Beynəlxalq müsabiqələr qalibi

 

17 yaşlı Minirə Nəcəfzadə Azərbaycan Milli Konservatoriyasının tərkibində fəaliyyət göstərən Respublika İncəsənət Gimnaziyasının XI sinif şagirdidir.

Minirə  orta məktəb təhsilini əla qiymətlərlə oxumaqla bərabər, Azərbaycan və xarici ölkə bəstəkarlarının yaradıcılığına müraciət edərək onların dərin məzmunlu əsərlərini ustalıqla ifa edir.

I sinfi bitirərkən onun  fitri istedadı 2003-2004 tədris ili üzrə məktəbin Kirxada keçirilən yekun hesabat konsertində, Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin müşayiəti və respublikanın əməkdar incəsənət xadimi, maestro A.Əliyevin dirijorluğu ilə çalınan İ.Berkoviç - "Fortepiano ilə simfonik orkestr üçün Konsert" əsərinin ifası zamanı özünü ilk dəfə büruzə verib.

II sinifdə oxuyarkən "Fortepianoorkestr üçün konsertlərin ən yaxşı ifası" müsabiqəsinin ən gənc ifaçısı olan Minirə "Pyeslərin ən yaxşı ifası" müsabiqəsinin II dərəcəli diplomlarına layiq görülüb.

Dünyaşöhrətli violonçel ifaçısı Yo-Yo Ma 2006-cı ilin may ayında Azərbaycan Milli Konservatoriyasının müəllim və tələbələri ilə keçirilən "Master-klass" tədbirində III sinif şagirdi M.Nəcəfzadənin fortepianoda ifa etdiyi "Niyazi - Xoreoqrafik vals" əsərini respublikamızın incəsənət xadimlərindən A.Məlikov, F.Əlizadə, S.Kərimi və başqaları ilə birgə dinləyib. Konsertin sonunda Yo-Yo Ma Minirə ilə bağlı fikirlərini belə ifadə edib: "Bu istedadlı qızın ifasını dinləməklə belə qənaətə gəlirəm ki, əgər onun özünü büruzə verən yaradıcılıq potensialı inkişaf etdirilərsə, gələcəkdə Azərbaycanın ümidverən musiqiçilərindən ola bilər".

V sinifdə oxuyarkən Minirə Dövlət Proqramı çərçivəsində xüsusi istedada malik olan uşaqların potensialının üzə çıxarılması üzrə keçirilən tədbirin və həmçinin Paris şəhərində keçirilən N.Rubinşteyn adına IX beynəlxalq musiqi müsabiqəsində 2-ci yeri tutması münasibətilə verilən Fəxri fərmanlar ilə, VI sinifdə isə İtaliyanın Gioia del Colle şəhərində keçirilən Pietro Argento adına XII beynəlxalq musiqi müsabiqələrin qalibi "Laureat II yer" diplomuna və "Pietro Argento" medalına layiq görülməsilə əlaqədar Azərbaycan Milli Konservatoriyası tərkibində Respublika İncəsənət Gimnaziyasının direktoru tərəfindən "Tərifnamə" ilə təltif olunub.  

Azərbaycan Respublikası Təhsil Nazirliyi Kollegiyasının qərarı ilə Azərbaycan Milli Konservatoriyası tərkibində Respublika İncəsənət Gimnaziyasının V sinif şagirdi Nəcəfzadə Minirə İlham qızı beynəlxalq müsabiqələrdə yüksək nailiyyətlər qazandığına, respublikanı layiqincə təmsil etdiyinə görə Fəxri fərman ilə təltif edilib.

2008-ci ilin aprel ayında Fransanın Paris şəhərində keçirilən N.Rubinşteyn adına IX, 2009-cu ilin may və 2011-ci ilin iyun aylarında İtaliyanın Gioia del Colle şəhərində keçirilən Pietro Argento adına XII, XIV beynəlxalq musiqi müsabiqələrinin qalibi olaraq "Laureat II yer" diplomlarına, həmçinin iki dəfə "Pietro Argento" medalına layiq görülüb. 2010-cu ilin may ayında İspaniyanın Palma de Mallorka şəhərində keçirilən XVII beynəlxalq musiqi müsabiqəsinin "Laureat I yer" zirvə mükafatını əldə etməklə Azərbaycanı uğurla, müvəffəqiyyətlə təmsil edərək dövlətimizin adını və bayrağını ucaldıb. Həmin ilin noyabrında İngiltərənin Nyukastl şəhərində keçirilən gənc fortepiano ifaçılarının beynəlxalq musiqi müsabiqəsinin I dərəcəli diplomu ilə də mükafatlandırılıb.

2011-ci ilin noyabrında İsveçin Stokholm şəhərində keçirilən "Rondo" II beynəlxalq musiqi müsabiqəsində "Laureat III yer" diplomuna layiq görülüb.  

2012-ci ilin iyul ayında Maltanın Valletta şəhərində keçirilən beynəlxalq musiqi müsabiqəsi zamanı yarışaraq ən yüksək nominasiya "Laureat I yer" mükafatını alıb.

2013-cü ilin martında Maltada yenidən keçirilən beynəlxalq musiqi müsabiqəsində Xüsusi priz mükafatı və həmin ilin may ayında ABŞ-ın Nyu-York şəhərində keçirilən "International Piano and Strings - 2013" beynəlxalq musiqi müsabiqəsində "Laureat I yer" əldə edib.

2014-cü ildə Almaniyanın Köln şəhərində keçirilən "Clavicologne" və Fransanın Paris şəhərində keçirilən N.Rubinşteyn adına XII beynəlxalq musiqi müsabiqələrində "Laureat I yer" olaraq yüksək nailiyyətlər qazanıb.

 Azərbaycanda gənc istedadlara dövlət qayğısı haqqında Fərmana uyğun olaraq, 2010-cu ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycanın gənc istedadlarının "Qızıl kitab"ına adı yazılaraq, Prezident təqaüdünə layiq görülüb.

Gələcəyin ümidverən pianoçusu ümumdünya müsabiqələrində nailiyyətlər əldə etməklə, professional musiqi ifaçılığının sirlərinə dərindən yiyələnərək, Azərbaycanın adını yüksəklərə qaldırmaq arzusundadır.

  

Azərbaycan müəllimi.- 2014.- 9 may.- S.12.