Tələbələrin
hesabat konserti
Mayın 20-də Rəşid
Behbudov adına Mahnı Teatrında Azərbaycan
Milli Konservatoriyasının tərkibində
Musiqi Kollecinin tələbələri
öz yoldaşları, müəllimləri,
valideynləri, tanınmış incəsənət
adamları qarşısında musiqi dili ilə hesabat verdilər.
Konsert 28 May Respublika Gününə həsr edilmişdi.
Tədbiri
Musiqi Kollecinin direktoru, əməkdar incəsənət xadimi, professor Nazim Kazımov açaraq zala toplaşanları salamladı. O, kolleclərinin
tələbələrinin müxtəlif mərasimlərdə,
konsertlərdə, müsabiqələrdə uğurla
çıxış etdiklərini, lakin bu konsertin onlardan
xeyli fərqləndiyini, bir
çox tələbələr üçün
debüt xarakteri
daşıdığını bildirdi. Qeyd edildi ki, böyük
səhnədə ilk
çıxışları tələbələrdə öz istedadlarını, müəllimlərindən
öyrəndiklərini nümayiş
etdirməklə bərabər, həm də onların səhnə
mədəniyyətinə yiyələnmələrində mühüm rol oynayır.
Professor Nazim Kazımov builki hesabat konsertinin bir baxımdan da əlamətdar olduğunu
və əvvəlkilərdən fərqləndiyini söylədi.
Dedi ki, bu il ilk
dəfə olaraq hesabat
konsertinin proqramına kolleclərində yeni yaradılmış nəfəs və zərb
alətləri orkestrinin
çıxışları da
salınıb. O çıxış edəcək tələbələrə
uğurlar arzuladı.
Sonra kollecin son aylar ərzində
müxtəlif konsert və
müsabiqələrdə iştirak edərək
fərqlənmiş tələbələrinə mükafatlar - layiq
görüldükləri diplomlar və təşəkkürnamələr
təqdim olundu.
Hesabat konserti nəfəs
və zərb alətləri orkestrinin çıxışları ilə
başladı. Orkestrin
ifasında "Heyratı marşı", "Summer taym", "Gecə
səyahətçiləri" və başqa
musiqi əsərləri məharətlə səsləndirildi. Daha
sonra solo
ifaçılar- kollecin müxtəlif kurslarında təhsil alan tələbələr
səhnəyə çıxıb öz
məharətlərini göstərdilər. III kurs tələbəsi
Səid Haşımlının trubada,
I kurs tələbəsi Kamal Qədirovun trombonda, III kurs tələbəsi İnarə Qəniyevanın skripkada ifaları
tamaşaçılar tərəfindən alqışlarla qiymətləndirildi. Simli alətlər
kvartetinin, skripkaçılar və
xalq
çalğı alətləri ansambllarının çıxışları da hamıda
xoş
ovqat
yaratdı.
Tələbələrdən
Sübhan Köçərlinskinin (IV kurs, qarmon), orta ixtisas təhsili müəssisələrinin
tələbələri arasında ifa
üzrə Respublika müsabiqəsinin qalibi Hüseyn Həsənovun
(IV kurs), Rəhimə Əliyevanın (I kurs, fortepiano), Sübhan Vəliyevin (IV kurs,
tar), Samir Əzimovun
(I kurs,
kamança), beynəlxalq müsabiqə laureatı Həmidə
Ağasoyun (IV kurs, skripka) ifaları, III kurs tələbələri
Məftun Məmmədov, Əziz Mənsimov və IV kurs tələbəsi Tariyel
Vəliyevin ifa etdikləri "Qarabağ şikəstəsi", tələbələr
arasında gənc ifaçıların II Respublika müsabiqəsinin laureatı, IV kurs tələbəsi Nuranə Şıxəliyeva
və başqalarının təqdim etdikləri nömrələr
də konsertin ən maraqlı nömrələri
kimi yadda qaldı.
Tədbirdə
Azərbaycan Milli Konservatoriyasının rektoru, xalq artisti,
professor Siyavuş Kərimi
çıxış edərək öncə iştirakçılara
bayram təbriklərini
çatdırdı. Sonra ölkəmizdə
milli musiqi mədəniyyətinin
inkişafına və muğamlarımızın xaricdə təbliğinə
böyük diqqət
ayrıldığını deyən S.Kərimi milli
dəyərlərimizin önə çəkildiyini, dahi Üzeyir Hacıbəylinin
əsasını qoyduğu bir çox ənənələrin davam etdirildiyini diqqətə
çatdırdı. Musiqi Kollecini
Azərbaycanda musiqi sahəsində ən
önəmli təhsil müəssisələrindən biri olduğunu dilə gətirən
S.Kərimi kollecin Azərbaycan musiqi mədəniyyətinə böyük sənətkarlar bəxş etdiyini vurğuladı.
Kollecin müəllimi, Azərbaycan Respublikasının əməkdar
müəllimi Elmira
Paşayeva,
tədris işləri üzrə direktor
müavini, əməkdar müəllim Gülzar Hətəmzadə də tələbələri
təbrik edib kollec və
təqdim olunan hesabat konserti barədə ürək sözlərini
söylədilər.
Yusif ƏLİYEV
Azərbaycan müəllimi.- 2014.- 23 may.- S.4.