2013-2014-cü dərs
ilində keçirilmiş məktəblilərin
fənn olimpiadalarının nəticələri barədə
Azərbaycan
Respublikası təhsil nazirinin əmri
Respublika məktəblilərinin 2013-2014-cü dərs
ilində fənn olimpiadalarının səmərəli təşkili
məqsədilə Nazirlik və yerli təhsili idarəetmə orqanları tərəfindən
müvafiq tədbirlər görülmüş,
mövcud qaydalara uyğun olaraq, olimpiadalar 3 mərhələdə keçirilmişdir. Olimpiadanın nəticələrinin Təhsil
Nazirliyi tərəfindən geniş təhlili aparılmışdır.
Aparılmış təhlillər zamanı bəzi rayonlar üzrə II mərhələdə
yüksək nəticələr göstərmiş şagirdlərin
olimpiadanın yekun mərhələsində
çox zəif bilik nümayiş etdirdikləri müşahidə
edilmişdir. Bu hallar Təhsil Nazirliyi tərəfindən
rayon mərhələsində istedadlı
şagirdlərin seçimi zamanı obyektivliyin ciddi şəkildə
pozulması, respublika turu
iştirakçılarının seçimində laqeydlik və səhlənkarlığa yol verilməsi kimi qiymətləndirilir.
Rayon (şəhər) mərhələsi üzrə I turun 36908 nəfər
iştirakçısından II tura 6374 nəfər
(17,2 faiz) keçmiş,
onlardan 849-u (13,3 faiz) yerli münsiflər heyətinin qərarına
əsasən respublika mərhələsində
iştirak etmişdir.
Olimpiadaların
yekun turunda fənlər
üzrə Azərbaycan dili və ədəbiyyatdan
178 (20,9 faiz), Azərbaycan tarixindən 172
(19 faiz), biologiyadan 140
(16,4 faiz), kimyadan 111
(13 faiz), riyaziyyatdan
110 (12,2 faiz), fizikadan
103 (12 faiz), informatikadan
35 nəfər (3,8 faiz) iştirak
etmişdir.
Respublika mərhələsinin nəticələrinə
görə, iştirakçıların ümumi
sayından 189 nəfəri (22,3 faiz) I-IV
yerlərə, o cümlədən 20-si
(2,4 faiz) I, 27-si (3,2 faiz)
II, 61-i (7,2 faiz) III, 81-i (9,5 faiz) IV yerə layiq görülmüşdür. I-III yerləri tutanlar
isə 108 nəfər (12 faiz) təşkil
etmişdir.
Yekun turda Azərbaycan Beynəlxalq Təhsil
Mərkəzinin liseyləri üzrə 44 nəfər
iştirakçıdan 30-u (68,2 faiz),
Bakı şəhərindən 32-dən 20-si (62,5 faiz), Naxçıvan MR-dən 138-dən
34-ü (24,6 faiz), eləcə də Balakəndən
7, Şəmkirdən 6, Neftçaladan 4,
Şəki, Cəlilabad, Oğuz, Abşeron,
Hacıqabul, Qax, Xaçmaz
rayonlarının hər birindən 3 nəfər
iştirakçı mükafata layiq yer tutmuşdur.
Təhsil müəssisələrindən ən
yaxşı nəticəni Balakən rayonu
Humanitar və texniki fənlər
təmayüllü lisey (5 yer),
Naxçıvan şəhəri Heydər Əliyev adına lisey (4 yer), Nazirlik tabeliyindəki Fizika-riyaziyyat
və informatika təmayüllü lisey (3 yer) göstərmişdir.
Naxçıvan şəhər 15 nömrəli
tam orta məktəbin,
Naxçıvan Qızlar liseyinin, Bakı
şəhəri 160 nömrəli "Klassik
gimnaziya" və 54 nömrəli tam orta məktəbin,
Sumqayıt şəhəri Təbiət-texniki elmlər liseyi və 7 nömrəli tam
orta məktəbin, Babək rayonu Kərimbəyli kənd, Qəbələ
rayonu Nohurqışlaq kənd tam orta məktəbinin nəticələri
də qənaətbəxş olmuşdur.
Respublika fənn olimpiadalarının yekunları
göstərmişdir ki, rayon
və şəhərlərdə istedadlı uşaqlarla
işin təşkilində, texniki və təbiət fənlərinin
hazırkı tələblərə uyğun
tədrisində, istedadı ilə fərqlənən
şagirdlərin olimpiadalara və digər
bilik yarışlarına hazırlanmasında ciddi nöqsan və çatışmazlıqlar mövcuddur, əksər yerli
təhsili idarəetmə orqanları, məktəb rəhbərləri
bu vacib işə səthi
və məsuliyyətsiz münasibət bəsləyirlər.
Yerlərdə
texniki və təbiət fənləri
üzrə tədrisin qeyri-qənaətbəxş səviyyədə
qurulması, şagirdlərin bilik keyfiyyətinin xeyli
aşağı olması həm də onunla
təsdiqlənir ki, olimpiadanın yekun turundakı 849 nəfər
iştirakçının 350-si (41,2 faiz)
yalnız Azərbaycan dili və ədəbiyyat, Azərbaycan tarixi,
499-u isə (58,7 faiz) riyaziyyat,
fizika, kimya, biologiya, informatika fənlərini
təmsil etmişdir. Olimpiadada
mükafata layiq 189 yerin 100-ü (51,9 faiz)
bilavasitə humanitar fənlərə aid olmuş, riyaziyyat, fizika, kimya, biologiya, informatika fənləri üzrə 12 birinci yerdən
10-nu ABTM-in liseylərinin şagirdləri tutmuşdur. Eyni mənzərə
II-III yerlərin sayında da mövcuddur.
Ciddi narahatlıq doğuran vəziyyət
respublika turunun 849
iştirakçısından 141 nəfərinin (16,6 faiz) 0-2 arasında ("0" bal
- 63 nəfər, 7,4 faiz; "1" bal - 40 nəfər, 4,7 faiz;
"2" bal - 38 nəfər, 4,5 faiz) bal toplaması olmuşdur.
Həmin şagirdlərdən 139-u (98,5 faiz)
olimpiadada texniki və
təbiət fənləri üzrə iştirak
etmişdir. Yerlərdə olimpiada
iştirakçılarının seçimi
və qiymətləndirmə prosesi bir çox hallarda qeyri-obyektiv
aparıldığı üçün
yüksək nəticə ilə yekun tura göndərilən şagirdlərin riyaziyyatdan 16-sı "0", 19-u "1",
17-si "2"; fizikadan 12-si "0",
4-ü "1", 4-ü "2"; kimyadan
21-i "0", 19-u "1", 13-ü "2"; biologiyadan 12-si "0", 5-i "1",
4-ü "2"; informatikadan 2-si
"0", 1-i "2"; Azərbaycan tarixindən 1-i
"0", 1-i "2" balla qiymətləndirilmişdir.
Belə şagirdlər Mingəçevir şəhəri
və İsmayıllı rayonunun hər
birindən 7, Şamaxıdan 6, Astara, Biləsuvar,
Şəki, Ağcabədi rayonlarının hər birindən
5, Gəncə şəhəri, Gədəbəy, Samux, Göygöl, Oğuz, Masallı, Zərdab, Abşeron
rayonlarının hər birindən 4, Şirvan
şəhəri, Sabirabad, Ağdaş,
Balakən, Xaçmaz, Lerik,
Daşkəsən, Zəngilan rayonlarının hər birindən
3 nəfər olmuşdur. Digər rayonlarda da belə faktlar müşahidə edilmişdir.
Bununla yanaşı, iştirakçılardan 69-nun riyaziyyat (16 nəfər, 16,5 faiz),
biologiya (22 nəfər, 14,3 faiz), kimya (20 nəfər,
16,7 faiz), fizika (11 nəfər,
11,3 faiz) fənləri üzrə
"3-5" bal toplaması da yerlərdə olimpiadalara,
istedadlı şagirdlərlə işin təşkilinə,
texniki və təbiət fənlərinin tədrisinə diqqət yetirilməməsini
bir daha sübuta yetirir.
Qeyd olunanları nəzərə alaraq və "Azərbaycan Respublikası Təhsil
Nazirliyi haqqında Əsasnamə"nin
13.5-ci bəndini rəhbər tutaraq
ƏMR EDİRƏM:
1. Məktəblilərin
2013-2014-cü dərs ilində keçirilmiş
respublika fənn olimpiadalarının nəticələri
barədə münsiflər heyəti sədrlərinin təqdimatları
nəzərə alınsın.
2. Fənn
olimpiadalarının yekun turunda
Naxçıvan MR-in, Bakı və
Sumqayıt şəhərlərinin, Azərbaycan Beynəlxalq
Təhsil Mərkəzinin liseylərinin, bilavasitə Nazirlik tabeliyindəki Fizika-riyaziyyat
və informatika təmayüllü liseyin, Balakən rayonu Humanitar və texniki fənlər
təmayüllü liseyin,
Naxçıvan şəhəri Heydər Əliyev adına liseyin şagirdlərinin uğurla çıxış etdikləri,
habelə Naxçıvan şəhər 15 nömrəli tam orta məktəbin,
Naxçıvan Qızlar Liseyinin, Bakı
şəhəri 160 nömrəli "Klassik
gimnaziya" və 54 nömrəli tam orta məktəbin,
Sumqayıt şəhəri Təbiət-texniki elmlər liseyi və 7 nömrəli tam orta məktəbin, Babək
rayonu Kərimbəyli kənd, Neftçala rayonu
Xıllı qəsəbə və Qəbələ rayonu Nohurqışlaq kənd tam
orta məktəblərinin müsbət nəticələri
qeyd olunsun.
3. Gəncə və Mingəçevir şəhərləri, İsmayıllı, Şamaxı, Astara, Biləsuvar, Şəki, Ağcabədi, Gədəbəy, Samux, Göygöl, Oğuz, Masallı, Zərdab, Abşeron rayonları üzrə iştirakçıların yekun mərhələdə çox aşağı bal toplaması faktı müvafiq yerli təhsili idarəetmə orqanlarının olimpiadaların təşkili və keçirilməsinə məsuliyyətsiz münasibət göstərmələri, şəffaflıq və obyektivliyi təmin edə bilməmələri, istedadlı şagirdlərin seçilməsinə səhlənkar və laqeyd yanaşmaları, bu vacib məsələdə məqsədli olaraq himayəetmə hallarına yol vermələri kimi qiymətləndirilsin. Adları çəkilən rayon (şəhər) təhsil şöbələri rəhbərlərinə olimpiadaların II mərhələsində yol verilmiş nöqsanlarla bağlı araşdırmaların aparılması və nəticələri üzrə müvafiq intizam tənbehi tədbirlərinin görülməsi tapşırılsın.
4. Şirvan şəhəri, Sabirabad, Xaçmaz, Daşkəsən, Ağdam, Zəngilan, Ucar, Lerik, Qazax, Yardımlı, Qobustan, Salyan, Tovuz, Goranboy, Quba, Yevlax, Siyəzən, Cəlilabad, Şəmkir, Balakən və Ağdaşda bir sıra şagirdlərin rayon mərhələsi nəticələri ilə yekun mərhələdə göstərdiyi nəticələr arasında fərqlərin olması faktını nəzərə alaraq, adı çəkilən rayon (şəhər) təhsil şöbələrinə (idarələrinə) müvafiq araşdırmanın aparılması və ayrı-ayrı fənlər üzrə qeyri-obyektivliyə yol vermiş münsiflər heyətinin üzvləri barədə qanunvericiliyə uyğun qaydada intizam tənbehi tədbirlərinin görülməsi tapşırılsın.
5. Akademik Zərifə Əliyeva adına lisey, "Zəngi" liseyi,
Fizika-riyaziyyat və informatika
təmayüllü lisey, "Ankara məktəbi" məktəb-lisey istisna olmaqla bilavasitə Nazirlik tabeliyindəki digər lisey
və gimnaziyalar olimpiadaların yekun mərhələsində təmsil edilmədiyi üçün
onların istedadlı şagirdlərlə iş
sahəsində fəaliyyətinin nizamnamələri ilə müəyyən edilmiş tələblər səviyyəsində
qurulmadığı həmin təhsil müəssisələrinin
rəhbərliyinin nəzərinə
çatdırılsın.
6. Naxçıvan MR
Təhsil Nazirliyi, Bakı Şəhəri
üzrə Təhsil İdarəsi, Gəncə Şəhər
Təhsil İdarəsi, rayon (şəhər)
təhsil şöbələrinin
rəhbərləri:
6.1. Bu
əmrin müzakirə olunub onun məzmununun məktəb rəhbərlərinə
və pedaqoji kollektivlərə
çatdırılmasını təmin etsinlər;
6.2.
Əmrdə qeyd olunan
problemli məsələlərin, nöqsan və
çatışmazlıqların başvermə səbəblərini
araşdırmaqla onların aradan
qaldırılmasına yönəlmiş fəaliyyət
planı hazırlayıb yerinə yetirilməsi üçün təşkilati-pedaqoji tədbirlər
həyata keçirsinlər;
6.3. Əmrin yerinə
yetirilmə vəziyyəti barədə məlumatı, o cümlədən bu işin təşkilində nöqsanlara
yol vermiş şəxslərin
izahatlarını və digər aidiyyəti sənədləri
2014-cü ilin 30 iyun
tarixinədək Nazirliyə göndərsinlər.
7. Məktəbəqədər
və ümumi təhsil şöbəsi
(A.Əhmədov), Təhsilin statistikası və keyfiyyətin
qiymətləndirilməsi şöbəsi (İ.Sadıqov), Hüquqi ekspertiza və
lisenziyalaşdırma şöbəsi (S.Kazımov) 2 ay müddətinə fənn
olimpiadalarının təşkili və keçirilməsini
tənzimləyən yeni qaydaların layihəsinin
hazırlanmasını təmin etsinlər.
8. İqtisadiyyat şöbəsi (R.Orucov) 2014-cü ildə keçirilən fənn olimpiadalarında şagirdləri I dərəcəli diploma layiq görülmüş müəllimlərin hər birinin 250 (iki yüz əlli), olimpiadaların keçirilməsi üçün müvafiq materialların hazırlanması və olimpiada işlərinin yoxlanmasında səmərəli fəaliyyət göstərmiş respublika münsiflər heyəti sədrlərinin hər birinin 200 (iki yüz), məsul katiblərin hər birinin 150 (yüz əlli), üzvlərin hər birinin 100 (yüz) manat məbləğində pul mükafatı ilə mükafatlandırılmasını təmin etsin.
9. İnformasiya şöbəsi (E.Əliyev) əmrin
çoxaldılıb yerlərə göndərilməsini,
"Azərbaycan müəllimi" qəzetində və Nazirliyin "Təhsil xəbərləri"
məcmuəsində dərc olunmasını təmin etsin.
10. Əmrin
icrasına nəzarət nazir müavini C.Bayramova həvalə
olunsun.
Mikayıl CABBAROV,
Azərbaycan Respublikasının təhsil
naziri
16 may
2014-cü il
Azərbaycan
müəllimi.- 2014.- 23 may.- S.3.