Zəhmətin bəhrəsi, illərin töhfəsi

 

Həyatda mənalı ömür sürən və  yaşayarkən nə etmək istədiyini bilən, məqsədə doğru can atanlar ən xoşbəxt insanlardır. Bu baxımdan ömrünü uşaqların tərbiyəsinə, cəmiyyətə vətəndaş hazırlanmasına həsr edən müəllimləri də xoşbəxt saymaq olar.  Bəşəriyyət tarixində müəllimin müdrik insanlar arasında həmişə xüsusi yeri olub. Müəllimlik bütün zamanlarda cəmiyyətdə ən yüksək  peşə sayılıb. Gənc nəslin müstəqil həyata hazırlanması, dünyagörüşünün formalaşması, gələcəyin mütəxəssisinin ilk hazırlığı məhz orta məktəb illərindən başlayır. Cəmiyyət ən əziz, ən qiymətli sərvətini - uşaqları, öz ümidini, gələcəyini məhz müəllimə etibar edir. Respublikamızda müəllim adını şərəflə daşıyan və bütün varlığı ilə təhsilə bağlı olan pedaqoqlar çoxdur. Belə müəllimlərdən biriömür nərdivanının 60-cı pilləsində olan İsmayıllı Rayon Təhsil Söbəsinin müdiri, respublikanın əməkdar müəllimi Rasim Orucovdur. 

Ötən zaman ömürdən keçir. Bu minvalla insan ona bəxş edilmiş ömrü  yaşayaraq arxada qoyduğu illərin özünəməxsus izləri ilə bir tarix yaradır. Yaşının müdrik çağına çatanda yaşanmış illərin arxasından boylanıb həyat yolunda qazana bildiyi nailiyyətlərə, arzusunda olub, əldə edə bilmədiklərinə nəzər salır. İllərin töhfəsini, zəhmətinin bəhrəsini görür. Xalqının tərəqqisi, vətəninin çiçəklənməsi yolunda fəaliyyət göstərənlər ömürdən ötən illər üçün təəssüf etmir, əksinə, sevinirqürur duyurlar. Rasim müəllim də məhz belə insanlardandır.

Rasim Orucovu çoxdan tanıyıram. İlk tanışlığımızdan sadəliyi, səmimiliyi, həyata nikbin baxışı ilə diqqətimi cəlb edib. Dəfələrlə haqqında qəzetdə nəsə yazmaq istəmişəm. Hər dəfə təvazökarlıq edib, razılıq verməyib. Rasim müəllimin 60 illik yubileyi olacağını bilib, yazı yazmaq üçün imkan yarandığına sevindim.

Rasim müəllimlə başında söhbət etdik. Fikrimi bildirdikdə  yenə də həmişəki kimi yox, lazım deyil, - dedi. Amma təkid etdim və birtəhər razılıq aldım. Birlikdə xatirələri çözələdik, yaşanaraq tarixə dönmüş həyat kitabının vərəqlərini səhifələdik, olub keçənləri xəyal süzgəcindən keçirdik. Xislətinə bələd olduğumdan ona verəcəyim suallara ehtiyac görmədim. Bilirdim ki, səmimiliyi və sadəliyinə görə  söhbət əsnasında heç bir qeydiyyat aparmadan  verdiyim sualların cavabını ondan rahatlıqla alacağam. Sadəcə, ayrılandan sonra dediklərini, danışdıqlarını yığıb, toplayıb yazmaq qalırdı.

Haqqında. Orucov Rasim Hacıbaba oğlu 1954-cü il may ayının 3-də İsmayıllı rayonunun güllü-çiçəkli bir kəndində, Cülyanda, müəllim ailəsində dünyaya göz açıb. 1961-ci ildə kənd məktəbinin birinci sinfinə qəbul olunub, VI sinfə qədər burada oxuyub, 1966-cı ildə  Aşağı Cülyan kəndinə köçdükləri üçün təhsilini bu kənddəki səkkizillik məktəbdə davam etdirib. Orta təhsilini isə İsmayıllı şəhər 1 nömrəli məktəbində 1971-ci ildə tamamlayıb. Əmək fəaliyyətinə Sumqayıt Kompressorlar Zavodunda tornaçı kimi başlayıb. 1972-ci ildə sənədlərini ADPU-nun coğrafiya fakültəsinə verib və tələbə adını qazanıb. 1976-cı ildə institutu bitirən R.Orucov İsmayıllı rayonunun Quşencə kənd orta məktəbində öz ixtisası üzrə müəllim təyin olunub. 1981-ci ildə irəli çəkilərək Cülyan kənd səkkizillik məktəbinə direktor təyin edilib.

2004-cü ildən İsmayıllı RTŞ-ın müdiri vəzifəsində çalışır. 2008-ci ildə  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə "Əməkdar müəllim"  fəxri adına layiq görülüb.

Orta məktəbi yüksək qiymətlərlə bitirən Rasim müəllimdən necə oldu ki, müəllimliyə üstünlük verdiniz, soruşduqda o, dedi:

- O  vaxt istənilən ali məktəbə və istənilən ixtisasa qəbul olmağa biliyim imkan verirdi. Bu peşəni ona görə seçdim ki, müəllim ailəsində dünyaya göz açmışam. Ağlım kəsəni evimizdə kitab, dəftər, qələm görmüşəm. Atam dil-ədəbiyyat müəllimi idi. Hamı ona hörmət və ehtiram göstərirdi. O zamandan müəllimin  böyüklüyünü  dərk etmişdim. Həmişə atamın "Bağ bağbansız, bəşəriyyət müəllimsiz keçinə bilməz". "Şagirdləri öyrətmək həyat amalımdır" kəlamlarını xatırlayır, müəllim olmağımdan qürur duyuram...

Hər bir insan qarşısına məqsəd qoymalı və bu məqsədə nail olmaq üçün əziyyətə qatlaşmalıdır. Şükürlər olsun, bu gün respublikamız inkişaf yolundadır    Azərbaycan  təhsili  uğurla  irəliyə  doğru  addımlayır. Buna görə hamımız  sevinirik    dövlətimizin  başçısı,  ölkə  Prezidenti   cənab İlham  Əliyevə  minnətdarlığımızı  bildiririk. Arzu edirəm ki, hər bir azərbaycanlı  gənc  vətənimizə  layiqli  övlad  olsun.  Ulu  öndər  Heydər  Əliyevin  bizə miras  qoyduğu  dövlətçilik  ənənələri qorunsun,  respublikamızın  adı,  şərəfi  uca  tutulsun.

Ömür yolu heç də həmişə arzulandığı kimi, maneəsiz, hamar olmur. Rasim müəllim indiyədək enişli-yoxuşlu uzunluğu 60 illə ölçülən bir həyat yolu keçib. Bu illərin sevincini-kədərini, qışını-baharını görüb. Heç bir uğur, heç bir nailiyyət ona asan başa gəlməyib, gərgin zəhmət, daim öyrənməyinin əziyyətinə qatlaşmaq bacarığı, sonsuz axtarışlar onun yol yoldaşı olub. Bəzən taleyin zərbələrini də görüb...

Rasim müəllim ömrünün 60-cı baharını yaşayır, müdriklik çağındadır. Həmişə şən əhvalda olan Rasim müəllimin özünəxas xüsusiyyətləri kifayət qədərdir. Dostluqda sədaqəti,  səmimiyyəti ilə onunla təmasda olanların dərin hörmətini qazanıb.

Böyük həyat yolu keçmiş Rasim müəllim həm də gözəl ailə başçısıdır. O, övladlarını, nəvələrini həmişə azərbaycançılıq ideyası ruhunda tərbiyə edir, onların əsl vətəndaş kimi yetişməsinə çalışır.

Adətən, bu yaşa çatanda insanlar arxaya boylanıb: "İllər, sizdə nəyim qaldı?" - deyə bəlkə də özlərinə bir hesabat verirlər. Rasim müəllimin ötən illərdə qazandıqlarının  ən dəyərlisi onu tanıyanların sevgisi, məhəbbətidir.

60 illik yubileyini qeyd edən bu ziyalı insanı, təhsilin, elmin inkişafı üçün böyük enerji ilə çalışan Rasim Orucovu səmimi-qəlbdən təbrik edir, ona uzun ömür, cansağlığı  arzulayırıq. Bilirik ki, söylədiklərimiz onun halal zəhmətinin bəhrəsi, illərin töhfəsidir.

 

Hacıməmməd MƏMMƏDOV,

İsmayıllı rayon 6 nömrəli tam orta məktəbin

Azərbaycan dili və ədəbiyyat müəllimi

 

Azərbaycan müəllimi.- 2014.- 30 may.- S.7.