Kitabxanaşünaslığa
dair dəyərli dərs vəsaiti
Məlum
olduğu kimi, XX əsrin
50-ci illəri Azərbaycan elminin, mədəniyyətinin
və incəsənətinin inkişafı ilə xarakterizə
olunur ki, bu da həmin dövrdə
milli elmi kadrların
formalaşması ilə bağlı olmuşdur.
Əgər 50-ci illərə qədər
Azərbaycan elmini yaxın və uzaq xaricdə rus
alimləri təmsil edirdilərsə, 50-ci illərdən başlayaraq bu ənənə
milli kadrların hesabına dəyişməyə
başlamışdır ki, bu gün həmin
kadrların biri də görkəmli kitabxanaşünas alim, tarix elmləri doktoru, professor Abuzər Alı oğlu
Xələfovdur. Bütün şüurlu ömrünü
kitabxanaşünaslıq elminin
inkişafına həsr edən professor
A.A.Xələfov 30-dan çox dərslik
və dərs vəsaitinin, 300-ə qədər elmi əsərin müəllifidir. Alimin bu yaxınlarda çapdan çıxan
"Kitabxanaşünaslığın tarixi
və metodologiyası" adlı dərsliyi də onun uğurlu tədqiqatının
nəticəsi kimi qiymətləndirilməlidir.
Beynəlxalq
İnformasiyalaşdırma Akademiyasının akademiki,
əməkdar elm xadimi,
əməkdar mədəniyyət işçisi,
professor Abuzər Alı oğlu
Xələfovun müəllifi olduğu
"Kitabxanaşünaslığın tarixi
və metodologiyası" adlı dərslik 2014-cü ildə
işıq üzü görmüşdür. Elmi redaktoru,
pedaqogika üzrə fəlsəfə doktoru, dosent K.Aslan, redaktoru, pedaqogika üzrə fəlsəfə doktoru, dosent E.Əhmədov,
rəyçilər, pedaqogika üzrə
fəlsəfə doktoru, dosent
M.Məmmədov, tarix üzrə fəlsəfə
doktoru, dosent
P.Kazımidir.
Dərslik ön söz, 7 fəsil və istifadə olunmuş ədəbiyyatın
siyahısından ibarətdir.
Dərsliyə
müəllif tərəfindən yazılmış geniş həcmli ön
sözdə kitabxanaşünaslıq elmi
haqqında ümumi məlumat verilmiş, onun tarixi, prinsipləri,
kitabxanaşünaslığa həsr olunmuş
dünya alimlərinin əsərlərinin
adları, Azərbaycan alimlərinin bu sahəyə
dair əsərləri haqqında məlumat
verilmişdir. Bundan əlavə, ön
sözdə dərsliyin quruluşu və
hər bir fəsil haqqında məlumat öz əksini tapmışdır.
I fəsil
"Kitabxanaşünaslıq fikirlərinin meydana
gəlməsi, təşəkkülü və
inkişafı (Qədim dövrlərdən bizim
eraya qədər) adlanır və 3 hissədən
ibarətdir:
1) "Qədim Şərqdə
kitabxanaşünaslıq fikirləri" - bu
hissədə Şərqdə kitabxanaşünaslıq fikrinin yaranma tarixi, onun tədrisi
inkişafı və kitabxanaşünaslığın təkamül
prosesi haqqında informasiya
öz əksini tapmışdır.
2) "Şumerlərdə
və Assuriyada
kitabxanaşünaslıq" - adlanan bu hissə dünyada ilk kitabxanaların vətəni olan qədim Şərq mədəniyyətinə
həsr olunub. Buraya məşhur
şumerşünas alim
Kramerin "Tarix
Şumerdən başlayır" əsəri haqqında informasiya daxil edilmiş və bu əsərdən
Şumer mədəniyyətinə dair qiymətli fikirlər seçilib
dərsliyə daxil edilmişdir.
Eyni zamanda bu hissədə Şumer mədəniyyətini
öyrənmək üçün dəyərli
tapıntılar haqqında məlumat verilib.
Bu hissədə həmçinin Assuriya mədəniyyəti haqqında informasiya da yer almışdır. Fransız
səfiri Polemil Bottanın (1841-ci il), ingilis alimi
Henri Ostenin (1852) Assuriya mədəniyyətinə dair araşdırmaları haqqında, Çar Aşşurbanipalın Saray kitabxanası (Nineva
kitabxanası), bu sahədəki fəaliyyəti
haqqında, informasiyanın daxil edilməsi
dərsliyin dünya tarixini
öyrənmək baxımından dəyərini
artırır.
3) "Qədim
Yunanıstanda və Romada
kitabxanaşünaslıq" - bu hissədə
yunan və Roma mədəniyyəti,
elmi və ən əsası
kitabxanaları haqqında informasiya öz əksini tapmışdır. Yunan hökmdarları Polikart
və Psisratın, Makedoniyalı İskəndərin bu sahədəki fəaliyyəti barədə
məlumat verilib. Bununla
yanaşı bu hissədən İsgəndəriyyə
kitabxanası haqqında, qədim yunan
alimləri haqqında, yazı materialları haqqında, kitabxana fondunun quruluşu və oxuculara kitabxana xidməti haqqında məlumat almaq olar.
"Biblioqrafiya" termininin yaranma tarixi, yazı
materiallarının inkişaf tarixi, onun dövrün
önəmli əsərləri haqqında (məsələn,
Kallimax "Bütün
bilik sahələrində məşhur
olanların yazdığı 120 kitabın cədvəli",
Afini Navrat "Bir yerdə işləyən alimlər", Qereniy Filon "Kitabın əldə edilməsi", Telef "Kitab təcrübəsi"
və s.) informasiyanın, Amerika
alimi Şiranın Qədim Misir kitabxanaçıları haqqında fikirlərinin
yer aldığı bu
hissə dərsliyin elmi dəyərini
artırır.
II fəsil "Orta əsrlərdə
kitabxanaşünaslıq" adlanır və 8 hissədən
ibarətdir. Bu fəsildə Qərb ölkələrində
kitabxanaşünaslıq fikirlərinin meydana
gəlməsi, təşəkkülü və
inkişafı, kilsə və monastr
kitabxanaları, orta əsrlərdə
Şərq ölkələrində kitabxanaşünaslıq
fikirlərinin inkişaf tarixi,
məscid, mədrəsə kitabxanaları, İslam
dininin yaranması və onun
kitabxana işinə təsiri, ərəblərin kitabxana işi
sahəsindəki fəaliyyəti, İslam
dininin seçilməsində şəxslərin
və onların elmə, təhsilə verdiyi
qiymətə dair məsələlər,
tarixi faktlar, Oməyidlər
sülaləsi tərəfindən əsası qoyulan Kral kitabxanası
haqqında məlumatlar, Abbasilər sülaləsinin kitabxana işi sahəsindəki
fəaliyyəti, Ərəb kitabxanaları (Kardova
Xəlifi Abdar Raxmanın kitabxanası),
Şərq kitabxanaları və onların tipləri
haqqında informasiya öz əksini
tapmışdır.
Eyni zamanda ikinci fəsilə
orta əsrlərdə Rusiyada
kitabxanaşünaslıq, orta əsrlərin
axırlarında Qərb ölkələrində
kitabxanaşünaslıq, Universitet
Kitabxanasının yaranması və onun
kitabxanaşünaslığın inkişafına təsiri, intibah dövründə
kitabxanaşünaslıq, reformasiya
dövründə kitabxanaşünaslıq, kitab
çapının başlanması və onun
kitabxanaşünaslığın inkişafına təsiri, İohan Quttenberqin fəaliyyəti,
Martin Lüterin kitabxana işi haqqında
qiymətli ideyaları, dövrün qiymətli
əsərləri (İoan Trittenqeyn "Almaniyanın görkəmli
şəxslərinin kataloqu", Cjon Beyl "Böyük Britaniyanın görkəmli
yazıçılarının külliyatı",
Françesko Donin
"İtalyan biblioqrafiyası", Q.D.Men "Fransız kitabxanası", Konrad Gesner "Dünya ədəbiyyatının sistemli biblioqrafiyası" və s.), Elmlər
Akademiyalarının yaranması və onun
kitabxana şəbəkəsinə təsiri,
Q.Nodenin bu sahədəki
fəaliyyəti və "Kitabxana quruculuğuna dair qaydalar əsəri", Q.F.Leybnis
və onun ideyaları, onun
kitabxanalara verdiyi dəyər
və s. bu kimi məsələlər daxil
edilmişdir.
III fəsil "XIX əsrdə
kitabxanaşünaslıq" adlanır. Buraya XIX əsrdə Rusiyada kitabxanaşünaslığın
inkişafı, görkəmli alimlərin bu
sahədəki fəaliyyəti, "Prussiya"
təlimatı, Şretingerin
"Kitabxanaşünaslıq üzrə bitkin
dərslik və yaxud kitabxananın mükəmməl
iş aparmasına dair rəhbərlik"
əsəri və dünya alimlərinin
yaradıcılığına təsiri, Krılovun, Lobaçevskinin, Berin, Sabolşikovun fəaliyyəti haqqında informasiya verilir.
IV fəsil "XX əsrdə
kitabxanaşünaslıq" adlanır. 3 hissədən ibarətdir.
Burada XX əsrdə Rusiyada
kitabxanaşünaslıq, Sovet Sosialist
kitabxanaşünaslığının yaranması, təşəkkülü
və inkişafı kimi məsələlər
tədqiq edilib.
Bu fəsildə həmçinin XX əsrdə
dünya kitabxanaşünaslarının
fəaliyyəti haqqında informasiya verilir. Belə ki,
burada Avstriya
kitabxanası F.Eyxlerin, Almaniya
kitabxanaşünası A.Xarnakın, Q.Leydendorun
fəaliyyəti və Leydendorun
kitabxanaşünaslıq sahəsindəki bölgüsü,
Betlerin, Ş.R.Ranqanatanın fəaliyyəti
və faset təsnifatı,
kitabxanaşünaslıq haqqında 5 qanunu
haqqında informasiya daxil
edilib. Bundan əlavə, fəsildə kitabxanaçılıq
kursları, ABŞ alimi T.C.Tanın və
Şiranın fəaliyyəti və onun genetik təhlil metodu,
L.Ballardın, L.Martinin, M.Düinin
bu sahədəki fəaliyyəti, UNESCO-nun fəaliyyəti və xartiyası, İngilis- Amerika sistemi kimi məsələləri
araşdırılıb.
V fəsil "Azərbaycan
kitabxanaşünaslıq fikrinin meydana gəlməsi, təşəkkülü
və inkişafı adlanır. 1 hissə və 13 althissədən
ibarət olan fəsil dərslikdə ən
böyük həcmli fəsildir.
Adından
da göründüyü
kimi, müəllif burada
Azərbaycanda kitabxanaşünaslıq fikrinin
meydana gəlməsi, inkişafı, qədim
dövrlərdə və orta əsrlərdə
Azərbaycanda kitabxanaşünaslıq fikirləri, Erkən
Azərbaycan ərazisində kitab və kitabxanalar, ilk
kitabxanaşünaslıq fikirləri, Midiya
mədəniyyəti, Zərdüştlük dini
və onun müqəddəs kitabı olan "Avesta", Albaniyada kitab və kitabxanalar, kitabxanaşünaslıq fikirləri,
Musa Kalankatlının "Alban tarixi" əsəri,
Azərbaycan xalqının ilk
yazılı abidəsi olan "Kitabi-Dədə
Qorqud" dastanı, Ərəb xilafəti
dövründə kitabxanaşünaslıq, dini
kitabxanalar, İslam mədəniyyətinin Azərbaycan mədəniyyətinə təsiri,
məscid və mədrəsə kitabxanaları, XII- XV əsrlərdə
kitabxanaşünaslıq, Nizami Gəncəvi
kitab və kitabxana
haqqında, XVI-XIX əsrlərdə
kitabxanaşünaslıq, Azərbaycan mətbuatı, bələdiyyə
kitabxanaları, qiraətxanalar və s. məsələlərə
toxunmuşdur.
VI fəsil "İnformasiya cəmiyyəti və
kitabxanaşünaslığın müasir
problemləri" adlanır. Burada müasir kitabxanaşünaslığın
mahiyyəti, obyekti və
kitabxanaşünaslığın funksiyaları, strukturu və kitabxana işinin informasiyalaşdırılması məsələləri
araşdırılıb.
VII fəsil
"Kitabxanaşünaslığın metodologiyası"
adlanır. Bu fəsildə
kitabxanaşünaslığın metodologiyası və
metodikası, elmi metodikası,
kitabxanaşünaslıq tədqiqatlarının təşkili
və onun elmlər sistemində yeri öyrənilmişdir.
Dərsliyin
annotasiyasında qeyd olunduğu
kimi böyük bir tarixi dövrü
araşdırmalı olan müəllif dünya kitabxanaşünaslığına dair rus və Azərbaycan
dillərində çapdan
çıxmış zəngin materialların öyrənilməsi
və təhlili əsasında uzun əsrlərdən
bəri kitabxanaşünaslıq fikirlərinin keçdiyi
beş minillik təkamül
və inkişaf yolunu
ardıcıl şəkildə izləmiş, onun
tədricən müstəqil kitabxanaşünaslıq elminə
çevrilməsi prosesinin
qanunauyğunluqlarını elmi-nəzəri cəhətdən
əsaslandırmışdır.
Mehmanəli MƏMMƏDOV,
BDU-nun kitabxanaçılıq-informasiya fakültəsinin dekan müavini, dosent
Azərbaycan
müəllimi.- 2014.- 23 may.- S.10.