Dünyanın ən
yaxşı təhsil
sistemlərinin reytinq cədvəli
açıqlanıb
Böyük
Britaniyanın təhsil sahəsində
ixtisaslaşmış "Economist Intelligence Unit" analitik kompaniyası "Pearson"
şirkətinin sifarişi əsasında
dünyanın və Avropanın ən yaxşı təhsil
sistemlərinin reytinq cədvəlini tərtib edib. Dünyanın
39 ölkəsində təhsilin vəziyyətini təhlil edən
tədqiqatçıların gəldiyi rəyə görə,
Cənubi Koreya dünyanın ən
yaxşı təhsil sisteminə malikdir.
"Uçitelskaya qazeta"nın məlumatına
görə, Rusiya 20 ən yaxşı təhsil
sistemləri siyahısındadır. Reytinq cədvəlində ilk 20 yeri aşağıdakı ölkələr tutub: 1.Cənubi Koreya,
2.Yaponiya, 3.Sinqapur, 4.Honkonq, 5.Finlandiya, 6.Böyük Britaniya, 7.Kanada, 8.Hollandiya, 9.İrlandiya,
10.Polşa, 11.Danimarka, 12.Almaniya, 13.Rusiya, 14.ABŞ,
15.Avstraliya, 16.Yeni Zelandiya, 17.İsrail,
18.Belçika, 19.Çexiya, 20.İsveçrə. Siyahıdan göründüyü
kimi, Cənubi
Koreya, Yaponiya, Sinqapur və Honkonq dünyada aparıcı mövqeyə malikdir. Rusiya təhsil sistemi Avropada 8-ci, dünya üzrə isə ABŞ-ı qabaqlayaraq 13-cü sıradadır.
Tədqiqatlar göstərib ki, Avropada ən
yaxşı təhsili Finlandiya, bütün dünyada isə Cənubi Koreya
verir. Bundan əvvəl isə Finlandiya
bütün dünyada
ən yaxşı təhsil sisteminə malik
olmaqla birinci olub. Hazırda isə Avropada
birinci olan
Finlandiyanın dünya
miqyasında mövqeyi zəifləyib. Ekspertlər qeyd
ediblər ki, bir çox Skandinaviya ölkələri
öz mövqelərini itirir,
təhsilin səviyyəsi bu ölkələrdə
ildən-ilə aşağı düşür. Cədvəldə Finlandiyadan
sonra Böyük Britaniya və
Hollandiyanın adı çəkilir. Böyük Britaniya beynəlxalq tələbə
mübadilə proqramları və son beynəlxalq
testlərdə qazandığı uğurlu
nəticələr sayəsində
rəqabət apardığı ABŞ, Almaniya
və Fransa kimi
ölkələri geridə qoyub.
Avropanın təhsil səviyyəsi
çox aşağı olan
ölkəsi Yunanıstandır.
İqtisadi cəhətdən inkişaf etməkdə olan
ölkələr qrupunda Braziliya, Meksika və
İndoneziyanın adları çəkilir.
ABŞ builki reytinqdə 14-cü yeri
tutub. Beləliklə,
təhsil səviyyəsinə görə bu
ölkə Rusiyadan sonra
14-cü yerdə qərarlaşıb. Almaniya
reytinq cədvəlində 12-ci, Danimarka 11-ci yerdə, Polşa
isə Rusiyanı qabaqlayaraq ilk 10-luqda qərarlaşa
bilib.
Siyahıda 20-ci yerdə
İsveçrə gəlir.
Dünya reytinqinə
Asiya ölkələri
başçılıq edir. Cənubi Koreya Asiya ölkələri
arasında birinci yerə
çıxıb. Analitiklər qeyd edirlər
ki, əgər valideynlər
uşaqlarına ən yaxşı təhsil vermək istəyirlərsə,
onları məhz Asiyaya göndərməlidir.
İkinci yeri Yaponiya, sonrakı 2 yeri Sinqapur və Honkonq tutur. Beləliklə
də təhsil sisteminin keyfiyyətinə
və təhsil səviyyəsinə görə reytinq cədvəlində ilk
dörd mövqe Asiya ölkələrinə
məxsusdur.
Ekspertlər qeyd edirlər ki, bir sıra Asiya ölkələrindən
valideynlər öz uşaqlarını oxumağa Avropa və ABŞ-a göndərsə də,
dünyanın ən yaxşı təhsil sistemləri məhz
Asiya regionundadır.
Reytinq cədvəli hazırlanarkən bir sıra beynəlxalq testlərdən və ölkələrin təhsil sahəsinə aid məlumatlardan istifadə olunub.
Tərtibçilər qeyd ediblər ki, bütün dünyada təhsilin
inkişafına bütövlükdə 5 trilyon dollardan artıq vəsait xərclənir. Reytinq tərtib olunarkən TIMS, PIRLS, PISA beynəlxalq
qiymətləndirmə proqramlarının nəticələri,
eləcə də dövlətlərin özlərinə aid statistik məlumatlar (məsələn,
universitetlərə qəbul olunanların sayı) əsas götürülüb. "Pearson"
şirkətinin təhsil eksperti Maykl Barberin sözlərinə görə, məktəb
və müəllim statusunun yüksək
olduğu, inkişaf etmiş təhsil mədəniyyətinə malik ölkələr reytinqdə ilk sıraları tuturlar.
Qeyd edək ki, "Economist
Intelligence Unit"
(EIU)-un əsas məqsədi təhsil sahəsində
nailiyyətlərə dair məlumat
bankı yaratmaqdır. Ən uğurlu təhsil
sistemlərini öyrənən tədqiqatçılar belə
qənaətə gəliblər ki, təhsilə
ayrılan vəsaitlər çox mühümdür, lakin oxumaq üçün imkanların yaradılması
mədəniyyəti ondan qiymətlidir. Asiya regionu ölkələrinin reytinqdə əksini
tapmış fenomenal uğuru
məhz sonuncu faktorla
bağlıdır.
Tərtibçilər
qeyd ediblər ki, Asiya regionunda "müəllimlər, tələbələr
və onların valideynləri təhsil sahəsində bütün məsuliyyətləri öz öhdələrinə
götürüblər". "Pearson"
şirkətinin rəhbəri Con Fallon qeyd edib
ki, reytinq inkişafda olan təhsil,
tədris və iqtisadi artım arasında
möhkəm əlaqə olduğunu
göstərir. Onun
sözlərinə görə, bütün
dünyada təhsil sistemləri bir-birindən
daha çox öyrənə
bilərdi. "Pearson"
şirkətinin nümayəndəsi
Maykl Barberin
sözlərinə görə, reytinq cədvəli milli təhsil
sistemlərinin nə dərəcədə yaxşı
işləməsi barədə
biliklərimizi zənginləşdirir.
Con Fallon inkişafda olan təhsil və
vərdişlərin iqtisadi əhəmiyyətinə
diqqət yetirib.
Asiya regionu
ölkələrinin uğuru da məhz daha çox şagirdlərinin yüksək vərdiş
qabiliyyətləri ilə bağlıdır. Onun sözlərinə
görə, rəqəmsal texnologiyaların təhsil sahəsinə
tətbiqi uğurlu nəticələr verir, lakin bu,
heç bir halda rəqəmsal texnologiyanın müəllimləri
əvəz etməsi kimi başa
düşülməməlidir.
O qeyd edib ki, rəhbərlik
etdiyi
şirkət 50 ölkənin təhsil sahəsinə aid məlumat bankı yaradıb.
Oruc MUSTAFAYEV
Azərbaycan müəllimi.- 2014.- 16 may.- S.9.