Təhsil Nazirliyi təsirli tədbirlər həyata keçirir
Təhsilin uğurları
Hər bir iş sahəsində uğurlu başlanğıc davamlı prosesə
çevrilərsə, səmərəli nəticə ilə
yekunlaşır və yeni perspektivlərin
müəyyənləşməsinə kömək edir. Ötən bir il ərzində yeniləşmə həyata
keçirilən təhsil sahəsində də izi görünən başlanğıcın davamlı prosesə
çevrilməsinə səy edildiyi
açıq duyulmaqdadır.
Məndən soruşurlar ki, Təhsil Nazirliyinin son birillik fəaliyyətində yeniləşən
nələri görürsünüz?
Öncə qeyd etmək istərdim ki, bir-biri ilə əlaqəli
2 cəhət diqqətimi çəkir:
- Təhsil naziri Mikayıl Cabbarovun
ölkə Prezidenti cənab İlham Əliyevin göstəriş və tələblərinə
dönmədən əməl etmə səyi;
- Layihələndirmə
və əməli işlərdə bu tələbləri
reallaşdırma cəhdi.
Təhsilə
dövlət dəstəyi, Prezident
qayğısı, Heydər Əliyev Fondunun,
digər müvafiq nazirlik
və qurumların təhsilin yüksələn xətt
üzrə inkişafına təkan verməsi sahəsində
fəallıqlarının sistemli və kompleks xarakteri güclənmişdir.
İlk növbədə hüquqi
bazanın yaradılması təhsilin yeni
keyfiyyət mərhələsinə keçilməsinə geniş imkanlar
açmışdır. Mən onlardan
bir neçəsini yada
salmaq istərdim: ümumi
təhsil sahəsində həyata keçiriləcək
islahatların əsas prioritetlərinin müəyyənləşdirilməsi,
eləcə də, ali təhsil sahəsində
həyata keçiriləcək islahatların əsas prioritetlərinin
müəyyənləşdirilməsi, Azərbaycan
Respublikası Təhsil Nazirliyi
sisteminə daxil olan ümumi təhsil müəssisələrində
və peşə liseylərində müəllimlərə
tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların yerdəyişməsi və
işə qəbulu, ali təhsil müəssisələrinin
bakalavriat və magistratura
səviyyələrində kredit sistemi ilə tədrisin təşkili
qaydalarının, məktəbəqədər təhsil
müəssisələrinin inkişafı
Proqramının təsdiqi, ölkənin müasirləşdirilməsi
siyasətinin əsaslarını özündə ehtiva edən "Azərbaycan 2020: gələcəyə
baxış" İnkişaf
Konsepsiyasının, "Azərbaycan Respublikasında təhsilin
İnkişafı üzrə Dövlət
Strategiyası"nın qəbulu və digər müvafiq hüquqi proqram və sərəncamlar
təhsilin yeniləşən cəmiyyətdə fəaliyyətinin
metodoloji əsasını müəyyənləşdirir,
qarşıda dayanan hədəfləri
göstərir, inkişafın strateji
istiqamətlərini meydana qoyur.
Bu sənədlər
dövlətin təhsil siyasətini yeniləşən cəmiyyətin
tələbləri səviyyəsində qurmağı müəyyənləşdirir
və bizi razı salan
odur ki, Təhsil Nazirliyi öz yenilikçi fəaliyyətində müasirləşmə
tələblərini yerinə yetirmək üçün
təsirli tədbirlər həyata keçirir.
Təbii ki, bu tədbirlərin
müəyyən qismi hələ ideya olaraq layihələndirilir.
Məsələn, müəllimlərin əməkhaqqı
məsələsinə diferensial
yanaşılması, təhsilin məzmununun təkmilləşdirilməsi
mexanizminin tapılması, gənc direktor kadrlarının müasir
proqramlarla hazırlanması, tədris ilinin 2 həftəyədək
artırılması və digər tədbirləri göstərmək
olar.
Artıq ictimaiyyətin
diqqətini cəlb edən və razılıqla qarşılanan
tədbirlər, fikrimcə, öz səmərəli
nəticələrini verməkdədir. Bu sıradan müəllimlərin
işə qəbul edilməsində yeni formalardan istifadə edilməsi, məktəblərə
məktəbin cari təsərrüfatı
üçün vəsaitlərin verilməsi,
neqativ hallara
qarşı mübarizənin genişləndirilməsi və bu kimi digər yanaşmalar əksəriyyətin
razılığı ilə qarşılanır. Mən nüfuzlu ali
məktəblərdə təhsil almaq üçün məzunların xarici ölkələrə göndərilməsinin
əvvəlki illərə nisbətən say
çoxluğuna nail
olunmasını da həm bu
günün, həm də gələcək
işlərimizin uğurlarından hesab
edirəm.
Ali və orta-ixtisas məktəblərində
kredit sisteminin tətbiqi
üzrə aparılan yeni mahiyyətli
işləri də təhsildə beynəlxalq inteqrasiyanın
güclənməsinə, təlim prosesində şəffaflığın
əldə edilməsinə kömək edəcək vasitələrdən
sayıram.
Bəlli olduğu kimi, hər
hansı müəssisədə, kollektivdə qazanılan
nailiyyətlərin təşkili, ilk
növbədə, onu idarə edən
şəxsdən asılıdır. Bu baxımdan neqativ hallara yol vermiş məktəb
direktorlarının kənarlaşdırılması, müəllimlərin
peşəkarlıq səviyyəsinin yüksəldilməsi və
onların sağlam mənəvi inkişafa cəlb edilməsi digərləri üçün örnəyə çevrilə
bilər.
Bir il ərzində təhsil
nazirinin işə ağıllı, ciddi yanaşması nəticəsində xalq arasında təhsilin keyfiyyətinin daha da yüksələcəyinə
inam yaranmışdır.
Mən bir cəhətə də diqqət yetirmək
istərdim. Bu, təhsil nazirinin
demokratik, hüquqi vətəndaş
cəmiyyəti şəraitində fəaliyyət göstərməyə
həvəsli olmasıdır. Heç şübhəsiz, onun nazirliyin müvafiq əməkdaşlarını
qeyri-hökumət təşkilatları ilə əlbir işə
cəlb etməsi, hər ay jurnalistlərlə
mətbuat konfransını keçirməsi, texnoloji
imkanlardan istifadə edərək, maarifləndirmə,
aşkarlama, şəffaflıq xidmətlərinin
göstərilməsi vətəndaş cəmiyyəti
amalından irəli gəlir.
Pedaqoji ictimaiyyət təhsil nazirinin Təhsil
Şurasının hesabat
yığıncağındakı iştirakını və
dərin məzmunlu, yönəldici istiqamətli nitqini böyük məmnunluqla
qarşıladı. Eləcə də nazirin
mətbuatda müsahibələri, Azərbaycan müəllimlərinin
XIV qurultayındakı nitqi, Azərbaycan Prezidenti İlham
Əliyevin sədrliyi
ilə Nazirlər Kabinetinin 2014-cü ilin I rübünün sosial-iqtisadi inkişafının yekunlarına
və qarşıda duran vəzifələrə
həsr olunmuş iclasında
çıxışı hadisələrə real
münasibəti, səmimiliyi və nikbinliyi
ilə diqqətimizi cəlb etmişdir.
Sonda əmin olmaq istədiyimi bildirirəm
ki, qarşıda dayanan
böyük vəzifələrin yerinə
yetirilməsində, problemlərin həllində, neqativ halların aradan
qaldırılmasında, Strategiyanın müəyyənləşdirdiyi
bütün hədəflərə çatmaqda nazirlik uğurlu addımlarını daha
da artıracaq, sağlam,
şəffaf təhsilə
inamı bərpa edəcəkdir.
Əjdər AĞAYEV,
Azərbaycan Təhsil Şurasının sədri, professor
Azərbaycan
müəllimi.- 2014.- 9 may.- S.8.