Şagirdlərin
yaradıcılıq qabiliyyətlərinin
inkişafında şeirdən istifadənin rolu
Uzun illər xarici dilin şagirdlərə mənimsədilməsi
məqsədilə müəllimlər tərəfindən tətbiq
edilən səmərəli üsullardan biri şeirlərdən
istifadədir. Şeirlər əslində
həyat həqiqətlərini əks etdirən qafiyəli mətnlərdir.
Bu səbəbdən şagirdlərin əksəriyyəti
şeirlər dinləməyi və ya oxumağı çox
sevir. İngilis dilində yeni sözlərın öyrədilməsində
şeirlərdən istifadə etdikdə onlar şagirdlər
tərəfindən həm tez qavranılır, həm də uzun müddət yadda qalır. Amma əsas
məqsəd şeirin özünü deyil, şeirin köməyi
ilə ingilis dilini mənimsətməkdir.
Şeiri təqdim etməzdən
əvvəl kiçik bir şifahi
tapşırığın verilməsi daha məqsədəuyğundur.
Məsələn, mövzuya uyğun bir musiqi parçası
səsləndirilərək sərbəstlik mühiti
yaradıldıqdan sonra mövzunu təqdim edən bəzi
şəkillər göstərilərək şagirdlərdə
motivasiya yaradılır və onların mövzu ilə
bağlı nə düşündükləri soruşulur.
Şeirdə işlənmiş
yeni sözləri əvvəlcədən izah edilərək
şeir bir və ya iki dəfə oxunur. Şagirdlər əvvəlcə
cütlər, sonra kiçik qruplar şəklində şeiri
müzakirə edirlər və sonda bütöv siniflə
fikirlərini bölüşürlər. Şeirin rollarla ifa edilməsi və
ya səhnələşdirilməsi də dilin mənimsədilməsində
effektiv üsullardandır. Bu zaman müəllimin şagirdin tələffüzünə
də nəzarət etmək imkanı olur. Şeir həm
müəllimin ifasında, həm də CD vasitəsi ilə təqdim
edilə bilər. Amma müəllimin mükəmməl tələffüzü
olsa belə şagirdlərin fərqli
səs dinləmələri onların ingilis dilini eşidərək
anlamaq qabiliyyətlərini inkişaf etdirməyə daha
çox kömək edir.
Şeir üzərində
yazılı tapşırıqların aparılması
stimullaşdırıcı xarakter daşıyır. Şagirdlər öz
düşüncələrini misralar və ya bəndlər
şəklində şeirə əlavə edərək
müəllifin üslubu ilə ahəng yarada bilərlər. Əlbəttə
ki, bu tapşırığı yerinə yetirmək
üçün şagirddən müəyyən istedad tələb
olunur, amma hər halda şagirdin yaradıcılıq qabiliyyətini
inkişaf etdirmək üçün onu ilhamlandırmağa
dəyər. Məsələn, orijinaldan belə bir şeir
parçası səsləndirilir:
Roses are red.
Violets are blue.
Sugar is sweet.
And so are you.
Roses are red.
Asphalt is black.
If you're feeling hungry,
I'll give you a snack.
Bu müəllif Brus Lanskinin düçüncələridir.
Şagirdlər "if
clauses" budaq cümlələri işlədərək
şeiri başqa şəkildə təqdim edə bilərlər.
Nisbətən asan tapşırıq, məsələn,
şeirdə işlənmiş bəzi sözlərin sinonim və
ya antonimini tapıb yazmağı tələb etməklə hər
bir şagirdin iştirakını təmin etmək olar. Bu
tapşırıq qruplarla yerinə yetirildikdə daha
maraqlı olur və şagirdlər bir-birlərinin biliklərindən
istifadə edərək öz söz ehtiyatlarını
artırmaq imkanı əldə edirlər. Şagirdlərin
daha həvəslə etdikləri çalışmalardan biri
də sözləri qarışıq verilmiş şeirə düzəliş etməkdir. Məsələn,
şagirdlərə belə bir şeir parçası verərək
ona necə əlavələr və ya düzəlişlər
etmək mümkün olduğu soruşulur:
I climbed up the door and
I opened the stairs.
I said my pajamas
and buttoned my prayers.
I turned off the covers
and pulled up the light.
I'm all scrambled up since
she kissed me last night.
Şagirdlər öz yaradıcılıqlarına və
məntiqi düşüncələrinə əsasən bəndlərdəki
sözləri mənasına görə uyğun sözlərlə
əvəz edirlər. Bu cür tapşırıqlar
şagirdin yaradıcılıq qabiliyyətini üzə
çıxarır və onlarda dilə daha çox maraq
oyadır.
Şeirdən dərsə başlamaq üçün
giriş (warmer) və ya tamamlayıcı tapşırıq
kimi istifadə edilə bilər. Bu, istənilən yaş
qrupu və istənilən səviyyədə olan şagirdlərlə
işləmək üçün çox uyğundur. Dərsin
maraqlı keçməsini təmin etmək üçün
isə şeir seçiminə ciddi fikir vermək
lazımdır. Şeir seçimi müəllimin bir qədər
vaxtını aparsa da biz burada daha həssas olmalıyıq;
şeirlər çox uzun olmamalı, köhnəlmiş və
ya az işlənən sözlərə daha az yer verilməli
və şagirdlərdə dinləmək həvəsi oyatmaq
üçün axıcı və maraqlı olmalıdır.
Biz dərsimizi müasir tələblər səviyyəsində
qururuq və müasir dərsi də İKT-siz təsəvvür
etmək olmaz. Bu işdə bizə Britaniya
Şurasının təşkil etdiyi britishcouncil.org saytı çox kömək edir.
Saytın "Teaching English" bölməsini müəllimlər
üçün zəngin bir vəsait hesab etmək olar. Learn
Engilsh və Learn English Kids səhifələrində isə
müxtəlif yaş hədləri üçün istənilən
mövzuda material və tapşırıqlar tapmaq olar.
Şagirdlər bu saytdan həvəslə istifadə edirlər.
Yenicə başladığımız English Global Products layihəsinin
də məramı şagirdlərə bu saytdan istifadə etməyi
öyrətmək və saytın zəngin resurslarından
istifadə edərək ingilis dili biliklərini inkişaf
etdirmək bacarıqlarını aşılamaqdır. 30
şagirdin iştirakını nəzərdə tutan bu layihə
may ayında İctimai Televiziyada keçiriləcək "dəyirmi
masa" ilə bitəcəkdir. Saytın şagirdlərin maarifləndirilməsinə
xidmət etdiyini və ingilis dilini öyrənmək
üçün mükəmməl bir bələdçi
olduğunu əsas tutaraq layihənin uğurla bitəcəyinə
və daha çox şagirdin faydalanacağına əminik.
Ruhiyyə
MAHMUDOVA,
İsmayıllı
şəhər 1 nömrəli tam
orta
məktəbin ingilis dili müəllimi
Azərbaycan
müəllimi.- 2014.- 21 noyabr.- S.10.