Ən yaxşı
müəllimlərimiz
Hökümə XƏLƏFLİ,
Heydər Əliyev adına liseyin ibtidai sinif müəllimi
1976-cı ildə
Bakı şəhərində anadan olub. 1994-cü ildə Bakı Pedaqoji
Kollecini fərqlənmə diplomu ilə bitirib.
2004-cü ildə Təhsil Nazirliyinin
Kollegiyasının müvafiq qərarı
ilə "Azərbaycan Respublikasının qabaqcıl təhsil
işçisi" döş
nişanı ilə təltif olunub. Azərbaycan
Respublikası Prezidentinin 4 oktyabr
2005-ci il tarixli sərəncamı
ilə "Əməkdar müəllim" fəxri adına layiq görülüb. Bundan başqa, Azərbaycan Respublikası Prezidentinin 1 sentyabr 2009-cu il tarixli sərəncamı
ilə "Ən yaxşı müəllim" müsabiqəsinin
qalibi olub. 1999-cu ildən
başlayaraq təhsil islahatları çərçivəsində
keçirilən bir sıra
konfransların fəal iştirakçısıdır. Təhsil Nazirliyinin və QHT-nin tərəfindən təhsilin
inkişafına, müəllimlərin peşəkarlıq səviyyəsinin
artırılmasına xidmət edən, müxtəlif mövzularda keçirilən təlimlərin
və layihələrin iştirakçısı olmuş, "Fəal təlim", kurikulum islahatlarının tətbiqi,
"Kiçik məktəblilərə
İH-nın tədrisi metodikası", "Kliniki
müdafiə" və digər mövzularda
təşkil olunmuş təlimlər
üzrə respublikamızın müxtəlif bölgələrində
təlimçi kimi fəaliyyət
göstərmişdir. Bundan başqa, şagirdlər üçün
bir sıra tədris materiallarının
hazırlanmasında məsləhətçi kimi
iştirak etmişdir.
Akif HÜSEYNLİ,
Heydər Əliyev adına liseyin coğrafiya müəllimi
1954-cü ildə Cəbrayıl rayonunda anadan olub. 1976-cı ildə akademik Y.Məmmədəliyev adına Naxçıvan
Dövlət Pedaqoji İnstitutunun təbiət-coğrafiya
fakültəsini fərqlənmə
diplomu ilə bitirib. Akif Hüseynli
40-dan çox elmi əsərin, o cümlədən
Təhsil Nazirliyinin təsdiq etdiyi orta və ali
məktəblər üçün
6 dərslik və dərs vəsaitinin, bir neçə proqramın müəlliflərindən
biri, orta ümumtəhsil
məktəblərinin 7-10 siniflərində tədris
edilən "Coğrafiya"
və 4-cü sinifdə
tədris olunan "Həyat bilgisi" dərsliklərinin rəyçisidir.
Yetirmələri arasında Prezident
təqaüdçüləri, Türkiyə, İngiltərə,
Koreya kimi ölkələrin nüfuzlu
universitetlərində təhsil
alanlar çoxdur.
Azərbaycan Respublikası
Prezidentinin 3 oktyabr
2013-cü il tarixli sərəncamı ilə Azərbaycan təhsilinin inkişafındakı
xidmətlərinə görə
"Əməkdar müəllim"
fəxri adına layiq görülüb. Bundan başqa, Azərbaycan Respublikası
Prezidentinin 1 sentyabr
2009-cu il tarixli sərəncamı ilə 2008-2009-cu tədris
ilində keçirilmiş
"Ən yaxşı
müəllim" müsabiqəsinin
qalibidir.
Rafiq
SÜLEYMANLI,
Heydər
Əliyev adına
liseyin
Azərbaycan dili və ədəbiyyat müəllimi
1949-cu ildə Ağdam şəhərində
anadan olub. 1973-cü ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Azərbaycan dili və ədəbiyyat fakültəsini bitirib.
Hazırda Xətai rayonu
üzrə Azərbaycan
dili və ədəbiyyat fənnindən
ştatdankənar metodistdir.
Ənənəvi təlim üzrə
yazılmış 6-11-ci siniflərin
Azərbaycan dili dərsliyinin rəyçisidir.
Azərbaycan Respublikası Təhsil
Nazirliyinin tapşırığı
ilə 8-9-cu sinif
"Azərbaycan dili"
dərsliklərini metodiki
cəhətdən işləmişdir.
Kurikulum tələblərinə
əsaslanaraq yazılmış
5-ci sinif "Azərbaycan
dili" dərsliyi üzrə iş dəftərinin redaktorudur.
Təhsil Nazirliyinin "Dərslikləri
qiymətləndirmə üzrə
ekspert qrupu"nun üzvüdür. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının
Azərbaycan dilindən
hazırladığı vəsaitin
rəyçisidir. 2013-cü
ildə çap olunan orfoqrafiya-orfoepiya lüğətinin həmmüəlliflərindən
biridir. Azərbaycan dili üzrə
kurikulum hazırlayan işçi qrupunun üzvüdür. 2011-ci ildə
Azərbaycan Respublikası
Prezidentinin müvafiq sərəncamı ilə
"Əməkdar müəllim"
fəxri adına
layiq görülüb.
2009-cu ildə Təhsil Nazirliyi tərəfindən keçirilən
"Ən yaxşı
müəllim" müsabiqəsinin
qalibidir. Yetirmələrindən
bir çoxu
2009-2013-cü illərdə müntəzəm olaraq respublika üzrə olimpiadanın və "Heydər Əliyev məktəblilərin gözü
ilə" inşa yazı
müsabiqəsinin qalibləri
olub. Bundan başqa, bir
çox layihələrin
və treninqlərin fəal iştirakçısıdır.
Atlas
MUSTAFAYEVA,
Heydər
Əliyev adına
liseyin kimya müəllimi
1947-ci ildə Qazax rayonunda anadan olub. 1970-ci ildə indiki
Bakı Dövlət Universitetinin kimya fakültəsini bitirib.
Pedaqoji fəaliyyəti dövründə
müxtəlif mükafatlara
layiq görülüb.
Belə ki, 1980-ci ildə "Azərbaycan
SSRİ qabaqcıl maarif
xadimi", 1981-ci il avqustun 16-da "Müəllim-metodist",
1983-cü ildə SSRİ maarif
əlaçısı, 1987-ci ildə "Azərbaycan
SSR Ali Sovet Rəyasət
Heyətinin Fəxri Fərmanı" ilə təltif olunub. 2002-ci ildə XX əsr "Azərbaycan Qadınları"
ensiklopedik toplusunda həyat və iş fəaliyyəti haqqında qısa məlumat verilib. 2005-ci ildə Azərbaycan
Respublikası "Təhsil"
Mərkəzinin keçirdiyi
sorğu və müsabiqənin nəticələrinə
əsasən "Abdulla Şaiq"
mükafatı ilə
təltif olunub. Dövri mətbuatda iş fəaliyyəti haqqında dəfələrlə
yazılar verilib.
2006-cı ildə Azərbaycan
Respublikasının Prezidenti
İlham Əliyevin sərəncamı ilə
"Əməkdar müəllim"
fəxri adına
layiq görülüb.
Qabil
SƏMƏDOV,
Heydər
Əliyev adına
liseyin coğrafiya müəllimi
1975-ci ildə Cəlilabad rayonunda anadan olub. 1997-ci ildə N.Tusi adına Azərbaycan
Dövlət Pedaqoji Universitetinin coğrafiya fakültəsini bitirib. Əmək fəaliyyətinə 1998-ci ildə
Bakı şəhərində
240 nömrəli orta məktəbdə coğrafiya
müəllimi kimi başlayıb. 1999-cu ildən təhsildə aparılan islahatlarla əlaqədar keçirilən
treninq kurslarında iştirak edib və müvafiq sertifikatlar alıb. 40-dək elmi-metodiki məqaləsi xarici ölkələrin, eləcə
də Azərbaycan
MEA-nın elmi jurnallarında dərc olunub. Qabil Səmədovun tərtibatı
ilə Azərbaycanda
ilk dəfə olaraq 2
cildlik "Coğrafiya
Ensiklopediyası" tərtib
edilib və 35000 tirajla çap edilərək ölkənin
tədris müəssisələrinə
verilib. 2009-cu ildə
coğrafiya elmləri
üzrə fəlsəfə
doktoru elmi dərəcəsi alıb.
2009-2010-cu tədris ilində
keçirilən "Ən
yaxşı müəllim"
müsabiqəsinin qalibi
olub. Coğrafiya fənnindən kurikulum
işçi qrupunun üzvü kimi fənn standartlarının
hazırlanmasında yaxından
iştirak edib. "Öyrədənlərin öyrədəni" təlim
kursunu təlimçi
kimi bitirib. 2013-2014-cü tədris ilində 6-cı sinifdə
coğrafiyadan dərs
deyəcək müəllimlərə
yeni təhsil proqramı üzrə təlimlər keçib.
Niyazi RƏHİMOV
Azərbaycan müəllimi.- 2014.- 9 may.- S.8.