Respublika fənn olimpiadalarının
qalibləri
mükafatlandırılıb
Mayın 17-də Təhsil
Nazirliyində respublika fənn
olimpiadalarının qaliblərinin
mükafatlandırılması mərasimi keçirilib.
Tədbirdə təhsil
nazirinin müavini Ceyhun Bayramov, münsiflər
heyətinin üzvləri, olimpiada qalibləri,
rayon təhsil şöbələrinin
nümayəndələri iştirak edib.
Mərasimdə
təhsil nazirinin müavini
Ceyhun Bayramov
çıxış edərək bildirib
ki, istedadlı uşaqların üzə çıxarılmasında,
onların daha da
yaxşı oxumağa həvəsləndirilməsində,
tədris bacarıqları ilə seçilən müəllimlərin
müəyyənləşdirilməsində fənn
olimpiadaları xüsusi rol
oynayır. Məktəblərdə
müxtəlif fənlər üzrə olimpiadalarda
iştiraka layiq
şagirdlər seçilir və
onların hazırlığına nəzarət gücləndirilir.
Bütün bunlar olimpiada hərəkatına təkan verir.
Tədbirdə məlumat
verilib ki, respublika məktəblilərinin 2013-2014-cü
dərs ilində fənn olimpiadaları 3 mərhələdə
keçirilib. Rayon
(şəhər) mərhələsi üzrə I turun 36908 nəfər
iştirakçısından II tura 6374 nəfər
keçib, onlardan da 849-u yerli münsiflər
heyətinin qərarına əsasən respublika
mərhələsində iştirak edib. Respublika mərhələsinin
nəticələrinə görə,
iştirakçıların ümumi
sayından 189 nəfəri I-IV yerlərə, o
cümlədən 20-si I, 27-si II, 61-i III, 81-i IV yerə layiq görülüb.
Tədbirdə qalib məktəblilər olimpiadaların təhsildə
əhəmiyyətindən danışıblar. Belə
yarışlar fənləri daha dərindən
mənimsəməyə stimullaşdırır, məktəblilər
arasında sağlam rəqabət
yaradır. Eyni zamanda olimpiadalar və ümumilikdə, bilik yarışları tədrisin keyfiyyətinin
yüksəldilməsinə kömək edir.
Qaliblərə Təhsil
Nazirliyinin diplomları və qiymətli hədiyyələr
təqdim olunub.
Azərbaycan müəllimi.- 2014.- 23 may.- S.3.