Müəllimlərin bilik və səriştəsinin
sınaq qiymətləndirilməsi barədə
ən çox verilən suallar
Sual:Sınaq
qiymətləndirmədə kimlər iştirak edəcək?
Cavab: Sınaq qiymətləndirmədə
Bakı məktəblərində daimi müəllim vəzifəsini
tutan müəllimlər və analıq məzuniyyəti yerinə
müddətli müqavilə ilə işləyən müəllimlər
(digər ümumtəhsil müəssisəsində müəllim
işləyən əvəzçilər istisna olmaqla)
iştirak edəcəkdir.
Sual:
Sınaq qiymətləndirmədə kimlər iştirak etməyəcək?
Cavab:
Qiymətləndirmədə məktəb
direktorları, direktor müavinləri, psixoloqlar, laborantlar,
uşaq birliyi rəhbərləri, sosial məzuniyyətdə
olan və müvəqqəti əmək qabiliyyətini itirən
müəllimlər iştirak etməyəcəkdir.
Sual:
Sınaq qiymətləndirmənin attestasiyadan fərqi nədir?
Cavab:
Təhsil Nazirliyi tərəfindən
keçirilən qiymətləndirmə sınaq xarakteri
daşıyır. Burada əsas məqsəd yaradıcı
düşüncəni inkişaf etdirən, təhsilalanın
fərdi xüsusiyyətlərini, stimullaşdırma və
karyera inkişafını nəzərə alan, səriştənin
artırılmasına xidmət edən modelin
yaradılması və müəllimlərin peşəkarlıq
səviyyəsinin yüksəldilməsidir. Effektiv və
harmonik təhsil mühitinin yaradılması təhsilalanların
əldə etdikləri bilikləri tətbiq etmələri
üçün çox vacibdir. Bu mühitin
yaradılması dünya təcrübəsində də
istinad edildiyi kimi, təhsilalanların peşəkar bilik və
bacarıqlarının vaxtaşırı monitorinqindən
keçir. Və ən əsası, attestasiyadan
aşağı qiymət almış şəxslər sistemdən
kənarlaşdırılır, sınaq qiymətləndirmədə
isə belə hal mövcud deyil.
Sual:
Sınaq qiymətləndirmədə hamı iştirak etməlidirmi?
Cavab:
Bütün müəllimlər bu
qiymətləndirmə prosesindən keçməlidir. Təhsilverənlərin
peşəkarlıq səviyyəsinin daim yüksəldilməsinin
təmin olunmasına şərait yaradan sınaq qiymətləndirmə
səriştəli təhsilverənin karyera inkişafı
üçün mühüm əhəmiyyət kəsb edir.
Bu baxımdan, təhsilverənlərin bu qiymətləndirmə
prosesindən keçməsi onların karyera inkişafı və
fəaliyyətinin stimullaşdırılması
üçün vacibdir.
Sual:
Sınaq qiymətləndirmə nəyə xidmət edir?
Cavab: Sınaq qiymətləndirmə müəllimlərin
peşəkar inkişaf istiqamətlərini, onların karyera
inkişafını müəyyənləşdirir, nəticəyönümlü
əməkhaqqı sistemini stimullaşdırır, təhsilverənin
daim öz bilik və bacarıqlarını
artırması
üçün münbit şərait yaradır. Bu
proses eyni zamanda təhsilverənlərin attestasiyasına hazırlıq
xarakteri daşıyır.
Sual:
Sınaq qiymətləndirmədən keçən müəllimlər
üçün stimullaşdırıcı tədbirlər nədən
ibarət olacaq? Bu tədbirlər müəllimlərin
sınaq qiymətləndirmədən keçməsi
üçün kifayət qədər cəlbedici
olacaqmı?
Cavab:
Sınaq qiymətləndirmə prosesində yüksək nəticələr
əldə edən müəllimlərin maddi və mənəvi
stimullaşdırılması nəzərdə tutulur. Bu
prosesin attestasiyaya hazırlıq mərhələsi kimi bir
növ "əsas döyüşqabağı məşq"
olduğunu və təkmilləşmə məqsədilə
zəif yerlərin müəyyənləşdirilməsi
üçün əsas vasitə olmasını nəzərə
alaraq cəmiyyət tərəfindən müsbət
qarşılanacağına ümid edirik. Gələcəkdə
bu tip qiymətləndirmənin nəticələrindən təhsilin
keyfiyyətinin artırılmasında istifadə olunacaqdır.
Sual:
Sınaq qiymətləndirmədən keçmək
üçün yaş həddi müəyyənləşibmi?
Bütün müəllimlər bu prosesdən keçməlidirmi?
Cavab:
Hazırda Bakı şəhərində
Təhsil Nazirliyi sisteminə daxil olan, müəllimlik fəaliyyəti
ilə məşğul olan hər kəs qiymətləndirmədən
keçməlidir.
Sual:
Sınaq qiymətləndirmə nə zaman keçiriləcək?
Cavab:
Təhsil nazirinin müvafiq əmrinə
əsasən sınaq qiymətləndirmənın iyun
ayında keçirilməsi nəzərdə tutulub.
Sual:
Qiymətləndirmə hansı ixtisaslar üzrə
aparılacaq və neçə sualdan ibarət olacaq?
Cavab:
Qiymətləndirmə 19 ixtisas
üzrə və 80 sualdan (40 ixtisas, 20 metodika, 20 kommunikativ
sual) ibarət olacaq.
Sual:
Sınaq qiymətləndirmənın
nəticəsi nə qədər müddət
üçün keçərlidir?
Cavab:
Bu proses tədqiqat xarakteri
daşıdığından etibarlılıq müddətindən
söhbət gedə bilməz.
Sual:
Müəllimlərin peşəkarlıq səviyyəsi
hansı meyara əsasən müəyyən ediləcək?
Cavab:
Müəllimlərin peşəkarlıq
səviyyəsi ixtisas bilikləri, metodiki bacarıqlar və
kommunikativ qiymətləndirmənin nəticələrinə
uyğun olaraq müəyyən ediləcək. Burada hər
bir bölmə üzrə verilən cavablara fərdi yanaşılacaq.
Sual:
Əgər bir müəllim üzrlü səbəbdən
qiymətləndirmədə iştirak edə bilməzsə,
onun üçün yenidən bu prosesdə iştirak etmək
imkanı yaradılacaqmı?
Cavab:
Müəllimlərin bu prosesdə
iştirakının zəruriliyini nəzərə alaraq, qiymətləndirmə
tarixlərinə yaxın müddətdə onların yenidən
sınaq qiymətləndirmədə iştirakı
üçün şərait yaradılacaq.
Sual:
Cavablar üzrə orta bal necə müəyyənləşdiriləcək?
Cavab:
Sınaq qiymətləndirmə
imtahan olmadığı üçün burada orta bal
anlayışı yoxdur.
Sual:
Nəticələr nə zaman, necə və kim tərəfindən
elan olunacaq?
Cavab:
Nəticələr qiymətləndirmədən
3 gün sonra Bakı Şəhəri üzrə Təhsil
İdarəsi tərəfindən ümumtəhsil məktəblərinə
göndəriləcək.
Sual:
Qiymətləndirmə İKT vasitəsilə
aparılacaq?
Cavab:
Qiymətləndirmə yazılı
test vasitəsilə aparılacaq.
Sual:
Qiymətləndirmə neçə saat davam edəcək?
Cavab:
Qiymətləndirmə 2 saat davam edəcək.
Sual:
Sınaq qiymətləndirmədə fəxri ad və
mükafata layiq görülənlər, "Əməkdar
müəllim"lər və
"Ən yaxşı müəllim"lər
üçün güzəştlər nəzərdə tutulubmu?
Cavab:
Bununla bağlı heç bir
güzəşt nəzərdə tutulmayıb və bu müəllimlərin
sınaq qiymətləndirmədə öndə gedərək
nümunə olmalarını gözləyirik.
Sual:
Sınaq qiymətləndirmədə obyektivlik necə
qorunacaq?
Cavab:
Monitorinqin keçirilməsi
üçün hər cür şərait yaradılacaq.
Sual:
Sınaq qiymətləndirmə müəyyən müddətdən
bir baş verən birdəfəlik proses olacaq, yoxsa bu proses fasiləsiz aparılacaq?
Cavab:
Bu tip qiymətləndirmələrin
mütəmadi keçirilməsi nəzərdə tutulur.
Sual:
Sınaq qiymətləndirmədən keçmiş müəllimlər
üçün təlimlər əsasən hansı istiqamətləri
əhatə edəcək? İxtisasartırma fəaliyyətinə
tələbat kütləvi hal alarsa, bunu təmin etmək
üçün kifayət qədər resurs varmı?
Cavab:
Bu, fərdi xarakter daşıyır
və hər bir müəllimin göstəricilərindən
asılı olaraq dəyişəcəkdir.
İxtisasartırma kursları dövlət və özəl
təhsil müəssisələrində yerli və beynəlxalq
ekspertlərin iştirakı ilə keçiriləcək.
Sual:
Sınaq qiymətləndirmədə iştirak edən və
yüksək nəticə göstərən müəllimlər
necə qiymətləndiriləcək?
Cavab:
Sınaq qiymətləndirmənin nəticələrinə
görə, müxtəlif stimullaşdırıcı tədbirlər
həyata keçirilə bilər.
Sual:
Sınaq qiymətləndirmədə zəif nəticə
göstərən müəllimləri nə kimi tədbirlər
gözləyir?
Cavab: Sınaq qiymətləndirmədən
keçməmə anlayışı yoxdur, çünki
burada hər hansı bir keçid minimumu müəyyənləşdirilməmişdir.
Aşağı nəticə göstərmiş müəllimlərimizin
peşəkarlıq səviyyəsinin qaldırılması
üçün müxtəlif mexanizmlər tətbiq ediləcəkdir.
Sual:
Rus bölməsində tədris edən müəllimlər
hansı dildə testdən keçəcək?
Cavab: Müəllimlər
tədris etdikləri dildə qiymətləndirmədən
keçəcək.
Sual: Suallar hansı mövzularda olacaqdır?
Cavab: Suallar tədris proqramına uyğun tərtib edilir və müəllimlərin
şagirdlərə dərs
dedikləri mövzulardandır.
Sual: Həm rus bölməsində,
həm də Azərbaycan bölməsində
xarici dil tədris edən müəllimlər hansı
dildə qiymətləndirmədən
keçəcək?
Cavab: Qiymətləndirilmənin ixtisas
sualları ixtisas dilində, kommunikativ və metodika ilə bağlı suallar isə dərs yükünün çoxluğuna və növbəti dərs ilində hansı bölmədə dərs deyilməsi planlaşdırılırsa,
o dildə olacaq.
Sual: Sınaq qiymətləndirilməsinə
kömək məqsədi
ilə yaxın vaxtlarda hansı vəsaitlər nəşr
olunacaq? Sınaq qiymətləndirmənin nümunələri çap
olunacaqmı?
Cavab: Hər hansı bir vəsaitin çap olunması nəzərdə
tutulmamışdır. Bir daha qeyd edək ki, suallar tədris
proqramına uyğun tərtib edilir və müəllimlərin
şagirdlərə dərs
dedikləri mövzulardandır.
Sual: Sentyabr ayından işləyirəm və bu vəzifəyə imtahanla qəbul olmuşam. Sınaq qiymətləndirilməsi mənə
və mənim kimi imtahanla qəbul olunan müəllimlərə də şamil olunur?
Cavab: Sınaq qiymətləndirilməsi
hazırda dövlət ümumtəhsil məktəblərində
çalışan bütün (Bakı məktəblərində
daimi müəllim vəzifəsini tutan, analıq məzuniyyəti
yerinə müddətli müqavilə ilə işləyən)
müəllimlərə şamil olunur.
Sual:
İbtidai sinif müəllimləri ixtisas üzrə hansı
fənlərdən qiymətləndirmədən keçəcək?
Cavab: İbtidai sinif müəllimlərinin
ixtisas üzrə bilikləri Azərbaycan dili və riyaziyyat fənlərindən
qiymətləndiriləcək.
Sual: Elmi dərəcəsi olan orta məktəb
müəllimləri də qiymətləndirmədə
iştirak etməlidirmi?
Cavab:
Bununla bağlı heç bir güzəşt nəzərdə
tutulmayıb və bu müəllimlərin sınaq qiymətləndirilməsində
öndə gedərək nümunə olmalarını
gözləyirik.
www.bakuedu.gov.az
Azərbaycan
müəllimi.- 2014.- 23 may.- S.5.