyun Ağalarbəyli kəndindən
Abasxanlı kəndinə keçib orada yeddi adam
öldürdülər.
Sonradan bildik ki, biz Şamaxıdan çıxandan sonra
ermənilər şəhərin
içində məşhur "Cümə məscidi"ni yandırıb. Eşitdiyimə
görə, ermənilər tərəfdən 10 min nəfər Şamaxıda, 15
min nəfərə yaxın da Bakıda azərbaycanlı qətlə
yetirilib. Bakıda İçərişəhəri
qoçular
saxlayırmış. O günlərdə türk
qoşunu gəlib harayımıza yetməsəydi, erməni əliyalın
millətimizi, bəlkə də son nəfərinə kimi
qıracaqdı. Bəşər tarixi erməni kimi qaniçən
görməyib.
Mən doxsan
yaşımı yola salmışam. Həmişə ermənilər
qonşuluğumuzda yaşayıblar. Mən bu yaşıma
kimi bir yol da ermənilərin süfrəsində oturub bir
loxma erməni çörəyi dişləməmişəm.
Bilirsiz niyə? Çünki onlar elə etibarsız
tayfadılar ki, verdikləri şirin tikənin içinə
ağu qoymağı bacarırlar. 1941-dən 1945-ə kimi
müharibədə vuruşmuşam. Budapeştdə
yaralanmışam. Amma erməni,
vallah, nemesdən də qəddardı. Onlar çox xəyanətkardırlar.
Qırğın vaxtı ermənilər
adamlarımızı
tutub başına mismar vururdular
Mələk Zeynal qızı Orucova, Şamaxı sakini:
- Mən
Şamaxının Cabanı kəndindənəm. Anam Əngəxaran
qızıdır. Mən ana üzü görməmişəm.
Nənəm böyüdüb məni. Şamaxıda ən
çox qırğın Əngəxaranda olub. Nənəm
söhbət eləyərdi ki, qırğın vaxtı ermənilər
adamlarımızı tutub başına mismar vururdular, təndirə basıb
yandırırdılar, boylu qadınlarımızın
qarnını yarıb uşaqları çıxardıb
süngüyə keçirirdilər. Bələkdəki
uşaqları hündur ağacların budaqlarından asıb
yelləyir, onlar çığırdıqca ermənilər
həzz alıb gülüşürdülər. Nənəm
özü yolnan gedəndə bir də görürdüm
arvad dayandı, başladı ağlamağa. Deyirdim ki, nənə
nə oldu, niyə ağlayırsan? Deyirdi, bala,
bax bu yerdə filankəsimizin kürəyinə qaynar samovar
bağlayıb öldürdülər, özləri də
başladılar öz əməllərinə gülməyə.
Bir gəlini öldürüb mıxlamışdılar bir
taxtanın üstünə, əllərində gəzdirirdilər
oxuya-oxuya. Bir də gördük hündür-
hündür adamlar, başlarında da şişpapaqlar, budu
ha gəldilər. Dedilər, türk
qardaşlarımızdır, bizə köməyə gəliblər.
Türk əsgərləri o səhnəni görən kimi
silah çəkib gəlinin cəsədi vurulmuş lövhəni
erməninin əlindən aldılar. Bir türk əynindən
öz paltarını çıxarıb gəlinin cəsədini
bürüdü, aparıb kəndin qəbiristanlığında
dəfn etdilər. Nənəm həmişə deyərdi ki,
amanın bir günüdür, erməniyə yaxın
durmayın, onlarla yoldaşlıq etməyin. Onların dili
dostam deyir, ancaq ürəkləri qara olur. Kəndimizdə
Hacı Bağı deyilən bir kişi varmış.
Onların keşişləri Hacını
çağırıb deyib ki, gəl camaatını da
yığ gətir, bir heyvan kəsək,
bizim dini qəbul edin. Hacı keşişin dediyini rədd edəndə
kişini bir zülmlə
öldürürlər, başına bir müsibət
açırlar ki, gəl görəsən. Kəndimizdə
elə bir küçə, elə bir döngə yox idi ki, nənəm ayaq saxlamasın, orada
öldürülən qohum-əqrəbasını
ağlamasın. Nənəmin ah çəkdiyi,
ağladığı, harada kimin
öldürüldüyünü göstərdiyi yerlərin
hamısını qarış-qarış yadımda saxlamışam. Bax, bu
hündür yerə Lalayanın binası deyirdilər.
Lalayan ona görə buranı
özünə məskən seçibmiş ki, buradan şəhər sanki
ayaqlarının altında imiş, camaatı yaxşı hədəfə götürə
bilirmiş. Xocalı faciəsini eşidəndə mən
çox ağladım. Onda nənəm sağ idi. Soruşdu
ki, niyə ağlayırsan? Dedim, ermənilər Xocalıda bu
vəhşilikləri törədiblər. Nənəm də
mənə qoşulub ağladı. Dedi ki, day denən Əngəxaran
qırğını təzədən Xocalıda təkrar
olub ki...
Yollarda xeyli ölü gördük
Asya nənə, Şamaxı sakini:
- 1910-cu ildənəm. Qırğın
vaxtı qardaşımın 10
yaşı varmış. Camaatın arasına
çaxnaşma düşəndə ermənilər bir dəstə
uşağı götürüb aradan çıxır. Qardaşım da aparılan uşaqların
içində olur. İtən uşaqların böyükləriynən
bir yerdə atamgil bir neçə gündən sonra soraqlaşa-soraqlaşa
qardaşımgilin yerini dəqiqləşdirir, gedib
uşaqları erməninin əlindən alıb gətirirlər.
Dayımgil Şamaxının kəndində
yaşayırmış, biz isə Şamaxının
özündə. Eşidəndə ki, Şamaxıda ermənilər
bizimkiləri qanına qəltan eləyir, dayım fayton tutub
özünü Şamaxıya- bacısının yanına
çatdırır. O vaxt at arabasıynan öküz
arabasından başqa minik yox idi.
Onda mən
8 yaşında idim. İndiki kimi yadımdadı, bizi arabaya mindirəndə, anamdan soruşdum ki, belə haraya
gedirik? Anam demədi ki, erməninin əlindən
qaçırıq. Bizi qorxuya salmamaq üçün:
"dayıngilə gedirik, gəzməyə" - dedi. Dayımgilə çatana qədər yollarda xeyli
ölü gördük. Heç bilən
yox idi ki, ölən kimdi, hansı kənddəndi? Bir o dəqiq bilinirdi ki, ölənlərin
hamısı bizim millətdən idi. Bir qadın qucağında
iki uşaq piyada qaçırdı. Sonra
uşağın birini yerə qoydu, özü qaçmağa
davam etdi. Yazıq uşaq qaldı
çığıra-çığıra yolun
qırağında.
Sonralar biz Şamaxıdan
köçüb Sumqayıtda yaşadıq. Qonşularımızın çoxu erməni idi.
Mən onlarla yaxşı rəftar eləyirdim.
Xeyir-şər məclislərimizə dəvət
edirdik, özümüz də onlarınkı olanda gedirdik.
Biz kinli millət deyilik axı, ay bala.
Pisliyi də, pisi də tez unudanıq. Amma
onlar? Ən yaxşı qonşuluq etdiyimiz
vaxtlarda da görürdüm ki, həmişə özlərini
birtəhər aparırlar bizim millətə qarşı.
Bir gün də gördüm
qonşularımızda köçhaköçdür. Dedim, nə olub, niyə
köçürsüz? Dedilər
biz də səbəbini bilmirik, başda
oturanlarımız belə məsləhət
bilirlər ki, Azərbaycandan
köçək. Az sonra da bu müharibənin
baisi oldu ermənilər...
Ermənilər
körpələri diri-diri
süngüyə keçirirdilər
Məsmə
xanım, Şamaxı sakini, müəllim:
- 1918-ci ildəki qırğını gözüynən
görən ata-anamdan, dayılarımdan, qohumlarımdan
eşitmişəm ki, o qırğında ermənilər azərbaycanlıların
evlərini, yorğan-döşəklərini, hətta
uşaqlarını belə yandırmaqdan çəkinməyiblər.
Ermənilər bütün tarix böyu bizim ən
qəddar düşmənimiz olub. Ancaq
çox təəssüf ki, biz düşmənlərimizin
elədikləri yamanlıqları tez unutmuşuq həmişə.
O qırğının şahidi olanlar
danışırdılar ki, ermənilər ən çox
körpələri, bir də azyaşlı oğlan və
qız uşaqlarını qılıncdan keçirdiblər.
Körpələri diri-diri ya süngüyə,
ya da qəssabların ət asdıqları qənarələrə
keçirirlərmiş. Mənimlə eyni
məktəbdə bir erməni qadın müəllim işləyirdi,
əri rayonda ikinci katib idi. O qadın oturub-durub deyirdi ki,
Məsmə, biz heç vaxt sizin millətə dost demərik.
Sizin millət ermənilərin qanını içib... O vaxt
sovetin vaxtı idi deyə, əsrin əvvəllərində
ermənilərin bizi qırması ilə bağlı
eşitdiklərimi ona deməyə ürək eləmirdim. Elə bir onu deyirdim ki, "Bizim bir atalar misalı
var, adımı sənə qoyum, səni də yana-yana
qoyum".
Tarix boyu ermənilər törətdikləri faciələri
türk millətinin adına
çıxıblar. Onlar bizim hər zaman
qanımıza susayıb, ən qəddar düşmənimiz
olublar. Ancaq nə bəladırsa, biz
onlarla heç vaxt kin saxlamamışıq,
barışığa tez gəlmişik. Anam deyərdi
ki, 1902-ci, 1905-ci, 1915-ci, 1918-ci illərdə dəfələrlə ermənilər quduzlaşıb müsəlman
qanını töküblər. Bu millət hər zaman bizim xalqa qənim kəsilib.
1988-ci ildə bu erməni- müsəlman
davası ki, təzədən düşdü, onda mən
Sumqayıtda yaşayan qardaşımgilə qonaq getmişdim.
Ora Ermənistandan qovulan azərbaycanlılar gəlib
tökülmüşdülər. Danışırdılar
ki, ermənilər qaçaqaçda bir
qadınımızın sırğasını qulağı
qarışıq kəsib götürüblər.
Körpələri
bələk qarışıq qələmələrə
ilişdirib havaya buraxırdılar
Nəzakət
Abdulrazaqova, Şamaxı sakini:
- Ermənilər 300 ildən çoxdur ki,
xalqımızın qanına susayıblar. XX əsrə
qədər heç vaxt dövləti olmayan ermənilər
özlərinin qəddarlığı, hiyləsi, yeri gələndə
yaltaqlığı, şərəfsizliyi ilə həmişə
bizim torpaqlarımızı ələ keçirməyə
can atıb. SSRİ dövründə də
əl altından onlar öz bildiklərini yerə
qoymayıblar. Böyüklərimiz
danışırdılar ki, 1918-ci ildə ermənilərin
millətimizə qarşı törətdikləri vəhşiliklər
heç bir kitaba sığan deyil. Hətta
azyaşlı uşaqları qətlə yetirirkən
onları asta-asta, işgəncə verə-verə süngüyə keçirir,
uşaqlar çığırdıqca bunlar qəhqəhə
çəkirmişlər. Tifillərin nəfəsi
kəsiləndən sonra da süngünü
çıxarıb uşaqların qanını
yalayırmışlar. Şamaxıda "Cümə məscidi"nin qarşısında bir iri tut ağacı
olub. Şahidlər deyirdilər ki, gavurlar
ağacın budaqlarını aşağı əyib
uclarını qələm kimi itiləyir, körpələri
bələk qarışıq o qələmələrə
ilişdirib havaya buraxırdılar. Çığırışan
anaları güllədən keçirir, uşaqların isə
nəfəsi kəsilənə kimi gülüşüb əylənirdilər.
İnsanlığa sığmayan nə
böyük vəhşət?! Təsəvvür
etmək belə əzablıdır.
O vaxt Gəncədən bizimkilərin köməyinə
süvari dəstə gəlib və bir çox
adamımızı Göyçay tərəfə
aparıblar. Bizim
hörmətli professorumuz Emin Əfəndiyev o vaxt gənc bir
oğlan imiş. O da Göyçaya gedən
dəstənin içində olub. Onlar Göyçaya
çatanda Nuru paşanın dəstəsi
ilə rastlaşıblar. Emin Şamaxıda
baş verən faciələri Nuru paşaya ərz edəndə
Nuru paşanın gözləri dolub. O üzünü
Eminə tutub deyib : "kişi
ağlamaz" deyiblər. Amma bu gənc
oğlanın dediklərini sakitliklə dinləmək
mümkünsüz?! Sənin adına
and olsun ki, sizin hayıfınızı ermənilərdə
qoymayacağız.
Nuru paşanın qoşununda vuruşan
İzzət paşanın məzarı Acıdərə
yaxınlığındadı. Biz hər
zaman o məzarı müqəddəs bir xilaskarın məzarı
kimi ziyarət edirik. Onu demək istəyirəm
ki, yaddaşı zəif olanların yaddaşını oyatmaq
lazımdır. Unutmaq lazım deyil ki, qarı
düşmən dost olmaz deyib böyüklərimiz. Bir də ki, düşmən o qədər hiyləgərdir
ki, istənilən zamanda mələk donunda görünə
bilir.
Dədəgünəş kəndindən 25 nəfər
yaşlı
adamı sıraya düzüb güllələyiblər
Aydın Mirzə oğlu Alcanov, Şamaxı rayon sakini, müəllim:
- 1918-ci il biz
şamaxılılar üçün ən qanlı, ən
faciəli il kimi yadda qalıb. Əslində Mart
soyqırımı elə ilk olaraq Şamaxıda, Ağsuda
törədilib. Mən tarixi faktlar əsasında
deyirəm ki, təkcə Şamaxı şəhərinin
özündə ermənilər martın 18-i ilə 31-i
arasında 8000 dinc əhalini qətlə
yetirib. Özü də bu rəqəm təkcə şəhərin
özünə aiddir. Əgər ətraf kəndlərdə
baş verən qətlləri də hesablasaq, bu rəqəm
16000 nəfərdən çoxdur. Bax bizim bu
dayandığımız hündür yer vaxtilə
Şaumyanın ən yaxın dostu Lalayanın məskən
saldığı yer olub. Görürsünüz, burda
dayananda sanki şəhər bütünlüklə
ayağımızın altında qalır. Bura Qalabazar deyiblər.
Buradakı bu qalanın pəncərələrindən hər tərəfə asanlıqla
atəş açmaq mümkün olub. Buradan əhaliyə
nəinki divan tutublar, hətta canını götürüb
qaçmaq istəyən dinc əhali
"Qız qalası" deyilən hissəyə
çatanda, ermənilər bir yandan həm Mədrəsədən,
Sağyandan, həm də Qalabazardan hücum edərək
camaatı qanına qəltan eləyiblər. Pis odur ki, həmin
vaxt ermənilərə Şamaxıda və onun ətrafında
yaşayan dindaşları da qoşulub. O vaxtdan indiyədək
el içində o yerə "güllə tökülən
dərə" deyirlər. Hal-hazırda adını soyad kimi
götürdüyüm Alcan babamı və başqa iki nəfəri həmin
qırğında ermənilər aparıb harda qətlə yetiriblərsə,
bu günə qədər müəyyənləşdirə
bilməmişik. Bütün
qohum-əqrəba da bilir ki, bizim babamız Alcanı ermənilər
öldürüb. Atam həmişə bizə deyərdi ki,
ermənilər atamı öldürüblər. Yerini də
tapa bilmirik. Mən təkcə babamın deyil, bütün
millətimin tökülən qanının qisasını
almaq istərəm. Bizim Dədəgünəş kəndindən
25 nəfər yaşlı adamı aparıb bir az aralıda
tut ağaclarının
yanında sıraya düzüb güllələyiblər.
Bu faktı bütün Dədəgünəş camaatı
bu gün də bilir. Şamaxının ətrafında
baş verən qırğınlar barədə bu
yaxınlarda bir fakt öyrənmişəm. Sağyan kəndində
Baba adında bir kişi olub. Bir erməni dostu gəlib Baba
kişiyə deyib ki, ailəni də götür qaç
Əngəxarana. Sabah ermənilər Sağyandakı müsəlmanları
qıracaq. Kişi erməni "dost"una inanıb
bütün qohum-əqrəbasıyla birlikdə Əngəxarana
gedib. Ertəsi günü ermənilər Əngəxaranı
gülləbaran ediblər. Deyilənə görə, Baba
kişinin ailəsindən bir nəfər də sağ
qalmayıb. Məndə arxiv materialları var, özüm
toplamışam, harada, hansı kənddə millətimizdən neçə nəfər qətlə
yetirilən olub, məlumatım var. Bu barədə Dövlət
Arxivinə də sənədlər göndərmişəm.
Mən bir şəhid ailəsi kimi də, bir ağsaqqal
müəllim kimi də gənc nəslə üzümü
tutub demək istəyirəm ki, ermənilərin biz azərbaycanlılara
qarşı törətdiyi cinayətlərin heç birini
unutmaq olmaz.
Həmin
bu Qalabazarda bizim mərhum şairimiz Abbas Səhhətə
xalqa xidmət etmək üçün birotaqlı tibb məntəqəsi
veriblərmiş. Həmin dövrdə Abbas Səhhət
burada xalqa pulsuz tibbi xidmət göstərirmiş. Yaxın
dostlarından biri Abbas Səhhətə xəbər göndərir
ki, başını
qurtar, ermənilər səni
öldürəcəklər. Abbas Səhhət 1918-ci il mart
ayının 20-dən 21-nə keçən gecə ailəsi
ilə köçüb gedib Qalağayına (indiki Sabirabad-
müəllif). Bir müddət orada yaşayıb, sonra da
köçüb Gəncəyə, orada yenə həkimliklə
məşğul olub. Burada Ələsgər kişi vardı,
90 yaşında rəhmətə getdi. Özü bu faktın
şahidi olmuşdu və mənə də bu barədə o
demişdi.
70 nəfərin başının kəsildiyi
yer
"Qanlı dərə" adlanır
Vasif Əliağa oğlu Rüstəmov - Əngəxaran kənd orta məktəbinin direktoru:
- Nənəmin dediyinə
görə, obaşdan erməni qoşunu kəndi gülləbaran
eləməyə başlayıb. 70 nəfərə qədər
kənd sakinini tutub Mədrəsə tərəfə girov
aparıblar. Vaxtilə Mədrəsədə dəllək
işləyən bir erməniyə həmin yetmiş nəfərin
boğazını kəsdirməklə onları qətlə
yetiriblər. O 70 nəfərin başının kəsildiyi
yer "Əngəxaran dərəsi"
və ya "Qanlı dərə" adlanır. Sonrakı gün isə 70 nəfərdən
başqa, 480-500 nəfərə yaxın kənd camaatı qətlə
yetirilib. Canını erməni vəhşilərindən
qurtara bilənlər pərən-pərən düşüb
ətraf kəndlərə pənah
aparıblar. Niyə məhz bu kənddə daha çox
sakinimiz qətlə yetirilib? Çünki bu kənddə
oxumuş, ziyalı, qoçaq adam çox olub. Bu kəndin
camaatı 1918-də bir qırılıb, 1937-də bir
qırılıb... Kənddə ziyalı təbəqəsinin,
mübariz adamların çox olması həmişə
düşmənlərimizi narahat edən amil olub. Bu gün mübarizəni
ağılla, siyasətlə
aparmaq lazımdır.
Ellada UMUDLU,
"Azərbaycan müəllimi"
Şamaxı, Əngəxaran kəndi.
28 mart 2001-ci il
Azərbaycan
müəllimi.- 2014.- 28 mart.-S.8.