Fənn üzrə məktəb kurikulumu

  

Təxminən 15 illik bir dövrü əhatə edən təhsil islahatının gələcək inkişaf istiqamətləri - səriştəyə əsaslanan şəxsiyyətyönümlü təhsilin məzmununun yaradılması, təhsil sahəsində insan resurslarının müasirləşdirilməsi, təhsildə nəticələrə görə cavabdeh, şəffaf və səmərəli idarəetmə mexanizmlərinin, təhsil infrastrukturunun yaradılması və  təhsil sisteminin yeni maliyyələşdirilmə modelinin qurulması "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nda öz əksini tapmışdır. Bu istiqamətlərin reallaşdırılması ümumtəhsil məktəblərində yeni fənn kurikulumlarının uğurlu tətbiqinə zəmin yaradır.

 

"Ümumi təhsil pilləsinin dövlət standartları və proqramları (kurikulumları)" əsasında hazırlanmış "Fənlər üzrə təhsil proqramları (kurikulumları)" 2008-2009-cu tədris ilində I siniflərdə tətbiq olunmağa başlamış və hazırda  I-VI siniflərdə davam etdirilir.

Dünya təhsil sistemində "məktəb kurikulumu" anlayışı mövcuddur ki, onun məzmununa fənn kurikulumlarının tətbiqi  mexanizmi  və məktəbin idarə olunması ilə bağlı sənədlərin hazırlanması daxildir. Respublikamızda  fənn kurikulumlarının tətbiqi ilə bağlı dövlət tərəfindən qəbul olunmuş vahid standartların reallaşdırılması üçün müəllimlərə metodik kömək göstərmək  baxımından fənlər üzrə məktəb kurikulumunun (FMK) hazırlanması daha  məqsədəuyğun hesab edilmişdir. Fənn üzrə məktəb kurikulumu  müəllimin təlim fəaliyyətini istiqamətləndirən sənəd  olub təşkilati tədbirlər və yaradıcı innovasiyalar sistemidir. "Ümumi təhsil pilləsinin dövlət standartları və proqramları (kurikulumları)" ölkədəki bütün məktəblər, müəllimlər və şagirdlər üçün eynidir. Aparılan tədqiqatlar bunu deməyə əsas verir ki, məktəbdəki şəraitdən (məktəbin maddi-tədris bazası, şagirdlərin inkişaf səviyyəsi, məktəbi əhatə edən icmas.) və müəllimlərin peşəkarlıq səviyyəsindən asılı olaraq yeni kurikulumların tətbiqinin səmərəliliyi müxtəlif olur. Hər bölgə, hər məktəb, hər sinif, hər təhsilalanın özünəməxsus xüsusiyyətlərə malik olması  hər məktəbin  FMK-nın hazırlanmasını zəruri edir.

FMK  "Ümumi təhsil pilləsinin dövlət standartları və proqramları (kurikulumları)" və "Fənlər üzrə təhsil proqramları (kurikulumları)" əsasında hazırlanır.

FMK tədris etdiyi fənn üzrə fəaliyyətini  planlaşdırmaqda, məzmunun tədrisi ilə bağlı vaxtı (saatı) müəyyən etməkdə, sinfin səviyyəsinə, yaşadığı mühitə uyğun fərqli metodüsullardan istifadə etməkdə,  tədrislə bağlı müxtəlif xarakterli tədbirlər hazırlamaqda müəllimlərə sərbəstlik verir. Müəllimlər mövcud fənn kurikulumunu məktəbin şəraitinə və xüsusiyyətlərinə uyğunlaşdırır, onu təhsil alanlar üçün daha münasib və mənalı şəkildə tətbiq etməyi planlaşdırır. FMK məktəb səviyyəsində təlim prosesinin planlaşdırılması (dərs cədvəli, dərslərin planlaşdırılması) və təşkilinə, müəllimlərin peşəkarlığının inkişafına və dəstəklənməsinə, təlim prosesinin təkmilləşdirilməsinə, müəllimlər arasında təcrübə mübadiləsinin aparılmasına və valideynlərlə əlaqənin gücləndirilməsinə imkan yaradır.

FMK məktəbdə bütün fənn müəllimlərinin təmsil olunduğu  fənn metodbirləşmələri tərəfindən hazırlanır. Metodbirləşmə üzvləri məktəbdə kurikulumun tətbiqi ilə bağlı olan sənədləri hazırlayır, lazım gəldikdə əlaqədar şəxslərə və təşkilatlara sorğu göndərir, cavabları müzakirə edir, planlaşdırma və ədəbiyyat seçimi məsələlərində müəllimin hər hansı  yeni təklifini  əvvəlcə direktorun yanında, sonra yerli kurikulum şurasının iclasında müzakirəyə təqdim edir.  Fənn kurikulumlarının müvəffəqiyyətlə həyata keçirilməsi üçün müəllimlər onu daim müzakirə etməli, fikir (münasibət) bildirməlidir. Rayon səviyyəsində  istifadə olunan öyrətmə materialları, şagirdlərin materialları, qiymətləndirmə vasitələri  müəllimlər arasında yayılmalı və müzakirə edilməlidir. Hər müəllim kurikuluma dair tövsiyələri fərdiləşdirərək şagirdlərə gözlənilən təlim nəticələrinə nail olmaqda  kömək etməlidir.

2013-cü ildə Təhsil Problemləri İnstitutunun Kurikulum Mərkəzində FMK-nın hazırlanması ilə bağlı tədqiqat aparılmışdır. Tədqiqat nəticəsində FMK-nın  məzmununda aşağıdakı məsələlərin öz əksini tapması məqsədəuyğun hesab edilmişdir.

Müəllim illik fəaliyyətini planlaşdırarkən Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq edilmiş tədris planı, "Ümumi təhsil pilləsinin dövlət standartları və proqramları (kurikulumları)", Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş Qiymətləndirmə Konsepsiyası, Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq edilmiş dərslik və müəllim üçün vəsaitə istinad edir. Tədris planında fənlərə ayrılan saatların miqdarına  əsasən bölgü aparır, illik fəaliyyət planını tərtib edir. İllik planlaşdırma tərtib edərkən məktəbin şəraitini və şagirdlərin inkişaf səviyyəsini nəzərə almaqla tədris vahidlərini məzmun standartlarına əsasən müəyyən edir. Bu zaman tədris vahidlərinin ardıcıllıq prinsiplərini (sadədən mürəkkəbə, xronoloji, məntiqi) əsas götürür. Hər tədris vahidinin əhəmiyyətliliyi və mürəkkəbliyi baxımından  vaxt  müəyyən edilir. İllik planlaşdırma cədvəlinin xanalarında reallaşacaq məzmun standartları, təlim məqsədləri, tədris vahidi, mövzu, inteqrasiya, layihə-dərslər, resurs, qiymətləndirmə növləri, saat, tarix göstərilir. İllik planlaşdırma hazırlanarkən hər bir xananın 2 hissəyə ayrılması və birinci xanada Təhsil Nazirliyi tərəfindən verilmiş nümunə, ikinci xanada isə müəllimin özünün təklif etdiyi nümunələr yazılır. Belə bir planlaşdırma müəllimə fəaliyyətini sərbəst təşkil etməyə şərait yaratmış olur. İllik planlaşdırma əsasında təlim prosesinin təşkili ilə bağlı cari planlaşdırma hazırlanır.  Hər bir konkret mövzunun tədrisi üçün təlim forması və üsullar seçilərkən onun səmərəliliyi, eləcə də məzmun standartları ilə əlaqəliliyi, şagirdlərin idraki bacarıqlarının və bilik səviyyələrinin zəif və güclü tərəfləri nəzərə alınır.

FMK-da həmçinin məktəbdaxili qiymətləndirmənin növlərinə (diaqnostik, formativ, summativ) dair materialların, onların üsul və vasitələri, qiymətləndirmə standartları, test tapşırıqları nümunələri və onların tərtibi prinsipləri də verilir.

Sinifdə fənnin səmərəli təlimi üçün müxtəlif resursların, əyani və texniki vasitələrin olması dərsin maraqlı keçməsinə, qarşıya qoyulan məqsədə nail olmağa imkan yaradır. FMK-da təlimin məzmununa, həm də yaşadığı şəraitə uyğun resurslar göstərilir.

Təhsilverənlərin ixtisasları üzrə dövrün tələbatına uyğun elmi-nəzəri biliklərə, uşaqlarla həssas ünsiyyətqurma və bacarığına, pedaqoji etika və mədəniyyətə, tədqiqatçılıq, özünütəhsil və idarəçilik bacarıqlarına, yaradıcılıq və sağlam rəqabət tələb edən layihələrdə, müsabiqə və innovativ proqramlarda iştirak etmək qabiliyyətinə, öz fəaliyyətini təqdim etmək və qabaqcıl pedaqoji təcrübələrdən bəhrələnmək bacarığına malik olmaları müasir müəllimə verilən tələblərdəndir. Müəllimin özünütəhsili işini düzgün təşkil etmək üçün onun  elmi-metodik ədəbiyyatlarla tanış olması, müxtəlif öyrədici kurslarda iştirak etməsi vacibdir.  Bu məqsədlə  tədris ili ərzində oxunacaq ədəbiyyat siyahıları  iştirak edilməsi nəzərdə tutulan təlim kursları FMK-da qeyd edilir.

Fənn kurikulumu ilə bağlı istiqamətverici tövsiyələr daimi olaraq  dəyişir və tələblərə uyğun olaraq zənginləşir. Kurikulumla bağlı dərs planlarının hazırlanması, strategiyalar və qiymətləndirmə ilə bağlı məktəb və rayon səviyyəsində öyrədici seminarların, müəllimlər arasında təcrübə mübadiləsi məqsədilə dərslərin müşahidə edilməsi və "dəyirmi masa"larda müzakirəsinin  təşkili kurikulumun uğurla tətbiqinə dəstəkdir. FMK-da öyrədici seminarlar, "dəyirmi masa"lar, dərs dinləmələrlə  bağlı məsələlər də öz əksini tapır.

Azərbaycan Respublikası Təhsil Nazirliyinin tədris planında dərsdənkənar tədbirlərə saat ayrılmışdır ki, bu, şəxsiyyətin məqsədyönlü formalaşmasına, müəllim və şagirdlərin qarşılıqlı əlaqədə olmasına, şagirdlərin sosial və mənəvi, estetik zövqlərinin inkişafına müsbət təsir göstərir. Bu baxımdan keçiriləcək  tədbirlərin, layihələrin  mövzuları FMK-da göstərilir.

Təhsilin keyfiyyətini yüksəltmək üçün məktəbi əhatə edən icma və övladları məktəbdə təhsil alan valideynlərlə əlaqənin yaradılması əsas amillərdəndir. FMK-da valideynlərlə maarifləndirici tədbirlərin - seminarların, "dəyirmi masa"ların təşkil edilməsi, VMA-larla birgə işlərin aparılmasına dair məsələlər də öz əksini tapır.

İlkin araşdırmalar göstərir ki, bu məzmunda FMK-nın hazırlanması:

- "Ümumtəhsil pilləsinin dövlət standartları və proqramlarının (kurikulumlarının)" və "Fənlər üzrə təhsil proqramları (kurikulumları)" sənədlərindən bəhrələnməklə müəllimin təlimin təşkili ilə bağlı öz fəaliyyətinə yaradıcı yanaşmasına;

-planını sərbəst şəkildə tərtib etməyə;

- illikcari planlaşdırma zamanı  standartların düzgün seçilməsinə;

- standartlara əsasən mövzuların müəyyən edilməsinə;

- mövzuların tədrisinə ayrılan saatların, təlimin təşkili ilə bağlı forma və üsulların, inteqrasiya imkanlarının, müvafiq resursların, qiymətləndirmə vasitə və üsullarının sinfin səviyyəsinə uyğun müəyyən edilməsinə;

- təhsilalanların layihələrdə iştirakına;

- müəllimlərin peşəkarlıq səviyyələrini inkişaf etdirmələrinə;

- müəllimlər arasında təcrübə mübadiləsinin aparılmasına;

- şagirdlərin şəxsiyyət kimi formalaşması üçün dərsdənkənar tədbirlərin keçirilməsinə;

- valideynlərlə maarifləndirmə işlərinin sistemli şəkildə aparılmasına zəmin yaradacaqdır.

Yeni fənn kurikulumlarının prinsiplərinin müəllimlər tərəfindən daha dərindən mənimsənilməsi və təlim prosesinin keyfiyyətinin  artırılması  baxımından FMK-nın hazırlanması mühüm əhəmiyyətə malikdir.

 

Bibixanım İBADOVA,

Təhsil Problemləri İnstitutunun şöbə müdiri,

pedaqogika üzrə fəlsəfə doktoru, dosent

 

Azərbaycan müəllimi.- 2014.- 16 may.- S.12.