Azərbaycan dili fənni
üzrə dərs
nümunəsi
Mövzu: "Felin qrammatik məna növləri haqqında ümumi məlumat"
Standart: 4.1.2;
1.2.4; 3.1.1
Məqsəd: 1.felin qrammatik məna növləri barədə ümumi məlumat vermək;
2. sözləri ümumi qrammatik mənalarına
görə fərqləndirmək;
3. söylənmiş
müxtəlif fikirlərə münasibət bildirmək;
4. verilmiş mövzunu müxtəlif formalarda ifadə etmək.
İnteqrasiya: Əd.1.2.4;
Əd.1.2.1; Əd.2.2.3 / musiqi.
İş forması:
bütün siniflə,
kiçik qruplarla
iş.
İş üsulları:
əqli hücum, klaster, diskussiya, esse.
Resurslar: kompüter,
proyektor, slaydlar, işçi vərəqələri,
sxemlər, şəkillər, flamaster,
yapışqan, ekran lövhəsi, rəngli vərəqələr.
Motivasiya
məqsədi ilə ekranda şəkil (sıradakı I şəkil)
və animasiyalar nümayiş etdirilir.
Şagirdlər
tərəfindən müxtəlif
fərziyyələr irəli
sürülür. İrəli sürülən fərziyyələr
nə təsdiq, nə də inkar edilir.
Uşaqlar müəllimin
köməyi ilə belə bir nəticəyə
gəlirlər ki, təsvir edilən hərəkətlər subyekt,
obyekt və hərəkətin arasındakı
münasibətlərə görə
müəyyən edilir:
Buradan tədqiqat
sualı formalaşdırılır:
Tədqiqat sualı
Bəs
subyekt, obyekt və hərəkətin qarşılıqlı münasibəti
dedikdə nələr
başa düşülür? (fərziyyələr dinlənilir).
Tədqiqat
sualı ətrafında
axtarışlar - kiçik
tədqiqat işi başlayır. Bu məqsədlə şagirdlər
müəllimin tapşırığı
ilə əvvəlcədən
sinif nümayəndəsi
tərəfindən onlara
paylanmış rəngli
vərəqələrə görə qruplara bölünürlər. Qruplara müəllimin təklifi ilə "Məlum",
"Məchul", "Qarşılıq",
"Qayıdış", "İcbar" adları verilir və onların liderləri seçilir. Qruplara verilmiş tapşırıqlar
(slaydlar) həm ekrana verilir, həm də ayrıca olaraq hər qrupa təqdim edilir.
Qruplara slaydlardan
çıxarılmış iş vərəqələri
paylanır.
Tədqiqatın aparılması
Qruplar
animasiyalarda təsvir edilən hərəkətlərin
necə icra edildiyini müəyyən
etməli və yazı taxtasına çəkilmiş klasteri
tamamlamalıdırlar.
Tədqiqatlar
başa çatandan sonra qruplar öz
təqdimatlarını edirlər.
Qrupların təqdimatlarından
sonra yazı taxtasındakı klaster aşağıdakı kimi
(sıradakı II şəkil)
formalaşır:
Qrupların
təqdimatları bütöv
siniflə birlikdə geniş müzakirə edilir.
Tədqiqatlardan sonra
məlum olur ki, subyekt, obyekt
və hərəkətin
qarşılıqlı münasibəti
dedikdə subyektin məlum olması, məlum olmaması, işi öz üzərində görməsi,
işi başqasına
icra etdirməsi, işi digər subyektlərlə birgə
və ya qarşı-qarşıya icra
etməsi və s. əsas götürülür.
Beləliklə,
tədqiqat sualına cavab tapılır. Şagirdlər öyrənirlər
ki, hərəkətin
subyekti məlum olanda - məlum fellər, məlum olmayanda - məchul fellər, subyekt hərəkətin öz üzərində icra edəndə - qayıdış
fellər, hərəkət
başqasına icra etdiriləndə -icbari fellər, hərəkət
bir neçə subyekt tərəfindən
birgə və ya qarşı-qarşıya
icra ediləndə - qarşılıq-birgəlik növ
fellər formalaşır.
Sonra
istirahət dəqiqələri
başlayır. Şagirdlər məktəblilərin ifasında
Vətənə həsr
edilmiş mahnıya qulaq asırlar. Bu zaman ekranda
ümummilli liderimiz Heydər Əliyevin Azərbaycan dili haqqında söylədiyi
qiymətli fikirlər
nümayiş etdirilir.
Yaradıcı
tətbiqetmədə şagirdlərə
qrup formasında işləmək üçün
tapşırıq verilir. Verilmiş nümunələrin içərisindən
I qrup məchul fel, II qrup qayıdış
fel, III qrup qarşılıq (birgəlik)
fel, IV qrup icbar, V qrup isə
məlum fellər olan cümlələri qruplaşdırır (qruplar
adlarına uyğun felləri seçirlər).
Tapşırığın
icrası başa çatandan sonra düzgün cavablar kompüter vasitəsi ilə yoxlanılır və qruplar öz təshihlərini aparırlar.
Daha sonra qruplar
şəkilli test işləməyə
başlayırlar. Onlar adlarına
uyğun hərəkətlərin
əks olunduğu şəkilləri tapmalıdırlar
(sıradakı sonuncu
şəkil).
Tapşırıq
başa çatandan sonra düzgün cavablar yenə də kompüterin köməyi ilə nümayiş etdirilir.
Qiymətləndirmə
əvvəlcədən şagirdlərə
elan edilmiş meyarlar əsasında aparılır.
Evdə dərs haqqında esse yazmaq və bədii ədəbiyyatdan
felin qrammatik məna növlərinə
aid nümunələr (cümlələr)
seçmək tapşırılır.
İmran
VERDİYEV,
Oğuz
rayon Yaqublu kənd T.Babayev
adına tam orta məktəbin
Azərbaycan dili və ədəbiyyat müəllimi
Azərbaycan müəllimi.-
2014.- 21 noyabr.- S.10.