Fənn
olimpiadalarının qalibləri yarışların
obyektivliyinə
görə təşkilatçılara minnətdarlıqlarını
bildirirlər
Ənənəvi olaraq hər dərs ilində keçirilən və əhatə dairəsinin genişliyinə, davametmə müddətinin uzunluğuna, prestiji və əhəmiyyətinə görə digər bilik yarışlarından fərqlənən məktəblilərin fənn olimpiadalarının ötən şənbə yekun tədbiri oldu: qaliblərə mükafatlar təqdim olundu. Təhsil Nazirliyində düzənlənən mərasimdə olimpiadaların yekunları ilə bağlı maraqlı faktlar səsləndirildi, qaliblərə təbriklər ünvanlandı. Qeyd olundu ki, builki fənn olimpiadalarının rayon (şəhər) mərhələsi üzrə I turunda 36908 məktəbli iştirak edib. Onlardan 6374-ü ikinci turda mübarizə aparmaq şansı qazanıb. II turun nəticələrinə əsasən 849 şagird final-respublika mərhələsinə qatılıb.
Respublika mərhələsinin nəticələrinə əsasən 189 nəfər qalib hesab olunub. Onlardan 108-i mükafatçı I-III yerlər sırasındadır.
Bildirildi ki, bilik və biliyə əsaslanan təcrübə insanın həyatı boyu qazanacağı ən böyük sərvətidir. Biliyə aparan ağır, keşməkeşli, enişli-yoxuşlu yolu zəhmətkeş, əzmkar, iradəsi möhkəm olanlar, zəhmətə qatlaşmağı bacaranlar qət edə bilir. Qazanılan qələbə onu qazananların yaddaşında hər zaman ən xoş xatirə kimi qalacaq və onları daha böyük qələbələrə sövq edəcəkdir.
Diqqətə çatdırıldı ki, bu möhtəşəm bilik yarışması respublikanın bütün bölgələrini əhatə edib. Hətta Balakən rayonu kimi ucqar bölgələrimizdən 5 nəfər olimpiada qalibi olub. Olimpiadalar mütəşəkkil, şəffaf keçirilib, qiymətləndirmə ədalətli aparılıb.
Bəs bu barədə olimpiada qalibləri nə fikirdədirlər? Onlar bu bilik yarışmasının qalibi olacaqlarını gözləyirmişlərmi? Ona necə hazırlaşıblar? Olimpiadaların təşkili və keçirilməsi onları qane edibmi? Bu suallarımıza aydınlıq gətirmək üçün mükafatlandırma mərasimdə qaliblərin bir neçəsi ilə həmsöhbət olub, olimpiada təəssüratları ilə maraqlandıq. Aşağıda onların cavablarını təqdim edirik.
Sevinc İlqar qızı Əzizli, Şəki şəhər 8 nömrəli tam orta məktəbin XI sinif şagirdi, Azərbaycan dili və ədəbiyyat fənni üzrə I yer:
- Bəli, qələbəmi
gözləyirdim. Artıq 3 il idi ki, bundan ötrü
çalışır və sonda bir nəticə
olacağına inanırdım. Olimpiadanın əvvəlki mərhələlərində
iştirak edib II yerə çıxırdım. Lakin finalda qələbə
qazana bilmirdim. Nəhayət, bu il "tilsim"
qırıldı, I yerə layiq görüldüm.
Olimpiada
tapşırığı mənə çox asan gəldi və
hamısını cavablandıra bildim.
Məktəblilərin
fənn olimpiadalarının təşkilinin məsuliyyətli
və çətin bir iş olduğu hamıya
aydındır. Bu uğurlardan biz şagirdlərə
nə qədər pay düşürsə, bizi
hazırlaşdıran müəllimlərimizə,
olimpiadanı təşkil edib keçirən Təhsil
Nazirliyinə, onun bilavasitə bu işlə məşğul
olan əməkdaşlarına da bir o qədər pay
düşür. Mən bizim qələbəmizdə
payı olan hər kəsə minnətdarlıq edirəm.
Olimpiadanın təşkili
səviyyəsindən çox razı qaldım. Xüsusən
də biliyimizin qiymətləndirilməsindən. Olimpiada bilik
yarışı, rəqabət olduğundan burada obyektiv qiymətləndirmə
əsas şərtdir. Sonrakı bütün söz-söhbətlər,
narazılıqlar da məhz qiymətləndirmə
düzgün aparılmadıqda, kiməsə üzgörənlik,
güzəşt edildikdə, kiminsə haqqı
tapdalandıqda meydana çıxır. Bu baxımdan builki fənn
olimpiadalarını ən nümunəvi, obyektiv bilik
yarışmalarından hesab etmək
olar.
Mən olimpiada qaliblərini
təbrik edir, onlara gələcək təhsillərində
uğurlar arzulayıram. Mən gələcək təhsilim,
karyeramla bağlı artıq öz seçimimi etmişəm.
Orta məktəbi bitirdikdən sonra Qafqaz Universitetinə daxil
olub III qrup ixtisaslarından birinə yiyələnəcəyəm.
Gülnarə Kamaləddin qızı Ağayeva, Sumqayıt şəhər 23 nömrəli tam orta məktəbin XI sinif şagirdi, Azərbaycan tarixi fənni üzrə III yer:
- Olimpiada qalibi olmaq hər bir şagirdin
arzusudur. Lakin qələbəni arzulamaq
azdır, ona çatmaq üçün gərək həm də
gərgin çalışasan. Mən də
dərs ilinin əvvəlindən olimpiadaya yaxşı
hazırlaşmışdım. Ona görə
də qalib olacağımı gözləyirdim. Gözləntim doğru çıxdı. III yeri tutdum. Suallar çox
çətin deyildi. Məncə,
proqramları mənimsəyən
hər bir şagird bu suallara cavab verə bilərdi.
Nəticəm məni qane edir.
Düzdür, daha yaxşı da ola bilərdi.
Lakin III yer də pis deyil. Builki
olimpiadalar çox yaxşı təşkil olunmuşdu.
Ən əsası bütün səviyyələrdə,
mərhələlərdə obyektivlik ciddi hiss olunurdu. Əsil bilik yarışı mühiti hökm
sürürdü. Əvvəlcə bir qədər
həyəcanlanmışdım. Amma sonra
özümü topladım və tezliklə həyəcanım
keçdi.
Olimpiadada bizə 5 sual təqdim
olunmuşdu. Suallar proqrama uyğun idi. Onların hamısını cavablandırdım.
Görünür, cavablarım o qədər də
dolğun olmayıb. Keçən il
də fənn olimpiadalarında iştirak etmişdim. Ancaq onda II tura qədər irəliləyə bildim.
Finala düşmədim. Builki
nəticəmi həm də olimpiadaların daha mütəşəkkil,
şəffaf keçirilməsi, nəticələrin obyektiv, ədalətlə
qiymətləndirilməsi ilə izah edərdim. Bütün bunlara görə başda Təhsil
Nazirliyinin rəhbərliyi olmaqla bu işdə zəhmət
payı olan hər kəsə minnətdarlığımı
bildirirəm.
Nigar Elvaris qızı Əliyeva,
Sumqayıt şəhər 7 nömrəli tam orta məktəbin
XI sinif şagirdi, Azərbaycan dili və ədəbiyyat fənni
üzrə I yer:
- 2014-cü il mart
ayında keçirilən Respublika fənn olimpiadalarının
nəticələri mənə 11 illik məktəb həyatımın
ən ülvi, ən xoş anlarını yaşatdı.
İnandım ki, insan zəhmətilə hər şeyə
nail ola bilər. Əlbəttə,
bunun üçün, ilk öncə münbit şərait
olmalıdır.
Azərbaycan dili və ədəbiyyat fənnini
sevirəm. Mənim fikrimcə, hansı
peşədə çalışmasından asılı
olmayaraq hər kəs dilini, ədəbiyyatını sevməli
və yaxşı bilməlidir. Çünki
dil və ədəbiyyat hər bir xalqın sərvəti, mənəviyyat
çeşməsidir.
Hörmətli Prezidentimiz İlham
Əliyevin təhsilə verdiyi önəm biz gənclərin
üzərinə böyük məsuliyyət qoyur.
Mən ikinci dəfədir ki, respublika fənn
olimpiadasına vəsiqə qazanmışdım. Lakin qalib olmağım ilk dəfədir. Bu tək mənə yox, mənim təhsil
aldığım məktəbə verilən bir qiymətdir.
Yüksək elmi təfəkkürə malik
olan 11-ci sinif şagirdləri arasında 1-ci yeri qazanmaq o qədər
də asan deyil. Bunun üçün, ilk öncə Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevə, olimpiada
müddətində şagirdlərin obyektiv qiymətləndirilməsinə
şəxsən nəzarət edən təhsil naziri
Mikayıl Cabbarova, o cümlədən münsiflər heyətinin
üzvlərinə səmimi qəlbdən minnətdarlığımı
bildirirəm.
Namiq Natiq
oğlu Məmmədov, Bakıdakı 54 nömrəli tam orta
məktəbin XI sinif şagirdi, Azərbaycan tarixi fənni
üzrə I yer:
- Dərs əlaçısıyam. Azərbaycan
tarixi fənnindən keçirilən respublika olimpiadasında
birinci yerə layiq görülməyim məni çox
sevindirdi. Mən bu olimpiadada yaxşı nəticə
qazanacağıma ümid bəsləyirdim, ancaq birinci yer mənim
üçün bir qədər gözlənilməz oldu.
Olimpiada şəffaf şəkildə
keçirildi. Suallar həm bilik, həm də
yaradıcılıq qabiliyyəti tələb edirdi. Sualları cavablandırarkən çox da çətinlik
çəkmədim. Bunun üçün
tarix fənnini bir elm kimi mənə sevdirən və öyrədən
əziz müəllimim Zeynal Qasımova öz dərin minnətdarlığımı
bildirirəm.
Yerı gəlmişkən deyim ki, mən
fənn olimpiadalarında 4 ildir ki, iştirak edirəm. Həmişə Bakı şəhəri üzrə
I yeri tutmuşam və finala çıxmışam. X
sinifdə, yəni ötən il tarix fənni
üzrə finalda 4-cü yerə layiq görülmüşəm.
Bundan əlavə,
2012-ci ilin may ayında Heydər Əliyev adına
Müasir Təhsil Kompleksində keçirilən və ulu
öndər Heydər Əliyevin anadan olmasının 89-cu
ildönümünə həsr olunan bilik
yarışmasında "Surət" nominasiyası üzrə
III yeri tutmuşam.
Dərs əlaçısı olduğum
üçün qızıl medala namizədliyim irəli
sürülüb.
Orta məktəbi başa vurduqdan sonra III ixtisas qrupu
üzrə ali məktəblərə qəbul
imtahanında iştirak etmək fikrindəyəm. Məqsədim hüquqşünas olmaqdır.
Ayşən
Habil qızı Məmmədli, Mingəçevir şəhər
20 nömrəli tam orta məktəbin X sinif şagirdi, Azərbaycan
tarixi fənni üzrə II yer:
- Birinci
sinifdən ən böyük arzum universitetə
daxil olmaq, ali təhsil almaqdır. Ona görə
də o vaxtdan bəri bütün fənləri yaxşı
oxumağa çalışıram. Tarixlə
isə xüsusi maraqlanıram. Düzdür,
iqtisadçı olmağı qarşıma məqsəd
qoymuşam. Amma fikirləşirəm ki, hər
kəs öz vətəninin, xalqının tarixini,
keçmişini də yaxşı bilməlidir.
Məktəbdə, rayonda keçirilən bilik
yarışlarında daim iştirak edirəm. Belə
yarışlar adamda öz gücünə inam yaradır.
Respublika fənn olimpiadalarına da ikinci dəfədir
qatılıram. Ötən il tarixdən
olimpiadada gücümü sınamışdım, amma qalib gələ
bilməmişdim. Bu il də qalib
olmağımı gözləmirdim. Düzdür,
özümə arxayın idim. Amma belə
mötəbər yarışlardan təkcə özünəarxayınlıq
hər şeyi həll etmir. Sualların
asan-çətinliyi, münsiflərin qərarı çox
vaxt daha həlledici olur. Builki
olimpiadanın sualları da mənə görə, çox
çətin deyildi, hətta deyərdim ki, gözləmədiyimdən
də artıq dərəcədə asan idi. Bir də, oxuyan üçün hər şey elə
asan olur. Əminəm ki, münsiflər
heyəti də işləri çox obyektiv qiymətləndiriblər.
Ümumiyyətlə, bu il fənn olimpiadaları əvvəlki
illərdəkindən daha yaxşı təşkil
olunmuşdu. Bunu bütün mərhələlərdə hiss
etmək mümkün idi. Finalda əsl istedadlara
özünü göstərmək üçün
yaxşı meydan verilmişdi və mən də
özümü göstərdim. Nəticəmdən
razıyam.
Biz gənclər dövlətimizin
qayğısını daim hiss edirik. Buna görə
möhtərəm Prezident İlham Əliyevə dərin minnətdarlığımı
bildirirəm. Gələcəkdə
heç vaxt yadımdan çıxmayacaq builki
uğurumu doğma vətənimə kiçik şagird
töhfəsi sayıram.
Dürdanə
İlham qızı Mirzəyeva, Bakıdakı 250 nömrəli
tam orta məktəbin XI sinif şagirdi, biologiya fənni
üzrə II yer:
Birinci sinifdən indiyə kimi daima dərs
əlaçısı olmuşam.Bununla yanaşı mən
2012-ci ildə Bakı şəhəri 33 nömrəli musiqi məktəbini
fortepiano ixtisası üzrə əla qiymətlərlə
başa vurmuşam.
Təhsil aldığım 11 ildə mənim
bir çox naliyyətlərim olub. Belə ki, 2010-cu ildə
Rusiya səfirliyinin təşkil etdiyi Böyük Vətən
müharibəsində qələbənin 65 illiyinə həsr
edilmiş olimpiadada rus dili və ədəbiyyatı fənindən
respublika birincisi oldum. 2012-ci ildə Azərbaycan
Respublikasının müstəqilliyinin 20 illiyinə həsr
olunmuş bilik yarışında birinci yerə layiq
görülmüşəm. Təhsil Nazirliyinin
keçirdiyi respublika fənn olimpiadalarında üç il ardıcıl olaraq biologiya fənni üzrə
iştirak etmişəm. 2012-ci ildə 9-cu sinifdə
Bakı birincisi olaraq, respublika turunda III yerə layiq
görülmüşəm. 2013-cü ildə
10-cu sinifdə Bakı birincisi olaraq respublika turunda III yerə
çıxmışam. Nəhayət, bu il 11-ci sinifdə respublika turunda II yerə
layiq görüldüm və biologiya fənni üzrə
dünya olimpiadasına seçim turunda iştirak etdim.
Ümumiyyətlə, belə
yarışların təşkili biz şagirdlərdə fənləri
daha dərindən mənimsəməyə stimul yaradır. Əvvəlki
illərdən fərqli olaraq bu il keçirilən
olimpiadaların yüksək səviyyədə təşkili,
şəffaflığı təhsil nazirimiz cənab
Mikayıl Cabbarovun gördüyü işlərin göstəricisidir.Mən
inanıram ki, dövlət başçımız cənab
İlham Əliyevin təhsilə göstərdiyi diqqəti
sayəsində yaxın gələcəkdə müasir Azərbaycan
təhsili dünyanın ən öndə gedən təhsil
sistemi olacaq.
Hər bir şagirdin öz arzusu olduğu
kimi, mənim də arzularım var. Bunlardan birincisi yüksək
balla Azərbaycan Dövlət Tibb Universitetinə daxil
olmaqdır. Mən hələ
uşaqlıqdan insanlara kömək etmək, onların
sağlamlığı keşiyində durmaq arzusunda
olmuşam.
Nərgiz
Davud qızı Tahirli, Qəbələ rayonu
Nohurqışlaq kənd tam orta məktəbinin XI sinif
şagirdi, kimya fənni üzrə II yer:
- Olimpiadada qalib gələcəyimə əmin
idim. Çünki keçən il də
iştirak etmiş və 4-cü yeri tutmuşdum. Təbii ki,
bu il də uğur gözləyirdim. Suallar
asan olsa da
bir sual orta məktəbdə keçmədiyimiz mövzuya aid
idi. Ona görə də mənə çətin
gəldi. 4 sualımı tam
cavablandırdım. Nəticəmdən
razıyam.
Olimpiadanın təşkilindən mən
də razı qaldım. Kimya üzrə
yarışların keçirildiyi Kimya və biologiya təmayüllü
liseydə finalçılara yaxşı şərait
yaradılmışdı. Nəzarət də
kifayət qədər yüksək idi. Səmimi
mühit mövcud olduğundan heç bir həyəcan hissi
keçirmirdim. Ötən il də
olimpiadada iştirak etdiyim üçün müqayisə
apararaq deyə bilərəm ki, builki yarışma məhz
obyektivliyi ilə ötən ildəkindən xeyli yüksək
oldu.
Uğuruma özüm də, məktəbimizin
kollektivi də xeyli sevindi.
Bu sevinci bizə yaşatdığına
görə olimpiadanın əsas təşkilatçısı
olan Təhsil Nazirliyinə minnətdarlığımı
bildirirəm. Bizim məktəbdən
daha bir şagird - X sinifdə oxuyan Vüsalə Əzizli də
tarix üzrə olimpiada qalibi oldu. Bu faktın özü, mənim
fikrimcə, olimpiadanın necə obyektiv keçirildiyini
sübut edir. Mən məktəbimizin rəhbərliyinə,
müəllimlərimizə də təşəkkür edirəm.
Onlar bizim üzərimizdə çox zəhmət çəkirlər.
Yəqin ki, bu qələbəmi ömür boyu
xatırlayacağam. Axı o mənim ilk böyük qələbəmdir.
Hazırladı: Yusif ƏLİYEV
Azərbaycan müəllimi.- 2014.- 23 may.- S.8.