"Qürbət ölkədə öz dövlətinin qayğısını

hiss etmək mənim üçün çox önəmlidir"

 

İstanbul Universiteti  Cərrahpaşa tibb fakültəsinin tələbəsi Aysel Həsənova ilə müsahibə

 

Aysel Yusif  qızı Həsənova  1992-ci il mayın 16-da Bakı şəhərində anadan olub. 1998-2001-ci illər arasında 229 nömrəli tam orta  məktəbdə, 2001-2009-cu illər arasında 70 nömrəli pilot məktəb-liseydə təhsil alıb. 2009-cu ildə TQDK tərəfindən keçirilən imtahanların nəticəsinə görə  Azərbaycan Tibb Universitetinin müalicə-profilaktika fakültəsinə  qəbul olub. 2012-ci ildə Azərbaycan Tibb Universiteti ilə İstanbul Universiteti arasında olan tələbə mübadilə proqramı  əsasında keçirilən müsabiqədə iştirak edərək İstanbul Universiteti  Cərrahpaşa tibb fakültəsində təhsilini davam etdirmək hüququ  qazanıb.  Hazırda  "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"  çərçivəsində  Cərrahpaşa tibb fakültəsinin  tələbəsidir.   

 

- Orta məktəbdə daha çox hansı fənlərə üstünlük verirdiniz?  İlk uğurlarınızı necə xatırlayırsınız?

- Orta məktəbdə mənim ən böyük uğurlarım 70 nömrəli  məktəb-liseylə bağlı olub. Dəfələrlə riyaziyyatdan imtahanlar verərək seçilən şagirdlərin və savadlarına, pedaqoji peşəkarlıqlarına heyran olduğum müəllimlərin dərs dediyi bir sinifdə - həmişə rəqabətin üstün olduğu bir şəraitdə təhsil almışam. Xüsusilə də  müəllimlərimin diqqəti, öyrətmək  həvəsi  əvəzolunmaz  idi.  Dərslərə  gəldikdə, bir az valideynlərimin təsirindən də olsa riyaziyyat, kimya    fizikanı  çox sevirdim. Riyaziyyatdan məsələləri həll edərkən özümü sanki dünya problemlərini həll edirmiş kimi hiss edirdim.

Uğurlarıma gəldikdə  IX  sinifdə  kimya  üzrə  olimpiadanın  şəhər turunda  I yerə  layiq görüldüm. Daha sonra  2010-cu ildə AMEA-nın həqiqi üzvü,  akademik  Vaqif Abbasovun  təşəbbüsü ilə keçirilən "İstedad bankı" müsabiqəsində istedadlı şagirdlərin siyahısına daxil oldum. Ancaq  bu illər ərzində mənim üçün ən böyük uğur Azərbaycan Tibb Universitetinə daxil olmağım və Prezident təqaüdçüsü adına layiq görülməyim idi. Prezident təqaüdçüsü olmaq hər zaman arzum idiAllaha şükürlər olsun ki, buna nail oldum.

- Sizdə həkimliyə maraq  necə yarandı? Kimlərin  dəstəyi oldu?

- Bu sahəni seçməyimdə  bir çox amilin rolu olub.  Valideynlərim özləri   həkim olmağı  arzulayıblar, ancaq bəzi səbəblərə görə  onlar buna nail ola bilməyiblər.  Bəzən "görəsən, bu istək irsi olaraq mənə keçibmi"  deyə düşünürəm.  Bundan  başqa,  tez-tez xəstələnən bir uşaq olmuşam.  Bəzi həkimlər kifayət qədər diqqət göstərmədiyi üçün xəstəliyim ağırlaşıb    adi  bir qrip infeksiyasına görə aylarla dərslərimə davam edə bilməmişəm. Çox yaxşı xatırlayıram, 12 yaşım olanda yaxşı həkim olacağıma və uşaqların mənim vəziyyətimə düşməməsi  üçün əlimdən gələni edəcəyimi özümə söz verdim. Bir   mən sadəcə insanlara kömək etmək istəyirdim və bunu reallaşdıra bilməyim üçün bu sənətin mənə kömək edəcəyini  düşünürəm. Xəstə olan, ağrı çəkən insanların dərdinə əlac tapıb onları xəstəliklərdən qoruya bilmək, insanlara sağlamlıqlarını  geri  qaytarmaq,  öz həyatlarına istədikləri kimi davam etmək şansını verə bilmək fikri mənə  bu sahəni seçməyə kifayət edirdi.

- Xaricdə təhsil almağa  necə qərar verdiniz?  Qərarınız ailənizdə necə qarşılandı?

-  Əslində,  xaricdə təhsil almaq istəyi məndə hər zaman var idi. Aldığım tibb təhsili  bunun mənim üçün çox zəruri olduğunu bir daha  göstərdi. Azərbaycan Tibb Universiteti çox köklü, əsaslı   təhsil sisteminə malik bir təhsil müəssisəsidir. Ancaq tibb  sahəsində ən müasir biliklərə yiyələnmək üçün xaricdə təhsili davam etdirməyin ən azından mənim üçün zərurət olduğunu düşünürdüm. Qarşıma  İstanbul Universitetinin  müsabiqəsi  çıxdı     mən də iştirak etməyə qərar verdim. Nəticədə Türkiyədə təhsil almaq  istəyim reallaşdı. Ailəmin  bu məsələdə mənə çox böyük dəstəyi olub. Məni xaricdə təhsil almaq üçün həmişə həvəsləndiriblər, bu sahədə  hər  araşdırmamda suallarıma cavab tapmaqda çox kömək ediblər və etməkdə də davam edirlər.

- Dövlət Proqramına qəbul olunmağınız barədə xəbəri necə qarşıladınız?  

- Bunu bəlkə çoxları  bilmir, amma məsələn, Türkiyədə tələbələrə təmənnasız  təqaüd, demək  olar ki, verilmir. Verilən  təqaüdlər  çox  az  bir məbləğdir, ya da tələbələr işləməyə başladıqdan  sonra  maaşları ilə ödəməlidirlər. Amma bizə verilən təqaüd üçün dövlətin bizdən istədiyi sadəcə öz ixtisasımız  üzrə peşəkar, yüksəkixtisaslı kadr kimi yetişməyimizdir.  Düzdür, müqavilə şərtinə görə bizdən tələb olunan təhsilimizi bitirdikdən sonra  sadəcə vətənimizə geri dönüb öz xalqımıza xidmət etməyimizdir. Müqavilənin şərti olmasa belə,  vətənimizə  geri qayıdıb,  xalqımıza xidmət etmək ən azı mənim üçün mənəvi borcdur. 

Seçimlərə gəldikdə çox ədalətli bir seçim olduğunun şahidi oldum. Dövlət Proqramına qəbul olduğumu öyrənəndə sevincimin hədd-hüdudu yox  idi.   Qürbət ölkədə  öz dövlətinin qayğısını hiss etmək mənim üçün çox önəmlidir. 

- Ölkəmizin təhsil sistemində baş verən  yeniliklərə münasibətiniz? 

- Ölkəmizin təhsil sistemində baş verən son mütərəqqi islahatları, məktəblərlə  bağlı  dəyişiklikləri  sosial mediadan, mətbuatdan mümkün olduğu qədər izləyirəm.  Müəllimlərin  sınaq qiymətləndirilməsi  imtahanının  keçirilməsi diqqətimi daha çox cəlb etmişdi.  Mən  bu yeniliyin çox yaxsı nəticələr verəcəyini  düşünürəm. Bundan başqa,  bizim  universitetlərdə oxuyan tələbələrin artıq beynəlxalq Erasmus imtahanında iştirak edə bilmələri də  sevindirici haldır. Ümumilikdə  isə  təhsil naziri Mikayıl Cabbarovun fəaliyyətinin təhsilimizdə çox önəmli yeniliklərə səbəb olacağına inanıram.

- Tələbə həyatınız necə keçir?

- İstanbul Universiteti kimi tarixi olan bir ali məktəbdə  təhsil  alıram    mən oxuduğum universiteti çox sevirəm. Artıq klinik fənlərə keçdiyim, xəstəlik deyil, xəstə üzərində ixtisasımı öyrəndiyim üçün həkim olmağın nə demək olduğunu anlamağa başlamışam. Bu da mənə seçimimin nə qədər düzgün olduğunu sübut edir. Asudə vaxtlarımda  mahnılara qulaq asmağı sevirəm. Boş vaxtlarımı sahildə dənizə baxaraq  gəzişməklə  keçirməyə çalışıram. Bundan başqa mümkün qədər xəbərləri izləməyə çalışıram.

- Oxuduğunuz ali məktəbdə müəllim-tələbə münasibəti necədir?

- Bizim fakültədə  müəllim-tələbə münasibəti çox gözəldir. Müəllimlərimizi nə qədər suallarla "narahat etsək"    onlar  həmişə səbrlə, bəzən təkrar-təkrar eyni şeyi izah edirlər. Bundan başqa,  həmişə fakültənin bizə təhsil vermək üçün mövcud olduğunu qeyd etmələri və bunu bizə hiss etdirmələri, mümkün qədər öz həkimlik təcrübələri ilə bölüşmələri müəllim-tələbə münasibətlərinin  gözəl bir nümunəsidir. Müəllimlərimizin   bizə  sadəcə tələbə olaraq deyil, həm də bir gələcək həkim həmkarları  kimi yanaşmaları da gözəl bir məqamdır.   Biz müəllimlərimizdən təkcə xəstəliklərə deyil, həm də xəstələrə necə yanaşmalı olduğumuzu  öyrənirik.  Çünki həkimlərin  işi  xəstəliyi deyil,  xəstəni müalicə etməkdir.

- Universitetdə imtahan sessiyası  necə  təşkil olunur?

- İmtahanlar  kursdan-kursa hətta fakültədən-fakültəyə  dəyişir. İstanbul Universitetində 2 tibb fakültəsi var. Onların sistemləri belə, fərqlidir. Bizim fakültədə ilk 3 kursda  hər semestrin ortasında və sonunda  bir neçə  fəndən imtahan keçirilir. Amma 4-cü kursdan etibarən klinik fənlərə başlayırıq. Klinik fənlərdə vəziyyət  bir az fərqli olur. Məsələn, ilk əvvəl   daxili xəstəliklər fənninin tədrisi   başlayır  11 həftə  boyunca hər gün sadəcə nəzəri və təcrübə dərsləri olur. Fənn 11 həftə sonunda bitir və 1-2 gündən sonra imtahan olur.  Amma bütün fənlər o qədər uzun keçilmir. Bəziləri sadəcə 1 həftə müddətində də ola bilir.

- Türkiyədə təhsil dövründə hansı akademik uğurlarınız olub?

- Düzünü desəm, dərslərimi öyrənməyə və anlamağa o qədər enerjim və vaxtım gedir ki, nə qədər arzulasam da elmi araşdırmalara qatılmaq imkanım olmayıb. İnşallah, bunları 2-ci təhsilim müddətində etməyə çalışacağam. Ancaq  mənim üçün ən böyük uğur  1 neçə ay öncə Almaniyanın Berlin şəhərində Charite Universitet Xəstəxanasında 1 aylıq təcrübə keçməyim idi. Almaniya kimi tibb sahəsi çox  irəlidə olan ölkənin ən yaxşı universitetlərindən birində təcrübə üçün müraciətimin qəbul olunması mənim üçün çox önəmli idi. Bu ölkədə  olmaq və oradakı xəstəxana şəraitindən, həkimlərin işindən agah olmaq daha da önəmli idi.

- Xaricdə təhsil ümidlərinizi doğrultdumu?  Sizcə, təhsildə uğur əldə etməyin sirri nədədir? 

- Xaricdə təhsil almaq  məncə, həm həyata, həm də öz ixtisasına fərqli pəncərədən baxmaqdır.  Xarici bir ölkədə və ixtisasını ən yaxşı bir şəkildə öyrənə biləcəyin bir yerdə təhsil almaq gələcəkdə öz peşəni icra edərkən özünə inamının olması üçün çox mühüm bir addımdır.  Ancaq  zaman  keçdikcə    fərqli  yerləri  gördükcə anlayıram ki, sənin öz peşənə nə qədər  vaqif olacağını və icra edəcəyini oxuduğun yerdən çox,  sən özün müəyyən edirsən. Mənim yaxşı ya da pis həkim olacağımı hansı şəhərdə və hansı universitetdə oxumağımdan çox mənim məqsədyönlülüyüm, istəyim və çəkdiyim zəhmət müəyyən edəcək. Məncə təhsildə uğur əldə etməyin yolu heç vaxt istədiklərindən, arzularından əl çəkməmək və onlara çatmaq üçün əlindən gələni etməkdən keçir. Düzdür, həyatda həmişə hər şey istədiyimiz kimi getmir. Amma  ən pis anlarda belə özünə nə üçün bu yolu seçdiyini təkrar etməyi və olanlarla barışıb yoluna davam edə bilməyi bacarmaq lazımdır. Digər tərəfdən,  mən bizim insanlarımızın genetik olaraq çox istedadlı olduğunu düşünürəm. Təbii ki,  Azərbaycan kimi  o qədər bərəkətli torpağın insanları başqa cür ola bilməz. Amma bunu unutmamaq və hər zaman xatırlamaq lazımdır.

- Gələcək planlarınız?

- O qədər çox arzum var ki, onları həyata keçirməyə ömrüm yetəcəkmi, bilmirəm.  İlk növbədə,  ikinci təhsilimi bitirib, ixtisasımı  almaq istəyirəm. Öz sahəmə mükəmməl bir şəkildə yiyələndikdən sonra  Vətənimə  geri qayıdıb  bir tərəfdən mənə ehtiyacı olanlara tibbi köməyimi edib, bir tərəfdən elmi araşdırmalar aparmaq istəyirəm. Digər tərəfdən də Azərbaycan Tibb Universitetində bir vaxtlar mənim oturduğum auditoriyadakı tələbələrlə bütün bilik və təcrübələrimi  bölüşmək və əlimdən gəldiyi qədər çalışıb Azərbaycan səhiyyəsinin ən yüksək mərtəbələrə gəlməsində kiçik də olsa bir payımın olmasını istəyirəm. İnşallah bir gün bütün bunlara nail olaram...

- Biz sizə bu nəcib missiyanıza çatmaqda uğurlar arzulayırıq.

 

Oruc MUSTAFAYEV,

"Azərbaycan müəllimi"

 

Azərbaycan müəllimi.- 2014.- 7 noyabr.- S.6.