Müasir dərsin üstünlükləri
Müasir təlim metodlarının tətbiqi nəticəsində
şagirdlər dərs prosesində qarşıya qoyulan problemi həll etməkdə
çətinlik çəkmir, yoldaşlarının fikirlərinə
hörmətlə yanaşır, habelə öz
fikirlərini daha sərbəst ifadə edə
bilirlər. Kurikulumun ənənəvi tədris
proqramlarından ən üstün cəhəti
məhz belə nəticəyönümlü olmasıdır.
Ümumtəhsil
sistemində təlim nəticələrinin standartlar
əsasında müəyyənləşdirilməsi tədris
edilən fənlər üzrə ümumi
təlim nəticələrinin reallaşdırılmasına imkan yaradır. Təlim prosesində motivasiyanın
yaradılması, sinifdə fəallığın
artırılması, məzmunun hərtərəfli
aşılanması və şagirdlərdə müasir dünyagörüşün
formalaşdırılmasında həyat bilgisi
fənninin rolu əvəzsizdir. Digər fənlərdə
olduğu kimi, həyat
bilgisi fənninin tədrisində uğurlu nəticələr əldə etmək
üçün fəndaxili, fənlərarası
və fənlərüstü inteqrasiyanın böyük
əhəmiyyəti vardır. Fəndaxili inteqrasiyada
şagirdlər başlanğıc problemi
diqqətdən qaçırmadan onunla
bağlı olan bilgilərini daha da genişləndirdiyi
halda, fənlərarası inteqrasiyada
digər fənnə aid olan
biliklərə istinad olunması nəzərdə
tutulur. Fənlərüstü inteqrasiya isə şagirdlərin məktəbdə
öyrəndikləri məzmun ilə məktəbdən kənarda
aldıqları məzmunu sintez edir.
Həyat bilgisi fənninin başlıca vəzifəsi
şagirdlərin maraqlarını təmin edəcək və
birgə fəaliyyət bacarıqlarını inkişaf
etdirəcək metod və üsullara
üstünlük verməsidir. Bu fənnin tədrisində şagirdlərdə
milli və ümumbəşəri dəyərlərin
formalaşdırılması əsas hədəflərdən
birini təşkil edir.
Milli dəyərlərimiz içərisində
ailə birliyinə önəmvermə, vətənsevərlik,
qonaqpərvərlik, yardımsevərlik həyat bilgisinin aşıladığı ən vacib dəyərlərdəndir.
Həyat bilgisi fənni üzrə nəzərdə tutulan biliklərin aşılanması və
bacarıqların formalaşdırılması üçün müxtəlif təlim
üsullarından istifadə olunur. Buraya müşahidə, tədqiqat, sual-cavab, müzakirə, qrup
çalışması, təqdimat və s.
daxildir. Mən dərslərimdə
müzakirə formasından daha çox istifadə edirəm. Çünki
müzakirə zamanı şagirdlər birlikdə
düşünmək, fikirlərini əsaslandırmaq,
onları sərbəst ifadə etmək vərdişlərinə
yiyələnirlər. Müzakirələrin səmərəli
təşkili üçün şagirdlərin
mövzu ilə bağlı lazımi bilik və bacarıqlara yiyələnmələri
təmin edilməlidir. Bütün bunlara əsaslanaraq tətbiq etdiyim
bir dərs formasını
aşağıda həmkarlarımın diqqətinə
çatdırmaq istəyirəm:
Həyat bilgisi
III sinif
Mövzu: Səma niyə mavi
rəngdədir?
Standart:
1.1.1. Varlıq və
hadisələr arasındakı
əlaqələri sadə formada şərh
edir.
1.1.2. Maddələrin
və hadisələrin təbiətini öyrənmək üçün kiçik
təcrübələr aparır və nəticələri izah edir.
Məqsəd:
1. Səmanın rənginin
dəyişməsində müxtəlif təbiət hadisələrinin əlaqəsini
şərh edir.
2. Göy
qurşağının yaranmasını sadə formada izah edir.
3. Müxtəlif rənglərdən
istifadə etməklə göy qurşağını təsvir edir.
İnteqrasiya: Təsviri incəsənət
Dərs üsulu: əqli hücum,
müzakirə
Dərs forması: kiçik qruplarla iş, fərdi iş
Təchizat: dərslik,
A-4 kağız, marker
Dərsin gedişi
1. Motivasiya:
Müəllim əqli
hücum metodundan istifadə edərək aşağıdakı sualla
şagirdlərə müraciət
edir:
- Təbiət belə
əsrarəngiz olmasaydı
həyat necə olardı? Həyatımız maraqlı olardımı?
Fərziyyələr
dinlənilir.
Tədqiqat sualı:
Təbiət niyə rəngarəngdir?
Müəllim şagirdləri qruplara bölür və onlara tapşırıqlar
verir.
I qrup
Su təbiətdə necə dövran edir?
II qrup
Göy qurşağı
necə yaranır
və onun əsas rəngləri hansılardır?
III qrup
Göy
qurşağında olan
rəngləri hansı
rənglərin qarışığından
almaq olur?
IV qrup
Səmanın müxtəlif rənglərdə görünməsi
nə ilə bağlı ola bilər?
Şagirdlər
qruplarda öz fərziyyələrini müzakirə
edib təqdimat hazırlayırlar.
Təqdimatdan sonra
müəllim dərslikdəki
mətni hissələrə
bölüb şagirdlərə
oxutdurur (səh.26-27).
Mətnin oxunuşundan
sonra müəllim bir
daha qrupların təqdimatına diqqət
yetirib anlaşılmaz
qalan məsələləri
izah edir.
Müzakirə:
- Göy qurşağı
necə yaranır?
- Müxtəlif rəngləri
necə almaq olar?
- Rənglərin həyatımızda
hansı rolu var?
Tətbiqetmə:
İş
dəftərində "Göy
qurşağı" rəsmi
çəkilir.
Nəticənin çıxarılması
və ümumiləşdirmə:
Müəllimin köməyi
ilə şagirdlər
belə nəticəyə
gəlirlər ki, təbiətin rəngarəngliyi
də işıqla bağlı təbiət hadisəsidir. Günəş işığı göy qurşağındakı
rənglər toplusudur.
Ağ işıq 7 rəngin qarışığıdır.
Ev tapşırığı:
Gündüz günəş
işığında, axşam
isə lampa işığında
rəngləri müşahidə
edin və dəftərinizdə qeydlər
aparın.
"Təbiət
və biz" məzmun xəttinə aid olan bu
dərs nümunəsi vasitəsilə şagirdlər ətrafla
təmas zamanı lazım olan
davranış qaydalarına, müstəqil müşahidələr
aparıb nəticələr çıxarma və onları təsviretmə
bacarıqlarına yiyələnirlər. Şagirdlər təbiət hadisələri ilə əlaqədar
araşdırma apararkən onlarda
müşahidələrə qiymət vermək
bacarığı da formalaşır.
Düşünürəm
ki, məktəb şagirdlərə
onların özlərini tanımaq və cəmiyyətdə
yerlərini müəyyən etmək üçün
köməklik göstərilən müqəddəs bir yerdir. Hər
bir şagirdin fərdi
xüsusiyyətlərini nəzərə alsaq
deyə bilərik ki, müasir
və ənənəvi təlim metodlarının vəhdətdə
tətbiq edilməsi şagirdlərdə yaradıcı
düşüncənin formalaşması və tədqiqatçılıq
qabiliyyətinin yaranması üçün
daha səmərəli nəticə verir. Bunlarla yanaşı,
şagirdlərdə vaxtdan səmərəli
istifadə vərdişləri aşılanmalıdır ki, bu da
müəllimin dərs metodikasından asılıdır. Bu baxımdan, ən mühüm
vəzifə müəllimin üzərinə düşür.
Müəllim şagird şəxsiyyətinə
hörmətlə yanaşmalı, öz
təhsili, təcrübəsi üzərində fasiləsiz olaraq işləməli, innovasiyaların tətbiqinə
hazır olmalı, innovativ metod
və fəaliyyət növlərindən səmərəli
istifadə etməlidir.
Sevda BALAKİŞİYEVA,
Bakıdakı 202 nömrəli tam orta məktəbin müəllimi
Azərbaycan müəllimi.- 2014.- 16 may.- S.12.