Peşə təlimi və təhsilinə

həsr olunmuş seminar

 

Noyabrın 5-də Bakıdakı "Avropa" otelində "Turin prosesi və Azərbaycanda Milli İxtisas Çərçivəsinin həyata keçirilməsinə dəstək" mövzusunda seminar keçirilib. Seminar "Turin prosesi" və "Milli İxtisas Çərçivəsi" olmaqla iki məsələyə həsr edilmişdi.

Seminarda Təhsil Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, İqtisadiyyat və Sənaye Nazirliyi, Milli Statistika Komitəsi, Dövlət Məşğulluq Xidməti, Təhsil Problemləri İnstitutu, QHT, böyük müəssisələr, araşdırma mərkəzlərinin nümayəndələri iştirak edirdilər.

Tədbirdə çıxış edən təhsil nazirinin müavini Firudin Qurbanov iştirakçıları Təhsil Nazirliyi adından salamlayaraq seminarın əhəmiyyətini yüksək qiymətləndirdi.

Müstəqillik illərində ölkəmizin sürətlə inkişaf etdiyini söyləyən nazir müavini bu inkişafı səciyyələndirən bir sıra faktları diqqətə çatdırdı.

F.Qurbanov əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş iqtisadi siyasətin ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğuladı. Qeyd etdi ki, ölkəmizdə bütün sahələrdə aparılan islahatlar təhsil sistemindən də yan keçməyib. Ölkəmizin 2020-ci ilə qədər olan dövr üçün inkişaf konsepsiyasına əsasən təhsilin inkişafı üzrə Dövlət Strategiyası qəbul olunub. Yeni texnologiyaların sürətlə inkişaf etdiyi, innovasiyaların istehsalata tətbiqinin geniş vüsət aldığı müasir dövrdə insan kapitalının inkişaf etdirilməsi, hazırlanan kadrların bilik və peşəkarlıq səviyyəsinin yüksəldilməsi ən ümdə vəzifə kimi qarşıya qoyulub.

Çıxışında Turin prosesinin məqsədlərinə də toxunan nazir müavini Avropa İttifaqı Avropa Təlim Fondunun Turin prosesinin nəticəsi olaraq Avropada aparılan təhsil islahatlarının, orda olan müsbət nümunələrin digər ölkələrdə tətbiqinin böyük əhəmiyyət kəsb etdiyini bildirdi. Qeyd etdi ki, 2011-ci ildən Turin prosesinə qoşulan ölkəmizdə bu ilin iyun ayında keçirilən seminarda ilk peşə-ixtisas təhsilində vəziyyətin təhlil edilməsi və müvafiq tövsiyələr hazırlanması qərara alınmışdı. Ötən dövr ərzində hazırlanmış ilkin hesabat bugünkü seminarda təqdim olunacaqdır.

Hazırda Azərbaycanda ilk peşə-ixtisas təhsili sistemində islahatlar aparıldığını deyən nazir müavini bu islahatların idarəetmə strukturunu, ixtisasların formalaşdırılması və yeni ixtisasların öyrənilməsi ilə bağlı sahələri əhatə etdiyini söylədi. İlk peşə-ixtisas təhsili sahəsinin inkişafı ilə bağlı 2007-2012-ci illəri əhatə edən dövlət proqramının artıq başa çatdığını xatırladan F.Qurbanov Təhsil Nazirliyində 2020-ci ilədək ilk peşə-ixtisas təhsilinin inkişafını nəzərdə tutan yeni proqramın hazırlanması üzərində aparıldığını, seminarda veriləcək tövsiyələrin proqramın hazırlanması prosesində nəzərə  alınacağını söylədi və seminarın işinə uğurlar arzuladı.

Azərbaycan Respublikası İqtisadiyyat və Sənaye Nazirliyinin şöbə müdiri Zaur Qasımov, Avropa İttifaqının Azərbaycan üzrə  nümayəndəliyinin proqram meneceri Rza Zülfüqarzadə, Avropa Təlim Fondunun şöbə müdiri Piter Qrinvud çıxış edərək seminarın mövzusu, təmsil etdikləri qurumların bu istiqamətlərdəki fəaliyyəti ilə bağlı fikirlərini bildirdilər. 

Seminarda Təhsil Nazirliyinin mütəxəssisləri 2014-cü il Turin prosesinin Azərbaycana dair hesabatının ilkin versiyasını təqdim etdilər. Təqdimatdan sonra müzakirələr aparıldı, peşə təhsili və təlimi sisteminin inkişafı üçün tövsiyələr və prioritetlər irəli sürüldü.

Seminarın ikinci hissəsi Avropa Təlim Fondu ekspertlərinin Milli İxtisas Çərçivəsinin tətbiqinə göstərdiyi dəstəyin nəticələrinə həsr edildi. Bildirildi ki, Azərbaycan Respublikasının Milli İxtisas Çərçivəsinin tezliklə Nazirlər Kabineti tərəfindən təsdiqlənməsi gözlənilir. Avropa İttifaqı 2015-ci ilin ikinci yarısından etibarən təhsilə dəstək proqramı çərçivəsində Azərbaycan Milli İxtisas Çərçivəsinin tətbiqinə dəstək verməyi planlaşdırır.

 

Yusif ƏLİYEV

 

Azərbaycan müəllimi.- 2014.- 7 noyabr.- S.2.