"Azərbaycanda mənim
dərimin
rənginə yox, savadıma fikir verdilər"
Bakıdakı 132-134 nömrəli təhsil
kompleksinin konqolu müəllimi ilə söhbət
- Salam,
sizdə fransız dilini tədris edən konqolu müəllimdən müsahibə
götürməyə gəlmişik.
- Hə, siz doktor Mantonu deyirsiniz?
Bu dialoq Bakı şəhərində
yerləşən 132-134 nömrəli
təhsil kompleksinin giriş qapısında oldu. Bura gəlməkdə məqsədimiz Azərbaycanda
ingilis, fransız dillərini tədris edən Konqo əsilli fransız müəllim Fransis Vilfrid Mang Benzadit
Mantohotadan müsahibə
almaq idi. Yəqin ki, siz artıq
onun məktəbdə
doktor Manto kimi tanındığını
anladınız.
Doktor Manto
bizi gülərüzlə
qarşılayır və
müsahibəni Azərbaycan
dilində verə bilmədiyi üçün
üzr istəyir:
- Azərbaycan dilində
sizə fikirlərimi
tam çatdıra bilməyəcəyəm,
olar rus dilində danışım?
- "Heç bir
problem yoxdur"- deyib kompleksin əməkdaşının
köməkliyi ilə
müsahibəyə başlayırıq.
Yəqin
bir çoxlarımıza
maraqlıdır ki, doktor Mantonun Azərbaycan macərası
necə başlayıb?
- 1966-cı ildə Konqonun
Brazavil şəhərində
doğulmuşam. Valideynlərim UNESCO-da çalışıb.
Atam Konqonun təhsil naziri, həmçinin Konqo prezidentinin müşaviri olub. Müəyyən müddət Fransada
təhsil alıb yaşamışam. Amma orta
məktəbi Konqoda bitirmişəm. Çünki orda mənə təqaüd verilirdi.
Azərbaycana gələndə
19 yaşım var idi, dövlət xətti ilə İnşaat Mühəndisləri
İnstitutunda təhsil
almağa gəldim. Əslində təyyarəçi təhsili almaq üçün Kanadaya getməli idim. Sənədlərimi verməyə gecikdim.
Amma
SSRİ-də təhsil
almağım mümkün
idi. O zaman valideynlərim belə qərara gəldi ki, bir il Azərbaycanda təhsil alım, daha sonra başqa ölkəyə köçürülərəm.
Konqoda fizika-riyaziyyat təmayüllü
məktəbi qızıl
medalla bitirmişdim.
Azərbaycana gələndə də mühəndisliyə
üz tutdum.
- Rus dilini Azərbaycana gələndən
sonra öyrəndiniz?
- Bura gələndə nə bir kəlmə
rus dilində, nə də Azərbaycan dilində bilirdim. Lakin bir il hazırlıq kursunda rus dilini öyrəndim.
5 il təhsil aldım
və institutu qırmızı diplomla bitirdim. Mənə institutda müəllim
olmağı təklif
etdilər və şansı dəyərləndirdim.
- İndi dediniz
ki, bir il təhsil alıb başqa ölkəyə gedəcəkdim.
Bəs niyə Azərbaycanda qaldınız?
- Birincisi mən
Kanadaya getsəydim təhsil müddətim uzanacaqdı. Həm də bir il ərzində gördüm ki, sistem də digər ölkələrin
sistemlərinə uyğun
gəlir. Burda şərait də
yaxşı, ölkə
də ürəyimcə
idi. Ən əsası odur
ki, burda ədəbiyyat çox zəngin idi. Elmi işləri yazmaq üçün kifayət
qədər material əldə
etmək olurdu. Gözümü açandan dünyanın
bir çox ölkələrində olmuşam.
Amma Azərbaycan xalqının
münasibəti qədər
doğma, isti münasibətə heç
bir yerdə rast gəlməmişdim.
Mənə qarşı heç
bir zaman pislik və ayrı-seçkilik olmayıb.
- Universitetdə dərs
deyirdiniz. Ordan məktəbə gələn yol necə olub?
- Çox yaxşı
oxuduğum üçün
təhsil aldığım
universitetdə müəllim
işləmək təklifi
gəldi. Azərbaycan dünyanın ən
tolerant ölkəsidir. Onlar mənə yol açdılar ki, burda işləyim. Nə olsun ki, mən
təhsilimi əla qiymətlərlə başa
vurmuşdum. Dünyanın heç bir yerində xarici vətəndaşlara bu qədər şərait yaradılmır. Xarici vətəndaş
olmağı bir kənara qoyaq, dünyanın bir çox ölkələrində
mənə dərimin
rənginə görə
qiymət verirdilər.
Azərbaycanda isə heç kim
mənim dəri rəngimə baxmadı. Əsas mənim insanlığım
və biliyim idi. Onlar da biliyimə
görə yol açdılar. Həyatımda uzun müddət universitet təcrübəm
var. Təhsil aldığım
universitetdə uzun müddət çalışmışam.
Doktorluq dissertasiyasını müdafiə
etmişəm. 1990-cı
ildən sonra Azərbaycanda Fransa səfirliyi açıldı
və məni dərhal ora çağırdılar. Öz ixtisasımla yanaşı Azərbaycan Dövlət Universitetinin
filologiya fakültəsini
də bitirmişəm.
Elə o
diploma görə Fransa
səfirliyi məni çağırdı ki,
filoloq kimi tədrislə məşğul
olum. Həmçinin
Azərbaycan Dillər
Universitetində, Azərbaycan
Respublikasının Prezidenti
yanında Dövlət
İdarəçilik Akademiyasında,
Bakı Dövlət Universitetində, Azərbaycan
Texniki Universitetində,
Azərbaycan Dövlət İqtisad Universitetində, Qərb Universitetində dərs demişəm. Demək olar ki, Bakının bütün universitetlərində
və bir çox məktəblərində dərs
aparmışam.
- Bəs hazırda
aldığınız maaş sizi qane edir?
- Bu məktəbdə 2010-cu ildən çalışıram.
Məktəbin direktoru,
əməkdar müəllim
Sara Xanlarova ilk dəfə
görüşəndə dedi ki, mən
sizin kimi müəllimi illərdir axtarırdım. Mən ona təşəkkür
edirəm. Çox yerlərdə
dərs demişəm,
amma müəllim istedadım bu məktəbdə üzə
çıxıb. Özümü istədiyim kimi göstərə bilirəm.
Uşaqları yeni metodlarla
öyrədə bilirəm.
Onu demək istəyirəm ki, burdayamsa, demək ki, hər şey məni qane edir.
- Hansı siniflərə
dərs deyirsiniz?
- Məktəbin fransız
bölməsinə rəhbərlik
edirəm və həmin siniflərdə dərs deyirəm.
- İllərlə təcrübəniz var. Sizcə
müəllim özünü
və fənnini sevdirmək üçün
nə etməlidir?
- Uşaqlar oynamağı
sevirlər. Dünyanın bir çox
ölkələrində filologiya
fakültələrində aktyor işi fənni tədris olunur. Amma bizim universitetlərdə
belə fənn yoxdur. Aktyorluq hər bir müəllimdə olmalıdır.
Hər bir uşağı tədrisə cəlb etmək üçün müəyyən oyunlar lazımdır. Atamın psixologiya
və pedaqogika üzrə elmi dərəcəsi var idi. Ona görə mən
bu iki sahəni
yaxşı bilirəm.
Azərbaycan təhsili ilə
də yaxşı tanışam.
Doktorun təhsil
və iş həyatı barədə
maraqlı söhbəti
burda yekunlaşdırıb,
bir az
da şəxsi həyatı ilə maraqlanırıq.
- Azərbaycanlı xanımla
ailə həyatı qurmusunuz...
- O mənim universitetdə
tələbəm olub
(gülür). Sonradan təhsilini
Fransada arxitektor - dizayner olaraq davam etdirdi. Bir-birimizi əvvəldən tanıyırdıq.
Amma bura qayıdandan sonra daha yaxından tanış olduq. Onun ailəsi mənim
haqqımda dərindən
araşdırmalar apardılar.
Düz etdilər, nə də olsa qızlarını
bir əcnəbiyə
verirdilər. Nişanlandıq
və bir il sonra
evləndik. Toyumuz Azərbaycan adət-ənənələrinə
uyğun keçirildi.. İndi şükür ki,
16 ildir bir yerdəyik. Bir qızım var.
- Qızınızın harda təhsil almağını istərdiniz?
- Bu gün Azərbaycanda
güclü universitetlər
var. Azərbaycanda təhsil
alan biri
kimi deyirəm ki, Fransada təhsil
alan birindən heç bir fərqimiz yoxdur. Bəlkə də onlardan daha çox bilirik. Övladımın harda təhsil
almağının fərqi
yoxdur. Bizdə bu barədə
söhbət getmir.
O, özü harda istəsə, orda da təhsil alacaq.
- Azərbaycanın hansı
bayramlarını sevirsiniz?
- Azərbaycan bayramlarını,
adət-ənənələrini çox sevirəm. Əgər bayramdırsa, bütün
ailə bir arada olur. Stolun üstü bəzənir. Fransanın özündə elə masalar olmur. Mən Azərbaycana gələndən
sonra çox yeməyə başladım
(gülür). Azərbaycan elə
bir ölkədir ki, övladlar evlənsələr belə,
bir yerdə yaşayırlar. Qərarları bir yerdə qəbul edirlər. Fransada bu qaydalara indi
riayət etməyə
başlayıblar. Bu mənim çox xoşuma gəlir, istəyirəm bu adət daima qalsın. Bura elə ölkədir
ki, bir insan
qapımı döysə,
onu qonaq saxlaya bilərəm.
Burda ailə dəyərləri
güclüdür. Bunları qorumaq
lazımdır. Biz evlənəndə mənim
evim yox idi. Həyat yoldaşımın ailəsi
bizə ev
aldı, hələ mənə maşın da hədiyyə elədilər. Məni öz övladları
kimi qəbul etdilər.
Doktor Manto
ilə söhbətimiz
əsnasında diqqətimizi
çəkən "bizim",
"təhsilimiz", "universitetlərimiz" sözlərindən
istifadə etməsi, yəni özünü bir azərbaycanlı olaraq hiss etməsi idi. Bunun üçün
də doktora belə bir sual
ünvanladıq:
- Söhbətimizdən belə nəticəyə
gəldim ki, özünüzü Azərbaycanlı
hesab edirsiniz...
- Bugünki gün
onu deyə bilərəm ki, azərbaycanlıyam. Uşağımı buranın adət-ənənəsi
ilə böyüdürəm.
Dünyanın heç bir
yerində belə qonaqpərvərlik, böyük-kiçik
yeri burdakı kimi deyil. Bu dəyərlər sərvətdir. Bu dəyərləri qorumaq lazımdır. Sizə adət-ənənələr
adi görünə bilər, amma kənardan gələn üçün bu belə deyil. Azərbaycan insana hörmət bəsləyən, dəyər
verən ölkədir.
Mən Azərbaycanı sevirəm.
Özümü Azərbaycanın bir parçası sayıram.
Rüfanə GÜNƏŞ
Azərbaycan müəllimi.-
2014.- 21 noyabr.- S.8.