Valideynlər müəllimlərin sınaq

qiymətləndirilməsi ilə bağlı nə düşünürlər?

 

Hazırda icra mərhələsində olan Təhsil Nazirliyinin müəllimlərin sınaq qiymətləndirilməsi barədəki layihəsi geniş ictimmaiyyət arasında güclü rezanons doğurub. Müxtəlif kollektivlərdə, xüsusən də tədris ocaqlarında mövzu ətrafında müzakirələr gedir, tanınmış təhsil ekspertləri, mütəxəssislər yeniliyə münasibət bildirirlər. Təhsil ekspertləri və mütəxəssislər tərəfindən müsbət qarşılanan, dəyərləndirilən və dəstəklənən bu məsələ - müəllimlərin sınaq qiymətləndirilməsi barədə bəs valideynlər nə düşünürlər? Sualımıza cavab almaq üçün bir neçə valideynlə görüşüb onların fikirlərini öyrəndik. Aşağıda cavabları təqdim edirik.

 

"Müəllimlərin sınaq qiymətləndirilməsini

doğru addım hesab edirəm"

 

İradə ƏLİYEVA

 

- Mənim iki nəvəm Bakıdakı 23 nömrəli məktəbin III və X siniflərində oxuyur. Bütün valideynlər kimi mən də nəvələrimə peşəkarlıq səviyyəsi yüksək olan, təlim prosesini müasir tələblər səviyyəsində quran, yenilikləri öz təcrübəsində tətbiq etməyi bacaran qabiliyyətli müəllimlərin dərs deməsini arzulayıram. Çünki övladlarımızın gələcəyi, həyatda tutacaqları mövqe məhz orta məktəb müəllimlərindən asılıdır. Buna görə də müəllimlərin sınaq qiymətləndirilməsini çox doğru addım hesab edirəm. Mən də müəlliməm. Müəllimlərin əməyi danılmazdır. Ona görə də hesab edirəm ki, sınaqdan sonra zəif nəticə göstərmiş müəllimlərin gözdən düşməsi, işlərinin yarıtmaz sayılması düzgün yanaşma olmazdı.

Əsas məsələ odur ki, hər bir müəllim öz zəif cəhətlərini biləcək, çətinlik çəkdiyi sahələr haqqında müəyyən məlumatı olacaq və yəqin ki, gələcəkdə bu çatışmazlıqları aradan qaldırmaq üçün təkmilləşməyə çalışacaq, öz peşəkarlığı ilə fərqlənən həmkarlarının səviyyəsinə çatmağa can atacaq. Fikrimcə, müəllimlər müntəzəm olaraq treninqlərdən keçməli, təhsil sahəsində baş verən yeniliklərdən xəbərdar olmalı, qabaqcıl təcrübələri ilə tanış olmalıdırlar. Müəllimlərin peşəkarlığının artmasında "açıq dərs"lər mühüm əhəmiyyət kəsb edir. Belə dərslər, hazırda olduğu kimi, müəllimlərin istəyindən asılı olmayaraq, tez-tez təşkil edilməlidir. Bütün bu prosesləri məktəb rəhbərliyi nəzarətində saxlamalı və tənzimləməlidir.

 

"Qiymətləndirmə hər bir müəllim

üçün çox böyük əhəmiyyət kəsb edir"

 

Qabil HÜSEYNOV

 

 - Düşünürəm ki, sınaq qiymətləndirmə hər bir müəllim üçün çox böyük əhəmiyyət kəsb edir. Təhsilin keyfiyyətinin yüksəlməsində maraqlı tərəf kimi bu biz valideynlər, son nəticədə isə övladlarımız üçün daha çox faydalı olacaq. Belə ki, müəllimlər zəif cəhətləri haqda məlumat əldə edəcək və öz üzərlərində işləməyə məcbur olacaqlar. Bu amil müəllimlərin əksəriyyətinin peşəkarlıq səviyyəsinin yüksəlməsinə və gələcəkdə keçiriləcək attestasiyada daha yaxşı nəticələr əldə edilməsinə səbəb olacaq.

Müəllimlərin qiymətləndirilməsindən danışarkən bir məsələyə də toxunmaq istərdim. Son vaxtlar müəllimlərin əməkhaqqının az olmasından, maddi durumunun aşağı olmasından çox danışılır. Bildiyimə görə, rəsmi olaraq bu qiymətləndirmənin nəticələrinə əsasən heç bir inzibati tədbir görülməyəcək. Sınaqdan alnıaçıq, üzüağ çıxanlar, pedaqoji ustalığı, qabiliyyəti, bilik və bacarığı ilə fərqlənənlər öz layiqli qiymətlərini alacaqlar. Belə müəllimlərin hər hansı bir formada rəğbətləndirilməsi digər həmkarları üçün gözəl nümunə olar və onları daha yaxşı işləməyə ruhlandırar.

Yəqin ki, müəllimlərin sınaq qiymətləndirilməsindən sonra müəyyən işlər görüləcək. Təklif edərdim ki, zəif nəticə göstərən müəllimlər üçün xüsusi təlimlər təşkil edilsin. Yaxşı cəhətdən seçilənlər isə dünyanın inkişaf etmiş ölkələrində keçirilən treninqlərdə iştirak etsinlər, beynəlxalq təcrübələrdən yararlanaraq öz səriştələrini daha da artırsınlar.

 

"Öz işinə ciddi yanaşmayan müəllimlərin

arxayınçılığına son qoyulacaq"

 

Tusiyə ABDULLAYEVA 

 

- Məlum olduğu kimi, ötən il ölkə başçısının sərəncamı ilə "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası" təsdiq olunub. Strategiyada təhsilə tam yeni baxış nəzərdə tutulub. Məhz bu baxımdan mən təhsil nazirinin müəllimlərin biliyinin qiymətləndirilməsi ilə bağlı əmrini çox düzgün qərar və vaxtında atılmış addım kimi dəyərləndirirəm.

Yaxşı müəllimlərimiz həmişə olub, indivar, gələcəkdə də olacaq. Müəllim peşəsi fədakarlıq tələb edir. Yəni heç bir maddi, mənəvi problem onun fəaliyyətinə təsir etməməlidir. Sinifdə bütün bunlar yaddan çıxmalıdır. Mənə elə gəlir ki, bu sınaq qiymətləndirmə öz işinə ciddi yanaşmayan müəllimlərin arxayınçılığına, passivliyinə son qoyacaq, onların canlanmasına səbəb olacaq.

Yeri gəlmişkən, qeyd edim ki, qiymətləndirmədə balın olmamasını çox müsbət amil kimi dəyərləndirirəm. Bu çox vacib məsələdir.  Çünki müxtəlif istiqamətlərdə keçiriləcək sınaq müəllimin özü üçünyenilikdir. Qoy o, hansı məsələlərdə daha zəif olduğunu öyrənsin və ruhdan düşmədən növbəti mərhələdə  - hər hansı yoxlama, sınaq, attestasiyas. -  bunu aradan qaldırmaq üçün vaxt qazansın.

Mənim övladım 132-134 nömrəli təhsil kompleksində oxuyur. Mən deyə bilmərəm ki, bu gün bütün müəllimlərdən tam razıyıq. Amma valideyn kimi bir məqamı xüsusi vurğulamaq istərdim: əgər hansısa bir müəllimi gözəl pedaqoq kimi illərdən bəri tanıyıramsa, sınağın nəticəsinə görə ona münasibətim dəyişməyəcək.

 

"Müəllimləri hərəkətə gətirən güclü vasitə"

 

Həcər PAŞAYEVA

 

- Doğrusu, mən Azərbaycan Respublikasının təhsil naziri Mikayıl Cabbarovun müəllimlərin sınaq qiymətləndirilməsi ilə bağlı əmri haqqında eşidəndə çox sevindim. Heç kimə sirr deyil ki, bir məktəbdə çalışan müəllimlərin bilik səviyyələri, davranışları eyni deyil. Bir məktəbdə eyni fənni tədris edən bir neçə müəllim olur. Onların heç biri eyni dərsi eyni cür aparmır. Yəni öz üzərində çalışmayan, mövcud metodik ədəbiyyatlardan səmərəli istifadə etməyən müəllimlə yeniliyə can atan, hər dərsə yaradıcı yanaşan müəllim arasında fərq böyükdür. Mən övladlarımın təhsil aldığı Bakıdakı 158 nömrəli tam orta məktəbdə bunun əyani şahidi olmuşam. Oğlum Namiq Paşabəyli dərs əlaçısıdır. Tez-tez dərslərdə oturub dərsin nə dərəcədə keyfiyyətli keçməsini müşahidə edirəm. Sinif müəllimi Sərmayə Gülmalıyeva uşaqlarla elə məşğul olur ki, evdə məşğul olmağa ehtiyac qalmır. Amma müəllimlərin hamısımı belədir? Əlbəttə ki, belə deyil. Mənim fikrimcə, təhsilin səviyyəsi, keyfiyyəti bilavasitə müəllimdən, onun səviyyəsindən asılıdır. Müəllimin səviyyəsini üzə çıxaran attestasiya, yoxlama qiymətləndirilməsi  uzun  illər aparılmadığından müəllimlər arasında bir arxayınlıq, passivlik yaranıb. Onların heç də hamısı öz üzərlərində müntəzəm çalışmağı, bilik və bacarıqlarını təkmilləşdirməyi lazım bilmir. Bundan isə təhsilimiz, övladlarımız ziyan çəkir. Sınaq qiymətləndirmə məhz belələrini hərəkətə gətirmək üçün güclü vasitə olacaq, onları öz üzərlərində işləməyə sövq edəcəkdir. Əlbəttə, yaxşı müəllimlərimiz də çoxdur və mən əminəm ki, onlar sınaq qiymətləndirməsindən yüksək nəticələrlə çıxacaq.

Mən çox istərdim ki, sınaq qiymətləndirməsinin nəticələri təkcə məktəblərə deyil, geniş ictimaiyyətə də açıqlansın. Çünki biz valideynlər həmişə yaxşı məktəb, yaxşı müəllim axtarışında oluruq. Belə halda yaxşı məktəb və müəllimi tapmaq bizim üçünasan olar, axı yaxşı müəllim və məktəb seçmək bizim haqqımızdır.

 

"Sınaqdan uğurla çıxmış

müəllim sinfə qürurla girəcək"

 

Şərəf CƏLİLLİ

 

 - Respublikamız müstəqillik qazandıqdan sonra təhsil dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilib. Bu sahədə həyata keçirilən islahatlar nəticəsində bir sıra  uğurlar əldə olunub. Mən inanıram ki, təhsildə növbəti bir yenilik- müəllimlərin sınaq qiymətləndirilməsi onların intellektual potensialının, eyni zamanda təhsilimizin inkişafı üçün bir təkan rolunu oynayacaq.

Aydındır ki, hər bir məsələyə müxtəlif aspektlərdən yanaşmaq olar. Mənim qiymətləndirmə ilə bağlı mövqeyimə gəlincə, bu tədbirin bəzilərinin fikirləşdiyi kimi, "pisləri" müəyyən etmək məqsədilə həyata keçiriləcəyini düşünmürəm. Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universitetiya hər hansı başqa ali təhsil müəssisəsini bitirərək sinif otaqlarına buraxılmış müəllimlərin əməyini, savadını, bilik səviyyəsini danmaq tamamilə yanlış bir yanaşmadır. Çünki hər müəllim müəyyən bir səviyyəyə malikdir.

Bu sınaq isə, sadəcə, onların ayrı-ayrı istiqamətlər üzrə bacarıq və səriştələrini, mənəvi keyfiyyət və psixoloji durumlarını ortaya qoymaq  şansı yaradacaq. Sınaqdan uğurla çıxan müəllim özünü təsdiq edərək sinfə ürəklə, qürurla girəcək. Şagirdlərinin ona inamı artacaq. İnam olan yerdə isə mütləq nailiyyət də, inkişaf da olur. Mən əminəm ki, əsl müəllimə xas olan bütün keyfiyyətlərə, müəllim  adına layiq olanlar bu sınaqdan mütləq üzüağ çıxacaq, böyük uğur qazanacaq. Ola bilər ki, belə müəllimlərdən bəziləri psixoloji cəhətdən öz qabiliyyətlərini tam göstərməkdə çətinlik çəksinlər.

 

"Təhsil Nazirliyinin təşəbbüsünü bəyənir və

təqdirəlayiq hadisə kimi dəstəkləyirəm"

 

Əli KƏRİMOV 

 

- Övladlarım Nigar və Fəxri 23 nömrəli tam orta məktəbdə oxuyurlar. Yadımdadır ki, onların hər birinin məktəb yaşı çatanda ailəmizdə çox narahatlıq yaşandı. Bir neçə ay öncədən dost-tanışla, qohumlarla məsləhətləşir, yaxşı məktəb, yaxşı müəllim sorağı ilə arayıb-axtarırdıq. Buna görə də müəllimlərin sınaq qiymətləndirilməsinin keçiriləcəyini eşidəndə çox sevindim. Fikirləşdim ki, bundan sonra valideynlər övladlarının əlindən tutub elmbilik məbədi olan məktəblərə daha inamla daxil olacaq, onların təlim-tərbiyəsini  etibar etdikləri müəllimlərin biliyindən, peşəkarlığından daha arxayın olacaqlar. Bu baxımdan Təhsil Nazirliyinin təşəbbüsünü bəyənir və təqdirəlayiq hadisə kimi dəstəkləyirəm. Bizim çox gözəl müəllimlərimiz var. Gözlərinin nurunu əridib uşaqlarımıza bilik-savad verirlər, eyni zamanda həyat yollarında müstəqil addımlamağı öyrədirlər, kamil şəxsiyyət kimi formalaşmaları üçün əllərindən gələni əsirgəmirlər. Biz onlara inanırıq. Amma inkar etmək olmaz ki, müəllimlərin hamısı eyni səviyyədə fəaliyyət göstərmir, işinə can yandırmır. Məncə, sınaq belə müəllimlərin aşkar edilməsi və onların öz işlərində dönüş yaratmasına səbəb olacaq.

Məlum olduğu kimi, bu tədbir yalnız Bakının ümumtəhsil müəssisələrində fəaliyyət göstərən müəllimlərə şamil edilir. Mən təklif edərdim ki, gələcəkdə mərhələlərlə bütün bölgələrin müəllimləri də bu sınaqda iştirak etsin.

 

 "Qiymətləndirmə müəllimlərin müasir müəllimə verilən

tələblərə uyğunluq səviyyəsini müəyyənləşdirəcək"

 

Nicat DAĞLAR

 

- Təhsil nazirinin müəllimlərin sınaq qiymətləndirilməsi barədəki  əmri təhsil ictimaiyyəti,  eləcə də biz valideynlər tərəfindən  yüksək  qiymətləndirilir. Çünki sınaq qiymətləndirmə, mənim fikrimcə, hazırda məktəblərdə çalışan müəllimlərin  müasir müəllimə verilən tələblərə uyğunluq  səviyyəsini müəyyən etməyə  imkan yaradacaqdır. Yaxşı haldır ki, sınaq  qiymətləndirmədə müəllimin fəaliyyətini şərtləndirən bütün cəhətləri - həm akademik bilikləri, həm metodik hazırlıq, həm də kommunikativ bacarıqları əhatə olunur. Elə müəllim var ki, ona ayrılan 45 dəqiqə ərzində  vaxtdan səmərəli istifadə edə bilmədiyindən  mövzunu mənimsədə bilmir. Mövzunu yüksək səviyyədə mənimsətmək üçünsə, müəllim tədrisin metodikasını  mükəmməl bilməli,  dərs prosesində interaktiv təlim metodlarından məharətlə istifadə etməklə  keçilən hər mövzunu şagirdlərə öyrətməlidir. Bəzən ya təcrübəsizlikdən, ya da səriştəsizlikdən müəllim buna nail ola bilmir. Məncə, müəllim öyrənmək istəmədiyindən yerində sayır və nəticədə onun şagirdləri  məktəbdə kifayət qədər bilik ala bilmədiklərindən repetitora üz tutmağa məcbur olurlar. Ümid edir və inanıram ki, sınaq qiymətləndirmə müəllim əməyinin səmərəliliyinin  artmasına və təhsilin keyfiyyətinin yüksəlməsinə ciddi təsir edəcək.

Bir neçə kəlmə də müəllimin əxlaq kodeksi barədə söyləmək istəyirəm. Təhsil ocaqlarının ümdə vəzifəsi  ölkəmiz üçün layiqli vətəndaşlar yetişdirməkdirsə,  müəllim sinifdə, dəhlizdə, küçədə, hər hansı bir yerdə  öz müsbət davranışı ilə  nəinki  şagirdlərinə, ümumiyyətlə, ətrafdakılara nümunə olmalıdır. Çox təəssüflər olsun ki, bunun əksi olan hallara da az rast gəlmirik. Buna görə düşünürəm ki, sınaq qiymətləndirmə zamanı müəllimlərin  şəxsi keyfiyyətləri,  tədris etdikləri fəndən, onların metodiki bacarıqlarından da dərin öyrənilməli qiymətləndirilməlidir. Müəllim-şagird münasibətləri  zəminində bəzi hallarda baş verən neqativ hadisələr bizi  bu qənaətə gəlməyə məcbur edir. 

 

"Valideynlərə övladlarının müəllimlərinin

bilik səviyyəsi ilə bağlı məlumat verilsin"

 

Fidan TAĞIZADƏ

 

- Biz həmişə övladlarımızın sınağa çəkilməsini, biliyinin yoxlanılmasını adi hal kimi qarşılamışıq fikirləşmişik ki, bu belə olmalıdır. Təlim-tərbiyə prosesində iştirak edən ikinci tərəfin - müəllimlərin səriştəsi, peşəkarlıq qabiliyyəti haqqında isə heç bir məlumatımız olmayıb. Buna görə mən müəllimlərin sınaq qiymətləndirilməsini son dövrlərdə təhsil sahəsində həyata keçirilən ən əhəmiyyətli tədbirlərdən biri  hesab edirəm.

Ümumiyyətlə, hər bir insanın sahəsinin seçilən mütəxəssisi olması üçün öz üzərində daim işləməsi mütləqdir. Oxumaq, öyrənmək insana həmişə lazımdır. Xüsusən indiki dövrdə müəllim neçə il əvvəl aldığı biliklə kifayətlənirsə, öz ixtisası üzrə informasiyaları izləməyə, yenilikləri tətbiq etməyə can atmırsa, o yaxşı mütəxəssis sayıla bilməz informasiya bolluğu əsrində müəyyən sahələrdə şagirdlərindən daha az biliyə malik olar.

Mənə elə gəlir ki, sınaq qiymətləndirmə müəllimlərin hazırlıq səviyyəsinin artmasına, son nəticədə isə təhsilin keyfiyyətinin yüksəlməsinə səbəb olacaq.

Bildiyimə görə, sınağın nəticələri haqqında məlumat müəllimlərin işlədiyi təhsil müəssisələrinə göndəriləcək. İstərdik ki, valideynlərə övladlarının müəllimlərinin bilik səviyyəsi ilə bağlı müəyyən məlumat verilsin. Mən elə fikirləşirəm ki, insani, mənəvi keyfiyyətləri yüksək olan şəxs kimi tanıdığım bir müəllimə böyük hörmətlə yanaşsam da, sınaqda yaxşı nəticə əldə etməsə, övladımı ona etibar etmək istəmərəm. Çünki onların təhsili, eyni zamanda gələcəyi məhz müəllimlərdən asılıdır.   

 

Səhifəni hazırladılar:

Hicran ƏKBƏROVA,

Sifai SƏFƏROVA

 

Azərbaycan müəllimi.- 2014.- 30 may.- S.5.