Düzgün
seçilmiş metod
uğurlu dərsin
açarıdır
Elm və texnikanın
sürətlə inkişaf etdiyi bir dövrdə, "Təhsil
əsri" elan olunmuş XXI əsrdə təhsil də daim
inkişaf edir, təkmilləşir. Təhsil sistemində
demokratik, milli və ümumbəşəri dəyərlərə
istinad etməklə islahat aparılır. Ümumi təhsilin keyfiyyətini
daha da yüksəltmək məqsədilə həyata
keçirilən islahatlarla təhsilalanlarda müstəqil
fikir yürütmək, qərar qəbul etmək,
başqaları ilə əməkdaşlıq etmək kimi
bacarıqları inkişaf etdirmək, bir sözlə, hərtərəfli
inkişaf etmiş şəxsiyyət formalaşdırmaq məqsədi
qarşıya qoyulmuşdur.
İslahatin
gedişində hər bir müəllim fəaliyyətini daha
da yüksək səviyyədə qurmağa, təhsil və
təlimin səviyyəsini yüksəltməyə,
şagirdlərin ideya-siyasi, əmək tərbiyəsinə,
estetik və fiziki inkişafına nail olmağa
çalışır. Təhsil prosesinə müasir
baxışların formalaşdığı bir dövrdə
təhsilin keyfiyyətini yüksəltmək üçün
yeni yanaşmalar tələb olunur. Təhsilin nəticəsi
kimi təkcə bilik və bacarıqların səviyyəsi
deyil, həm də insanın dünyaya, cəmiyyətin
inkişafına münasibəti başa
düşülür.
Hazırda məktəbin
qarşısında duran əsas vəzifə müstəqil
düşünüb qərarlar qəbul edə bilən, ətrafdakılarla
əməkdaşlıq etməyi, ünsiyyət
qurmağı, qazandığı bilikləri tətbiq etməyi
bacaran, Vətəninə, millətinə sadiq, geniş
dünyagörüşünə, milli və ümumbəşəri
dəyərlərə malik şəxsiyyət yetişdirməkdir.
Bu vəzifənin həyata keçirilməsində
bütün fənlər kimi riyaziyyatın da böyük rolu
vardır. Riyaziyyat tədrisinin ümumi məqsədi
riyaziyyatın əsaslarını şagirdlərə mənimsətmək,
onların məntiqi təfəkkürünü, idrak fəaliyyətini
və fəza təsəvvürlərini inkişaf etdirmək,
onlara riyaziyyat üsullarını təcrübədə tətbiq
etmək bacarığı və vərdişləri verməkdir.
Bu baxımdan riyaziyyat
tədrisinin ümumi məqsədini üç əsas cəhətdən
konkretləşdirmək olar:
1) təhsil məqsədi;
2) tərbiyəvi məqsəd;
3) əməli-tətbiqi
məqsəd.
Dərsin ümumi məqsədinə
daxil olan zəruri elementlərdən biri, konkret olaraq hər bir fənnin tədrisinin
öz məqsədi ilə yanaşı, onun şagirdlərlə
təlimin daha da səmərəli təşkilinə imkan verən, bilik, bacarıq və vərdişləri
formalaşdırmasını nəzərdə tutan məqsədidir.
Elmin müasir
dövrdəki inkişafı hər bir müəllimdən nəinki
şagirdlərə bilik, bacarıq və vərdişlər
verməyi, həm də yeni ideyalar əsasında tərtib
edilmiş, təkmilləşdirilmiş riyaziyyat
proqramının mövzularının tədrisi
üçün səmərəli
yollar tapmağı, müxtəlif məsələləri həll
etməyi, müstəqil olaraq qarşıya yeni problemlər
qoymağı və onların həllində
yaradıcılıq göstərməyi tələb edir.
Konkret dərs
zamanı təlimin ümumi və xüsusi məqsədlərinin
müəyyən edilməsi ilə əlaqədar
qarşıya çıxan metodik çətinliklərdən
biri optimal təlim üsulunun seçilməsi məsələsidir.
Müəllim tərəfindən
seçilən üsul aşağıdakı şərtlərdən
heç olmazsa biri ödənilmədikdə, düzgün
hesab oluna bilməz:
1) dərsin məqsədi
(təlimverici, tərbiyə-edici və inkişafetdirici);
2) öyrənilən
materialın məzmun xüsusiyyətləti (mürəkkəbliyi,
yeniliyi, xarakteri);
3) sinifdəki
şagirdlərin xüsusiyyətləri;
4) müvafiq təlim
materialının, resursların olması;
5) şagird heyətinin
çoxluğu;
6) müəllimin fərdi
xüsusiyyətləri.
Hər bir metod təlimin
məzmunu və məqsədi
ilə sıx bağlıdır.
Ona görə də təlimin məzmun və məqsədindəki
dəyişikliklər müəllimdən bəzi ənənəvi
metodlardan imtina etməyi, bəzilərini
təkmilləşdirməyi, fəal
təlim metodlarına daha çox üstünlük verməyi
tələb edir.
Təlim metodu təkcə
şagirdlərin biliklərinin yaradılması ilə məhdudlaşmayıb, həm də şagirdlərin
yaradıcı qüvvələrini inkişaf etdirmək, onları müstəqil olaraq həqiqəti
axtarıb tapmağa təhrik etmək, onlarda elmi biliklərə əsaslanan
düzgün baxışlar və əqidə, milli və ümumbəşəri
dəyərlərə əsaslanan
dünyagörüşü tərbiyə etmək məqsədi
daşımalıdır.
Riyazyyat dərsi
şagirdin təlim fəaliyyətinin rəngarəng təşkil
edilməsi forması ilə xarakterizə olunur. Deməli,
riyaziyyat dərsində müxtəlif təlim
üsullarından - məlumat-inkişafetdirici, evristik,
reproduktiv üsullardan istifadə olunur. Təlim prosesində təfəkkür
və təxəyyülün inkişafını intensivləşdirən, yaradıcılıq münasibətlərini
formalaşdıran, bilikləri
surətdə axtarıb tapmağa təhrik edən, şagirdləri məntiqi surətdə
düşünmək, sübut
etmək, öz mühakimələrini, çıxardığı nəticələri
əsaslandırmaq üçün mövcud biliyi səfərbərliyə
almaq bacarığı ilə silahlandıran müasir fəal
təlim metodlarından ("Beyin həmləsi",
"Əqli hücum", "BİBÖ", "Klaster", "Müzakirə"("Diskussiya"), "Problemin həlli", "Kublaşdırma", "Venn diaqramı" və s. )
istifadə etmək təlimin səmərəsini xeyli
artırır.
Kiçik və
böyük qruplarla, cütlərlə, fərdi iş formalarından istifadə
olunan fəal dərslərdə müəllimin mövqeyi
"bələdçi" (fasilitator), şagirdin mövqeyi isə "kəşf
edən", "tədqiqatçı"
mövqeyidir. "Monoloji" təlim "dialoji" təlimlə
əvəz olunur. Hafizəyə, yaddaşa əsaslanan təlim
təfəkkürə (məntiqi, tənqidi və
yaradıcı) əsaslanan təlimlə əvəz olunur. Belə
dərsdə müəllim şagirdlərlə sistemli, məqsədyönlü şəkıldə
əməkdaşlıq edir,
problemli vəziyyət yaradır, tədqiqat məqsədlərinin
qoyulmasında, biliklərin əldə
edilməsində şagirdlərə istiqamət verir.
Şagirdlər tədqiqat prosesində "kəşf etdikləri", öyrəndikləri bilikləri
daha yaxşı mənimsəyir,
tətbiq edir və yadda saxlayırlar.
Təfəkkür o
vaxt fəal və müstəqil olur ki, onun qarşısında bir sual, bir problem qoyulmuş olsun. Bu
baxımdan riyaziyyat dərslərində problemin qoyulması və
həlli yolunun axtarılması riyazi istedadın
inkişafında əlverişli vasitədir. Məsələn, şagirdlərin kəsik piramida və piramidanın həcmi haqqında biliklərinə əsaslanıb
kəsik piramidanın həcmini necə tapmağı
qarşıya problem kimi qoymaq olar.
Şagirdlərin əqli
fəaliyyət prosesi olan təlim prosesində insanın
öyrənmək üçün fəaliyyət prosesləri - müşahidə, təcrübə, müqayisə, analogiya,
ümumiləşdirmə,
mücərrədləşdirmə və konkretləşdirmə
kimi metodların hər birindən istifadə etməyi
bacarmalıyıq. Riyaziyyat tədrisində idrakın məntiqi
yanaşma üsulu olan analogiyadan riyazi anlayışlara tərif
verilməsində, teoremlərin
isbatında, məsələlərin
həllində,
düsturların çıxarılmasında istifadə
olunur. Məsələn,
planimetriyadan çevrənin və dairənin diametri
anlayışından istifadə edib stereometriyada kürə və
sferanın diametri anlayışı verilir.
Hər şeydən əvvəl
şagirdlərdə tədris olunan fənnə maraq
oyatmaq, fənnin məna və əhəmiyyəti
haqqında fikir formalaşdırmaq lazımdır. Məsələn,
şagird düzbucaqlının perimetri və sahəsinin,
faizin hesablanmasının, çevrənin uzunluğu, dairənin
sahəsi, düzbucaqlı paralelepipedin həcmi və s. ona
harada, nə zaman, nə üçün lazım ola biləcəyini
başa düşsə, onları daha həvəslə
öyrənər və yadda saxlayar.
Düşünürəm ki, şagirdlərdə
riyaziyyata maraq yaratmağın,
onu tərbiyə və inkişaf etdirməyin
mühüm şərti müəllimin şəxsi keyfiyyətləri, onun
dünyagörüşünün genişliyi, peşəsini ürəkdən
sevməsi, öz fənnini və
yaxın fənləri yaxşı bilməsi, riyaziyyat tarixi və riyazi kəşflər
tarixi ilə tanış olmasıdır.
Nüşabə ƏMİROVA,
Lerik
rayonu, Vizəzəmin kənd Ə. Musayev
adına
tam orta məktəbin
riyaziyyat-informatika
müəllimi
Azərbaycan
müəllimi.- 2014.- 21 noyabr.- S.10.