Azərbaycan dili dərslərində fəndaxili
inteqrasiyada linqvistik təhlildən
istifadə
Müasir dərsin əsas komponentlərindən
biri inteqrativlikdir. İnteraktiv dərsdə inteqrativlik iki səciyyə daşıyır:
1) Fəndaxili inteqrasiya
2) Fənlərarası inteqrasiya
Fəndaxili
inteqrasiya eyni fənn daxilində yeni mövzunun əvvəl keçilmiş
mövzularla əlaqələndirilməsidir. Bu inteqrasiya
həm eyni sinifdə bir dərs ili müddətində
keçilən, həm
də müxtəlif siniflərdə əvvəlki
illərdə öyrənilmiş
mövzular üzrə
ola bilər. Mövzulararası inteqrasiya şagirdlərə
fənnə dair əvvəlki biliklərini
təkrarlamaq və yeni öyrənilən biliklə əlaqələndirmək,
eyni zamanda, gələcəkdə öyrəniləcək
mövzularla əlaqədar
yaradıcı təfəkkürü
inkişaf etdirmək imkanı verir. Bu baxımdan orta
məktəbdə Azərbaycan
dili fənninin tədrisində də inteqrativlik dərsin əsas komponentlərindən
biri kimi daim diqqət mərkəzində durur.
V-XI siniflərdə Azərbaycan dili dərslərini fəndaxili
inteqrasiyasız təsəvvür
etmək mümkün
deyil.
Orta məktəbdə Azərbaycan dili proqramı, məlum olduğu kimi, siniflər üzrə aşağıdakı şəkildə
müəyyən olunmuşdur:
* V sinif - fonetika,
leksikologiya, söz yaradıcılığı
* VI - VII siniflər - morfologiya
* VIII - IX siniflər - sintaksis
* X sinif - nitq mədəniyyəti
* XI sinif - üslubiyyat
Göründüyü
kimi, müxtəlif siniflərdə öyrənilən
dil faktlarının bir-biri ilə əlaqələndirilməsi baxımından
fəndaxili inteqrasiya mühüm əhəmiyyət
kəsb edir.
Azərbaycan
dili dərslərində
fəndaxili inteqrasiyanı
müxtəlif səviyyələrdə
və formalarda həyata keçirmək olar. Bu vasitələrdən biri
də linqvistik təhlildir.
Linqvistika
dilçilik elmi deməkdir. Dilçilik elminin
bütün bölmələri
üzrə kompleks şəkildə aparılan
təhlil linqvistik təhlil adlanır. Bütün təhlil növlərini özündə
birləşdirən linqvistik
təhlildən yeni mövzunun əvvəlki mövzularla əlaqəli
öyrənilməsi prosesində,
mövzular üzrə
ümumi biliklərin yoxlanılmasında, eləcə
də çalışmalar
üzrə iş dərslərində istifadə
etmək olar. Bu təhlilin mahiyyətini
eyni bir nümunə üzərində
müxtəlif dil faktlarının araşdırılması
təşkil edir.
Belə ki, linqvistik təhlil dilin əsas vahidi olan sözün müxtəlif kateqoriyalar üzrə araşdırılmasını
təmin etməklə
yanaşı, həm də bu kateqoriyaların
bir-biri ilə əlaqəsini aydın şəkildə üzə
çıxarır. Məsələn, X sinifdə "Azərbaycan
dilinin quruluşu"
bölməsinin tədrisi
zamanı linqvistik təhlildən istifadəyə
aid bir nümunə göstərmək olar.
Bölmənin təkrar
xarakterli olduğunu nəzərə alaraq, təhlili elə müəyyənləşdirmək lazımdır ki, şagirdlər X sinfə qədər öyrəndikləri
bütün biliklərdən
prosedural şəkildə
istifadə edə, eyni zamanda, müəllim
X sinifdə öyrəniləcək
"Nitq mədəniyyəti"
bölməsinin mahiyyəti
ilə əlaqədar
müəyyən zəmin
hazırlaya bilsinlər.
Lövhədən
müxtəlif rəngdə
çoxlu çiçəklər
olan çəmənliyin
təsvir olunduğu bir şəkil asılır (və ya ekranda göstərilir). Sonra sinfə müraciət olunur:
1) Şəkildə (ekranda)
nə təsvir olunub?
2) Çəmənlikdə nə görürsünüz?
3) Çiçəklər hansı rəngdədir?
4) Ayrı-ayrı rənglərin hamısını birlikdə necə adlandırmaq olar?
Şagirdlərdən
müvafiq olaraq "çəmənlik", "çiçəklik",
"ağ, sarı, qırmızı", "rəngbərəng"
cavabları alınır. Daha sonra şagirdlərə
həmin sözlərdən
bir cümlə qurmaq tapşırılır
və alınan cümlə lövhədə
yazılır.
Çəmənlikdə
rəngbərəng çiçəklər
açılıb.
Bundan sonra şagirdlər
aşağıdakı suala
cavab vermək üçün tədqiqata
cəlb olunurlar:
* Eyni söz dilin müxtəlif səviyyələrində hansı
kateqoriyalara malik olur?
İş forması
kimi sinifdəki şagirdlərin sayından
asılı olaraq, kiçik qruplarla və ya cütlüklərlə
iş formasından istifadə olunur. Hər qrupa və ya cütlüyə
lövhədəki cümlə
ilə əlaqədar
konkret tapşırıq
verilir:
* I qrup - cümləni
sintaktik təhlil etmək
* II qrup - cümlədəki
sözləri fonetik təhlil etmək
* III qrup - sözləri
leksik təhlil etmək
* IV qrup - sözləri
morfoloji təhlil etmək
Qruplar
tapşırığı icra edirlər və onlara öz işlərini cədvəl üzrə əyaniləşdirmək təklif
olunur. Şagirdlər əvvəlcədən iri
kağızda tərtib
olunmuş cədvəl
üzrə işləyirlər.
Dairəvi ötürmə üsulundan istifadə edərək qruplar (və ya cütlüklər)
hər biri öz tapşırıqlarına
uyğun sütunlarda işləyərək cədvəli
doldururlar.
Sonra
cədvəl lövhədən
asılır və şagirdlər müzakirəyə
cəlb olunurlar. Müzakirə zamanı kateqoriyaların
müqayisəsi diqqət
mərkəzində saxlanılır
və nəticə olaraq, tədqiqat sualı cavablandırılır.
Şagirdlərin yaradıcı
təfəkkürünü inkişaf etdirmək məqsədi ilə onların diqqəti müxtəlif səviyyələrə
aid olan eyni kateqoriyaya cəlb olunur və şagirdlər müqayisə
yolu ilə belə bir nəticəyə
gəlirlər ki, eyni söz müxtəlif
dil qatlarında fərqli kateqoriyalara malik olduğu kimi, eyni kateqoriya
da müxtəlif səviyyələrdə fərqli
şəkildə üzə
çıxır. Məsələn, rəngbərəng sözü quruluşuna
görə morfoloji cəhətdən
mürəkkəb söz olduğu
halda, sintaksis
baxımından sadə üzvdür. Beləliklə,
şagirdlər sadəlik və mürəkkəblik
anlayışlarının müxtəlif səviyyələrdə
fərqli xüsusiyyətə malik olduğunu əyani şəkildə başa düşürlər.
Bundan sonra gələcək dərslərlə
əlaqə baxımından cümlə üzrə iş aparmaq olar. Şagirdlərin diqqəti xəbərin
mübtəda ilə uzlaşmasına cəlb olunur
və uzlaşmanın pozulması səbəbi
aydınlaşdırılır. Şagirdlərdən mübtəda
cansız əşya bildirdiyi üçün xəbərin onunla kəmiyyətə görə
uzlaşmadığı cavabı alınır və onlara bildirilir ki, bu, qrammatik
normadır. Əgər xəbər kəmiyyətcə
uzlaşsaydı (çiçəklər açıblar), onda norma pozulmuş
olardı. Norma isə nitq
mədəniyyətidir və bunun
haqqında sonralar (öyrəniləcək)
danışılacaq.
Beləliklə,
aydın olur ki, keçmiş dərslə gələcəkdə
öyrəniləcək dərsin əlaqələndirilməsində linqvistik təhlilin böyük
əhəmiyyəti vardır və ondan
lazımi şəkildə istifadə etmək müəllimlər
üçün səmərəli ola bilər.
Sevda RÜSTƏMOVA,
Füzuli rayonu, Qayıdış qəsəbəsi,
1 nömrəli tam orta məktəbin
Azərbaycan
dili və ədəbiyyat müəllimi
Azərbaycan
müəllimi.- 2014.- 28 mart.- S.10.