Sərhəd
tanımayan şöhrətin parlaq təcəssümü
Həyatın mənası çox və yaxud az yaşamaqdan ibarət deyil. Onun əsas mənası bu həyatda öz yerini tutmaq, mövqeyini müəyyən etmək, ləyaqət göstərmək və başqaları üçün nümunə olmaqdır.
Heydər ƏLİYEV,
Azərbaycan xalqının ümummilli lideri
"Həqiqi dahi o
insandır ki, ürəyi hamı üçün
döyünür". Dünya şöhrətli
fransız yazıçısı, Nobel mükafatı
laureatı Romen Rollanın bu müdrik fikri müstəqil Azərbaycan
dövlətinin qurucusu, dünya azərbaycanlılarının
fəxri və ümummilli lideri, böyük siyasətçi
və mütəfəkkir Heydər Əliyevin həyat
idealını çox dəqiq ifadə edir. Anadan olmasının 91 illik yubileyini hədsiz
qürur hissi ilə qeyd etdiyimiz qüdrətli dövlət
xadimi Heydər Əliyevin ömür yolu nəcib məqsədlərə,
işıqlı ideallara, Vətənə və millətə
təmənnasız olaraq sədaqətlə xidmətin parlaq
nümunəsidir. Azərbaycanın xalqımıza şərəf
və başucalığı gətirən müasir tarixinin
zəfər salnaməsinin yaradılmasında böyük rəhbərimizin
ölçüyəgəlməz xidmətləri danılmaz
və unudulmaz həqiqətdir. Fövqəladə
idarəetmə məharətinə, heyrətamiz siyasətçi
istedadına, yenilməz qətiyyətinə və
sarsılmaz iradəsinə, ən çıxılmaz vəziyyətlərdə
belə konstruktiv müdrik qərarlar qəbul etmək
bacarığına görə Heydər Əliyevin adı
dünyanın ən məşhur şəxsiyyətləri
ilə bir sırada çəkilir. XX əsr Azərbaycan
tarixinin bütöv bir qərinəsi - 30 ildən artıq
dövrü məhz ulu öndər Heydər Əliyevin
adı ilə bağlıdır. XX əsrin ən parlaq
simalarından və nadir şəxsiyyətlərindən olan
Heydər Əliyev şərəfli həyat və fəaliyyəti
ilə xalqımızın simvolu səviyyəsinə yüksəlmişdir.
O, qədirbilən xalqımızın, eləcə
də onunla birlikdə çalışmış və
ünsiyyətdə olmuş digər ölkələrin
dövlət rəhbərlərinin, habelə sadə vətəndaşlarının
yaddaşında xariqələr yaratmağa, siyasi uzaqgörənliyi
ilə zəmanəsinin fövqündə durmağa qadir
dahi insan olaraq əbədiyyət qazanmışdır.
Heydər Əliyev
şəxsiyyəti və müdrikliyi dünyada çox
insanları heyran etmişdir. Görkəmli
ABŞ siyasətçisi Zbiqnev Bzejinski onu beynəlxalq səviyyəli,
qətiyyətli, uzaqgörən dövlət xadimi, tarixi əhəmiyyətli
lider, Rusiya prezidenti Vladimir Putin "siyasət nəhəngi",
ABŞ-ın sabiq prezidenti Corc Buş "Cənubi Qafqazda ən
əsas şəxsiyyət", böyük gürcü rəssamı
Zurab Sereteli "dünya vətəndaşı",
Rusiya siyasi xadimi Yevgeni Primakov "tarix yaradan insan" kimi
yüksək qiymətləndirmişlər. Qardaş
Türkiyənin sabiq prezidenti Əhməd Necdət Sezər
yazırdı ki, "Heydər Əliyevi şəxsən
tanıdığıma görə böyük şərəf
və xoşbəxtlik hissləri keçirirəm". Sovet
İttifaqı Qəhrəmanı, dövlət xadimi Boris
Qromov qeyd etmişdi ki, "Şübhə yoxdur, Heydər
Əliyevin adı vətənimizin tarixinə qızıl hərflərlə
yazılacaqdır". Bu isə tanınmış siyasətçi
Kirşan İlyumjinovun fikridir: "Bütün postsovet məkanında
müasir siyasətçilərin bütöv bir nəslinin
yetişdirilməsində Heydər Əlirza oğlunun xidməti
misilsizdir". Vaxtilə ulu öndərlə tanış
olmuş Klivlend klinikası təhlükəsizlik xidmətinin
rəisi yazmışdı ki, "Ona yaxın olmaq
möcüzə idi. Həyatda yalnız bircə dəfə
baş verə biləcək möcüzə!".
Bu gün hər bir Azərbaycan
vətəndaşının qəlbində ümummilli
liderimizin ölməz işıqlı obrazı
yaşayır. Zaman ötdükcə Heydər Əliyev
dühasının əzəməti daha aydın hiss
olunmaqdadır. Təsadüfi deyil ki, bu gün dünyanın
siyasət aləmində Heydər Əliyev fenomeni hərtərəfli
öyrənilməli və bəhrələnməli məktəb
kimi qəbul edilir.
Ulu
öndər şərəfli həyat və fəaliyyətinin
bütün dövrlərində möhtəşəm
quruculuğun, sosial-iqtisadi inkişafın, ictimai-siyasi
sabitliyin, əmin-amanlığın, dövlətçiliyin
təminatçısı olmuş, ən ağır vaxtlarda
xalqımız və dövlətimizin mənafeyi naminə
xilaskarlıq missiyasını yerinə yetirmişdir. Onun Azərbaycanda siyasi hakimiyyətdə
olduğu ilk dövrü əhatə edən 1969-1982-ci illər
ölkəmizin müasir tarixinin şanlı səhifələri,
intibah dövrü kimi qiymətləndirilir. O
vaxtlar tənəzzül və durğunluq burulğanında
qalmış, nəinki xarici dövlətlərdə, hətta
keçmiş Sovetlər Birliyinin hüdudları daxilində
yaxşı tanınmayan, "imzalar içində imzası
olmayan" Azərbaycanın qısa zamanda sosial-iqtisadi
inkişaf baxımından qabaqcıllar sırasına
çıxması, adlı-sanlı respublika imici
qazanması birmənalı şəkildə Heydər
Əliyevin idarəetmə istedadının, onun qibtəolunası
təşkilatçılıq bacarığının,
tükənməz yaradıcılıq əzminin məntiqi nəticəsi
idi.
Ötən
əsrin 80-ci illərində ulu öndərin keçmiş
SSRİ rəhbərliyinə dəvət olunması, 5 il ərzində
qüdrətli bir dövlətin ən strateji fəaliyyət
sahələrinə, o cümlədən təhsil sahəsinə
rəhbərlik etməsi hər bir azərbaycanlının, hər bir türk əsilli vətəndaşın
qəlbində hədsiz qürur və iftixar hissi doğurmaqla
bərabər, Heydər Əliyev şəxsiyyətinin, Heydər
Əliyev fenomeninin dünya miqyasında təsdiqinə təkzibedilməz
parlaq nümunədir.
Bu
gün Vətən və millət qarşısında öz
məsuliyyətini dərindən dərk edən hər bir
soydaşımız üçün ümummilli lider Heydər
Əliyev dövlətçiliyimizin rəmzi, müstəqil
Azərbaycanın xilaskarı və qurucusu, ən böyük
azərbaycanlıdır. Azərbaycan keçən əsrin 90-cı illərinin
əvvəlində yaranmış siyasi və iqtisadi
böhrandan, başıpozuqluqdan, anarxiya və vətəndaş
müharibəsi təhlükəsindən 1993-cü ilin iyun
ayında xalqın təkidli tələbi ilə ölkəmizdə
ikinci dəfə siyasi hakimiyyətə qayıdan ulu öndərin
böyük rəhbərlik təcrübəsi, yenilməz
siyasi iradəsi və qətiyyəti sayəsində xilas ola
bilmiş, dinamik inkişaf yolunda inamla irəliləməyə
başlamışdır. Məhz onun möhtəşəm fəaliyyəti
nəticəsində Azərbaycan XXI əsrə müstəqil
müasir dövlət kimi qədəm qoymuşdur. Cəmiyyətin siyasi, sosial-iqtisadi mənzərəsini
dəyişmək, insanların
dünyagörüşünün, mənəviyyat və
psixologiyasının humanist və demokratik ideallara söykənən
bəşəri dəyərlər zəminində
formalaşması üçün ideoloji əsas yaratmaq,
insanların qürur və istinad mənbəyi zirvəsinə,
xalqın lideri olmaq məqamına ucalmaq yalnız ulu öndər
Heydər Əliyev kimi nadir şəxsiyyətlərə bəxş
edilən xoşbəxtlikdir.
Dahi və
uzaqgörən dövlət rəhbəri Heydər Əliyev
Azərbaycanda güclü iqtisadiyyatın yaradılması ilə
bərabər, cəmiyyətin tərəqqisinin əsas hərəkətverici
qüvvəsi hesab olunan təhsilin inkişafına da
böyük diqqət və müntəzəm qayğı göstərmiş, Azərbaycan
təhsilinin mütərəqqi dünya dövlətlərindəki
səviyyəyə yüksəlməsi ilə bağlı
taleyüklü məsələlərin həyata keçirilməsini
dövlət siyasətinin başlıca prioriteti elan
etmişdir. İnkarolunmaz həqiqətdir ki, Azərbaycanda təhsil
islahatlarına başlanması, Dünya
Bankının islahatlar prosesinə cəlb edilməsi,
islahatların hüquqi-normativ bazasını təşkil edən
direktiv sənədlərin qəbulu, təhsil sahəsində
öz həllini gözləyən problemlərin aradan
qaldırılmasına yönəlmiş bir sıra dövlət
proqramlarının təsdiqi birmənalı şəkildə
ümummilli lider Heydər Əliyevin təşəbbüsü
və qətiyyətli mövqeyi sayəsində mümkün
olmuşdur.
Dünya
şöhrətli dövlət xadimi, Azərbaycan
xalqının milli və mənəvi lideri Heydər
Əliyevin öz həmvətənlərinə müqəddəs
əmanət qoyduğu müstəqil Azərbaycan onun ölməz
ideyalarının işığında ölkə Prezidenti cənab
İlham Əliyevin müdrik rəhbərliyi ilə gələcəyə
doğru inamla addımlayır.
2003-cü ildən bu günədək Azərbaycanın
ictimai-siyasi, sosial-iqtisadi sahələrdə əldə etdiyi
möhtəşəm uğurlar Heydər Əliyev
ideallarına, ulu öndərin siyasi kursuna sadiqliyin əyani təzahürüdür.
Şöhrəti
və nüfuzu sərhəd tanımayan, əbədiyaşarlıq
zirvəsinə ucalan Heydər Əliyevin əzəmətli
şəxsiyyəti, onun Azərbaycana, doğma xalqına həsr
edilmiş şərəfli ömür yolu, mübarizə və
qələbələrlə zəngin fəaliyyəti bu
günün və gələcəyin
gəncləri üçün parlaq nümunə, ibrətamiz
tərbiyə məktəbidir. Ulu öndərin
ölkə vətəndaşlarına qiymətli əmanəti
hesab edilən əvəzolunmaz irsi - xarici və daxili siyasət
quruculuğuna, iqtisadiyyatın, elmin, təhsil və mədəniyyətin
inkişafına, dövlətçilik ənənələrinin
qorunub saxlanmasına və möhkəmləndirilməsinə,
dövlətin idarəolunması texnologiyalarına,
cəmiyyətdə insan amilinin və mənəvi
ucalığın, Vətən təəssübünün
prioritet dəyərlər kimi qiymətləndirilməsinə
həsr edilmiş proqram istiqamətli nitq və
çıxışları, müsahibələri XXI əsr
Azərbaycan vətəndaşının yetkin şəxsiyyət
olaraq formalaşması üçün daim öyrənməli
zəngin xəzinədir. Dahi rəhbərin
dünyanın nüfuzlu dövlət
başçıları, siyasi xadimləri ilə
keçirdiyi görüşlərdə nümayiş
etdirdiyi taktiki ustalıq, dialoq mədəniyyəti və
müsahibini öz təsir dairəsində saxlamaq istedadı
isə gələcək siyasətçilər üçün
ibrətamiz ustad dərsləridir. Hazırkı
dövrdə təhsil işçiləri,
bütövlükdə pedaqoji ictimaiyyətin ən
başlıca vəzifəsi gənc nəslin hər bir
nümayəndəsini dahi Heydər Əliyevin nümunəsində,
onun banisi olduğu azərbaycançılıq məfkurəsinin
timsalında tərbiyə etməkdən, ulu rəhbərin zəngin elmi-nəzəri irsini
davamlı surətdə uşaq və gənclərə
öyrətmək üçün əzmlə
çalışmaqdan, bu şərəfli işi Vətən
və xalq qarşısında vətəndaşlıq borcu
kimi qiymətləndirərək yerinə yetirməkdən
ibarətdir.
Bu sətirləri
yazarkən ulu öndər bütün əzəməti ilə
gözlərim önündə canlandı... Doğma, qəlbləri
riqqətə gətirən bir mənzərənin sehrinə
düşmüşdüm. İnsanların gur
toplaşdığı geniş və işıqlı bir
salonda dahi rəhbərimiz tribuna arxasında idi. Həmişə
olduğu kimi inamlı, qətiyyətli... Çöhrəsindən
nur yağırdı. Alqış sədaları kəsilmək
bilmirdi... Budur, nüfuzedici nəzərlərlə salona diqqət
yetirdikdən sonra o, aramla nitqinə başlayır...
* "Təhsil hər bir dövlətin,
ölkənin, cəmiyyətin həyatının, fəaliyyətinin
mühüm bir sahəsidir. Cəmiyyət təhsilsiz
inkişaf edə bilməz. Təhsilsiz xalq müasir şəraitdə
öz imkanlarını həyatına sərf etmək
üçün çox problemlərlə rastlaşar. Azərbaycan xalqının gələcəyi,
müstəqil Azərbaycanın gələcəyi gənclərin
bu gün aldıqları bilik, təhsil və tərbiyədən
asılıdır. Çünki hər bir xalqın səviyyəsini
onun bilik səviyyəsi müəyyən edir. Xüsusən,
aparıcı qüvvə, hər bir ölkənin, hər bir
millətin aparıcı qüvvəsi onun bilikli nümayəndələridir.
Hər bir dövlət əgər istəyirsə
ki, öz ölkəsinin inkişafını təmin etsin,
öz millətinin elmini, mədəniyyətini dünya
standartlarına çatdırsın, o, mütləq hər
şeydən çox təhsilə fikir verməlidir, təhsilin
inkişafına səy göstərməlidir, təhsil
üçün bütün imkanları yaratmalıdır.
* İnsanlar həmişə elmi cəmiyyətin
ali dəyəri hesab etmişlər, ən qədim zamanlardan
başlayaraq elm yüksək qiymətləndirilib və elmi kəşflər
etmiş dahilər insan cəmiyyətinin inkişafına imkan
yaratmışlar. Müasir həyat və dünyanın gələcəyi
insanlardan daha da çox bilik tələb edir. Bilik səviyyəsinə
də nail olmaq üçün təhsil daim mövcud
olmalıdır və o, ardıcıl surətdə inkişaf
etməlidir. Biz gələcəkdə Azərbaycanın təhsilinin
daha da təkmilləşməsinə, keyfiyyətinin yüksəlməsinə
nail ola biləcəyik. Gələcək bilikli, elmli
insanların çiyinləri üstündə qurulacaqdır.
* Azərbaycan xalqı yüksək
elmə, yüksək biliyə, savada malik olan xalqdır. Bunlar hamısı uzun illər - keçmişdən
indiyə qədər Azərbaycanda yaranmış təhsil
sisteminin fəaliyyətinin əməli nəticələri,
Azərbaycan müəllimlərinin, alimlərinin gərgin fəaliyyətinin
nəticəsidir. Çoxəsrlik tariximizdə
xalqımız bəşər mədəniyyətinə,
elminə böyük töhfələr vermiş,
xalqımızın içərisində
böyümüş görkəmli alimlər,
ixtiraçılar, şairlər, yazıçılar
dünya mədəniyyətini, elmini öz əsərləri
ilə zənginləşdirmişlər. Bu gün biz fəxr
edə bilərik ki, regionumuza mənsub olan başqa ölkələrlə
müqayisədə xalqımızın bilik, savad, elm, mədəniyyət
səviyyəsi bir çoxundan yüksəkdir. Birincisi,
bu, xalqımızın istedadlı xalq olduğunu bir daha
nümayiş etdirir, qədim dövrlərdən indiyə qədər
xalqımızın içində zəkalı, elm və təhsil
ilə məşğul olan mütəfəkkir insanların
olması ilə bağlıdır. Əsrlərdən-əsrlərə
xalqımız istedadlar yetiribdir. Bu istedadlar Azərbaycan
xalqının mənəviyyatını, elmini, ədəbiyyatını,
incəsənətini yaradıb, yaşadıb, inkişaf
etdiriblər. Məhz xalqımızın
istedadlarının fəaliyyəti nəticəsində və
xalqımızın mənəviyyata, mədəniyyətə
xüsusi qayğısı və münasibəti nəticəsində
Azərbaycan xalqının böyük, gözəl mədəniyyəti,
böyük elmi yaranıbdır. Azərbaycanın
görkəmli elm, mədəniyyət xadimləri, incəsənət
ustaları dünya mədəniyyətinə gözəl
töhfələr verib, onu zənginləşdiriblər.
Şübhəsiz ki, istedad qayğı istəyir. Qayğı olmayanda istedad bəzən özünə
yol tapa bilmir, yaxud da ki, onun inkişaf yolu çətin olur.
İstedadı cəmiyyətə, xalqa göstərmək
lazımdır, ona istedadını inkişaf etdirmək
üçün kömək etmək, istedada yol açmaq
lazımdır. Azərbaycanda
uşaqların əksəriyyəti çox
istedadlıdır. Əgər valideynlər, məktəblərdə
müəllimlər, təhsil sahəsində fəaliyyət
göstərən bizim vətəndaşlarımız
uşaqların tərbiyəsinə, təhsilinə
qayğını daha da artırsalar, biz gələcəkdə
daha da istedadlı Azərbaycan gənclərinə, vətəndaşlarına
malik olacağıq.
* Təhsil sahəsi müqəddəs
sahədir. Çünki təhsil sahəsi uşaqları, gəncləri
hazırlayıb gələcəyə əsl vətəndaş,
yüksək səviyyəli mütəxəssis etmək
üçün mövcuddur. Amma bununla yanaşı, təhsilimizin
ən böyük məqsədi Azərbaycan vətəndaşı
hazırlamaqdır, müstəqil Azərbaycan cəmiyyətinin
ləyaqətli üzvünü hazırlamaqdır. Hər bir
insan gərək eyni zamanda vətəndaş olsun. Mütləq
vətəndaş olsun! Vətəndaş sözü
böyük sözdür. Vətəndaş sözü o deməkdir
ki, hər bir vətəndaş gərək dövlətinə
sadiq, millətinə sadiq, ənənələrinə sadiq,
xalqına sadiq olsun. Ona görə də orta təhsil sisteminə
çox ciddi fikir vermək lazımdır.
* Təhsil sahəsi cəmiyyət
üzvlərinin, demək olar ki, tam əksəriyyətini həm
maraqlandırır, həm də onların bu və ya digər
şəkildə iştirakını tələb edir, yaxud da
iştirakı ilə bağlıdır. Bir də ona görə
ki, təhsil mürəkkəb bir sahədir. Təhsil sahəsi
nə sənayedir, nə kənd təsərrüfatıdır,
nə ticarətdir. Bu, cəmiyyətin xüsusi, intellektual cəhətini
əks etdirən bir sahədir. Belə halda təhsil sisteminə
çox diqqətli yanaşmaq lazımdır və bu sistemə
münasibət çox həssas olmalıdır. Həyat
böyük bir prosesdir. Bu prosesdə uğurla iştirak etmək
üçün insan müasir tələblərə
uyğun olan təhsilə malik olmalıdır. Təhsil də
daim təkmilləşdirilməlidir. Təhsil
haqqında danışarkən istərdim ki, həm orta məktəbdə,
həm də ali məktəbdə təhsil alan gənclərimiz
dünya elminin, dünya mədəniyyətinin əldə
etdiyi dəyərlərlə nəinki tanış olsunlar,
habelə onu mənimsəməyə şərait
yaradılsın. Hesab edirəm ki, cəmiyyət haradan
olursa-olsun, nədən olursa-olsun kəsib təhsilə xərcləməli,
gənc nəslin təhsilinə, müəllimə kömək
etməlidir. Bu, mənim prinsipial mövqeyimdir.
* Təhsil sistemi Azərbaycanın gələcəyini
təmin
edən bir sistemdir. Biz müstəqil
dövlət olaraq özümüzün təhsil sistemimizi
istədiyimiz kimi qururuq. Bütün dünya
ölkələrinin mütərəqqi təcrübələrindən
istifadə edirik. Bizim müstəqil dövlət
olmağımız, müstəqil dövlət olaraq
dünyada tanınmağımız və Dünya Birliyində
yer tutmağımız onu tələb edir ki, bizim ölkəmizin,
xalqımızın bütün sahələrdə gərək
yüksək ixtisasa malik olan, dünyada gedən elmi-texniki
proseslə nəinki ayaqlaşan və bəlkə də
müəyyən istiqamətlərdə onu qabaqlayan, buna qabil
ola bilən kadr potensialı olmalıdır. Buna
görə də biz, ümumiyyətlə, təhsil sahəsinə
xüsusi fikir veririk. Hesab edirəm ki, indiyə qədər
yaranmış təməlin, əsasın üzərində
Azərbaycanın təhsili, məktəbi bundan sonra daha da təkmilləşəcək,
inkişaf edəcək və Azərbaycan uşaqları, gəncləri
bu inkişaf dövrümüzdə ilbəil daha da geniş,
yüksək təhsil alacaqlar.
* Azərbaycan
Respublikasının, Azərbaycan xalqının XX əsrdə
böyük nailiyyətlərindən biri də budur ki, bizdə
yaxşı orta təhsil sistemi yaranmışdır və
orta məktəblərimiz gənclərə yaxşı təhsil
verir, onları tərbiyələndirir, gələcək
müstəqil həyata hazırlayır, ali təhsil
almağın bünövrəsini qoyur. Ümumi
təhsil xalqın mentalitetidir, dünya xalqları ilə
müqayisə olunacağı səviyyədir. İndi
dünyaya gələn körpələr, birinci sinfə qədəm
qoyan uşaqlar, bu gün yuxarı siniflərə girən
şagirdlər, ali məktəblərə daxil olan gənclər
təhsil, bilik almalıdırlar, müstəqil Azərbaycan
Respublikasının bu gününü, gələcəyini təmin
etmək üçün, gələcəkdə
respublikamızı inkişaf etmiş bir ölkəyə
çevirmək üçün təhsil almalıdırlar,
bilik toplamalıdırlar, özlərini cəmiyyətdə fəaliyyətə
hazırlamalıdırlar.
* Bizim
uşaqlarımız, gənclərimiz hər bir fənni bilməlidirlər
və xüsusən, o fənlərdə ki, ixtisaslaşmaq istəyir,
- onu daha da yaxşı bilməlidirlər. Biri
istəyir riyaziyyatçı olsun, biri istəyir fizik olsun,
biri istəyir geoloq olsun, biri istəyir hüquqşünas
olsun. Qoy olsun. Ancaq orta
məktəblər üçün bizim bir neçə
şərtlərimiz vardır, onları həyata keçirməlidirlər.
Ana dilini bilməlidirlər, ədəbiyyatımızı
bilməlidirlər, bizim tariximizi bilməlidirlər, bizim mədəniyyətimizi
bilməlidirlər. İndi biz Azərbaycanda
məhdudiyyət qoymuruq. Rusdilli məktəblər
var və qarışıq - rus-Azərbaycan dilli məktəblər
vardır. Gürcülər yaşayan yerdə
gürcü dilli məktəblər vardır. Başqa
dillərdə olan bütün bu məktəblərdə,
yaxud ola bilər, başqa dillərdə də
məktəblər yaransın - bunların hamısında Azərbaycanın
tarixi, Azərbaycanın ədəbiyyatı, Azərbaycanın
mədəniyyəti tədris olunmalıdır. Bu, mütləq lazımdır.
* Ümumi təhsilimizdə,
yəni məktəblərimizdə bütün dərslər,
bütün fənlər bizim bu günümüzə və
gələcəyimizə həsr olunmalıdır. İnsan təhsilinin əsasını orta məktəbdə
alır. Ona
görə də bütün təhsil sistemində orta məktəb,
orta ixtisas məktəbi, yaxud da ki, orta təhsil məktəbi
- bunlar xüsusi yer tutmalıdır. Əgər bu 11 il
müddətində uşaq birinci sinifdən başlayaraq sona
qədər köklü təhsil almasa, yaxşı hazırlaşmasa, o, nəinki
gedib universitetə imtahan verə bilməz - heç lazım
deyil ki, hər bir orta təhsil alan getsin universitetə imtahan
versin. Bu, mümkün də deyildir. Bu,
keçmişdə də mümkün olmayıbdır, bu
gün də mümkün deyildir, - ancaq ola bilər, ondan sonra
gedib universitetdə ali təhsil almasa da, amma həyatda yaşayacaqdır,
həyatda fəaliyyət göstərəcəkdir, cəmiyyətdə
olacaqdır. Əgər onun fundamental, köklü orta təhsili
varsa, o, cəmiyyətdə özünə yer tapacaq,
çalışacaq, özünü, ailəsini
yaşadacaqdır. Amma ən vacibi də odur ki, cəmiyyətimizin
şüurlu üzvü olacaqdır.
* Hər bir insan üçün həyat
anadan doğulduğu gündən başlayırsa, insanın
şüurlu həyatı, onun gələcəyi, onun cəmiyyətdə
özünə yer tutması məktəbdən
başlayır. Məktəbimiz təbiət və cəmiyyətin
inkişaf qanunlarını yaxşı başa düşən,
yaradıcı təfəkkür vərdişləri olan
bilikli adamlar hazırlamalıdır. Bu gün
faktların müəyyən məcmusunun şagirdlər tərəfindən
mənimsənilməsi ilə kifayətlənmək olmaz.
Şagirdlərə öz biliklərini müstəqil surətdə
artırmaq, elmi informasiyanın sürətli axınından
baş çıxarmaq vərdişi aşılanmalıdır.
* Məktəb həyatı təkcə
təhsil vermir, eyni zamanda bu, yüksək tərbiyə
ocağıdır. Bu, eyni zamanda uşağı, gənci
müstəqil həyata hazırlayan bir səviyyədir. Məktəb
elə bir prosesdir, orqanizmdir ki, burada hamı - şagird də,
tələbə də, müəllim də, bütün kollektiv
də inkişafdadır. Məktəbdə insanın
dünyagörüşünün bünövrəsi qoyulur,
onun xarakteri formalaşır, ideya dayaqlarının, mənəvi
və əxlaqi dayaqların təməli yaradılır. Məktəbin
təsiri altında əqidəliliyi, əməyə məhəbbət,
yüksək mənəviyyat və humanizm, vətənpərvərlik
və beynəlmiləlçilik kimi zəruri keyfiyyətləri
tərbiyə edilir. Məktəbdə insanın
baxışları, arzu və istəkləri
formalaşır, onun rəhbər tutduğu mənəvi
meyarlar bir çox cəhətdən müəyyənləşir.
Məktəb gənc şəxsiyyətin bir vətəndaş
kimi təşəkkülündə, gənclərin vətənpərvərlik
tərbiyəsində böyük rol oynayır. Məktəbdə
vətənpərvərlik tərbiyəsi işini daim təkmilləşdirmək,
onun forma və metodlarının rəngarəngliyinə
çalışmaq, yüksək səmərəliliyinə
nail olmaq lazımdır. Hər bir gənc vətəndaş
öz ölkəsinin alovlu vətənpərvəri
olmalıdır.
* Çox uzun bir
müddət ərzində məktəbin işinə
yalnız bir göstəriciyə, əsas hesab edilən
göstəriciyə görə qiymət verilirdi: məktəbin
nə qədər məzunu tələbə olmuş, ali məktəb
diplomu almışdır. Bu nöqteyi-nəzəri dəyişdirmək
vaxtı gəlib çatmışdır. Bilikli,
bacarıqlı, əməksevər adamlar yetişdirmək məktəbin
ən birinci borcudur. Məzun əməyə
hazırdırmı - bu gün məktəbin işinin,
bütün xalq maarifi sisteminin səmərəliliyi bax bu
meyarla müəyyən edilir.
* Məktəb ailə ilə
qarşılıqlı münasibətlərdə prinsipial,
pedaqoji cəhətdən düzgün mövqe
tutmalıdır. Nail olmaq lazımdır ki, hər bir pedaqoji
kollektivdə şagirdlər üçün, onların
valideynləri üçün, geniş ictimaiyyət
üçün yüksək ideyalılıq, əxlaqi
prinsiplərə sədaqət, yüksək tələbkarlıq
və prinsipiallıq nümunəsi olsun. Pedaqoji kollektivdəki
mənəvi iqlim məktəblilərin əxlaq tərbiyəsinin
səmərəliliyi üçün çox mühüm
şərtdir. Məktəblə ailənin
sıx, qarşılıqlı əlaqəsi olmadan mükəmməl
tərbiyə ola bilməz, çünki bu proses kompleks
prosesdir və onun səmərəliliyini valideynlərlə
pedaqoqların birgə səyi ilə yüksəltmək
lazımdır. Şagirdlərin valideynləri və ailələri
ilə məktəbin əlaqəsi hər vasitə ilə
möhkəmləndirilməlidir. Məktəb evdə
uşağın hansı şəraitdə
böyüdüyünü və tərbiyə edildiyini
yaxşı bilməli, ailədə tərbiyə prosesinə
təsir göstərməyin yeni formalarını
axtarmalı, pedaqoji biliklərin əsaslarını valideynlərə
öyrətməlidir. Məhz müəllim
müəyyən mərhələdə tərbiyə sahəsində
hansı vəzifəni yerinə yetirmək lazım gəldiyini
müəyyənləşdirməli, valideynlərə
kömək etməli, uşağın şəxsiyyətinin
formalaşdırılmasına düzgün təsir göstərmək
yollarını onlara öyrətməlidir. Məktəb
hər bir şagirdə tələbkarlıqla və obyektiv
yanaşmalı, hər yerdə - davranışda da, geyimdə
də, əyləncədə də təvazökar
olmağı öyrətməlidir. Məktəb bunu
uşaqlara, lazım gəlsə, hətta valideynlərə də
öyrətməlidir. Valideynlər yaxşı başa
düşməlidirlər ki, uşaqların tərbiyəsi
heç də ailənin daxili işi, hər kəsin şəxsi
işi deyildir. Bu, vətəndaşın Konstitusiyadan irəli
gələn vəzifəsidir, cəmiyyət
qarşısında borcudur və hər bir valideyn məsuliyyətini
tamamilə dərk edərək öz borcunu yerinə yetirməlidir.
* Azərbaycanın
suverenliyi, bütövlüyü və bölünməzliyi,
ölkəmizin bütün vətəndaşlarının mənsub
olduğu Azərbaycan xalqı, azərbaycançılıq,
ölkəmizin dövlət dili olan Azərbaycan dili,
xalqımızın tarix boyu yaratdığı milli-mənəvi
dəyərlərimiz, xalqımızın
milli əxlaqi mentaliteti, ümumbəşəri dəyərlər
və bütün bu dəyərlərin sintezi,
respublikamızın ilk demokratik konstitusiyası, bu konstitusiyada
hər bir vətəndaş üçün vəzifələr,
vətəndaşlarımızın hüquqları, təminatları,
Azərbaycanın milli bayrağı, gerbi, himni - bütün
bunlar, mənim fikrimcə, müstəqil Azərbaycanın
milli ideologiyasının əsasını təşkil edən
prinsiplərdir. Gənclərimizi təhsil, tərbiyə sahəsində,
ailə həyatında bu prinsiplər əsasında
formalaşdırmaq, inkişaf etdirmək və fəaliyyətə
cəlb etmək lazımdır. Konstitusiyanı öyrənmək
lazımdır, Konstitusiyanı dərk etmək
lazımdır. Konstitusiyanın maddələrini,
xüsusən vətəndaşların vəzifələrinə
aid olan, vətəndaşların hüquqlarına aid olan maddələrini
vətəndaş bilməlidir, bizim gənc vətəndaş
bilməlidir və ona riayət etməlidir. Azərbaycanın
dövlət müstəqilliyini təmsil edən Azərbaycan
bayrağına münasibət, onun müqəddəsliyi hər
bir cocuqda, yeniyetmədə daxildən olmalıdır. Azərbaycan
bayrağı sadəcə bayraq deyil. O, bizim dövlətçiliyimizin,
müstəqilliyimizin rəmzidir. Məktəblərimizdə
Azərbaycanın dövlət müstəqilliyinin,
azadlığının mənası, məzmunu çox
geniş tədris olunmalıdır. Bu, çox əhəmiyyətlidir,
çünki vətənpərvərlik hissləri insanlara
uşaq vaxtından aşılanmalıdır.
Xalqımızın təbii xüsusiyyəti ondan ibarətdir
ki, xalqımız vətənpərvərdir. O, ananın bətnində
vətənpərvərlik hisslərini özündə
toplayır.
* Respublikamızın çox
güclü müəllim ordusu var. Azərbaycanın müəllimləri
ən yüksək mənəviyyata, vətəndaşlıq
hisslərinə malik olan insanlardır. Müəllimlik sənəti
şərəfli bir sənətdir. Mən bunu
öz həyatımda da, işlədiyim dövrlərdə
müəllimlərlə görüşlərdə,
danışıqlarda da hiss etmişəm ki, Azərbaycan
müəllimləri bu şərəfli adı ləyaqətlə
daşıyıblar və bu gün də
daşıyırlar. Müəllim, həqiqi müəllim
adını daşıyan insan həmişə, tarixin ən
çətin dövrlərində dəyanətli,
dözümlü olubdur və öz mənəviyyatını
hər şeydən yüksək tutubdur. Bizim hamımız -
mən də, siz də Azərbaycan məktəbinə, Azərbaycan
müəlliminə borcluyuq. Cəmiyyətimizin ümidi, gələcəyi
olan uşaqların təlim-tərbiyəsi kimi ən
mühüm, ən vacib iş ona etibar edilmişdir. Müəllim
öz biliyini, təcrübəsini, qüvvəsini, qiymətli
nəyi varsa, hamısını şagirdlərinə, xalqa bəxş
edir. Məktəbimizin bütün yetişdirmələrinə
həyat vəsiqəsini müəllim vermişdir. Rəşadətə
bərabər bu nəcib, fədakar əməyinə görə
müəllimin yetişdirmələri, valideynlər ona hədsiz
dərəcədə minnətdarıq.
* Müəllim
adı dünyada ən yüksək addır. Məsələn, şəxsən mən
Yer üzündə müəllimdən yüksək ad
tanımıram. Çünki hər birimizə təhsil,
bilik verən, bu səviyyəyə qaldıran məktəbdir
və məktəbdə təhsil verən də müəllimdir.
Bizim müstəqil respublikamızda, Azərbaycan cəmiyyətində
müəllim bu gün də, gələcəkdə də ən
hörmətli insan kimi qəbul edilməlidir və müəllimlik
peşəsi ən yüksək qiymətə layiq olan peşədir.
Biz əsl vətənpərvərlərin, mübarizlərin,
əməkçilərin, möhkəm əqidəli
insanların neçə-neçə nəslini
yetişdirmiş müəllimlərimizlə haqlı olaraq fəxr
edirik.
* Müəllimin mənəvi-əxlaqi
siması, ideya inamı, baxışlarının sabitliyi, hərəkətlərinin
ardıcıllığı, maraq dairəsinin genişliyi, səmimiliyi
və vicdanlılığı məktəbdə qüdrətli
tərbiyəvi amildir. Hər birimizdə müəllimin hərarətli
qəlbinin bir zərrəciyi vardır. Məhz müəllim
doğma yurdumuzu sevməyi, hamının rifahı naminə
vicdanla işləməyi müdrikliklə və səbirlə
bizə öyrətmiş və öyrədir. Hər birimizin
öz müəllimi vardır və biz bütün
ömrümüz boyu onun xatirəsini hörmətlə, minnətdarlıqla
qəlbimizdə yaşadırıq. Müəllim vəzifəsi
ona görə şərəflidir ki, o, cəmiyyət
üçün ən dəyərli, bilikli, zəkalı, tərbiyəli,
vətənpərvər vətəndaşlar
hazırlayır.
* Şəxsən mənim
müəllimə həmişə böyük hörmətim
olubdur. İndiyə qədər həyatımda keçdiyim
yol, mənim biliyim, elmim - hamısı məhz orta məktəbdə
aldığım təhsillə bağlıdır, müəllimlərin
mənə və o illərdə oxuyan mənim kimi gənclərə
göstərdikləri qayğıkeşliklə
bağlıdır. Həyatını müəllimliyə həsr
edən insanlar həqiqətən fədakar, xalqına, millətinə
sədaqətli və eyni zamanda qəhrəmanlıq göstərən
insanlardır. Özünü müəllimliyə həsr
etmiş insan ən şərəfli insandır. Müəllimlik
peşəsi asan peşə deyil. Bəziləri hesab edirlər
ki, hər adam müəllim ola bilər. Bəzən olur ki,
müəllimliyə layiq olmayan adam da müəllimlik edir. Belə
hallar bu gün də var, gələcəkdə də ola bilər.
Ancaq Azərbaycan müəllimlərinin tam əksəriyyəti
layiqli müəllimdir. Əgər bunlar belə olmasaydı,
Azərbaycanın bugünkü elmi, iqtisadiyyatı, mədəniyyəti,
yüksəlişi ola bilərdimi? Biz bunların
hamısını məktəblərdən, universitetlərdən,
müəllimlərdən almışıq. Bu gün ölkəmizin
qarşısında duran problemlərin həllində müəllimlərin
fəal iştirakı xüsusi əhəmiyyət kəsb
edir. Bizim xalqımızın zəngin tarixini, mədəniyyətini,
mənəviyyatını, mənəvi dəyərlərini
uşaqlara öyrətmək, çatdırmaq, uşaqları
məhz həmin ənənələr ruhunda tərbiyə etmək
müəllimlərin müqəddəs borcudur. Azərbaycan
müəlliminin bir məqsədi, bir amalı
olmalıdır: Azərbaycanımızı
çiçəklənən, inkişaf edən, firavan,
qüdrətli bir dövlətə çevirməyə qadir,
müstəqillik ideyalarına sadiq, özünü Vətənin
azadlığı naminə fəda etməyə hər an
hazır olan, yeni təfəkkür tərzini qavrayaraq
müasir tələblərə cavab verən sağlam əqidəli,
milli ruhlu nəsil yetişdirmək.
* İndi təhsil sahəsində
geniş islahatlar həyata keçirilir. Güman edirəm ki,
bu, təhsilin keyfiyyətini artıracaqdır və gənclərin
daha da yüksək təhsil alması üçün şərait
yaradacaqdır. Biz Azərbaycanda islahatların
keçirilməsində müəyyən beynəlxalq təşkilatların
köməyindən istifadə edirik və onların tövsiyələrini,
təkliflərini nəzərə alırıq. Şübhəsiz
ki, bütün beynəlxalq təşkilatların məsləhətlərinə
çox diqqətlə yanaşmalıyıq. Xüsusən
Dünya Bankı ilə ki, əməkdaşlıq edirik, onun
verdiyi tövsiyələri, məsləhətləri çox
diqqətlə qəbul etməliyik. Azərbaycanın
reallığına, milli xüsusiyyətinə uyğun olan hər
bir müsbət təklifdən istifadə etməli, onu öz
təhsil sistemimizdə tətbiq etməliyik. Dünya
Bankının köməyi yalnız qrant və kredit
ayırmaqdan ibarət deyildir. Dünya Bankının bizə
köməyi dünya təcrübəsini Azərbaycana gətirməkdir.
Ancaq Azərbaycanda təhsil sistemində indiyə qədər
əldə edilmiş müsbət təcrübə,
özünü doğrultmuş, müsbət nəticələr
vermiş sistem saxlanmalı, inkişaf etdirilməli və
müasirləşdirilməlidir. Nöqsanlar, yaxud mənfi təcrübə
aradan götürülməlidir. Dünya təcrübəsindən
Azərbaycanın milli xüsusiyyətlərinə uyğun
olan prinsiplər, qaydalar təhsil sistemimizə tətbiq edilməlidir.
Biz dünyanın bütün ölkələrində - Qərbdə
də, Şərqdə də əldə olunmuş nailiyyətləri
dərindən öyrənməli və onlardan Azərbaycan
üçün müsbət xarakter daşıyan cəhətləri
ölkəmizin təhsil sistemində tətbiq etməliyik.
Respublikamız müstəqil dövlət kimi Azərbaycanın
öz milli ideologiya konsepsiyasını yaradaraq, inkişaf etdirərək,
şübhəsiz ki, təhsil sahəsini də milli məqsədlər,
mənafelər əsasında qurmalıdır.
* Biz təhsil sahəsində
bütün yeniliklərin tərəfdarıyıq, dünya
təcrübəsindən səmərəli istifadə etməyi
tələb edirik. Ancaq bu işlər gərək sistemli
olsun. Bu işləri görərkən, qurarkən
siz onların yaxın və uzaq zamanda nəticələrini
mütləq nəzərə almalısınız. İndiyə
qədər yaranmış təhsil, bilik, elm potensialından,
həm də bütün ölkələrlə
hazırkı əlaqələrdən istifadə edərək
inkişaf etmiş ölkələrin təcrübəsini təhsil
sahəsində tətbiq etmək mümkündür. Mənim
sizə tövsiyəm ondan ibarət olar ki, islahatları
düşünülmüş qaydada aparasınız, formalizmə,
konyunkturaya yol verməyəsiniz, Azərbaycanın milli ənənələrinin
üstündən keçməyəsiniz. Təhsil sistemi elə
bir sistemdir ki, burada heç bir inqilabi dəyişiklik ola bilməz. Ümumiyyətlə,
bizim həyatımızın bütün sahələrində
dəyişikliklər təkamül xarakteri, tədricən dəyişikliklər
xarakteri daşıyır. Əgər iqtisadiyyat sahəsində
islahatları keçirmək bir il, iki il
yox, bir neçə il və ondan da çox vaxt tələb
edirsə, təhsil sahəsində islahatlar bundan daha çox
vaxt tələb edir. Bunu anlamaq, bilmək
lazımdır. Ona görə də deyirəm ki, burada
inqilabi dəyişikliklər ola bilməz.
Çalışmaq lazımdır ki, islahat
islahatlar naminə aparılmasın, təhsil sistemimizi daha da təkmilləşdirmək,
bu günün, gələcəyin tələblərinə
daha da uyğunlaşdırmaq məqsədi daşısın.
Biz istəyirik ki, ölkəmizin bütün
sahələrində proseslər dünya ilə tam uyğun
formalarda inkişaf etsin. Təhsil sahəsində
islahatların keçirilməsi məhz bu məqsədi
daşıyır. Bizim təhsilin məzmunu
yüksəkdir. Amma onun forması və təhsilin bəzi
ayrı-ayrı mərhələlərdə müddəti,
yaxud onların nəticəsi indi dünyada, xüsusən Qərb
ölkələrində, inkişaf etmiş ölkələrdə
olan sistemlərdən bir az fərqlidir. Ona görə də indi biz bu islahatları həyata
keçiririk ki, bizim təhsil sistemi də həmin o
ümumdünya təhsil sisteminə uyğun olsun, Azərbaycanın
təhsil sistemi dünya təhsil sisteminin standartlarına
uyğunlaşsın. Azərbaycanın təhsil sistemində
təhsil alan insanların və xüsusən
ali məktəbləri bitirənlərin bilik səviyyəsi
və onların biliklərini təsdiq edən sənədlər
gərək dünyanın inkişaf etmiş ölkələrinin
ali məktəblərinin bilik səviyyəsinə
uyğunlaşdırılsın. Onların
prinsiplərinə uyğunlaşdırılsın ki, Azərbaycanda
təhsil almış və mühəndis diplomu almış
bir insan başqa ölkələrdə də həmin diplomla
qəbul edilə və fəaliyyət göstərə
bilsin. Yaxud da, Azərbaycanda Tibb Universitetində təhsil
almış, həkim ixtisası diplomu almış adam hər bir başqa ölkədə öz
diplomu ilə işləyə bilsin. Ona görə
də onun bilikləri, Azərbaycan Tibb Universitetində təhsilin
istiqaməti gərək dünya miqyasında ümumbəşəri
dəyərlər hesab edilən tibb təhsilinin səviyyəsində
olsun.
* Son illər Azərbaycan
müstəqil dövlət kimi yeni iqtisadi-siyasi sistem yolu ilə
gedərək dünyanın bütün ölkələrinin,
xüsusən Qərb ölkələrinin təcrübəsindən
öyrənməyə çalışır və təhsilin
də təkmilləşdirilməsində bu təcrübədən
istifadə etmək lazımdır. Müasir
texnikanı, müasir bazar iqtisadiyyatının bütün
yollarını mənimsəmək, respublikada tətbiq etmək
üçün gələcək nəsli hazırlamaq və
keçmiş dövrə nisbətən bir çox yeni
ixtisaslar üzrə kadrlar hazırlamaq lazımdır.
Şübhəsiz ki, bütün bunlar ali
təhsil səviyyəsində olacaqdır. Ancaq
bunların əsası orta təhsil illərində
qoyulmalıdır. Yəni gənclərin
bu istiqamətdə təhsilinin artırılmasının təməli
qoyulmalıdır. Bunu
iqtisadiyyatımızın bu günü və gələcəyi
tələb edir. Bu günün tələbləri, gələcəyin
tələbləri baxımından dünyanın hər
yerində, bütün ölkələrdə inkişaf
etmiş iqtisadiyyatı, texnologiyanı, texnikanı mənimsəmək,
onları respublikada tətbiq etmək, ölkəmizin
iqtisadiyyatını, mədəniyyətini, təhsilini, elmini
dünya standartları səviyyəsinə qaldırmaq
üçün gənclərimizə lazım olan fənlərin
tədrisi gərək yaxşı təşkil edilsin.
* Hər bir millətin, hər bir ölkənin gələcəyi
gənclərdir. Bizim gənclərimiz gərək
bütün əvvəlki nəsillərə nisbətən
daha yüksək təhsil almış olsunlar. Biz gənclərimizi
nə qədər yüksək təhsilli etsək, həqiqi
yüksək təhsilli etsək, onların müəyyən
ixtisaslara mükəmməl yiyələnməsinə şərait
yarada bilsək, müstəqil Azərbaycanın gələcəyi
və demək, müstəqil Azərbaycanın
iqtisadiyyatının inkişafı, elminin inkişafı, təhsilinin
inkişafı, insanların rifah halı o qədər də
yaxşı olacaqdır. Həm elm sahəsində, həm təhsil
sahəsində, ədəbiyyat, mədəniyyət sahəsində
və bizim mənəvi mənbəyimiz olan din sahəsində,
islam dini sahəsində tarixi ənənələrimizdən
istifadə edərək gənclərimiz üçün
bütün dünyaya geniş yol açmaq lazımdır. İndiki gənclərin əvvəlki dövrlərə
nisbətən bu potensialı daha da böyükdür. Bizim hamımızın vəzifəsi bunlardan səmərəli
istifadə etməkdir. Gərək onlar Azərbaycanın
gələcəyi üçün, Azərbaycanda indi bizim
apardığımız islahatların gələcəkdə
nəticələrini həyata keçirmək
üçün, Azərbaycanı daim müstəqil,
demokratik, hüquqi, dünyəvi dövlət kimi yaşatmaq
üçün, əvvəlkilərdən fərqli olaraq,
indi daha da çox bilik alsınlar, müasir həyatı daha
yaxşı dərk edə bilsinlər, müasir texnikadan,
texnologiyadan istifadə edə bilsinlər. Gənclər
elmi işçilərin sıralarına daha fəal
qoşulmalı, elmi-texniki tərəqqinin tətbiq edilməsinin
önündə getməlidirlər. Fundamental
və texniki fənləri dərindən mənimsəmək,
bu fənlərin tədrisi səviyyəsinə daim diqqət
yetirmək lüzumu buradan irəli gəlir.
* Əziz gənclər! XXI əsr sizin əsriniz,
sizin dövrünüz olacaqdır. Siz və
sizin kimi Azərbaycan gəncləri, yeniyetmələri,
yüksək təhsilli insanları həmin əsrdə
müstəqil, azad respublikamızı
yaşadacaqsınız, inkişaf etdirəcəksiniz. Biz bu işləri sizin öhdənizə
buraxacağıq. İqtisadi və mədəni
quruculuq sürəti də, gələcəkdə
respublikamızın ictimai həyatının səviyyəsi
də nəticə etibarı ilə sizdən, gənclərin
bütün indiki nəslindən, onların bacarığından,
qabiliyyətindən, biliyindən asılı olacaqdır.
Siz elmi-texniki inqilabı irəli aparmalı, elm
və mədəniyyəti inkişaf etdirməli, cəmiyyətin
yeni maddi və mənəvi sərvətlərini yaratmalı
olacaqsız. Bu gün sizin başlıca vəzifəniz
oxumaqdan, müstəqil işləmək vərdişləri əldə
etməkdən, həqiqəti axtarmaq və ona nail olmaq
bacarığına yiyələnməkdən, yəni kamil
mütəxəssis olmaq, cəmiyyətimizə daha çox
fayda vermək üçün zəhmətlə, səylə,
əzmlə, gündən-günə misilsiz bilik, mədəniyyət,
ictimai vərdiş ehtiyatı toplamaqdan ibarətdir. Sabahkı gün sizə yeni, yüksək tələblər
verəcəkdir. Əgər mütəxəssis
həqiqətən yaradıcı şəxsiyyətdirsə,
o, sadəcə olaraq zamanla ayaqlaşmalı deyil, həmişə
zamanı bir qədər qabaqlamalıdır. Bu isə o deməkdir ki, daim öyrənmək
lazımdır, buna görə də bilik, bacarıq, vərdiş
bünövrəsi möhkəm olmalıdır. Yeniliyi dərindən mənimsəmək,
yaradıcılıqla düşünməyi bacarmaq,
özünə çalışqanlıq, axtarış
bacarığı, tədqiqat məharəti aşılamaq
lazımdır. Əməyin elmi təşkili
prinsiplərini yaxşı öyrənmək, kollektiv təcrübəni
qiymətləndirməyi, başqalarının rəyinə
qulaq asmağı, tənqiddən qorxmamağı, öz
işinə tənqidi yanaşmağı bacarmaq
lazımdır.
* Gənc şəxsiyyətin təşəkkülündə,
gənclərin dünyagörüşünün
formalaşdırılmasında ictimai fənlərin rolu
xüsusilə böyükdür. İctimai fənləri
yaxşı bilmək hər bir məktəblidə Vətənə
məhəbbət hissinin, xalqın rifahı naminə fədakarlıqla
çalışma əzminin tərbiyə olunmasına və
inkişaf etdirilməsinə kömək edir. Azərbaycan tarixini mütləq bilmək
lazımdır. Ona görə yox ki, onlar
tarixçi olacaqlar. Əgər
riyaziyyatçı millətinin, xalqının, ölkəsinin
tarixini bilmirsə bu, ona üstünlük vermir. Hər bir Azərbaycan vətəndaşı öz
tarixini bilməlidir və tarixini də bilmək
üçün gərək onu uşaqlıqdan bu işə
cəlb edəsən, gərək orta məktəbdən cəlb
edəsən. Demək, orta məktəblərdə
tarixin tədrisi çox yüksək səviyyədə
olmalıdır. Xalqımızın
keçdiyi tarixi yol, əldə etdiyi mədəni, intellektual
potensial, inkişaf səviyyəsi böyük mədəni sərvətimizdir.
Biz öz tariximizlə fəxr edirik. Biz Azərbaycan xalqının əsrlər boyu dünya
sivilizasiyasına verdiyi töhfələrlə fəxr edirik.
Bunların hamısı bu günümüz və
gələcəyimiz üçün gözəl təməldir.
* Məktəbdə ana
dili və ədəbiyyatın tədrisi formaları və
metodlarını daim təkmilləşdirmək, uşaqlarda
sözə, obrazlı təfəkkürə məhəbbət
hissi aşılamaq, onları mədəniyyət nailiyyətləri
ilə, dünya və Azərbaycan poeziyası və nəsri
klassiklərinin yaradıcılığı ilə, ədəbiyyatın
qızıl fonduna daxil olmuş görkəmli əsərlərlə
tanış etmək lazımdır. Ana dilini, doğma
xalqın ədəbiyyatını, mədəniyyətini dərindən
bilmək elmli adam üçün zəruri
keyfiyyətdir. Bir var ki, Azərbaycan dilində
oxuyursan, bir də var ki, dilin incəliklərini bilirsən, Azərbaycan
dilində yüksək səviyyəli söz deyə bilirsən,
fikrini ifadə edə bilirsən, nitq edə bilirsən.
* Öz dilini bilməyən, öz dilini sevməyən adam öz tarixini yaxşı bilə bilməz.
Biz öz dilimizin hörmətini
qaldırmalıyıq. Ona görə ki,
bizim dilə hörmət edilsin, dilimizi öyrənsinlər,
mənimsəsinlər. Mən əminəm ki, başqa
ölkələrdə də bizim dilimiz nə qədər
geniş yayılsa, öyrənilsə Azərbaycanın ədəbiyyatını,
mədəniyyətini ana dilimizdə oxuyanlar, öyrənənlər
respublikamızın necə zəngin mənəviyyata, ədəbiyyata,
mədəniyyətə malik olduğunu dərk edəcəklər.
Ədəbiyyatımızı bilmək
lazımdır. Ədəbiyyatını bilməyən adam dilini yaxşı bilməyəcəkdir.
Ədəbiyyatı bilməyən adam
yüksək mədəni səviyyəyə çata bilməyəcəkdir.
Mən bu məsələ ilə əlaqədar
öz fikirlərimi sizə çatdırıram və
güman edirəm ki, bu tövsiyələrimi
unutmayacaqsınız.
* Gənclərimizin
qarşısında duran əsas vəzifələrdən biri
mənəvi tərbiyə məsələsidir. Böyüməkdə olan nəslin mənəviyyatca
zəngin, ideyaca mətin, yüksək əxlaqlı şəxsiyyət
kimi formalaşdırılması bu gün cəmiyyətimiz
qarşısında duran çox mühüm vəzifədir.
Gənclərimiz milli ruhda tərbiyə
olunmalıdır, bizim milli-mənəvi dəyərlərimizin
əsasında tərbiyələnməlidir. Ümumbəşəri dəyərlər, Azərbaycan
xalqının milli-mənəvi dəyərləri hər bir
gənc tərəfindən mənimsənilməlidir. Mənəviyyat
olmayan yerdə heç bir şey ola bilməz.
Keçmiş tariximizdən bizə qalan
simaları bu gün dünyada məşhurlaşdıran və
bizim üçün nümunə edən onların yüksək
mənəviyyatıdır, yüksək amallarıdır.
Əgər biz xalqımızda mənəvi dəyərləri
inkişaf etdirmək istəyiriksə, birinci növbədə
ziyalılarımızın mənəviyyatı yüksək
olmalıdır və onlar xalqın başqa təbəqələrinə
nümunə göstərməlidirlər.
* Azərbaycan dövlət
müstəqilliyini əldə edəndən sonra
xalqımızın mənəvi dəyərləri
canlanıb, bərpa edilibdir, hər bir azərbaycanlı
müsəlmanın həyat tərzinin əsas qanunu olubdur. Bu, bizim üçün böyük bir tarixi hadisədir
və biz bunu yüksək qiymətləndirməliyik,
xalqımızı, millətimizi, gənc nəsli,
bütün cəmiyyətimizi islamın bu yüksək mənəvi
dəyərləri əsasında yaşatmalı, tərbiyə
etməliyik, həyatımızı bu mənəvi dəyərlər
əsasında qurmalıyıq. İslam
dini bizim müqəddəs dinimizdir, "Qurani-Kərim"
müqəddəs kitabımızdır. İslam
dininin, "Quran"ın Azərbaycan xalqına bəxş
etdiyi mənəvi dəyərlər bizim üçün əzizdir
və xalqımızın, gənclərimizin bu gün də,
gələcəkdə də tərbiyəsi üçün
çox əhəmiyyətlidir. Qurani-Şərifin
bizə verdiyi tövsiyələr, dərs, göstərdiyi
yollar insanları paklığa, düzlüyə,
doğruluğa, sədaqətə, qəhrəmanlığa,
cəsarətə, cəsurluğa dəvət edən tələblərdir,
tövsiyələrdir. İslam dininin bəşəriyyətə
bəxş etdiyi bütün nemətlərdən hər bir
azərbaycanlı səmərəli istifadə etməlidir və
xüsusən cəmiyyətdə davranışında islam dininin tələblərinə uyğun
olaraq özünü göstərməlidir. Gənclərimizin
islam dinini mənimsəməsi
üçün lazımi tədbirlər görülməlidir.
* Respublikamızın,
xalqımızın milli xüsusiyyətlərini, milli ənənələrini,
milliliyini heç vaxt unutmaq lazım deyil və bunu heç
bir şeyə dəyişmək olmaz. Əgər
biz azərbaycanlı kimi öz müstəqilliyimizi, milli
azadlığımızı yüksək qiymətləndiririksə,
xalqımızın tarixini, adət-ənənələrini,
xalqımıza məxsus milliliyi həmişə
yaşatmalıyıq və onları hər yerdə təbliğ
etməliyik. Mən bunu ona görə deyirəm
ki, bizim bəzi adamlar - gənclər, hətta gənc
olmayanlar da başqa ölkəyə gedən kimi dərhal
cürbəcür təsir altına düşürlər.
Bu da o nəticəyə gətirib
çıxarır ki, həmin adamlar öz milliliyini itirir,
öz adət-ənənələrini itirirlər. Bu da təhlükəlidir. Biz həm
milli tariximizdən aldığımız mənəvi sərvətlərdən
istifadə etməli, həm də bəşəriyyətin
yaratdığı mənəvi dəyərlərə yiyələnməliyik,
o cümlədən Avropa mədəniyyətindən, Rusiya mədəniyyətindən,
Şərq mədəniyyətindən istifadə etməliyik.
* Biz keçmişlərdən
fərqli olaraq, indi müstəqil Azərbaycanın gələcəyini
formalaşdırırıq, müstəqil Azərbaycanın
gələcək fəaliyyətini
formalaşdırırıq, müstəqil Azərbaycanın
vətəndaşlarını formalaşdırırıq və
məktəbdə, universitetdə formalaşan gənc, Azərbaycanın
gələcək fəal vətəndaşı gərək
mənəviyyatca saf olsun. Gərək o, vətənpərvərlik
hissi ilə yaşasın, vətənpərvərlik hissi ilə
tərbiyə olunsun. Ona görə də gərək mənəvi
saflıq ali məktəblərdə, orta
məktəblərdə hökm sürsün. Gərək
onun müəllimləri, tərbiyəçiləri özləri
vətənpərvər olsunlar, vətənpərvərliyi gənclərə
aşılaya bilsinlər. Onlar gərək
Azərbaycan dövlətinə, millətinə, Azərbaycanın
gələcəyinə sadiq vətəndaşlar olsunlar.
Bu da hamısı məktəblərdə,
universitetlərdə formalaşmalıdır.
* Mənəvi və
fiziki sağlamlıq bir-biri ilə qarşılıqlı əlaqədədir.
Çünki mənəviyyat pozulanda gənclərin
fiziki sağlamlığını da pozur. Dünya təcrübəsi, tarix əsrlər boyu
göstərmişdir ki, mənəvi və fiziki
sağlamlıq xalqın ümumi sağlamlığı,
ümumi saflığı, millətin bu günü və gələcəyidir.
Gənclərimizi, bütün əhalimizi bədən
tərbiyəsinə, idmana cəlb etməliyik. İnsanlar bədən tərbiyəsi ilə, idmanla
nə qədər çox məşğul olsalar, onlar
adamların sağlamlığına, həyatına zərər
gətirən adətlərdən kənar olarlar, uzaq olarlar, -
məsələn, alkoqollu içkilərdən istifadə
edilməsi, gənclər arasında narkotik maddələrdən
istifadə halları müşahidə olunur, - yaxud insan
üçün zərərli olan başqa adətlərdən,
xüsusiyyətlərdən kənar olarlar, belə şeylərə
heç vaxt alışmazlar. Böyüməkdə
olan nəslin fiziki inkişafına daha çox fikir verilməli,
bədən tərbiyəsinin tədrisi
yaxşılaşdırılmalı, hər bir məktəbdə
səmərəli idman məşğələləri
üçün şərait yaradılmalı, uşaqlar
fiziki cəhətdən hər vasitə ilə möhkəmləndirilməli,
onların sağlamlığına qayğı göstərilməlidir.
* Azərbaycan gəncləri
orduda xidmət etməyi öz şərəfli borcları
hesab etməlidirlər. Hərbi xidmət etməyən
gənc həyatın sınaqlarından çıxa bilməz.
Mən də bunu bir daha bildirmək istəyirəm
ki, hər bir azərbaycanlı gənc orduda xidmət etməklə
özünü yüksəldir, həqiqi vətəndaş
edir, ölkəsində özünü hüquqlu bir insan
edir. Ordu mövzusu, ordunun yaranması,
formalaşması bizim bütün həyatımızda əsas
mövzulardan biri olmalıdır, gənclərin orduda xidmət
etmək üçün tərbiyələndirilməsi bizim əsas
vəzifələrimizdən biri olmalıdır və bu vəzifələri
biz ardıcıl surətdə həyata keçirməliyik.
* Gənclərimiz nə
qədər çox dil bilsələr, bir o qədər zəngin
dünyagörüşünə malik olacaqlar. Bu,
müasir dünyanın tələbləridir. Hər bir
azərbaycanlı gənc çalışmalıdır ki,
dünyanın çox dillərini - rus dilini də, ingilis
dilini də, fransız dilini də, ərəb, fars
dillərini də mənimsəsin, öyrənsin. Bu, lazımdır, çünki müasir dünya
ölkələrinin bir-biri ilə sıx əlaqəsi bu
gün və gələcəkdə insanlardan bir çox dil
bilməsini tələb edir. Mən arzu
edirəm ki, Azərbaycan gənci Şekspiri ingilis dilində
oxusun, Puşkini rus dilində oxusun, Nizamini, Füzulini, Nəsimini
isə Azərbaycan dilində oxusun. Amma ən əsası
ondan ibarətdir ki, hər bir Azərbaycan vətəndaşı,
hər bir azərbaycanlı öz ana dilini - Azərbaycan
dilini, dövlət dilini mükəmməl bilməlidir, bu
dildə yaxşı danışmaq lazımdır, bu dili ana
dili kimi daim duymaq lazımdır, bu dili sevmək
lazımdır. Gənclərə tövsiyə
edirəm ki, əgər kiminsə bu barədə
çatışmazlığı varsa,
çalışın, bunu aradan qaldırın. Xarici ölkələrdə təhsil alarkən, həmin
ölkənin dilini öyrənərkən, eyni zamanda
başqa dilləri öyrənərkən öz dilinizi
heç vaxt unutmayın və öz ana dilinizi heç bir
başqa dilə dəyişməyin. Xalqın, millətin,
insanın öz ana dilindən əziz heç bir şeyi ola bilməz. Azərbaycandan kənara
- başqa ölkələrə təhsil almağa gedən gənclərə
xüsusi tövsiyəm ondan ibarətdir ki, siz hansı ölkədə
olursunuzsa-olun, birinci vəzifəniz yüksək təhsil
almaqdan, o təhsil ocağının bütün
imkanlarından istifadə edərək hərtərəfli,
hazırlıqlı bir vətəndaş olmaqdan ibarətdir.
Eyni zamanda siz respublikamızı xarici ölkələrdə
təmsil edən insanlar, gənclər olacaqsınız.
Siz sadəcə olaraq təhsil almaqla kifayətlənməməlisiniz,
Azərbaycanı ləyaqətlə təmsil etməlisiniz,
ölkəmizin həqiqətlərini təhsil
alacağınız universitetlərdə, ali
təhsil müəssisələrində
yaymalısınız, təbliğ etməlisiniz.
* Bu gün sizin
qarşınızda xoşbəxt bir yol
açılıbdır. Eyni zamanda sizin üzərinizə
böyük məsuliyyət düşür. Bu sizin şəxsi vətəndaşlıq məsuliyyətinizdir.
Həmçinin valideynlərinizin, müəllimlərinizin,
doğma Vətəninizin qarşısında məsuliyyət
daşıyırsınız. Azərbaycanı
sevmək azərbaycanlılıq hissiyatını
özündə cəm etmək deməkdir. Mən əminəm ki, Azərbaycanın gələcəyi
etibarlı əllərdədir. Çünki
bizim bugünkü gəncliyimiz sağlam düşüncəli
gənclərdir, vətənpərvər gənclərdir,
xalqını, millətini sevən gənclərdir. Mən əminəm ki, müstəqil Azərbaycanın
gələcəyini qoruyub saxlaya bilən gənc nəsillər
yetişir. Arzu edərdim ki, siz
bütün bunların hamısını layiqincə yerinə
yetirəsiniz, Azərbaycanın layiqli övladları
olasınız, respublikamızın gələcəkdə
layiqli, yüksək ixtisaslı mütəxəssisləri, vətənpərvər
vətəndaşları olasınız. Bunun
üçün siz gərək universitetlərdə,
başqa ali məktəblərdə təhsil
dövründən səmərəli istifadə edəsiniz. Bu, çox əhəmiyyətlidir. Gənclər bəzən gələcəklərini
o qədər də dərk edə bilmirlər. Ancaq mən, bütün çətin dövrləri
yaşamış bir şəxs kimi, sizə öz həyat təcrübəmdən
və gördüklərimə əsasən tövsiyə
edirəm ki, həyatınızda heç bir günü itirməyin.
Ali məktəblərdə hər bir gün
sizin üçün vacib və əhəmiyyətlidir.
Siz Azərbaycanın bu günü və gələcəyisiniz.
Sizin üzərinizə böyük vəzifələr
düşür. Bu vəzifələr gələcəkdə
daha da böyük olacaqdır. Siz müstəqil
Azərbaycanı XXI əsrdə yaşadanlarsınız,
quranlarsınız, inkişaf etdirənlərsiniz. Biz müstəqil Azərbaycanın taleyini gələcəkdə
sizə etibar edəcəyik, sizə
tapşıracağıq. Ona görə də Azərbaycanı,
Azərbaycan dövlətini yaşatmaq, inkişaf etdirmək
üçün hazır olun!".
...Həmin məqamda hissiyatıma hakim kəsilən və məni bu sehrli aləmə gətirən, uzun illər şahidi olduğum və hər anını sevinclə yaşadığım doğma ovqatı mənə yenidən bəxş edən düşüncələrdən ayıldım, reallığa qayıtdım. Qarşımda yenə yazı masam, qələmim və vərəqlər idi. Lakin daxilimi bürümüş həyəcan məni tərk etmirdi, Ulu öndərin bənzərsiz səsi, sərrast, zərgər dəqiqliyi ilə ölçülüb biçilmiş, varlığı qədər sevdiyi doğma ana dilimizdə ən yüksək ifadəsini tapmış parlaq nitqi hələ də yaddaşımda səslənirdi. Əminəm ki, bu qüdrətli səs daim bizimlə olacaqdır, xalqımızı qələbədən-qələbəyə aparan əbədi çağırışın rəmzi kimi müstəqil Azərbaycanın hər guşəsində eşidiləcəkdir.
Aydın ƏHMƏDOV,
Təhsil Nazirliyinin şöbə müdiri, əməkdar müəllim
Azərbaycan müəllimi.- 2014.- 9 may.- S.3-4.