"Türkiyədə
öyrəndiklərimin
Azərbaycanda tətbiqi faydalı olacaq"
Ankara
Universitetinin tibb fakültəsində təhsil alan Əhməd
Abdullayevlə söhbət
Abdullayev Əhməd Piralı oğlu 1987-ci il mayın 21-də Bakı şəhərində anadan olub. 2004-cü ildə Bakıdakı 286 nömrəli tam orta məktəbi bitirib. Elə həmin ildə də Azərbaycan Tibb Universitetinin müalicə-profilaktika fakültəsinə daxil olub. 2010-cu ildə universiteti qırmızı diplomla bitirərək uzmanlıq təhsili almaq üçün Türkiyə Respublikasına gedib. Bir il Ankarada hazırlıq keçdikdən sonra 2011-ci ilin noyabr ayında Ankara Universitetinin tibb fakültəsinin göz xəstəlikləri kafedrasında uzmanlıq təhsilinə başlayıb. Hazırda "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində Ankara Universitetinin tibb fakültəsində oftalmologiya ixtisası üzrə rezidentura təhsili alır. Əhmədlə söhbətimizə onun məktəb illərindən və onda həkimliyə marağın necə yaranmasından başladıq.
- Orta məktəbdə
oxuyarkən daha çox
biologiya fənni ilə
maraqlanırdım. Yəqin ki, gələcəkdə
həkim olmaq istəyən hər kəs üçün bu, ortaq cəhətdir.
Orta məktəb illərində biologiya üzrə
keçirilən fənn olimpiadalarında fəal iştirak
etməyə
çalışırdım. Digər tərəfdən,
mən həkim ailəsində anadan olmuşam. Atam Piralı Abdullayev
M.Nağıyev adına Təcili Tibbi
Yardım Xəstəxanasında (indiki Klinik Tibbi Mərkəz) cərrah
işləyib. Anam Respublika
Uşaq Xəstəxanasında işləyir.
Bacım da həkimdir. Ona
görə də, ailə ənənəsinin və valideynlərimin
mənim həkim ixtisasını seçməyimdə xüsusi rolu olduğunu deyə bilərəm. Ailəmizdə tez-tez
tibbə aid söhbətlər olardı və
mən uşaqlıqdan istər-istəməz bu
söhbətlərə qulaq kəsilərdim.
Özümü tibb
aləmində çox erkən gördüm. Artıq VI sinifdə oxuyarkən həkim olmağa
qərar verdim.
- Bəs, xaricdə təhsil almağa nə vaxtdan qərar verdiniz?
- ATU-da təhsil
illərimdən. Xaricdə təhsil hər bir
tələbə üçün təkmilləşmək, öz biliklərini artırmaq, ən müasir praktik təcrübə
əldə etmək mənasında çox
gözəl imkandır. Bu imkanı isə biz gənclərə
dünyada analoqu olmayan xaricdə təhsil üzrə dövlət
proqramı yaradır. Biz tələbələr
üçün
yaradılmış bu imkan və şəraitə, diqqət və
qayğıya görə Azərbaycan dövlətinə, Prezident İlham Əliyevə minnətdarıq.
"2007-2015-ci illərdə
Azərbaycan gənclərinin xarici ölkələrdə
təhsili üzrə Dövlət Proqramı"nı dövlətimizin siyasətinin əsas
uğurlarından biri kimi
qiymətləndirirəm. Bu proqram sayəsində istedadlı gənclərimiz
öz istək və arzularını həyata
keçirmək üçün böyük şans əldə
edirlər. Mən də ilk dəfə idi ki, Dövlət Proqramının seçim turunda iştirak edirdim.
Ümumilikdə, qeyd edim
ki, Təhsil
Nazirliyi seçim prosesini çox uğurlu təşkil edib.
- Artıq neçə ildir ki, Türkiyədə təhsil alırsınız? Yəqin ki, təhsilimizdə baş verən dəyişiklikləri də izləyirsiniz?
- Əlbəttə, biz
Azərbaycan təhsilinin yetirmələriyik. Milli
təhsil sistemimizdə baş verən son keyfiyyət dəyişiklikləri bizi sevindirir. Təhsilimiz
günü-gündən inkişaf edir. Ali təhsil müəssisələrimizin
maddi-texniki bazası, dünyanın reytinq cədvəllərində yer alan nüfuzlu
universitetlərlə əlaqələri möhkəmlənir.
Təhsilimizə yeni innovativ
ideyalar, tədris proqramları daxil olur. Təhsilimizin
yeni inkişaf
üfüqlərini müəyyən edən strategiyalar
işlənib hazırlanır. Ötən ilin
oktyabrında qəbul olunmuş "Azərbaycan
Respublikasında təhsilin inkişafı üzrə Dövlət
Strategiyası" milli təhsil sistemimizin inkişaf
prioritetlərini müəyyən edən önəmli fəaliyyət
proqramıdır. Bütün bunlar sevindiricidir. "2007-2015-ci illərdə Azərbaycan
gənclərinin xarici ölkələrdə
təhsili üzrə Dövlət Proqramı" irəliyə atılmış ən böyük addımlardan biridir.
Təhsil Nazirliyi bu
işə çox ciddi
yanaşır. Hər il nazirlikdə xaricdə
təhsil alan tələbələrlə
görüş keçirilir.
Tələbələrin təhsili və problemləri ilə
yaxından maraqlanırlar. Biz tələbələrə göstərilən bu diqqət və qayğı təqdirəlayiq
bir haldır.
- Seçdiyiniz ixtisas barədə məlumat verərdiniz...
- Hazırda Ankara Universiteti
tibb fakültəsinin
göz xəstəlikləri
kafedrasında uzmanlıq
təhsili alıram. Klinikamız Türkiyənin ən böyük göz xəstəxanasıdır. Kafedrada 8
professor, 1 dosent və
1 uzman həkim var. Hazırda 17 rezident uzmanlıq
təhsili almaqdadır.
Türkiyədə oftalmologiya
ixtisası üzrə
4 il rezidentura
keçilir. Bu müddət ərzində
rezidentlər sərbəst
xəstə qəbul edir və əməliyyatlara
girirlər. Oftalmologiya tibbin
spesifik sahələrindəndir
və sürətlə
inkişaf edir. Bu ixtisas üzrə
uzmanlıq təhsili almaqdan çox məmnunam. Təhsilimlə yanaşı, oftalmologiyanın
aktual problemlərinə
dair elmi tədqiqatlarla da məşğulam.
Türkiyədə müəllim və həkimləri "hoca" deyə çağırırlar. Hocalarımızla çox yaxşı münasibətdəyik. Təhsilimizə çox önəm verirlər.
Müəllimlərimizin əksəriyyəti Avropa və Amerikada təhsil alıb. Onların yanında oftalmologiyanın
sirlərini öyrənmək,
eləcə də təcrübə keçmək
mənim üçün
böyük şansdır.
Uzmanlıq təhsili
dövründə universitetdə
professorlar tərəfindən
ildə bir neçə dəfə təşkil olunan kafedradaxili imtahanlar veririk. 4 illik
təhsilin sonunda isə uzmanlıq imtahanı olur. İmtahanı keçdikdən sonra uzmanlıq dərəcəsi verilir.
- Seçdiyiniz ixtisas Azərbaycan üçün
nə dərəcədə
önəmlidir?
- Tibbin hər sahəsi kimi, oftalmologiyanın da Azərbaycan üçün
önəmli olduğunu
düşünürəm. Hazırda bu sahə bütün
dünyada çox
sürətlə inkişaf edir. Yeni müalicə metodları
və texnologiyalar yaradılır. Düşünürəm ki, Türkiyədə öyrəndiklərimin Azərbaycanda
tətbiqi faydalı olacaq.
- Tələbə həyatınız
necə keçir?
- Ankara Türkiyədə yaşaya biləcəyiniz
ən sakit şəhərlərdəndir. Ölkənin ən böyük
universitetləri və
dövlət qurumları
bu şəhərdə
yerləşir. Yerli əhali
Ankaranı məmur şəhəri adlandırırlar.
Türklər ilə bir çox ortaq cəhətlərimiz olduğu
üçün Ankaraya
adaptasiyam çox da çətin olmadı.
Tələbə
həyatım çox
intensivdir. Gün
ərzində ən azı 9 saat klinikada oluram. Buradakı rezidentura təhsilini
çox yüksək
qiymətləndirirəm. Həm nəzəri, həm
də praktiki olaraq hər gün təcrübələrimiz
daha da artır.
Yalnız həftə sonları
asudə vaxtımız
olur. Onda da yaxın dostlarımla
görüşürük. Dostlarım əsasən həkim
olduğu üçün,
demək olar ki, söhbətlərimizin əsas
mövzusu yenə də tibb, seçdiyimiz
ixtisasla bağlıdır.
Futbol həvəskarı olduğumdan
imkan tapdıqca futbol oynayıram. Hobbimə gəlincə, boş vaxtlarımda musiqiyə qulaq asmağı və
kitab oxumağı çox sevirəm.
- Azərbaycan diasporası ilə
əlaqələriniz...
- Xarici ölkələrdə
təhsil alan
hər bir azərbaycanlı gənc ölkəmiz haqqında əsl həqiqətlərin
dünyaya çatdırılmasında
yaxından iştirak etməlidir. Türkiyənin
bir çox bölgəsində səfirliyimizin
dəstəyi və tələbələrimizin
iştirakı ilə
keçirilən tədbirlərdə
mən də fəal iştirak etməyə çalışıram. Digər mühüm tədbirlərdən
biri kimi, Türkiyədə təhsil
alan tələbələri
bir araya gətirən və artıq son 3 ildir ki, keçirilən "Nümunəvi
həkim olmağa doğru" forumunu qeyd edə bilərəm.
Azərbaycanın Türkiyədəki səfirliyinin və Ankara Universitetinin tibb fakültəsinin təşkilatçılığı
ilə təşkil olunan bu forumda
tələbələrimiz fəal
iştirak edirlər.
Forumda Azərbaycan və Türkiyədən olan tibb alimləri elmin əhəmiyyətli problemlərinə dair çıxışlar edirlər. Bu tədbirlərin
Azərbaycan tibb elminin inkişafında önəmli rol oynayacağına inanıram.
Bundan əlavə, tibb sahəsində təhsil alan tələbə
və rezidentlərlə
bayramlarda bir araya gəlməyə çalışırıq. Türkiyədə azərbaycanlı tələbələr
çoxdur. Demək
olar ki, bütün ixtisaslar üzrə təhsil alan tələbələrimizə rast gəlmək mümkündür.
Klinikada işlərin
çoxluğu ilə
əlaqədar tələbə
təşkilatları ilə
çox da ünsiyyətdə ola bilməmişəm.
Daha çox tibb sahəsində təhsil alan
rezidentlərlə görüşürük.
Bu sahədə təşkilatlanma yaxşı
səviyyədədir deyə
bilərəm. Hər
il keçirilən
"Nümunəvi həkim
olmağa doğru"
tədbiri buna nümunədir.
- Sizcə, xarici ölkədə təhsil
almaq nə deməkdir?
- Xaricdə təhsil
gənclərimizin peşəkar
kadr kimi yetişməsində
önəmli faktordur. Dünyanın bu
və ya digər nüfuzlu
universitetində oxumaq yeni
imkanlar deməkdir. Xaricdə təhsilin bizə verdiyi töhfələrdən biri
tibdə olan yenilikləri, müasir
texnologiyaları öyrənməkdir.
Bununla yanaşı xaricdə təhsil həm
də bizə həyatda daha məsuliyyətli
olmağı öyrədir və dünyagörüşümüzün artmasında önəmli rol oynayır.
Hələ Bakıda
tələbəykən bir çox tanışım xaricdə təhsil
barədə düşünürdü.
Hazırda onların əksəriyyəti
Türkiyə və Almaniyada, digər
ölkələrdə təhsillərini
davam etdirir. Bunu yüksək qiymətləndirirəm. Bu istək gənclərimizin hədəflərinin
yüksək olduğunu göstərir. Qloballaşan və
sürətlə dəyişən dünyada
Vətənimizə məhz
savadlı, peşəkar mütəxəssislər çox vacibdir.
- Gələcək üçün hansı planlarınız var?
- Arzum
Türkiyədə uzmanlıq təhsilini
uğurla başa
vurmaqdır. Daha sonra əsas
məqsədim vətənə dönərək Türkiyədə təhsil illərində
əldə etdiyim bilikləri, təcrübəni,
yenilikləri ölkəmizdə tətbiq etmək və Azərbaycan
tibbinin inkişafında rol
oynamaqdır.
- Biz də sizə təhsil həyatınızda yeni-yeni uğurlar arzu edirik.
Oruc MUSTAFAYEV
Azərbaycan müəllimi.- 2014.- 16 may.- S.9.