"Cəsurlar" hərbi-idman və turizm

oyununun Respublika final yarışı keçirilib

   

Aprelin 26-da Cəmşid Naxçıvanski adına hərbi liseydə "Cəsurlar" hərbi-idman və turizm oyununun Respublika final yarışı keçirilib.

Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Respublika Veteranlar Şurasının birgə qərarı ilə keçirilən yarışda ümumtəhsil məktəblərinin VII-VIII sinif şagirdləri iştirak ediblər.

"Cəsurlar" hərbi-idman və turizm oyununun Respublika final yarışında I yerə Zərdab, II yerə Xətai, III yerə Ordubad rayonunun komandaları layiq görülüblər. Qalib komandalar Təhsil Nazirliyinin Fəxri fərmanı ilə təltif olunub.

Qeyd edək ki, cari ilin mart-aprel aylarında Bakı və Naxçıvan şəhərlərində, Quba, Göygöl, Hacıqabul, İsmayıllı, Balakən, Ağcabədi, Neftçala rayonlarında "Cəsurlar" hərbi-idman və turizm oyunlarının zona mərhələsi keçirilib.

Hazırda Təhsil Nazirliyi müvafiq qurumlarla birgə ümumtəhsil müəssisələrində gənclərin çağırışaqədərki hazırlığı fənninin tədrisinin təkmilləşdirilməsi, hərbi-idman oyunlarının keyfiyyətinin və kütləviliyinin artırılması üçün təsirli tədbirlər həyata keçirir. Bu baxımdan gənclərin vətənpərvərlik tərbiyəsinin aktual məsələləri üzrə müşavirələrin, konfransların, "dəyirmi masa"ların, mədəni-kütləvi və digər tədbirlərin keçirilməsinə hərtərəfli dəstək verilir.

 

Azərbaycan müəllimi.- 2014.- 2 may.- S.9.