Bakıdakı
üçüncü "rus-tatar"
məktəbinin ilk
müdiri
Azərbaycanın görkəmli pedaqoqlarının həyat və fəaliyyətinin öyrənilməsi və təbliği müasir dövrümüzdə mühüm əhəmiyyət kəsb edən məsələlərdəndir. Tarix səhifələrində qorunub saxlanılan böyük pedaqoji təcrübələr bu gün də öz əhəmiyyətini itirməmişdir. Çünki bu təcrübələr əldə olunmuş biliklərin formal tətbiqi olmayıb, məktəb quruculuğunda minimum maddi vəsait, maksimum mənəvi qüvvə sərfi ilə başa gəlib. Bu cəhətdən həyat və fəaliyyətinin öyrənilməsi zəruri olan, Azərbaycan pedaqoqika tarixinin ilk səhifələrinə adı yazılmış maarif xadimlərindən biri də Mahmud bəy Mahmudbəyovdur.
Müəllim, pedaqoq,
folklorşünas
və dövlət xadimi kimi
Mahmud bəy Mahmudbəyov
Bakıda ilk rus-tatar məktəbinin açılmasında təşəbbüskar
olan Həbib bəy Mahmudbəyovun böyük
qardaşıdır. O, 1863-cü ildə Şamaxı şəhərində
maliyyə işçisi ailəsində anadan olmuş, ibtidai
təhsilini də orada almışdır. M.Mahmudbəyov
1880-ci ildə müvəffəqiyyətlə imtahan verib
dövlət hesabına Qori Seminariyasının birinci əsas
sinfinə daxil olur. Onun ilk təyinatı 1883-cü
ildə Yelizavetpol direksiyasının Padar kənd məktəbinə
idi. 1883-cü ildə Ağcabədi məktəbində
işləmiş, 1887-ci ildən 1888-ci ilə qədər
Ağdam məktəbində, 1888-ci ildən Bakı
quberniyasının Şamaxı qəzasında Dilman və Kəlbə
kəndlərində müəllimlik etmişdir.
M.Mahmudbəyov
Şamaxıda ana dili, rus dili, hesab, hüsnxət, rəsm,
bağçılıq və bostançılıq fənlərini
tədris edirdi. O, hələ Şamaxıda işləyərkən
dərslik tərtibinə olan ehtiyacı qarşılamaq
üçün əyani vəsait olaraq oxu mətnləri
hazırlamışdır.
M.Mahmudbəyov bu mətnlərdən sonralar
hazırladığı dərsliklərdə də istifadə
etmişdir. O, bölgə məktəblərində işlədiyi
illər ərzində şifahi xalq ədəbiyyatı
nümunələrini toplamış və dərc
etdirmişdir. M.Mahmudbəyovun
folklorşünaslıqla bağlı "Zaqafqaziya
tatarlarının şifahi ədəbiyyatı",
"Qafqazda müridizm təriqəti" adlı elmi
araşdırmaları olması, həmçinin
"Aşıq Qərib" nağılını və
"Atalar sözü və məsəllər"i dərc
etdirməsi məlumdur.
M.Mahmudbəyov
1886-cı ildə Bakıya köçür və
Sabunçuda 2 sinifli məktəbdə dərs deyir, 1887-ci ildə
ikinci "rus-tatar" məktəbinin əsas müəllimi
kimi fəaliyyətə başlayır. Xalqın təkidi ilə
hökumət tərəfindən üçüncü və
dördüncü "rus-tatar" məktəbləri
açılır. M.Mahmudbəyov üçüncü
"rus-tatar" məktəbinin müdiri təyin olunur.
Qısa müddətdən sonra Bakı xalq məktəbləri
inspektoru vəzifəsinə təyin edilir.
Məktəb direktoru
olduğu müddətdə bu böyük maarifçi, ilk
növbədə, məktəbin binasını qaydaya
salır, şagirdləri dərslik, dərs vəsaiti və ədəbiyyatla
təmin edir. M.Mahmudbəyovun fəaliyyətinin əsas istiqamətlərindən
biri də ana dilinin təmizliyi uğrunda mübarizə
aparmasıdır.
Sadə Azərbaycan
dilində uşaq ədəbiyyatının yaranmasında təcrübəli
pedaqoqun böyük rolu olmuşdur. Mirzə Ələkbər
Sabir, Abbas Səhhət, Abdulla Şaiq kimi şairləri
uşaq şeirləri yazmağa həvəsləndirmiş,
onların əsərlərini öz dərsliklərinə
daxil etmişdir. Azərbaycan ədəbiyyatının
görkəmli nümayəndələri və onların əsərləri
ilə məktəbliləri daha ətraflı tanış etmək
məqsədilə "Rəhbər" jurnalının nəşrinə
başlamışdır. M.Mahmudbəyov Azərbaycan ədəbiyyatını
şagirdlərə sevdirməyə, təbliğ etməyə
sərf etdiyi zəhmət qədər dünya ədəbiyyatına
da maraq göstərmiş, ədəbiyyatımızı tərcümələrlə
də zənginləşdirmişdir. Türk ədəbiyyatının
öyrədilməsi də pedaqoqun əsas məqsədlərindən
birini təşkil edirdi.
F.Ə.Seyidov M.Mahmudbəyovun
dərslik nəşri ilə bağlı fəaliyyəti
haqqında maraqlı məlumatlar verir. M.Mahmudbəyov 1907-ci
ildə 24 illik müəllimlik təcrübəsi əsasında
birinci siniflər üçün ilk "Yeni əlifba" dərsliyini
nəşr etdirdi. Kitab 1923-cü ilə kimi 16 dəfə
"Qiraət", "Birinci il", "Türk əlifbası"
və "İlk qiraət" adları ilə yenidən nəşr
edildi. O, 1908-ci ildə əsasını Qori
Seminariyasının məzunları təşkil edən
beş nəfərlə "İkinci il" dərsliyini
yazır. 1909-cu ildə isə Abbas Səhhətlə birlikdə
"Üçüncü il" dərsliyini nəşr etdirir.
M.Mahmudbəyovun 1914-cü ildə nəşr etdirdiyi
"Türk ədəbiyyatına ilk qədəm" adlı
kitab ilk müntəxabat olmaqla, əsasən, ibtidai məktəbin
yuxarı sinfində Azərbaycan və türk ədəbiyyatını
öyrənmək üçün nəzərdə
tutulmuşdu. Onun dərslikləri Azərbaycan orfoqrafiyasında
hərc-mərcliyin hökm sürdüyü bir vaxtda əhəmiyyətli
rol oynamışdır.
M.Mahmudbəyov Oktyabr
inqilabına qədər məktəblərə ana dili müəllimi
qəbul edən imtahan komissiyasının sədri olmuşdur.
İnqilabdan sonra
M.Mahmudbəyov Xalq Maarif Komissarlığında işləmiş,
məktəblərin yenidən qurulmasında, proqram, dərslik
və tədris planlarının hazırlanmasında
yaxından iştirak etmişdir. O, həyatının son illərində
o zaman adlandırıldığı kimi, V.İ.Lenin adına
APİ-də işləmiş,
yeni əlifba komitəsinin üzvlərindən biri
olmuşdur.
M.Mahmudbəyov
1923-cü il martın 13-də Bakıda vəfat etmişdir.
Mahmud bəy Mahmudbəyov xatirələrdə
Azərbaycanın
mədəni həyatının inkişafı uğrunda
Mahmud bəy Mahmudbəyovun ədəbi, pedaqoji, ictimai fəaliyyəti
fraqmental olmamışdırsa da,
elmi tədqiqatlarda, ədəbi məcmuə və əsərlərdə
bu yorulmaz maarif xadiminin öyrənilməsi və təbliği
istiqamətində aparılan işlər
günümüzə qədər fraqmentlərdə
görünür. Mahmud bəy Mahmudbəyovun həyat və fəaliyyətini
işıqlandıran nəinki monoqrafiyaya, hətta geniş
bir tədqiqat əsərinə də təsadüf etmək
mümkün deyildir. Amma nə yaxşı ki, xatirələr
yazılır... Bu böyük müəllimin, publisistin,
xeyriyyəçinin, folklorşünasın, ədibin ədəbi portretini qismən də
olsa, xəyalımızda canlandıra bilməmiz
üçün xatirələr köməyimizə
çatır.
Görkəmli
yazıçı Abdulla Şaiq Sabirə həsr etdiyi
"İki dost" xatirəsində Mahmud bəy Mahmudbəyovun
ədəbi portretini də epizodik olaraq yaradırdı:
"Sabirin, Səhhətin ikinci səmimi dostu Bakıda müəllimlik
edən Mahmud bəy Mahmudbəyov idi. Mahmud bəy az
danışan, çox çalışan, təmiz və
vicdanlı bir insan idi. İpək kimi yumşaq xasiyyəti var
idi. Yaşca bizdən böyük olduğuna görə
müəllimlər ona "Mahmud əmi" deyirdi. O,
çox fəal maarif xadimi idi. Pedaqoqikanın son nailiyyətlərindən
xəbərdar olan bu qayğıkeş müəllim yeni dərsliklərin
yaranmasında da çox böyük xidmətlər göstərmişdir.
Yay tətili
münasibətilə şamaxılı müəllimlər
Şamaxıya toplandıqları zaman Sabir və Səhhətə
sanki bayram gəlirdi. Müəllimlər, eləcə də,
Mahmud əmi hər ikisinin ruhuna və zövqünə
müvafiq rus yazıçıları və şairləri ilə
onları tanış etməyə
çalışırdı. Sabir və Səhhəti uşaq
ədəbiyyatı ilə maraqlandıran Mahmud əmi
olmuşdur. Mahmud əmi hər iki şairin uşaqlar
üçün yazdıqları əsərləri və tərcümələri
öz dərsliklərində çap edirdi".
Seyid Hüseynin xatirəsində
Mahmud Mahmudbəyovun yüksək insani keyfiyyətlərinin
sözdə deyil, müəllimlik adına fəxarət olan
bu insanın öz əməlləri vasitəsilə
şahidi oluruq: "Sabir öz kitabını
sağlığında görə bilmədi. Bir tərəfdən
maddi vəsaitinin kifayətsizliyi, digər tərəfdən xəstəliyinin
get-gedə inkişafı ona imkan vermədi. Onun
beş-altı çap listi həcmində, birinci dəfə
1912-ci ildə nəşr olunan "Hophopnamə"si
yaxın dostu Mahmud əminin Sabir oxucularından
topladığı ianə vasitəsilə meydana
çıxmışdır. Bu kitab az bir zaman zərfində
satılıb qurtardı.
Kitabın satışından hasil olan mədaxil tamamilə
mərhumun ailəsinə verilmişdi. Buna görə bir il
sonra, 1913-cü ildə Sabir külliyyatını çap etmək
məsələsi təkrar Mahmud əmi tərəfindən
qaldırıldı. Bu məqsəd üçün bir
komissiya təşkil olundu. Bu komissiyaya "İqbal" qəzeti
redaksiyasından mən, "Kaspi" qəzetindən Mehdi bəy
Hacınski, bir də Mahmud əmi daxil edilmişdi. Hər iki qəzetə Sabir külliyatının nəşri
üçün ianə dəftəri açdı. Bu ianə
yalnız Bakıda deyil, Azərbaycanın başqa yerlərində
də toplanırdı. Çox təəssüf olsun ki,
toplanan ianələrin hamısı gəlib Bakıya
çıxmadı...
Komissiya "Hophopnamə"nin
ikinci təbi üçün smeta tərtib etdi. Onu rəngli şəkillərlə buraxmaq
üçün min manata qədər xərci vardı.
Komissiyanın əlində nəqd olaraq, ancaq üç
yüz manata qədər pul vardı. Biz bu paranı ianə təriqilə
İsa bəy Aşurbəylinin icarəsində olan
"Kaspi" mətbəəsinə verib üç min
nüsxə kitab üçün doqovor bağladıq.
Kitabın təshihi, tərtibi, buraxılışı mənə
həvalə olundu. Mahmud əmi Sabirin üç il əvvəl,
1910-cu ilin yazında "Zənbur" redaksiyasında
gördüyüm üzü yaşıl kağızlı
papkasını mənə təhvil verdi".
"Dəbistan"
jurnalının redaktorlarından biri olan Əli İsgəndər
Cəfərzadə də öz xatirəsində M.Mahmudbəyovun
Sabirlə dostluğundan xəbər verir, eyni zamanda, bu
böyük maarifpərvər insanın pedaqoji mətbuatla
ünsiyyətinin araşdırılmasında əhəmiyyətli
informasiya çatdırır: "1904-cü ilin
payızı idi. Bakı məktəblərində dərslər
yeni-yeni başlanmışdı. Mən də məktəbdə
vəzifəmi görüb evə qayıtmışdım.
Axşamüstü idi, zəng vuruldu. Uşaqlardan biri
qapıya getdi, qayıdıb iki kişi məni sorduğunu xəbər
verdi. Mən qapıya çıxıb
gördüm ki, arxadaşım müəllim Mahmud bəy
Mahmudbəyovdur, yanında da qara nizami çuxalı, qaraxətli,
başında papaq, balacaboylu, arıq bir adam var idi. Əlbəttə,
çox məmnuniyyətlə bunları qəbul edib içəri
girmələrini təklif etdim. Evə daxil olub oturdular.
Mahmud əmi məni bu tanımadığım adamla
tanış etdi. Məlum oldu ki, bu,
şamaxılı Ələkbər Tahirzadə Sabir təxəllüslü
şair imiş. Şamaxıdan Bakıya gəlib, Mahmud əmigilə
düşübmüş. Mahmud əmi də fürsətdən
istifadə edərək mənimlə Sabiri tanış etmək
məqsədilə görüşümə gəliblərmiş.
Mən Sabirin
adını yoldaşlarım - şamaxılı müəllimlərdən
eşitmişdim. Bununla görüşüb rubəru
danışmaqdan nəhayət dərəcədə şad
olduq. Bu görüşə səbəb olan Mahmud əmidən
də çox razı qaldım".
Mahmud bəy Mahmudbəyovun
Bakıda Sabirlə dostluq əlaqəsi, cavan şairə himayədarlığı
fraqmental, qısamüddətli xarakter
daşımamışdır. Bu böyük ürək sahibi
şairin ölümünə qədər paytaxtda ona ən
yaxın dost, belə də demək mümkündür ki, qəyyum
olmuşdur. Bu münasibətin
ardıcıllığını dövrün
tanınmış ziyalılarının xatirələrindən
açıq-aydın izləyirik. Əli İsgəndər Cəfərzadənin
xatirəsi bu cəhətdən də böyük əhəmiyyət
daşıyır. 1904-cü ildə Sabirlə Mahmud bəy
vasitəsilə tanış olduğunu
söyləyən ədib onların 1906-cı ildə də
sıx ünsiyyətindən bəhs edərək
yazırdı: "Əlan Bakıda heykəli duran "Sabir
bağçası" yerində "Kaspi", "Həyat"
və "Füyuzat" qəzet və jurnalının idarə
və mətbəəsi yerləşirdi. Nəşr
etdiyim, cocuqlara məxsus ikihəftəlik azərbaycanca "Dəbistan"
jurnalı idarəsi də orada kiçik bir otaqda idi.
1906-cı ilin dekabr ayı idi. "Dəbistan"ın növbəti 17-ci nömrəsinin
materiallarını oturub redaktə edirdim ki, onları mətbəəyə
nabor etmək üçün verim. Qapı
açıldı. Baxdım gördüm
ki, Sabir ilə Mahmud əmidir. Buyurunuz - dedim,
içəri girdilər. Oturdular. Görüşdük.
Əhvalpürsanlıqdan sonra Sabirə xitabən dedim ki,
"Sabir, şəbədəçi qardaş! İndi zənn edirəm ki, kefin yaxşıdır.
Qəzetlər, jurnallar var, istədiyin şeirini yaza bilərsən...
...Söhbətimiz qurtardıqda mən Sabirə stolun
üstündəki məqalələri göstərib dedim ki,
bu materiallar "Dəbistan"ın 17-ci növbəti
nömrəsindəndir. Bu gün mətbəəyə
nabora verəcəyəm. Çox
yaxşı olardı ki, sizin Bakıda olmanızdan istifadə
edərək "Dəbistan"a bir töhfə kimi məktəbə
dair şeir yazıb verəsiniz ki, hənin nömrədə
dərc olunsun.
Sabir dərhal stolun üstündəki
qrankalardan birini götürüb karandaşını cibindən
çıxardı. Əlüstü bu
aşağıdakı "Məktəb şərqisi"
adlı şeiri:
Məktəb, məktəb, nə dilgüşasan,
Cənnət, cənnət desəm, səzasən!
Şadəm, şadəm təfərrücündən,
Əlhəq, əlhəq, gözəl binasən!
və i.a. - yazıb mənə
verdi. O da "Dəbistan"ın yuxarıda zikr olunan
nömrəsində dərc olundu".
Abdulla Şaiqin, Seyid
Hüseynin Əli İsgəndər Cəfərzadənin qələmə
aldıqları xatirələrdə Mahmud Mahmudbəyov
qayğıkeş müəllim, sadiq dost, xeyirxah bir insan kimi
səciyyələndirilir. Mahmud bəy yalnız
bir pedaqoq olaraq dərs deməklə, dərslik yazmaqla, jurnal nəşr
etməklə kifayətlənmirdi. Bütün
bunları o, təmənnasız olaraq millətinin
savadlanması uğrunda həyata keçirməklə
yanaşı, həll olunmadan qaldığını görən
problemlərin çözümünə
çalışır, yarı yolda qalmış bir işin
sona çatdırılması uğrunda əlindən gələni
əsirgəmirdi. Mahmud bəy Mahmudbəyovu
XX əsrin əvvəllərində əksər xeyriyyə tədbirlərinin
önündə görürük.
"Rəhbər"
jurnalının müdiri və naşiri
1906-cı ildə məktəblilərin
mütaliəsi üçün nəşr olunan "Rəhbər"
jurnalının müdiri və naşiri Mahmud bəy Mahmudbəyov
idi. "Rəhbər" jurnalı yalnız beş nömrə çıxa bilmişdir. Jurnalın birinci nömrəsi 1906-cı ilin
sentyabrında, sonuncu, 5-ci nömrəsi isə 1907-ci ilin
yanvarında çıxmışdır. Bu
jurnalda Mirzə Ələkbər Sabir, Abbas Səhhət və
başqaları çıxış edirdilər.
"Rəhbər" jurnalının
birinci nömrəsində Firudin bəy Köçərlinin
"Seyid Əbülqasim Nəbati" məqaləsi dərc
olunmuşdur.
Məcmuədə "Dəbistan"la
bağlı elanlara da yer verilirdi.
Jurnalın redaksiyası "Dəbistan"la
bir yerdə - H.Z.Tağıyevin pasajında yerləşirdi.
"Rəhbər" jurnalının
siması "təlim və tərbiyədən bəhs edən
aylıq türk jurnalı" kimi müəyyənləşdirilirdi. Məcmuənin əhatə
edəcəyi mövzular yalnız Azərbaycan məişətinə
və ədəbiyyatına deyil, Qafqazın və hətta
"tamam Rusiya müsəlmanlarının məişətinə,
bilaxüsus ədəbiyyatına" dair nəzərdə
tutulurdu.
Yazdığı
dərsliklər elmi
dairənin diqqətini çəkdi
AMEA Məhəmmməd Füzuli adına
Əlyazmalar İnstitutunda XX əsrin əvvəllərində
nəşr olunmuş dərsliklərin transfoneliterasiya ilə
bağlı işə başlanmışdır. Diqqətimizi çəkən məsələlərdən
biri budur ki, bu istiqamətdə nəzərdə tutulan plana
ilk olaraq Mahmud bəy Mahmudbəyovun tərtib etdiyi
"Türk ədəbiyyatına ilk qədəm" müntəxabatı
transfoneliterasiyaya daxil edilmişdir. Yaxından
maraqlandığımız zaman məlum oldu ki, bu işə
institutun əməkdaşı Səadət Nəsirova öz
təşəbbüsü ilə başlayıb və illik
plan işinə daxil etdirib. O, pedaqogika tarixinin yazılmasında dərslik
tərtibi və nəşrinin öyrənilməsini əhəmiyyətli
hesab edərək, bu işin məsuliyyətini öz üzərinə
götürdüyünü söyləyir. S.Nəsirova
dərslikləri transfoneliterasiya etmək kimi ciddi bir işin məsuliyyətini
üzərinə götürməklə yanaşı,
onların məzmununu elmi təhlillərə çəkən
məqalələri ilə də diqqəti cəlb edir.
S.Nəsirovanın 7-9 may 2012-ci il tarixində Türkiyədə
keçirilən "Bir fikir hərəkətinin yüz ili:
Türk ocaqları" adlı beynəlxalq simpoziumun
materiallarında dərc olunan "Türk ədəbiyyatına
ilk qədəm" kitabı və cocuq eyitimində
türkçülük" adlı məqaləsi öz məzmunu
ilə
böyük maraq doğurur. Tədqiqatçı
müntəxabatın mündəricəsinə xüsusi incəliklə
yanaşmış, kitabın ehtiva etdiyi ideya istiqamətlərini
doğru müəyyənləşdirməyə nail
olmuşdur. Tədqiqatçıya görə,
XX əsrin başlanğıcında şagirdlərin
yetişdirilməsində humanitar elmlərin əsas məqsədi
onlara "vətən eşqi, millət sevgisi və bu kimi uca
mənəvi dəyərlər"in aşılanmasından
ibarət idi. "Bir türk olaraq
özünü, millətini daha yaxşı tanıması,
sevməsi üçün ibtidai məktəblərdən
başlayaraq, Azərbaycan uşaqlarına bütün bunlar ən
yaxşı şəkildə öyrədilmişdir" fikri
ilə çıxış edən S.Nəsirova dərsliklərdə
verilən bədii mətnlərlə öz fikrini isbat etməyə
çalışır. Türk və Azərbaycan ədəbiyyatında
ən görkəmli şair və yazıçılardan Ziya
Göyalp, Xalid Ziya bəy, Namiq Kamal, Mehmet Əmin, Əhməd
Cavad, Əhməd Ağaoğlu, Tofiq Fikrət, Natəvan
xanım, Rza Tofiq, Əbdülhəq Hamid, Nigar xanım,
Əli Aləvi, Halim Sabit bəy və b. ədiblərin
müxtəlif məzmunlu əsərləri şagirdlərə
yüksək mənəvi hisslərin aşılanması məqsədi
ilə xüsusi ustalıqla seçilərək dərsliyə
daxil edilmişdir.
"Türk ədəbiyyatına ilk qədəm"
müntəxabatında Xalid Ziya bəyin "Sınıq
savça" hekayəsi mənalı məzmunu ilə diqqətimizi
çəkdi. "Sınıq
savça" hekayəsi uşaqlara elmin faydasını sadə
bir məzmun əsasında
anlatması baxımından çox maraqlıdır. Bir
axşam soyuq havada savçanın (bardağın)
öz-özünə sınması ilə evdəkilərin
hamısını xürafata qapılara həyəcanlasa da,
azyaşlı məktəb şagirdi təəccüblənmir.
Məktəbdə aldığı dərs hadisənin səbəbini
anlamaqda ona yardım edir. Soyuq havada bardağın
öz-özünə sınması səbəbini aydın
dillə anasına başa salması evdəkilərin
xoşuna gəlir. Anası qürur duyub, oğlunu qucaqlayaraq
onunla fəxr etdiyini söyləyir. Müntəxabatda verilən
belə hekayələr vasitəsilə ibtidai sinifdə oxuyan
şagirdlərə həyat hadisələrinin öyrədilməsinin
əhəmiyyəti vurğulanırdı.
"Türk ədəbiyyatına
ilk qədəm" müntəxabatının tərtibatı
Mahmud bəy Mahmudbəyovun boyük pedaqoji səriştəsindən
xəbər verir. Azərbaycanın bu kimi pedaqoqlarının
həyat və fəaliyyətinin öyrənilməsi
pedaqoqların yetişdirilməsi baxımından bu gün də
aktualdır. XX əsrin əvvəllərində nəşr
olunan dərsliklər isə ideya
baxımından hələ də əhəmiyyətini itirməmişdir.
Könül NƏHMƏTOVA,
filologiya üzrə fəlsəfə doktoru
Azərbaycan
müəllimi.- 2014.- 16 may.- S.11.