Müəllimliklə başlayan ömür yolu
Bu dünyada hər kəs
ona verilən ömür
payını bir cür
yaşayır. Elə buna görə də "mənalı ömür",
"şərəfli ömür"
ifadələri yaranıb. Bəziləri
yalnız özləri üçün yaşayaraq bu ömrü istədikləri,
bacardıqları kimi başa
vursalar da,
başqaları hər günün qədrini
bilərək yaşadıqları üçün
məsuliyyət daşıyır, bəzən özlərini
unudaraq cəmiyyətə, insanlara xeyir verməyə
çalışırlar. Belələrindən biri də Rafiq müəllimdir.
Rafiq Babalı oğlu Nəbiyev 1950-ci
ildə Ağdaş rayonunun
Orta Ləki kəndində anadan
olub. 1956-cı ildə bu
kənddə I sinfə gedən Rafiq Orta Ləki kənd səkkizillik, sonra isə Ləki qəsəbə orta məktəbini əla qiymətlərlə
başa vurub.
O, Babalı kişinin ailəsində böyüyən 10 uşaqdan ən böyüyü
olub. Lakin bütün çətinliklərə,
kənd yerində təsərrüfat işlərinin çoxluğuna baxmayaraq savada, biliyə böyük
önəm verən valideynləri onun təhsildən
yayınmasına razı olmayıb, yaxşı oxuması üçün əllərindən gələni
əsirgəməyiblər. Öz növbəsində,
Rafiq də təhsil
aldığı illərdə həmişə yüksək bilik və qabiliyyəti ilə fərqlənərək
özündən kiçik bacı və
qardaşlarına yaxşı nümunə olub.
1966-cı ildə
imtahanları uğurla verən R.Nəbiyev
V.İ.Lenin adına Azərbaycan Pedaqoji İnstitutunun (indiki ADPU) riyaziyyat
fakültəsinə qəbul olunub. 1970-ci
ildə institutu
bitirən gənc Orta Ləki məktəbində
riyaziyyat müəllimi kimi
pedaqoji fəaliyyətə
başlayıb.
Müəllim o vaxt böyük
uğur qazana bilir ki, tədris etdiyi fənni şagirdlərinə sevdirməyi
bacarır. Daim axtarışlar
aparırsa, fənnini sevdirmək üçün
yollar, üsullar
arayıb öyrənirsə, onda o müəllimin nüfuzu
da olur, fənni də
sevilir. Rafiq müəllim də öz
üzərində daim işləyib, təkmilləşməyə
can ataraq əlavə ədəbiyyatlar
axtarıb-tapıb, dərs dediyi
şagirdlərinə riyaziyyatı sevdirməyə
çalışıb. İstedadlı şagirdləri üzə
çıxararaq onlarla əlavə məşğələlər
keçib, yetirmələrinin bu elmin sirlərinə dərindən bələd
olması üçün bütün qüvvəsini səfərbər
edib və nəticədə zəhməti
öz bəhrəsini verib.
Çox keçmədən Rafiq müəllimin şagirdləri riyaziyyat üzrə olimpiadalarda
fərqlənərək uğurlar qazanmağa başlayıblar. Bunun nəticəsində
R.Nəbiyev rayonun riyaziyyat
fənni üzrə olimpiada
komissiyasının sədri seçilib.
İşlədiyi
az müddət ərzində o, qayğıkeş, eyni zamanda zabitəli, təmkinli, təlim-tərbiyəsi
ilə məşğul olduğu
şagirdlərinin savadları, həyatda öz
fəaliyyətləri ilə xalqa, millətə,
el-obaya gərəkli övladlar
olmasına çalışan müəllim kimi
tanınıb. Öz bacarığı,
işgüzarlığı, qayğıkeşliyi, ən başlıcası isə məsuliyyəti
sayəsində çalışdığı kollektivdə,
yaşadığı kənddə, eləcə də Ağdaş əhalisi
arasında böyük nüfuz
qazanıb.
Belə
yüksək insani keyfiyyətləri və
qabaqcıl pedaqoji təcrübəsi nəzərə
alınan Rafiq Nəbiyev 1977-ci ildə Ləki
qəsəbə orta məktəbinə direktor təyin olunub. Çox gənc,
27 yaşında olmasına baxmayaraq o, 1500 nəfərdən artıq şagird və müəllim kontingenti olan təhsil müəssisəsinə
bacarıqla rəhbərlik edib. İki il burada
işlədikdən sonra təkcə rəhbəri
olduğu pedaqoji kollektivin deyil, rayonun bütün təhsil
ictimaiyyətinin xüsusi hörmətini qazanan Rafiq müəllim
1979-cu ildə Maarif, Ali
Məktəb, Elmi İdarə
İşçiləri Həmkarlar İttifaqı Ağdaş Rayon Komitəsinin
sədri kimi
məsul bir vəzifəyə irəli
çəkilib.
1981-1983-cü illərdə
Ağdaş Rayon Partiya Komitəsində siyasi
maarif kabinetinin məsləhətçisi
işlədiyi zaman büronun
qərarı ilə partiya məktəbinə
göndərilən R.Nəbiyev burada təhsilini
fərqlənmə diplomu ilə başa vurub.
Uzun illər ayrı-ayrı təhsil müəssisələrinə
- 1983-1993-cü illərdə Yuxarı Ləki kənd orta məktəbinə, 1996-2000-ci illərdə
Ağdaş Kənd Təsərrüfatı
Texnikumuna, 2003-2006-cı illərdə Ağdaş internat məktəbinə
rəhbərlik edən Rafiq müəllim
bu vəzifələrin
məsuliyyətini dərindən dərk edərək öz
işinin öhdəsindən layiqincə
gəlib. 2006-cı ildən bu günədək
Təhsil İşçiləri Azad Həmkarlar
İttifaqı Ağdaş Rayon Komitəsinin sədri vəzifəsində
işləyən R.Nəbiyev özü təlim-tərbiyə
prosesində iştirak etməsə də,
pedaqoji fəaliyyət
göstərməsə də bu sahədə
çalışanların dərd-sərinə
yarımağı, onlara hər cür qayğı və diqqət göstərməyi
özünün vəzifə borcundan daha artıq, həm
də mənəvi borcu sayır.
Qeyd etmək lazımdır ki, Rafiq müəllimin fədakar əməyi, bacarıqlı
təhsil işçisi kimi
qazandığı nailiyyətlər diqqətdən kənarda
qalmayıb, 2010-cu ildə Azərbaycan Təhsil
İşçiləri Azad Həmkarlar
İttifaqı Respublika Komitəsinin fəxri
fərmanı və Təhsil Nazirliyinin
"Qabaqcıl təhsil işçisi" döş
nişanına layiq görülüb.
2013-cü il isə R.Nəbiyevin
yaddaşında çox əlamətdar
hadisə ilə iz qoyub.
O, ölkə Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə
"Tərəqqi" medalı ilə təltif edilib.
Gözəl
ailə sahibi olmaqdan əlavə,
həm də qarşısına həmişə
yaxşı, xeyirxah insanlar
çıxdığına görə özünü
həyatda xoşbəxt sayan Rafiq müəllim təhsil aldığı məktəbin
direktoru Məmməd
Qədirovu, riyaziyyatı ona sevdirən Böyükağa müəllimi, tələbəlik
illərində ən
yaxın dostu
Surət Məmmədovu minnətdarlıqla
xatırlayır.
Müəllimliyi
şərəfli peşə sayan Rafiq Nəbiyev 45 illik fəaliyyətində
riyaziyyat müəllimi işlədiyi illərdə
xalqa daha çox xeyir verdiyini düşünür,
həmin illəri həyatının ən parlaq
dövrü hesab edir. Bizimlə söhbətində son
bir ildə təhsil sahəsində baş verən yeniliklərə də
münasibətini bildirən R.Nəbiyev müəllimlərin
işə qəbulu, onların peşəkarlıq səviyyəsinin
yoxlanılması, məktəblərdə neqativ
hallara qarşı mübarizənin
gücləndirilməsi, 6 yaşı tamam
olmamış istedadlı uşaqların vaxtından əvvəl
I sinfə qəbulu və digər məsələlərlə
bağlı görülən işləri müsbət dəyərləndirdiyini
vurğuladı.
Hicran ƏKBƏROVA
Azərbaycan müəllimi.- 2014.- 23 may.- S.10.