Məktəb onun məbədi idi
Rafil müəllim şagirdlərinin yaddaşında ustad müəllim kimi qalıb
...Məktəb onun məbədi idi. Anadan müəllim doğulmuşdu.
Ömrüm boyu onun kimi ikinci
müəllim görmədim.
Rafil müəllim öz
yaradıcısını təsdiq edə bildi.
Tanrı bu kamilliyi
qiymətləndirdi; ona çox
mənalı və əqidəli ömür
pay verdi, sonsuz həvəs, tükənməz müsbət
enerji, saysız insan məhəbbəti,
təmiz vicdan və azadlıq
bağışladı. Ancaq bircə
şeydən doymadı: öyrənməkdən, öyrətməkdən.
Həyatı da, ümidi də
şagirdlərinə bağlı idi.
"Mənim şagirdlərim Azərbaycanın gələcəyidir"
demişdi. Onları şəxsiyyət kimi formalaşdırmaq üçün
gah ədəbiyyatçı, gah tarixçi, gah aktyor, gah
rejissor olurdu. Viktorinalar, bilik
yarışları, poeziya, musiqi, muğam və s. qabiliyyətləri aşkara
çıxarmaq üçün
maraqlı tədbirlər keçirər, istedadlı
şagirdlər üçün nəinki
əlindən gələni edər, başqalarından da kömək istərdi.
Müəllimlik fəaliyyətinə
1970-ci ildə Balakən rayonunun Qaravəli
kənd orta məktəbində
başlamışdı. Onun ilk şagirdlərinin indi
altmış yaşı var. Minlərlə
insana riyaziyyatın çətin məsələlərini
həll etməyi öyrətdi. Qara lövhə,
ağ təbaşir və on natural rəqəm onun həyat atributları idi. Yarım əsrdən çox
onun ömür simfoniyasını çalan qara sondakı
ağ akkordlar (həmişə qara lövhədə ağ təbaşirlə
yazmağa üstünlük verirdi) minlərlə şagirdin marşının əks-sədasına çevrildi.
Rafil müəllim "xalqların yarışı onların zəkalı adamlarının yarışıdır. Yaponiyada hərtərəfli inkişaf ona görə baş
tutdu ki, yaponlar təhsildən başladılar (arxivindən) deyərək məktəb yaratmaq arzusu ilə böyük bir işə həvəslə başlamışdı.
"Gələcək zəkalar" (hazırda
287 nömrəli orta məktəb) məktəbi istedadlı
şagirdlərin tam və
dolğun inkişafını təmin etmək üçün yaradılan yeni tipli
eksperimental məktəbdir"
sözlərini onun arxivini araşdırarkən 1992-1993-cü dərs ilində
açılacaq məktəbin nizamnaməsində
tapdım. Səliqə ilə toplanmış, xəttat qabiliyyəti ilə yazılmış
test qovluqları təhsil üçün ilk addımlar atan müəllimin 1981-1982-ci tədris ilində Bakıda 116 nömrəli orta məktəbdəki zəka
müjdəsi hesab edilə bilər. Rəhbərlik etdiyi, riyaziyyatçılar hazırladığı iyirmi şagirdin hamısı 1995-ci ildə ali məktəblərə (beş nəfər Türkiyənin universitetlərinə) qəbul olunmuşdu.
2001-ci ildə sinfinin 16 şagirdi 600-dən çox
bal yığmış, müəllimi hədsiz sevindirmişdi.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2013-cü il 13
oktyabr tarixli sərəncamı ilə İmanov Rafil Cəlal oğluna
"Əməkdar müəllim" adını vermişdir.
2013-2014-cü dərs ilində sağalmaz xəstəliyə tutulub ağır əməliyyat keçirsə
də, müəllimlik etdiyi - riyaziyyatdan hazırlaşdırdığı
20 şagirddən üç nəfər qızıl medal qazanmış, iki şagirdi isə 700 bal
ilə Azərbaycan Diplomatik Akademiyasına qəbul olunmuşdur.
Xəstə müəllim üçün bütün bunları məlhəm saymaq olardı.
İnsan iradəsi
orqanizmdə gedən proses və xəstəliklərə bəzən
qalib gələ bilmir. Sevimli müəllimimiz ən çətin məsələlərin həllini
tapsa da amansız xəstəliyə
qalib gələ bilmədi. "Əlil arabasında dərsə gedəcəyəm"
ümidi ilə ən çox sevdiyi, həmişə bayram kimi gözlədiyi
bir gündə - sentyabr ayının birində dünyasını
dəyişdi.
"Riyaziyyatı sevsəniz mənim qəlbimin dərinliklərində
yaşayacaqsınız" sözləri ömürlük
yaddaşımızda qaldı
(Rafil müəllimin məzar daşına bu cümləsi həkk olunub).
"Müdriklik ediləcək hərəkətin
ayrı-ayrı nəticələrini
qabaqcadan görmək,
gələcəkdəki böyük
faydaların xətrinə
hazırkı ötəri
mənfəətləri qurban
vermək qabiliyyətləri
və idarə olunanı idarə etmək məharətidir"
(R.Akoff).
Heç
zaman ölümün
adını dilinə
gətirmədi. Ömrünü öləndən sonra yaşamaq üçün
yaşadı. Milyon
dəfə 0, 1, 2, 3, 4, 5, 6, 7, 8, 9 rəqəmlərini
yazdı. Dahilər dünyasına onu
bu on rəqəminin möcüzəsi ismarlamışdı?
Məncə, tək bunlar
yox. Onun mənəviyyatı da ölümsüzlüyünü
təsdiq etmək üçün zəngin
mirasdır.
"Qəlbən şair olmadan yaxşı riyaziyyatçı
olmaq mümkün deyildir" sözlərini
tez-tez işlədərdi.
İdeal
ömür-gün dostu
olmuşdu. Vaxt onun
üçün hər
şeydən qiymətli
idi. "Elm öyrənmək də,
elm öyrətmək də
savab işdir" həyat fəlsəfəsini
yeniyetmələrə öyrətmək,
xələflər hazırlamaq
savabını xəstə
yatağında da unutmurdu. Özünü
şagirdin yerinə qoyaraq istədiyinə nail
olan tərbiyəçi
idi. Bəzən özünü, istedadını kəşf
edə bilməyən
yeniyetmələrə yardım
edər, ona istiqamət verərdi.
Çox
sevdikləri və inandıqları üçün
şagirdlər onun göstərdiyi yolla gedib uğurlar qazanardı.
Riyaziyyat
üzrə hazırlaşdırdığı
bir gənc qıza jurnalist olmağı tövsiyə
etmişdi. Həmin qız
indi televiziyanın peşəkar aparıcılarından
biridir.
"İradə azadlığı əslində
işi bilməklə
qərar qəbul etmək deməkdir".
(A.Mirzəcanzadə, ixtisasa
giriş).
Şagirdlərini
şəxsiyyət kimi
yetişdirmək üçün
müəllim özü
örnək olmalıydı,
oldu da. Axı, şəxsiyyət insanın
mənəvi tələbatlarının
cəmi olan niyyətlər yığınıdır,
- demişlər.
Ömrünü xeyirxahlığa, yardım etməyə,
bağlı qapı açmağa, gəncləri
biliklə dünyanı pisliklərdən xilas
etməyə, boyun əyməkdən, aciz olmaqdan zəka ilə qurtulmağa, azad yaşamağa, anaları savadlı, məntiqli
övlad böyütməyə öyrədən
böyük müəllim idi
Rafil
müəllim. Hələ 1974-cü ildə səkkizinci sinifdə
oxuduğum vaxt riyaziyyat viktorinasında (bilik
yarışlarını Rafil müəllimin
köməyi ilə hazırlayırdıq) bir
müdrikin sözlərini təlaşla
söyləmişdim: "Anam məni
göydən yerə endirib, müəllimim
isə yerdən göyə qaldırıb".
...Orta
məktəbi bitirirdim. Son
dərsimiz riyaziyyat dərsi idi, hamımız kövrəlmişdik. Zəng
çalındı. Sevimli müəllimim
sinif otağından çıxanda ona dəftərimi verdim: Rafil müəllim, xatirə
yazmağınızı xahiş edirəm
- dedim. Yazdı. İndi
həmin sözlər sanki dəftərə
yox, Rafil müəllimin
qəlbimdə yaratdığım heykəlinin pyedestalına
həkk olunub.
Rafil müəllimin indi
təkcə mənim yox, bütün
şagirdlərinin yaddaşında heykəli var.
Dünyanın hər tərəfində Azərbaycan intellektini təmsil edənlərin ziyarətgahına
çevrilmiş "Zəkalar"
liseyində, inanırıq ki, onun adı da əbədiləşdiriləcəkdir.
Tamella
HƏMİDQIZI,
Odlar Yurdu Universitetinin müəllimi
Azərbaycan müəllimi.-
2014.- 14 noyabr.- S. 6.