Valideynlər yeniyetmə
övladlarına
necə
yanaşmalıdırlar?
Psixoloq məsləhəti
Müasir dövrümüzdə valideynlərin tez-tez "bizim
dövrümüzdə yeniyetmələr belə deyildi, biz belə hərəkətlər
etməzdik, biz bu cür danışmazdıq" kimi fikirlərlə övladlarını tənqid
etdiklərinin şahidi oluruq.
Çox qəribədir ki,
hər dövrün orta
yaşlı ata və anası düşünür
ki, onlar öz dövrlərində fərqli olublar. Məsələ
burasındadır ki, hər bir dövrün yeniyetməsi
və gənci özünə daha çox bənzəyir, nəinki
keçmişə. Keçmişin
onları qəbul edə bilməməsinin səbəbi isə
valideynlərin məsələyə subyektiv
yanaşmasıdır. Əslində illərdir ki, valideynlərin yeniyetmələrlə
bağlı şikayətlərinin səbəbi də məhz
bunlardır.
Yeniyetməlik
dövrü 11-12 yaşdan
başlayaraq 14-15 yaşadək orta məktəbin
beşinci-səkkizinci sinif
şagirdlərini əhatə edir. 11-13
yaşlı oğlan və qızları
adətən kiçik yeniyetmə, 13-15
yaşlıları isə böyük
yeniyetmə adlandırırlar, lakin
yeniyetməlik dövrünün başlanmasına və
qurtarmasına dəqiq sərhəd qoymaq olmaz. Müxtəlif
amillərin təsiri altında həmin yaş
dövrü bir il tez və ya gec başlaya,
yaxud əksinə, bir
il və ya gec başa çata
bilər. Bu dövr özünün praktik əhəmiyyəti,
pedaqoji çətinlikləri və uşaq şəxsiyyətinin dinamikasında baş verən psixoloji
xüsusiyyətləri ilə diqqəti cəlb edir. Yeniyetməlik dövrünün
əsas xüsusiyyətləri uşağın öz "mən"ini qabartması, heç kəsi qəbul etməməsi və özünün fikirlərinin hər kəsinkindən
daha düzgün hesab etməsidir. Sadalanan bu fikirlər valideynlərə sözün
əsl mənasında dəhşətli gəlir. Dünənədək
uşaq saydığı, asanlıqla öz fikirlərini yeritdiyi
və yönləndirə bildiyi
övladı ilə ünsiyyət qurmaq valideyn üçün
müşkülə çevrilir.
Valideynlə yeniyetmə övladı
arasında ən kəskin konfliktlər daha
çox erkən yeniyetməlik
dövrünə təsadüf edir. Bu dövrün özəlliyi
ondan ibarətdir ki, valideyn övladının böyüməsindən
xəbərsizdir. O həmişəki tələbkarlığı
edir, amma əvəzində
etiraz görür. Ata-ana çaşqınlığa düşür və nə edəcəyini
bilmir.Valideynlərə bu məsələni
kimsə xatırlatdıqdan sonra sanki onlar ayılırlar.
Bəs ata-ana övladının yeniyetməlik
yaş dövrünə qədəm qoyduğunu nədən bilməlidir?
Aşağıdakı əlamətlərə fikir verək:
* Səsin
qalınlaşması və ya dəyişməsi.
* Tər vəzilərinin
aktivləşməsi.
* Bədəndə fizioloji dəyişikliklər.
* Bədən səthində
tüklərin sərtləşməsi.
* Uşağın özünün xarici görünüşü ilə həddindən
artıq maraqlanması.
* Geyim
və danışıq tərzində baş
verən dəyişikliklər.
* Müdaxilələrə
qarşı verilən sərt reaksiya.
* Tənqidə
qarşı kəskin reaksiya.
*
Yaşıdlarına və sosial mühitə
qarşı sonsuz maraq.
* Əks cinsə
qarşı meyil.
Valideynləri və
müəllimlərlə daha çox konfliktlər yaşayan
yeniyetmə üçün ən qəbuledilməz
şey onu tənqid eməkdir.Yetkin insanların bu yaş dövründə olan
övladını anlaması çox
çətindir. Buna görə də onlar yeniyetməni dəyişmək üçün tənqid etməyə
başlayırlar. Düşünürlər ki,
tənqiddə fayda var.
Halbuki valideynin həmin
yaş dövründə olan
övladını tənqid etməsi onları hər gün bir az
da valideyndən uzaqlaşdırır və
yadlaşdırır.Yeniyetmə bu zaman daha təhlükəli
olur. Ailəsindən qopan
yeniyetmələr kənar destruktiv qruplara meyil göstərirlər
ki, bu da
onların neqativ vərdişlərə
yiyələnməsi ilə nəticələnir.
Yeniyetməlik dövrünu "dönüş
dövrü" və "böhran dövrü"
də adlandırırlar. Sözsüz ki, bu adlar
çoxluğunun yaranması tamamilə təbii
xarakter daşıyır. Uşaq
öz həyatının bir
mərhələsindən digərinə, yeniyetməliyə keçir. Bu vaxt istər fiziki, istərsə
də psixi inkişafda
sürətli irəliləyişlər özünü
göstərir. Yeniyetmələrin əsas problemlərindən
biri valideynlərlə
qarşılıqlı münasibətdə yaranan
anlaşılmazlıqlardır. Bu yaş dövründə yeniyetmələrdə
uşaqlıq asılılığından çıxmaq və
valideynlərlə qarşılıqlı inam,
hörmət, etibar və s.
kimi münasibətlərə keçməyə
tələbat yaranır. Valideynlər isə əksinə, inkişaf edən belə bir
bərabərliyə meyilli olmurlar.
Valideyn-övlad münasibətlərində anlaşılmazlıqlar
əvvəllər də olub, ancaq o dövrlərdə
həyat tərzi bir qədər qapalı
idi. Hazırkı dövrümüzdə
isə, çox təəssüf ki, valideyn-övlad
münasibətləri getdikcə gərginləşib. Burada günahı təkcə uşaqların
üstünə atmaq olmaz.
Söhbət əgər qarşılıqlı hörmət
və düzgün tərbiyədən gedirsə, bu məsuliyyətli vəzifə əsasən
valideynlərin üzərinə düşür.
Belə ki, valideynin uşağa
nisbətən daha çox
həyat təcrübəsi var. Ata-ana bilməlidir
ki, övladından yüksək tərbiyə,
hörmət gözləyirsə ilk
növbədə özləri bu keyfiyyətlərlə
ona nümunə olmalıdırlar. Bir ailədə ki,
valideynlər övladlarına qarşı şiddət və
zorakılıq nümayiş etdirirlər,
təbii ki, o ailədə
böyüyən uşaqlarda mənəvi-psixoloji
travmalar yaranması ehtimalı çoxdur. Bundan əlavə,
əksər ailələrdə analar
uşaqları ata ilə qorxudurlar.
Bu yaş
dövründə valideynlər, çox
təəssüflər olsun ki,
uşaqları ilə münasibətləri həll etmək
üçün dünənə qədər
özlərinin düzgün
saydıqları tərbiyə üsullarından istifadə
edirlər. Bu da çox zaman yeniyetmənin
faciəsi ilə nəticələnə bilər. Artıq
uşağın ataya qarşı hörmət
və sevgisi birmənalı olaraq qorxu hissinə çevrilir.
Valideynlər əslində
uşağın öz
dünyasını kəşf edə bilməsi üçün ona imkan verməli, onlarda
özlərinə qarşı inam hissi yaratmalıdırlar.
Bəzən yeniyetməlik
haqqında belə deyilir: "Bu dövrün əsas
xüsusiyyətləri ondan ibarətdir ki, o özünü
dünənə qədərki uşaqların arasında görmür, valideynləri isə onları
böyüklərin sırasına buraxmır". Əgər ata-ana övladına azadlıq vermirsə, güvənmirsə, etibar etmirsə,
bu həmin yeniyetmənin ailədən
tədricən uzaqlaşması ilə nəticələnir. O
özünə başqa bir
sığınacaq axtarmağa başlayır, bununla
da yetkinlik yaşında olanlarda
psixoloji gərginliklər yaranır. Məsələn,
elə valideynlər var ki,
geyim seçimlərində belə uşağa sərbəstlik vermirlər.
"Sən heç nə
bacarmırsan", "sən
işə yaramırsan" və s.
kimi sözlərlə uşaqların
özlərinə qarşı olan inamlarını qırırlar. Bu atmosfer altında böyüyən uşaqlar təbii
ki, gələcəkdə də daim valideynlərinə qarşı rəqib
münasibətində olurlar. Bunu valideyn-övlad
arasında gərginliklərin
yaranmasının ilkin səbəblərindən
biri kimi göstərmək olar.
Valideynlə övlad arasında bu yaş dövründə
hər hansı bir konfliktin baş verməməsi üçün
aşağıdakı məsləhətlərdən yararlanmaq olar:
*
Övladlarınızı birbaşa tənqid
etməyin.
* Onların maraq
aləminə daxil olun.
* Fikirlərini sizinlə
paylaşmasına çalışın.
*
Övladlarınızın dostu
olmağı bacarın.
* Özünüzü
nümunə göstərməyin.
* Yeniyetmə oğul və ya qızınıza həssaslıqla
yanaşın.
* Onları
yaşıdları ilə müqayisə etməyin.
* Övladlarınızın
fikirlərinə önəm verin.
* Onları
qıcıqlandıra biləcək məsələlərə
toxunmayın.
*
Uşaqlarınıza yaş dövrü haqqında informasiya
verməyə çalışın.
* Onların geyim və görünüş məsələlərinə
çox müdaxilə etməyin.
* Sevdikləri şeylərə
qarşı birbaşa tənqid
yağdırmayın.
*
Övladlarınızı olduğu kimi qəbul edin.
Aidə NƏBİYEVA,
Müasir Psixologiya Mərkəzinin baş psixoloqu
Azərbaycan müəllimi.- 2014.- 30 may.- S.9.