Dünya ölkələrində ali təhsil

 

Çin Xalq Respublikasında ali təhsil

 

Çində ali təhsilin səviyyəsi yüksək, əhatə dairəsi çox genişdir. Son 10 ildə bakalavriat pilləsində təhsil alanların və doktorluq dərəcəsinə malik olanların sayı dəfələrlə artıb. Ölkədə 100-dən çox nüfuzlu ali təhsil müəssisəsi fəaliyyət göstərir.

Çinin ali təhsil sistemi Amerika Birləşmiş Ştatlarının (ABŞ) və Birləşmiş Krallığın ali təhsil sistemlərinin vəhdətindən ibarət olsa da, daha çox ABŞ təhsil sisteminə bənzəyir. Ölkədə ali təhsil pilləsi əsasən ödənişlidir. Ali təhsil üçmərhələli bakalavr, magistratura və doktorantura pillələrindən ibarətdir. Bundan əlavə, dərəcə verməyən proqramlar üzrə tədris aparılan universitetlər də var. Magistratura və doktorantura dərəcəsi müvafiq Dövlət Şurası tərəfindən akkreditasiyadan keçmiş universitetlər və tədqiqat müəssisələrində verilir.

Ölkənin ali təhsil sistemində həm 3 illik, həm də 4 illik proqramlar tədris olunur. 3 illik proqramların tədrisi istənilən ali təhsil müəssisəsində aparılır. 4 illik proqramlar isə 4 illik kolleclərdə və ya universitetlərdə tədris olunur. 4 illik proqramlardan fərqli olaraq, 3 illik proqramların sonunda bakalavr dərəcəsi verilmir. Tələbə 3 illik proqramın davamı kimi əlavə olaraq 2 il təhsil aldıqda bakalavr dərəcəsinə sahib ola bilər.

Çində 1650 adi ali təhsil müəssisəsi, 528 yaşlıların ali təhsili müəssisəsi və 214 özəl ali təhsil müəssisəsi fəaliyyət göstərir.

Ölkənin ali təhsil müəssisələri adi universitetlər, texniki universitetlər, kənd təsərrüfatı, xarici dillər və tibb sahələri üzrə ixtisaslaşmış ali təhsil müəssisələri, peşə kollecləri - müəllim hazırlığı müəssisələri və ixtisaslaşmış kolleclər kimi qruplara bölünür.

Ali təhsil müəssisələrinin bəziləri əyalət hökumətləri (Şanxay Universiteti), bəziləri müxtəlif nazirliklər və dövlət idarələri (Pekin Aeronavtika Universiteti) tərəfindən idarə olunur. Bundan əlavə, Təhsil Nazirliyi tərəfindən idarə olunan ali təhsil müəssisələri (Pekin Universiteti) də vardır. Bu tip universitetlər mərkəzi və yerli hökumət tərəfindən müştərək idarə olunur.

Statistik məlumatlara görə, Çində magistratura təhsili verən 770 ali təhsil müəssisəsi fəaliyyət göstərir ki, onlardan da 73-ü və ya 10 faizi Təhsil Nazirliyinə, 296-sı isə mərkəzi hökumətə tabedir. Bundan əlavə, 315 tədqiqat müəssisəsinin 272-si mərkəzi hökumətin nəzarəti altındadır. Magistratura təhsili verən ali təhsil müəssisələrinin 48 faizi mərkəzi hökumətin tabeliyindədir. Göründüyü kimi, mərkəzi hökumət magistratura təhsili verən ali təhsil müəssisələrinə daha çox nəzarət edir. 1731 ali təhsil müəssisəsi isə bakalavr pilləsi üzrə təhsil verir.

Son zamanlar həyata keçirilən islahatlar nəticəsində ali təhsil sisteminin təkmilləşməsinə böyük diqqət yetirilir. Bir çox sənaye universitetləri və ixtisaslaşmış kolleclər təsis olunub. Yeni ixtisaslar, o cümlədən avtomatika, nüvə enerjisi, enerji resursları, okeanoqrafiya, nüvə fizikası, kompüter elmləri, polimerlər kimyası, polimerlər fizikası, radiokimya, fiziki-kimya ixtisası üzrə mütəxəssis hazırlığı aparılır.

 

Yaponiyada ali təhsil

 

Yaponlar kiçik yaşlarından ciddi və davamlı şəkildə müvafiq biliklərə yiyələnməyə başlayırlar. Uşaqlar bunu yüksək səviyyəli məktəbə daxil olmaq, gənclər nüfuzlu universitetdə oxumaq və sonra qabaqcıl şirkətlərdə çalışmaq üçün edirlər. Yaponiyada yüksək səviyyəli təhsil hər bir şəxsin gələcək uğurlarına zəmanət hesab olunur.

Yaponiyada 595-i özəl olan 773 ali məktəbdə 3 milyona yaxın tələbənin təlim-tərbiyəsi ilə 172 mindən artıq müəllim məşğul olur. Ən nüfuzlu və qocaman dövlət ali məktəbləri arasında əsası 1877-ci ildə qoyulmuş Tokio, 1897-ci ildən fəaliyyət göstərən Kioto və 1931-ci ildə yaradılmış Osaka universitetlərinin adını çəkə bilərik. Onlardan başqa, xüsusi reytinqi ilə fərqlənən Hokkaydo və Toxoku universitetləri də tələbələrin ən çox maraq göstərdiyi ixtisaslar üzrə yüksək səviyyəli mütəxəssislər yetişdirirlər. Özəl universitetlər arasında isə Tyuo, Nixon, Vaseda, Tokay və Kansay universitetləri daha məşhurdurlar.

Dövlət universitetlərinə daxil olmaq üçün mütləq tam orta məktəbi bitirmək lazımdır. Ali məktəblərə qəbul 2 mərhələdə həyata keçirilir. Birinci mərhələdə, abituriyentlər universitetlərə qəbulu həyata keçirən milli mərkəzin apardığı sınaqlarda iştirak edirlər. Sınaqdan müvəffəqiyyətlə keçənlər bilavasitə universitetlərdə təşkil edilən qəbul imtahanlarına buraxılırlar.

Qeyd etmək lazımdır ki, özəl universitetlər qəbul imtahanlarını müstəqil olaraq həyata keçirirlər. Nüfuzlu və tam formalaşmış özəl universitetlərin nəzdində uşaq bağçaları, ibtidai, aşağı və yuxarı orta məktəblər fəaliyyət göstərir. Belə kompleks tədris ocaqlarında uşaq bağçasından yuxarı məktəbə qədər müvəffəqiyyətli nəticələr göstərmiş abituriyentlər universitetə imtahansız qəbul olunurlar.

Tədris prosesində ümumi elmi və xüsusi fənlərə bölünmə Yaponiya ali təhsilinin səciyyəvi xüsusiyyətidir. Tələbələr ilk 2 il ərzində ümumi fənləri - tarix, fəlsəfə, ədəbiyyat, ictimaiyyat və xarici dilləri öyrənməklə, həmçinin gələcək ixtisasları ilə bağlı xüsusi kursları dinləməklə ümumi hazırlıq keçirlər. Bu dövrdə tələbələr seçdikləri peşənin mahiyyətini daha dərindən dərk edir, müəllimlər isə tələbə seçiminin ixtisas baxımından düzgün aparıldığına bir daha əmin olmaq, onun elmi potensialını dəqiq müəyyənləşdirmək imkanı qazanırlar. Bu mərhələni başa vurduqdan sonra tələbə öz ixtisasını, hətta fakültəsini də dəyişə bilər. Sonrakı 2 ili isə tələbələr seçdikləri peşəni dərindən öyrənməyə həsr edirlər.

Universitetlərin hamısında təhsil müddəti bakalavriat pilləsində 4 ildir. Ali tibb məktəblərinin tələbələri, stomatoloq və baytar ixtisaslarına yiyələnmək istəyənlər əlavə olaraq daha iki il təhsil alırlar.

Bəzi istisna hallardan başqa, tələbələrin bir universitetdən digərinə köçürülməsinə icazə verilmir. Lakin ayrı-ayrı universitetlər əcnəbi tələbələrin II və ya III kursa qəbulunu həyata keçirirlər. Bunun üçün əcnəbi tələbələrdən xüsusi imtahanlar götürülür.

Universitetlər tədris prosesini əsasən semestrlər üzrə təşkil edirlər. Tələbələrin qiymətləndirilməsində vahid bal sistemi qəbul olunub. Bakalavr pilləsini uğurla başa vurmaq üçün 124-150 arasında bal toplamaq tələb edilir.

Elmi-tədqiqat işlərində öz bacarıqlarını göstərə bilən ali məktəb məzunları 2 illik magistr (suşi) pilləsində təhsillərini davam etdirmək imkanı qazanırlar.

Magistr pilləsi üçün olan proqram ciddi surətdə elmi və peşəkar ixtisaslaşma nəzərdə tutur. 30 ballıq vahidlə qiymətləndirilən proqram üzrə ikiillik təhsildən sonra buraxılış imtahanı verilir.

Fəlsəfə elmləri doktoru elmi dərəcəsi (nakuşi) almaq üçün magistrlər 3 il, bakalavrlar isə 5 ildən az olmayaraq əlavə təhsil almalıdırlar. Doktorluq dərəcəsi proqramını mənimsəmiş doktorantlar 50 bal toplamalı, buraxılış imtahanı verməli, müvafiq tədris kursları və xüsusi tədqiqatlar əsasında dissertasiya işini müdafiə etməlidirlər.

Onu da qeyd edək ki, fiziki cəhətdən qüsurlu gənclərin ali təhsil almasını təmin etmək imkanlarının genişləndirilməsi Yaponiya hökumətinin qarşısında duran əsas məqsədlərdən biridir. Hökumət fiziki cəhətdən qüsurlu tələbələrin ali təhsil müəssisələrinə daxil olması üçün daha əlverişli qaydaların tətbiqinə davamlı səylər göstərir.

Yaponiyada bakalavr dərəcəsi verən 4 illik kolleclər və ali peşə dərəcəsi verən 6 illik təhsil müəssisələri fəaliyyət göstərir. 4 illik kolleclər dövlət əsaslı milli universitetlər, prefekturaların, bələdiyyələrin təsis etdiyi yerli universitetlər və özəl təhsil müəssisələrindən ibarətdir.

Kollec tələbələrinin böyük əksəriyyəti əyani proqramlar üzrə təhsil alırlar. Kolleclərdə ən prioritet ixtisaslar sırasına ictimai elmlər, biznes, hüquq, mühasibatlıq, mühəndislik, humanitar elmlər və pedaqoji ixtisaslar daxildir.

Ali təhsil müəssisələrində illik orta təhsil haqqı 1,4 milyon yen (10000 ABŞ dolları) təşkil edir. Bu xərclərin ödənilməsini təmin etmək üçün tələbələr günün müəyyən bir hissəsini işləyir və ya hökumətin dəstək verdiyi Yaponiya Təqaüd Assosiasiyasından borc götürürlər. Yerli hökumət qurumları, humanitar təşkilatlar və digər qurumlar da ali təhsil xərclərinin ödənilməsi üçün tələbələrə yardım paketləri təklif edirlər.

Yaponiyada elmin, təhsilin inkişafına göstərilən qayğı, insanların bu baxımdan nümayiş etdirdiyi yüksək əzmkarlıq ölkə həyatının bütün sahələrində özünü büruzə verir. Təsadüfi deyil ki, dünya universitetlərinin reytinq cədvəlinə görə Yaponiyanın Tokio, Kyoto, Keio, Vaseda universitetləri yüksək yerlər tutur.

Özəl təhsil müəssisələrinə qəbul ali məktəblərə ümumi qəbul olanların 80 faizini təşkil edir. Bununla belə, dövlət əsaslı milli universitetlərə qəbul olunmaq da yüksək qiymətləndirilir.

Yaponiyada kolleclər statusuna görə bizim orta ixtisas məktəbləri ilə eyni səviyyədədir. Bu təhsil müəssisələri texniki və yeniyetmələr üçün xüsusi hazırlıq kolleclərinə bölünürlər. Kolleclərdə humanitar, tibb və texniki elmlər üzrə 2 illik hazırlıq proqramları təklif olunur. Əksəriyyəti özəl olan bu təhsil müəssisələrinə daxil olmaq istəyənlərin sayı olduqca çoxdur. Kolleci bitirənlər universitetlərin II və ya III kursundan başlayaraq ali təhsil almaq hüququna malikdirlər.

Texniki kolleclərdə natamam orta təhsili olanlar 5 il, tam orta məktəbi bitirənlər isə 2 il oxuyurlar. Bu təhsil ocaqlarında elektronika, inşaat, maşınqayırma və digər fənlər tədris olunur.

Yaponiyada yeniyetmələr üçün kolleclərdə mühasib, dizayner, maşinist, proqramçı, avtomexanik, dərzi, aşpaz və digər ixtisaslar üzrə 1 illik peşəkar kurslar təklif edilir.

Bir çox kolleclər yalnız qadınlar üçün nəzərdə tutulub. Qadınlara əsasən ev maliyyəsi, ədəbiyyat, xarici dillər, pedaqoji, gigiyena kimi fənlər tədris olunur.

 

Böyük Britaniyada ali təhsil

 

Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı ali məktəblərində hazırda 2 milyona yaxın tələbə təhsil alır. Gənclərin təxminən üçdə biri 18 yaşında ali təhsil müəssisələrinə (Şotlandiyada 50 faiz) üz tutur.

Böyük Britaniyada ali təhsil bakalavriat, magistratura və doktorantura pillələrinə bölünür. Bakalavriat pilləsi İngiltərə, Uels və Şimali İrlandiyada 3 il (tibb, baytarlıq, hüquq və pedaqoji ixtisaslar 5 il), Şotlandiyada 4 il davam edir. Magistr dərəcəsi 1 ilə, tədqiqi magistr dərəcəsi üzrə 2 ilə, doktorluq dərəcəsi isə 3 ilə başa çatır.

Ali məktəbə qəbul üçün hazırlıq kurslarından geniş istifadə olunur. Hazırda ölkə üzrə təxminən 600 hazırlıq kursu fəaliyyət göstərir. Bu kurslarda ali məktəbə qəbul üçün müvafiq bilik səviyyəsinə malik olmayan abituriyentlər hazırlaşır. Onların arasında etnik icmaların nümayəndələri çoxluq təşkil edir.

Ölkədə 165-ə yaxın universitet və ali təhsil institutu fəaliyyət göstərir. Ali məktəblər tədrisin təşkilində sərbəstdirlər. Universitetlər əməkdaşlarını müəyyənləşdirir, tələbə qəbulu barədə qərar çıxarır, tədris planlarını tərtib edir və məzunlara müvafiq dərəcələr verirlər.

Oksford və Kembric universitetləri XII, XIII, Qlazqo, Aberden və Edinburq universitetləri isə XIV, XV əsrlərdən fəaliyyət göstərir. Britaniyanın digər universitetlərinin əsası XIX və XX əsrlərdə qoyulub. Ötən əsrin 60-cı illərində və 1992-ci ildə politexnik və digər ali təhsil müəssisələrinə universitet statusu verildikdən sonra universitetlərin sayı nəzərəçarpacaq dərəcədə artıb.

Ali məktəblər ticarət və sənaye müəssisələri ilə sıx əlaqə saxlayırlar. Universitetlər dərəcə verə bilməyən digər ali təhsil müəssisələrinin məzunlarına dərəcə vermək hüququna malikdir. Ali təhsildə fərqlənmiş tələbələrin bir qismi elmi işlərə cəlb olunurlar.

1987-ci ildə hökumətin dəstəyi ilə Açıq Universitet yaradıldıqdan sonra ölkədə açıq təhsil almaq imkanları daha da genişlənib. Avropa Birliyi ölkələrində yaşayan şəxslərə dərəcələr vermək səlahiyyətinə malik Açıq Universitetin daimi tədris korpusu olmasa da, müvafiq kurslar təşkil edir. Nəzəriyyəçi pedaqoqlar, peşəkar diktorlar və iş adamları ilə əməkdaşlığa üstünlük verən bu tədris ocağı xüsusi hazırlanmış mətnlərdən, qiyabi təhsil formasından, televiziya və radio verilişlərindən, audio və videomateriallardan, məktəblərdən, təhsil mərkəzləri şəbəkəsindən istifadə edir. Müstəqil 4-cü telekanal vasitəsi ilə tədris proqramları müntəzəm olaraq tamaşaçılara çatdırılır və maarifləndirici verilişlər təşkil olunur.

Birləşmiş Krallığın universitetlərində illik təhsil haqqı 2009-2010-cu tədris ilində bakalavr pilləsi üçün maksimum 3225 ingilis funtu təşkil edib. Universitetdən asılı olaraq magistr və yuxarı pillələr üzrə təhsil haqqı isə daha yüksəkdir.

Böyük Britaniya Universitetləri əcnəbi tələbə kontingentinə görə dünyada öncül yerlərdən birini tuturlar. Təbii ki, bunun əsas səbəbi ölkədə yüksək təhsilin və məşhur universitetlərin olmasıdır. Oksford və Kembric kimi tanınmış universitetlərin Britaniyada yerləşməsi də ölkə təhsilinə əlavə nüfuz gətirir.

Bakalavr təhsili almaq istəyən əcnəbi tələbələr Böyük Britaniyada Baza (Foundation) proqramını keçməlidirlər. Baza proqramı, bakalavr təhsili almaq istəyənlər üçün dünyada tanınan və çox üstünlük verilən universitetə hazırlıq proqramıdır. Əgər tələbənin TOEFL və IELTS imtahanından keçmək barədə sertifikatı yoxdursa, o zaman bu proqram vasitəsilə xaricdə təhsil almağa nail ola bilər. Amma bəzi məşhur universitetlər Baza proqramına qəbul apararkən TOEFL və ya IELTS imtahanlarının nəticəsini də tələb edir. Bu baxımdan Baza proqramını iki qrupa bölmək olar:

- Universitetlərin  nəzdində fəaliyyət göstərən Baza proqramları;

- Universitetdən kənar fəaliyyət göstərən Baza proqramları.

Universitet nəzdində fəaliyyət  göstərən proqramlar, adətən TOEFL və ya IELTS imtahanlarının nəticəsini tələb edir. Universitetdən kənar fəaliyyət göstərən proqramlar isə belə bir tələb irəli sürmür.

Əcnəbi tələbələrin təhsil haqqının müəyyənləşdirilməsində bir sıra meyarlar nəzərə alınır. Bu məbləğ universitet, ixtisas və tədris olunan fənlərdən asılı olaraq illik 5000-20000 ingilis funtu arasında dəyişə bilər.

 

Kanadada ali təhsil

 

Kanadanın ali təhsil sistemi öz nüfuzuna görə dünya arenasında ən üstün yerlərdən birini tutur. Kanada universitetlərində 1,5 milyondan çox tələbə təhsil alır. Onların 1,2 milyonu dərəcə proqramlarında, 275800-ü gündüz növbəsində oxuyur. Ali məktəblərdə tam ştatlı 42000 professor-müəllim çalışır.

Ölkə üzrə aparılan tədqiqat işlərinin 30 faizi universitetlər tərəfindən həyata keçirilir. Ali təhsil müəssisələrində dünya miqyasında tanınan elmi tədqiqatlara imkan yaradan yüksək keyfiyyətli infrastruktur və unikal laboratoriya avadanlıqları mövcuddur. Onu da qeyd edək ki, ölkədə həyat tərzinin yüksək olması məhz "insan kapitalının" inkişafı ilə əlaqədardır.

Ali təhsil müəssisələri tədris proqramlarının dərinliyi baxımından fərqlənir. Universitetlər də daxil olmaqla, əyalət və ərazilər üzrə müvafiq dövlət orqanları təhsilin bütün səviyyələrinə cavabdehdir.

Tədris proqramlarının təcrübə ilə sıx əlaqələndirilməsi Kanada təhsil modelinin üstün cəhətlərindəndir. Burada tədris planları işəgötürən müəssisələrin tövsiyələri nəzərə alınmaqla tərtib olunur.

Kanadada təxminən 100 universitet və onların nəzdində fəaliyyət göstərən universitet kolleci fəaliyyət göstərir. Digər ingilisdilli ölkələrlə müqayisədə, açıq immiqrasiya siyasətinin mövcudluğu ali məktəbləri bitirən əcnəbilərin Kanadada qalıb işləməsi üçün geniş üfüqlər açır. Təsadüfi deyil ki, hər il 125 min əcnəbi tələbə Kanada ali məktəblərini seçir və gələcək həyatlarını bu ölkə ilə bağlayırlar.

Digər Qərb ölkələrində olduğu kimi, Kanada ali təhsil sistemi də üçmərhələlidir. 3 illik ilk ali təhsil proqramında bakalavr dərəcəsi verilir. 1 və ya 2 illik magistr proqramından sonra doktoranturaya qəbul olanlar isə fəlsəfə doktoru dərəcəsi (PhD) almaq üçün daha 4 il elmlə məşğul olmalıdırlar.

Bundan əlavə, universitetlər ixtisaslaşmış diplom və sertifikatların verilməsi ilə bağlı bir sıra proqramlar da təklif edirlər. Kanada ali məktəbləri tədris proqramlarına görə üç qrupa bölünür. Bakalavr təhsili verən ali məktəblər birinci, bakalavr və magistr proqramları tədris edilən universitetlər ikinci qrupa daxildir. Üçüncü qrupa isə doktor proqramları və tibb fakültələri olan ən nüfuzlu universitetlər aid edilir.

Universitetlərə sənəd qəbulu tədris ilindən bir il əvvəl başlayır. Qəbul üçün orta təhsil haqqında attestat və TOEFL imtahanının nəticələri və fransız dili üzrə universitetin xüsusi testindən keçmək tələb olunur. Magistr proqramlarına daxil olmaq üçün GRE, GMAT və LSAT (hüquqşünaslar üçün test) vermək lazımdır.

Əcnəbi tələbələrin universitetlərə daxil olmaları üçün akademik proqramlar əsasında (ESL) kurslar təşkil olunur. Əcnəbilərin qarşısında qoyulan tələblər onların seçdiyi ixtisaslardan asılı olaraq dəyişir. Bir qayda olaraq, onlar orta təhsil haqqında attestatı təqdim etməli və TOEFL imtahanı verməlidirlər.

Kanadada təhsil almaq istəyən əcnəbi tələbəyə il ərzində 15-20 min Kanada dolları civarında maliyyə vəsaiti lazımdır. Yaşayış və təhsil xərclərini ödəmək məqsədilə əcnəbi tələbələrə həftədə 20 saat və tətil günlərində isə tam ştatda işləmək imkanı yaradılır.

Kanadada 3 aylıq dil kursları üçün tələbə vizası almaq tələb olunmur. Lakin ölkədə uzunmüddətli təhsil almaq üçün tələbə vizası və "təhsil üçün icazə" sənədini almaq əsas şərtlərdəndir. Birillik tibbi sığortaya isə 700 Kanada dolları ödənilir.

Bütün bunlarla yanaşı, tələbələrə təqaüd almaq üçün ərizə ilə dövlətə müraciət etmək imkanı verilir. Kanadanın Xarici İşlər və Beynəlxalq Ticarət Nazirliyi tərəfindən reallaşdırılan üç dövlət təqaüdü yüksək tədris uğurları olan tələbələrə şamil edilir. Bu sıraya Kanada hökumətinin Təqaüd Proqramı, Ali Məktəblərdə Elmi-Tədqiqat Proqramı və Ali Məktəblərin Təkmilləşdirilməsi Proqramı daxildir.

Kanadanın ali məktəblərinin dünya elminin inkişafına verdiyi xüsusi töhfələrdə Toronto Universiteti mühüm yer tutur. Bu təhsil ocağında ilk elektron kardiostimulyator, süni qırtlaq, kimya lazeri hazırlanıb, mədəaltı vəzinin transplantasiyası əməliyyatı, bir çox digər mürəkkəb xəstəliklərin müalicəsi həyata keçirilib. 5000 aparıcı tədqiqatçı universitetdə hər il 1 milyard dollar dəyərində tibbi tədqiqatlar aparır. Tibb elmi tarixində önəmli hadisələrdən olan insulinin kəşfi 1921-ci ildə bu ali məktəbdə yerinə yetirilib. 1963-cü ildə beyin sümüyünün köçürülməsi əməliyyatının əsasını qoyan gövdə hüceyrələri aşkarlanıb. 1972-ci ildə tədqiqatlar nəticəsində atmosferdə qara dəliklərin olması sübuta yetirilib. Universitetin astronomları Uran planetinin peykləri olan Kaliban və Sikoraksanı, Andromeda I, II, III qalaktikalarını aşkar ediblər. Dünyada ilk operativ kompüterlərdən biri olan UTEC və ilk kommersiya kompüteri Toronto Universitetində hazırlanıb. Ali məktəbdə elmi-tədqiqat sahələri günbəgün genişləndirilir və bu istiqamətdə dünya liderliyini qazanmaq üçün səylər artırılır.

 

Səhifəni hazırladı:

 

Yusif ƏLİYEV,

"Azərbaycan müəllimi"

 

Ölkələrin səfirliklərindən, təhsil nazirliklərinin və təhsilə aid digər qurumlarının rəsmi İnternet saytlarından əldə olunan materiallar əsasında.

 

  Azərbaycan müəllimi.- 2014.- 9 may.- S.10.