"Vaterloo Universitetində
Azərbaycanı yaxşı tanıyırlar"
Kanadada təhsil
alan Orxan Fətullayevlə söhbət
Orxan Əbülfət oğlu Fətullayev
1994-cü il aprelin 10-da Bakı şəhərində anadan
olub. 2011-ci ildə Bakı şəhərindəki
279 nömrəli
orta ümumtəhsil məktəbini uğurla başa vurub. Həmin ildə ali məktəblərə
keçirilən
qəbul imtahanında
685 bal toplayaraq Bakı
Dövlət Universitetinin
tətbiqi riyaziyyat və kibernetika fakültəsinə
kompüter elmləri ixtisası üzrə qəbul olub. Yüksək göstəriciyə görə Prezident təqaüdünə layiq
görülüb. Maraqlıdır ki, Azərbaycanda ilk dəfə
olaraq bu ailənin
iki üzvü - Orxan və Rauf Fətullayev
qardaşları Prezident təqaüdünə
layiq görülüblər.
Rubrikamızın budəfəki qonağı olan Orxan
hazırda təhsilini "2007-2015-ci illərdə Azərbaycan
gənclərinin xarici ölkələrdə təhsili
üzrə Dövlət Proqramı" çərçivəsində Kanadanın Vaterloo Universitetində davam etdirir.
Orxanla söhbətimizə ilk təhsil illərindən
başladıq.
- Orta məktəbdə daha çox
riyaziyyat, fizika və kimya fənlərinə
üstünlük vermişəm.
Ən çox
sevdiyim fənlər isə
fizika və riyaziyyat idi. İbtidai sinifdən başlayraq bütün dərslərimi əla qiymətlərlə
oxuyurdum, buna görə ilk müəllimlərim mənə
qarşı çox diqqətcil idilər.
- Sizdə xaricdə təhsilə necə
maraq yarandı?
- Bakı Dövlət
Universitetinə qəbul olduqdan sonra kompüter elmlərinə
marağım daha da artdı. Sonra fikirləşdim ki, mən bu
sahədə ölkəmə fayda verəcək işlərlə məşğul olmaq üçün kompüter
elmləri sahəsində ən müasir texnologiyaları
öyrənməliyəm. Xaricdə
təhsil isə bunun ən ideal yoludur.
Məhz bundan
sonra xaricdə təhsil
almaq istəyi məndə qətiyyətə
çevrildi. Digər tərəfdən,
Vaterloo
Universitetinin kompüter elmləri sahəsində dünyanın ən qabaqcıl
universitetlərindən olduğunu
öyrənmişdim. Ailəm mənim xaricdə oxumaq
istəyimi nəinki dəstəklədi, əslində elə onlar məni bu işə həvəsləndirdi.
Xüsusilə atam,
Əbülfət Fətullayev, mənə bu
işdə çox böyük dəstək verdi. İxtisas
seçimində böyük qardaşım Raufun rolu
böyükdür, çünki o mənə digər ixtisaslardan
fərqli olaraq, kompüter elmləri ilə məşğul
olanların istənilən ixtisas sahəsinə kömək
edəcəyini izah etdi. Məhz bundan
sonra mən kompüter elmləri ixtisasını seçəcəyimə qərar
verdim.
- Dövlət Proqramı barədə təəssüratlarınız
necədir?
- Dövlət Proqramına seçim mərhələsində
xoşuma gələn xüsusiyyət odur ki, tələbələrin
həm danışıq qabiliyyətinə, həm də sosiallığına
da fikir verilir. Mənim fikrim
budur ki, xaricə oxumağa gedən tələbə daima
yüksək əhvali-ruhiyyədə olmalıdır, sakit və könülsüz görsənməməlidir. Dövlət Proqramına qəbul olduğumu
böyük sevinclə
qarşılamışdım, çünki bu, həyatımda
mənə açılmış ən böyük qapı
idi. Yəni, bu
addımı atmaqla mən həyatımda çox şeyləri
dəyişəcəyimi fikirləşirdim. Xaricdə təhsil
proqramı təhsil sahəsində atılmış çox
böyük addımdır. Düşünürəm
ki, xaricdə təhsil almış kadrlar öz ixtisaslarına
uyğun olaraq elmdə ölkəmizə çox böyük
faydalar verəcəkdir.
- Təhsilimizdə gedən dəyişikliklərə
münasibətiniz?
- Prezident İlham Əliyev
tərəfindən imzalanmış "Azərbaycan
Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası" və bu sənəddən irəli gələn
vəzifələrin həyata keçirilməsində Təhsil
Nazirliyinin gördüyü işləri çox yüksək
qiymətləndirirəm. Hesab edirəm ki, ölkəmizin təhsil sahəsindəki
yeniliklər bu sahədə ciddi irəliləyişlərə
səbəb olacaqdır. Hazırda dünya
təhsilində sürətli dəyişikliklər gedir. Düşünürəm ki, ölkəmizdə də
aparılan yeniliklər təhsilimizin,
ali məktəblərimizin rəqabət qabiliyyətinin güclənməsinə gətirib
çıxaracaq.
- Dərsləriniz necə keçir?
- Kanadada tələbə olmaq təhsilə
güclü fikir vermək və vaxtın çox hissəsini
dərslərə ayırmaq deməkdir. Mən
də tələbə həyatımı faydalı
keçirməyə çalışıram. Burada kompüter elmləri ixtisası üzrə təhsil
alıram. Boş
vaxtımda əlavə proqramlaşdırma ilə məşğul
oluram, çünki proqramlaşdırmanı sevirəm.
Kitab oxumağı da sevirəm, xüsusilə
ixtisasımla bağlı kitabları.
- Yaşadığınız şəhər, oxuduğunuz
universitet barədə nə deyə bilərsiniz?
- Yaşadığım Vaterloo -Kitçener regionu
çox gözəl təbiətə malikdir. Torontodan fərqli
olaraq burada insanlar azdır və evlərin
çoxu birmərtəbəli
və ya ikimərtəbəlidir. Adaptasiya prosesi çox rahat və tez oldu,
çünki burada bütün işləri görmək daha
rahatdır. Vaterloo şəhərində əcnəbilər çox olduğu üçün
mədəniyyətlər və davranışlar da müxtəlifdir.
Vaterloo
Universiteti Kanadanın Ontario əyalətində
yerləşir. Universitetin əsası 1957-ci
ildə qoyulub. Hazırda burada 25000 tələbə təhsil
alır. Ölkənin
aparıcı universitetlərindən hesab olunur.
Bütün dünya üzrə isə ən yaxşı
informasiya texnologiyaları sahəsində bilik verən ali məktəblərdən
biridir. Təhsil
müəssisəsinin 34 tədqiqat mərkəzi və
institutlarında geniş səviyyədə tədqiqatlar
aparılır. Burada 90-dan artıq tələbə
klubu və qrupları var. Təhsil ocağında dünyaca məşhur
olan professorlar çalışır. Universitet tələbələrin
öz təhsillərini əmək fəaliyyəti ilə əlaqələndirməyə
imkan verir ki, bu da təhsilalanlara praktik biliklər əldə
etməyi təmin edir. Universitet xüsusi istedadı ilə
seçilən birinci kurs tələbələri
üçün təqaüdlər də təklif edir.
- Universitetdə tədris prosesi necə təşkil
olunur?
- İlk əsas məqam odur ki, burada çox məsələlər
tələbənin öz ixtiyarındadır. Məsələn, tələbə
istədiyi vaxt dərsə getməyə bilər, qiymət almaq üçün həftəlik tapşırıqları həll edib müvafiq yerlərə
təqdim edirik və s. Əksər fənlərdən semestr ərzində iki dəfə
imtahan olur. İlk imtahan (midterm) təxminən
semestrin ortasında keçirilir. Burada əsas məqsəd tələbələrin fənnin əsaslarını necə başa düşmələrini yoxlamaqdır. Ona görə də bu,
ümumi qiymətə elə
də ciddi təsir etmir. Final imtahan isə semestr
qurtardıqdan sonra sessiya
zamanı verilir.
İmtahan sualları isə
çoxseçimli testlərdən və
qısa cavab tələb edən suallardan ibarətdir.
- Müəllimlərinizdən
razısınızmı?
- Vaterloo Universitetində müəllimlər və tələbələr
arasında
münasibətlər çox yüksəkdir. Əgər tələbə semestr zamanı
hansısa çətinliklə qarşılaşsa, çəkinmədən
dərs deyən müəllimlərə, həmçinin əlavə
servislərə müraciət edib öz probleminə həll
yolu tapa bilər. Müəllimlər tələbələrə qarşı həmişə mehribandırlar. Kanadada təhsil məni
ali təhsilə daha da həvəsləndirdi.
Çünki universitetdə təhsil sistemi elə
qurulub ki, burada oxuyan istənilən tələbə bu cür
mühiti görüb oxumağa həvəslənəcəkdir.
Tələbəyə xidmət edəcək hər cür
servislər təşkil olunub və bu da yarana biləcək problemlərimizi tez həll etməyə imkan verir.
- Xaricdə təhsil almaq istəyən gənclərimizə
tövsiyən nə olardı?
- Gələcəkdə
xaricdə təhsil almaq istəyən tələbələrə
tövsiyəm odur ki, onlar ilk öncə xaricdə təhsil
almağı məqsəd yox, məqsədə çatmaq
üçün vasitə kimi istifadə etsinlər. Çünki məqsəd xaricdə təhsil
almaqdırsa, xaricdə təhsili bitirdikdən sonra o, nə edəcək?
Ən yaxşı halda yaxşı maaş
alıb rahat həyat yaşayacaq. Amma o tələbənin ki,
gələcəkdə hansısa böyük məqsədi
var, o, xaricdə təhsilini sırf öz məqsədi
üçün yönləndirər və bu təhsil onun
üçün böyük fundament yaradar. Təhsilini
bitirdikdə o öz məqsədinə daha da
yaxınlaşmış olar. Nəticədə
o, nəinki özünə, həmçinin ölkəyə
də çoxlu fayda verə bilər.
- Kanadada ölkəmizi təmsil edə bilirsinizmi?
- Bacardığım qədər
ölkəmizi təmsil etməyə
çalışıram. Burada,
xüsusilə də
oxuduğum Vaterloo Universitetində Azərbaycanı çox yaxşı
tanıyırlar və azərbaycanlılara hörmət edirlər,
çünki bu universitetdə
kifayət qədər azərbaycanlı tələbə təhsil
alır. Azərbaycan
həqiqətlərinin ictimaiyyətə
çatdırılmasında, mədəniyyətimizin, adət-ənənələrimizin
təbliği istiqamətində keçirilən bütün
tədbirlər azərbaycanlı tələbələrin
yüksək fəallığı ilə təşkil olunur. Hətta universitetin saytında təhsil
müəssisəsinə qəbul olmaq istəyən azərbaycanlılar
üçün ayrıca kömək səhifəsi də var.
- Xaricdə təhsil sizə nə verdi?
- Xarici universitetdə təhsil
almaq, ilk öncə öz ölkəni təmsil etmək,
yenilikləri öyrənmək və onları lazımi şəkildə
tətbiq etməkdir. İlk öncə, xaricdə təhsil tələbəyə
müasir elm və texnologiya öyrənmək imkanı
yaradır. Həmçinin, xaricdə təhsil tələbənin
dünyagörüşünün
ciddi olaraq artmasına təsir edir,
çünki bu zaman
müxtəlif ölkələrdən, müxtəlif mədəniyyətlərdən olan
insanları görmək və onlarla ünsiyyət
qurmaq mümkündür. Digər tərəfdən,
tamamilə fərqli təhsil sistemi
səciyyəvidir.
- Gələcək barədə hansı
planlarınız var?
- Gələcəkdə magistr və PhD üzrə təhsil
almağı, sonra isə Azərbaycana qayıdıb məqsədimi
həyata keçirərək ölkəmə fayda verməyi
planlaşdırıram. Kompüter elmləri ixtisası Azərbaycanda
çox önəmli yeniliklər etmək üçün əsas
sahələrdən biridir. Kompüter elmlərinin istənilən
sahədə tez bir zamanda zəruri informasiyanı əldə etməkdə (məsələn,
tərcümə sistemləri, çoxlu elmi elektron kitablar və
s.) çox böyük rolu
vardır.
Oruc
MUSTAFAYEV
Azərbaycan
müəllimi.- 2014.- 14 noyabr.- S.4.